Qonaq Kitabı
ARAZ

-           Səni tək buraxmaram, mən də gedirəm, - deyə Qanbay yerindən qalxdı.

Axşam Araz Poladı çox gözlədisə də, gəlib çıxmadığından toya tək getdi. Günəş o gecə çox dalğın idi. O, toya getməyib artırmada oturaraq oğlunun yolunu gözləyirdi. Onun ana qəlbinə min bir qara fikir gəlirdi.

Araz gecə döndüyü zaman Günəşi evdə yalqız görüb:

- Sən nə üçün tez qayıtmısan? – deyə soruşdu.

Günəş toya getmədiyini bildirmək istəməyib ömründə ilk dəfə olaraq yalan danışmağa məcbur oldu:

-       Hamı dağıldı, mən də gəldim, - deyə cavab verdi.

Araz Günəşin qəlbindəki sıxıntını üzündən, gözündən, səsindən anladı:

-           Nə var? Yenə üz-gözündə buludlar oynaşır? – deyə soruşdu. – Tez ol, yerimi sal!

Günəş:

- Bilmirəm, - dedi, - sən məndən nə istəyirsən? Əl qol atıb oynamayacağam ki!

Araz cavab vermədən yatağına girib yatdı. Günəş də yatağına girdi, amma gözlərinə yuxu girmədi. Poladın Qanbaygildə olduğunu birinci dəfə gizli gedib görmüşdü; ona görə də bir az rahat idi. Arazı yuxuya verdikdən sonra bir də Poladı yoluxmağa getdi. Qapı, pəncərələr bağlı idi. Onların hara, nə üçün getdiyini düşünməyə başladı. Başından min bir xəyal keçdi. Dalğın bir halda oradan evə döndü. Araz duymasın deyə yavaşca yatağına uzandı. Araz başını yasdıqdan qaldırıb?

- O indi balıq ovuna gedib, sabaha yeməyimiz var! – dedi.

Birdən-birə qulağının ucunda gurlayan bu səsdən Günəş dimdik oturdu.

-   Yoxsa kişi yuxuda sayıqlayır? – deyə, başını ona doğru uzadarkən Araz sözünü bir də təkrar etdi, əlavə olaraq dedi ki, - “Ertəsi günü nə edəcəksə! – deməyə qorxuram, qorxuram ki, deyəsən ki, kişimə peyğəmbərlik verilib”.

-   Yox, demərəm, de!

-   Ertəsi gün dovşan ovuna gedəcək. Baxtımıza rast olsa o gün dovşan kababı yeyəcəyik!

-   Nədən bilirsən?

-   Özümdən, atasının oğlu deyil? Səni almağa qərar verdiyim günlərdə dəli kimi olmuşdum. Fikri başımdan dağıtmaq üçün birinci gün balıq ovuna, ikinci gün də dovşan ovuna getdim. Üçüncü gündən elçi göndərməyə qərar verdim.

-   Bəs nə üçün elə birinci gün elçi göndərmədin?

-   Qorxdum.

-   Nədən?

-   Rədd cavabı almaqdan.

-   Yaxşı, rədd cavabı alsaydın, neylərdin?

-   Heç bir şey... Yoxsa elə bilirsən özümü öldürərdim? Dəli olmamışdım, ağlım başımda idi. Mən bütün bunları düşündükdən sonra elçi göndərdim.

Bu sözlər Günəşin sehnini başqa fikirlərə doğru çəkdi; o bütün bu sözləri öz qanacağı ilə dərindən təhlil edir, ruhundakı sıxıntı və kədər get-gedə silinməyə başlayırdı.

Araz o biri böyrü üzərinə dönərək:

- Üçüncü gündən ağlını başına yığıb işə gedəcək, sən narahat olma yat! – dedi.

Bir az sonra Araz yenə xoruldayırdı. Günəş isə çox çalışırdı, gözlərinə yuxu girmədi. Gecə yarıdan keçmişdi. Yavaşca yatağından qalxdı. Gecənin qaranlğını yara-yara Qanbayın otağına gəldi. Içəridə işıq yanırdı. Onların nə etdiyini bilmək üçün yavaşca pəncərəyə dırmandı. Artırmada balıq kababı bişirirdilər. Polad da sazın tellərini dilləndirib yavaş-yavaş çalır; “Mənim könlüm açılmaz, qış, yaz ağlar” mahnısını pəsdən oxuyurdu.

Günəş gözləri yaşlı halda evə döndü. O həm şən, həm də kədərli idi. Içəri girdiyi zaman çırağın işığını bir az artırdı. Əyilib yoxsul yatağında nəhəng gövdəsi ilə yatan Arazın üzünə baxdı. Araz onun nəzərində bu dəfə bambaşqa, fövqəladə bir insan kimi görünürdü. Ona qarşı olan səmimi yoldaşlıq hissi o qədər coşdu ki, gənc bir qız eşqi ilə sarılaraq onun üzündən, gözündən öpmək istədi. Ancaq cəsarəti qırılaraq məhcub və tutğun bir halda yatağına çəkildi. O, indi Arazla qonşusu Əlisəfanı, Aslan bəyi, özü ilə Pakizəni qarşılaşdırır: “Bu yatan yoxsul aslanın atılan dırnağını min elə şorgöz varlı Aslan bəylərə, tülkü Əlisəfalara dəyişmərəm”, - deyirdi.

Indi onun ruhundan sıxıntı, kədər dumanları uçmuş, yerində saf şənlik şəfəqləri oynaşırdı. Bir az sonra bu dadlı mühakimə və düşüncələr içində gözlərini yumdu.

Səhər Polad beş balıqla gəldi. Onları anasına uzadaraq:

- Al bişir, yeyək, - dedi:

Sonra içindən ən yağlısını ayırıb:

- Bunu atam üçün ayrıca bişirərsən! – dedi.

Ertəsi gün Polad evə dönərkən əlində bir dovşan gəldi. Günəş dovşanı Poladın əlində görüncə Arazın sözlərini xatırlayaraq yerində donub qaldı. Polad ona yaxınlaşıb:

-   Al, bu da sabahımızın xörəyi. Sabahdan işə gedəcəyəm – dedi.

-   Harada?

-   Balaxanıda!

Günəş Poladın üzündə, gözlərində oynaşan saf şəfəqləri razı baxışlarla süzdükdən sonra ürəyində: “Sənin o böyük ürəyinə ana qurban, kişi oğlu kişisən!” – dedi.

 

 

III

 

Əlisəfanın evində toy hazırlığı gedirdi. Bir tərəfdən Almasın gizli göz yaşları, bir tərəfdən də qudasının saymazlığı Pakizəni çox düşünürdü. O, baldızı Rəxşəndəyə şikayətlənib deyirdi:

- Ay qız, adam qız verəndə öz tayına verər. Bu necə qudalıqdır? Bəy arvadı qızı hələ aparmamışdan bizi saymır. Qız getdikdən sonra bizi heç qapısından içəri də qoymaz. Elçiliyə gəlmədi, nişana gəlmədi, bilirəm bu gecə də qızı aparmağa gəlməyəcək. Bizi adam yerinə qoymur, qızım yaxşıdır, biz yaman? Kim bilir kasıb qızı olduğu üçün bəlkə Alması da heç saymayacaq. Bu zülmlə ki, qızı verirəm, heç bilmirəm bunun axırı nə olacaq? Bu qızın günü qara olsa, acgöz qardaşının başında tərs dəyirman işlədəcəyəm. Yediyini, içdiyini burnundan tökəcəyəm.

Rəşxəndə ona ürək-dürək verdi:

-       Humay deyir ki, naxoşdur, ona görə gələ bilməyib.

-       Ay qız, bunlar hamısı kələkdir. Mən başıma gələni bilirəm, qardaşın Almasa bir dağ çəkdi ki, ölüncə yadından çıxmayacaq.

-       Nə dağ çəkdi? Ay qız, niyə belə danışırsan? O da istəyir ki, övladı xoşbəxt olsun.

-       Xoşbəxt etdiyi görünür, özümü saymayan qızımı heç saymayacaq. Kim bilir o əyriburun Qəmər yazıq qızın başına nə oyun açacaq? Qudurğanın biridir, heç kəsi bəyənmir.

-       Sən indidən ağzını pisliyə açma. Qonaqlar gələn vaxtdır, qalx işinin dalınca ol!

Əlisəfa o gecə toya ən yaxın qohum-qardaşını, bir də qonşusu Arazın ailəsini çağırmışdı. Qonaqlar bir-bir yığıldı. Qarmon çalan Gülpəri məclisi qızışdırır, qadınlar, qılzr oynayır, hamı şən görünürdü. Yalnız Almas dəhlizdə yaralı quş kimi bir bucağa qısılıb çırpınırdı. Onu nə qədər xına yaxmağa, duvağa çağırdılar getmədi. Anası gəlsi, bibisi gəldi, yengə gəldi, yenə getmədi. Axırda anası onun qolundan tutub:

-           Bizi xalq içində biabır etmək istəyirsən? Qalx deyirəm sənə! – deyə özü ilə götürüb, yengənin əlinə tapşırdı. Onun göz yaşlarına baxmayaraq, gəlin paltarını geyindirib, xınaya oturtdular. Yengə bir kasa xına islatdı. Gəlinin bir ovcuna bir qədər xına qoyub ovcunu yumdu. Gəlinə və qonaqlara:

-           Allah mübarək eləsin, boya-başa çatsınlar, qoşa qarısınlar, oğul-qızınızdan görəsiniz! – deyə xeyir-dua verdi.

Oğlan adamları gələnə yaxın Almasın başına qırmızı tül salıb, duvağa oturtdular. Bir saat sonra başda Humay olmaqla oğlan adamları gəldi. Varisin anası Qəmər yenə gəlməmişdi. Pakizə acığından dil-dodağını çeynəyirdi. O özünü mətbəxə salıb, iki əli ilə dizlərinə vura-vura:

- Vay, öz əlimlə balamı bədbəxt elədim. Baisin evi yıxılsın, - deyə ağlayırdı.

Rəxşəndə onu zor-güc sakit edib, mətbəxdən çıxartdı. Pakizə göz yaşlarını silə-silə:

- Qızı özün aparacaqsan. Bu işin hamısını o qudurğan əyriburun Qəmərin bir-bir ovcuna qoyarsan. Günəş demişkən, donuzun da yağı çoxdur, nəyə gərək. Bəy olanda nə olar. De görüm, atası atamdan artıqdır, anası anamdan?

Qonaqlara şərbət paylandıqdan sonra oğlan adamları qalxdı. Almas meyit kimi idi. Əlisəfa qızına xeyir-dua verdikdən sonra Almasın iki qoluna girib, sürüyə-sürüyə apararaq faytona oturtdular. Oğlan adamlarından biri gəlinin sağına, biri soluna keçdi. Yengə də yanan bir şamla qızın qabaq tərəfində oturdu. Rəxşəndə oğlan adamları ilə o biri faytona mindi. Faytonlar hərəkət etdi.

Qızı çoxdan Aslan bəyin evinə gətirmişdilər. Varis gəlib çıxmamışdı. Onu çox gözlədilər. Yengə iki-üç dəfə dilə gəldikdən sonra Aslan bəylə kiçik qaedaşı Rüstəm bəy iki-üç dəfə hara isə telefonla zəng etdilər. Varisin başı klubda qumara qızışmışdı. Onu bu gecə  tanımadığı adamlar oyuna çəkmişdi. Oyunun üçüncü əlində qumarbazlardan Zeynal adlı bir nəfər Varisi yaman təhqir etdi. Varisi zor-güc sakit etdilər. Oyun davam etdikcə aralarında bir-birinə qarşı kin və intiqam hissi şiddətlənməyə başladı. Varis Zeynalın onunla davam edən və get-gedə şiddətlənən bu kinin səbəbini çox düşündü. Lakin bir şey başa düşmədi. Növbəti oyunların birində Zeynal banka bir beşyüzlük atıb, kartı qarışdıra-qarışdıra:

- Eşşəyin arpası çox düşəndə şılla qatan kimi, bəzən uşaq-muşağın da pulu artıq olanda, o qədər qudurur ki, heç kəsi saymır, kişisinin yanında arvadına sataşır, hamını özü kimi sarıqulaq bilir! – deyə ona söz atdı.

Bu sözlərin ona aid olduğunu yəqin edən Varis düşünüb, məsələni dərhal xatırladı. Zeynalın üç gün əvvəl kazinoda bir qızla ona yaxın stolda oturan adam olduğunu bildi. Qıza bir neçə göz-qaş etdiyi və söz atırkən Zeynalla söz-sözə gəldiyi, stol başından qalxarkən Zeynalın: “Yaxşı, səninlə görüşərəm!” – deyə onu təhdid etməsi bir-bir yadına düşdü. O indi tikan üstündə oturmuş kimi idi. Bir-iki dəfə oyundan qalxmaq istədisə də Zeynal etiraz edib:

-   Oyunu başa vurmalısan! – deyə onu yerində oturtdu. Onu gecə saat üçdə buraxdılar. Varis qapıdan çıxıb, pilləkənləri düşürkən Zeynal:

-   Ey, getmə, dur görüm nə deyirsən? – deyə onu çağırdı.

Varis saymayıb, pilləkənləri enməkdə davam etdi.

Zeynal yenə qışqırdı:

- Ey, sənə demirəm, dur! Yoxsa vuraram!

Zeynalın onunla hesablaşmaq istədiyini bildiyi üçün Varis dayanmadı, daha da sürətlə getməyə başladı. Yalnız lap aşağı çatdıqda Zamanın qapı ağzında olduğunu zənn edərək ürəkləndi.

Geriyə dönüb:

- Ədə, sən nə istəyirsən? Sən kim, mən kim? Get anqır, tayını tap! – deyə yuxarı qışqırdı.

Varis Zeynalı yaxından tanımır, qoçu Teymurun ən yaxın dostu olduğunu bilmirdi. Zeynal ona yanaşıb:

-           Sənin kimi qoduqlar anqıranda damğalamaq lazımdır, - deyib, ona bir şillə ilişdirdi. Varis onu söyə-söyə:

-           Zaman, Zaman! – deyə qışqırmağa başladı. Zaman adını eşitcək Zeynalın canına qorxu düşdü, tez mauzerini çıxarıb, hazır durdu. Varis onun mauzerini çıxartdığını görməyib, qapıdan çıxarkən:

-           Eşşək oğlu eşşək, dayan sənin başına gör nə gətirəcəyəm, - deyə söydü. Zeynalın gözləri kəlləsinə çıxdı, bütün bədəni titrədi, biixtiyar Varisi nişan aldı. Güllənin atılması ilə Varisin yerə yıxılması bir oldu.

Klub ağzında duran qapıçı qorxub divar dibinə çəkildi. Zeynal bir an aradan çıxaraq, özünü yuxarıya gedən dar bir küçəyə vurdu. Bu zaman əvvəlcə qapıçı, sonra Zaman yeti.di, Varis yerdə uzanıb yavaş-yavaş:

-           Məni evimizə aparın! – deyə ufuldayırdı. Zaman kim tərəfindən vurulduğun soruşanda, Varis yavaşca:

-           Zeynal adlı biri vurdu, - deyə cavab verdi. Zaman çox çalışdısa da Varisdən ətraflı məlumat ala bilmədi, çünki danışmağa artıq halı qalmamışdı. Onu faytona qoyub apardıqları zaman Varis yolda öldü.

Faytonun yaxınlaşdığını görənlər bəyi qarşılamaq üçün sevinclə tələsik bayıra çıxdılar. Birinci olaraq anası Qəmər faytona yaxınlaşdı. Bir az sonra onun:

-       Vay, yazıq balam, vay! – bağırtısından hamı özünü itirdi. İçəridə qalanlar da özlərini bayıra atdılar. Varisin meyitini faytondan düşürüb gətirənlər:

-       Meyiti hara qoyacağıq? – deyirkən, Qəmər hıcqıra-hıcqıra:

-       Aparın öz bəy otağına! – deyə qışqırdı. Meyiti birbaş bəy otağına gətirdilər. Saçlarını yola-yola oğlunu oxşayıb ağlayan Qəmər Alması görüncə:

-       Bu gəlinin ayağı qurusun, mənim ocağımı söndürdü. Onu mənim evimdən tez çıxarın, gözüm görməsin! – deyə dəli kimi bağırdı.

Rəxşəndə səhər tezdən Alması götürüb, kəndə qayıtdı.

Son zamanlar düşmənlərdən qorumaq üçün Varisi gözdən qoymayan Zaman Zeynalı yaxşı tanıyırdı. Onun Teymur bəyin yaxın dostu olduğunu bildiyindən qorxaraq səs çıxarmayıb, Varisin Zeynal tərəfindən öldürüldüyünü gizlətdi. O, Aslan bəyə deyirdi:

- Nə qədər çalışıramsa, Varisin qatilini tapa bilmirəm. Bu mənə böyük dərd olubdur. Onu kim öldürə bilər?

Aslan bəy qaşlarını çataraq:

- Mən öz düşmənimi tanıyıram, - Nişanlısını oğluma aldığım üçün Varisi Arazın oğlu Polad öldürmüşdür.

Zaman Aslan bəyin sözlərini təsdiq etdi.

- Elədir ki var, Poladdan başqa onu kim öldürə bilər?!

Arazdan intiqam almaq üçün bu hadisə Aslan bəyin əlində ən münasib bir vasitə oldu. O, Poladı bir qatil kimi məsuliyyətə cəlb etməklə həm oğlunun qanını alacaq, həm də ona dağ çəkən Arazdan əvəz çıxacaqdı. O “yox, mən bu dərdə tab gətirmərəm” – deyə Poladı aradan qaldırmaq üçün tədbirlər görməyə başladı və sabahısı gün Varisin Polad tərəfindən öldürülməsi haqqında məhkəməyə ərizə verdi.

Almas atası evinə qayıtdıqdan sonra günü tamam qara olmuşdu. Onun üzü gülmür, ürəyi açılmır, utandığından heç bir yerə gedib-gəlmirdi. Polad isə bir tərəfdən sevinir, öz sevgilisinə, pak və təmiz Almasına qovuşmaq ümidi ilə yaşayır, o biri tərəfdən qarşıda Aslan bəy kimi böyük bir maneə olduğunu düşünürdü.

Hava qaralmaq üzrə idi. Günəş heyətdə eşələnən toyuqları “kiş-kiş” edərək hinlərinə salmağa çalışırdı. Bu zaman Polad yorğun-arğın həyət qapısını açıb içəri girdi. Sağlam və qüvvətli olmasına baxmayaraq 12 saatdan artıq davam edən ağır və məşəqqətli iş onu bərk yormuşdu. Bir müddət anasının toyuqları qovalamasına tamaşa etmək üçün qapı ağzında dayandı. Günəş toyuqları hinə salıb geri dönərkən qapı ağzında dayanan Poladı gördü. Bə isə demək istəyirdi ki, Poladın gur səsi ona sözlərini bildirməyə imkan vermədi:

- Ana can, biz fəhlələr də elə sənin bu toyuqların kimi bir şeyik, - dedi. – Səhər tezdən işə, qaş qaralanda təzədən hinə.

Yarıciddi, yarızarafatla, lakin ürək yanğısı ilə deyilmiş bu sözlər Günəşin ana qəlbini yarpaq kimi əsdirdi. Bir anda oğlunun təmiz, saf mənəviyyatı, mərdliyi, işə, əməyə olan məhəbbəti, qayğıkeşliyi, talesiz sevgisi gözünün önündən keçdi, hindən çox da seçilməyən daxmaya girməkdə olan oğluna yazıq-yazıq baxaraq:

- Neylək, bala, çarəmiz nədir? – dedi. – Sizi bu günə qoyanları görüm yerin təkinə batsınlar.

Günəş tələsik Poladın yemək süfrəsini hazırladı. Bişirdiyi xörəkdən bir qab töküb, səliqə ilə süfrəyə qoydu. Polad əl-üzünü, boynunu yuduqdan sonra süfrə başında oturdu. Əlini yenicə yeməyə uzatmışdı ki, həyət qapısı şiddətlə döyülməyə başladı. Yad adamın vurmağına bənzədiyi üçün qapıya Polad özü getdi. Poladı üç polis nəfəri qarşıladı. Onlardan biri:

- Polad Araz oğlu burada olurmu? – deyə soruşdu.

Polad:

-           Burada olur, mənəm, - deyə cavab verdi.

-           Elə isə tez ol, sən bizimlə getməlisən!

Özünü itirmiş Günəş Polada macal vermədən məğrurcasına və nifrət dolu bir səslə:

-   O heç bir yerə getməyəcək, - deyə çığırdı, - günahı nədir?

-   Mane olma, qoy geyinib, tez gəlsin, günahını isə sonra bilərsən, - deyə yenə həmin polis cavab verdi.

Günəş bu oxun haradan atıldığını çox gözəl bilirdi, oğlunun heç nədən şərə salınması onu yandırırdı. O indi bütün qüvvəti ilə qışqıraraq:

-   Onu nə deyib aparırsınız, mən oğlumu sizə vermərəm, onun taqsırı nədir?! – deyə əllərini dizlərinə çırpır, ilan kimi qıvrılırdı. Lakin nə Günəşin çığır-bağırı, nə də hasarın o tərəfindəki bir deşikdən bu hadisəni seyr edən Almasın hıcqırıqları Poladı xilas edə bilmədi. Polad geyinib, polislərlə bilrlikdə getdi. Almasın o biri həyətdən eşidilən hıcqırıqları öz balasının talesiz həyatı üçün Günəşin ucalan fəryadlarına qarışdı. Günəşə ancaq Poladın gedərkən söylədiyi sözlər təsəlli verirdi.

-   Ağlama, ana, səbir elə, gec-tez haqq öz yerini tapar. Aslanbəylərin pul gücünə düzəltdikləri cinayətlər isə əvəzsiz qalmaz. Bizim bu insan qatillərindən intiqam alacağımız gün uzaq deyil!

 

 

 

DOQQUZUNCU  FƏSİL

 

Təbiət yorğan kimi üstünə çəkilmiş olduğu qaranlıq, tutqun, buludlar altında həzin-həzin mürgüləyir, hər tərəf, hər şey səssiz, dilsiz bir sükut içində dincəlirdi. Uzaqda yanan mayakın projektor kimi dənizə doğru uzanan sarımtraq titrək işığı dalğaların geniş qolları arasında əriyib gedirdi. Yalnız Xəzər dənizinin yorğun qafilə kimi tənbəl addımlarla irəliləyib, qayalara sakitcə çaparaq, geri dönən dalğacıqları, qaya üstündə oturub, gözlərini dənizin uzaq ənginliklərinə dikən üç nəfərin danışığı bu mürgüləyən sükutu parçalayırdı. Onlardan bir qədər aralı yarıya qədər sahilə çəkilmiş kiçik bir qayıq, bir az uzaqda isə iki atlı araba dururdu. Yan-yana oturmuş kölgələrdən biri deyirdi:

-   Nə üçün bu vaxta qədər gəlib çıxmadı? Gəminin qaranlıqda başqa sahilə çıxmasından qorxuram.

-   Qorxma, mən o losmanı tanıyıram. O, dənizin köhnə qurdudur. Hər yerini qarış-qarış tanıyır.

-   Hər necə olsa gəlib çıxacaq. Məni ancaq başqa şey düşündürür.

-   Nə?

-   Onu arabada buradan aparmaq. Qarovulçular içində xəfiyyələr vardır. Onlar iyi duysalar...

-   Qorxma, mən ona çoxdan tədbir düşünmüşəm. Onu xəstədir, - deyə arabanın içinə uzadaraq, üstünə bir yorğan da salarıq, soruşan olsa, Şüvəlandan gəlirik, azarlıdır, xəstəxanaya aparırırq, - deyib bir tövr inandırarıq. Bir də ki, yolda öz qaraovulçularımız da bizə çox kömək edəcəklər.

Onlardan biri ayağa qalxıb, uzaqda onlara doğru gələn bir gəmin əli ilə göstərərək, sevinə-sevinə dedi:

- Odur, özüdür, gəlir, gəlir!



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info