Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Nə gəzməyə əldə ixtiyarı.

 

 

BU, MƏCNUNUN MERACİ-FƏZAİLİDİR

VƏ BƏYANİ-MƏRTƏBEYİ-HÜSNİ-XƏSAİLİDİR[84]

 

Şahinşəhi-mülki-mehnətü dərd,
Yəni Məcnun dərdpərvərd
Bir pak idi ki, bu ərseyi-xak,
Onun kimi görməmişdi bir pak.
Məmureyi-qürbi-həq məqami,
Ərvahə fərizə ehtirami.
Çün nifrəti-şərri-nəsli-adəm,
Qıldı ona vəhşəti müsəlləm,
Hər vəhşi donunda bir firiştə,
Yar oldu ol adəmi-siriştə.
Zahirdə rəfiqi vəhşlə teyr,
Batində məlaik ilə həmseyr.
Qılmışdı kəmali-etidali
Kəsrət ələmindən onu xali.
Çəkməzdi cəhanda ol cəhangərd,
Əndişeyi-gərmü ğüsseyi-sərd.
Bilmişdi cəhanın etibarın,
Yox yerinə satmış idi varın.
Tutmuşdu təriqi-əhli-tovhid,
Bulmuşdu kəmali-tərkü təcrid.
Olmuşdu vücudi-paki pürnur,
Alayişi-əklü şürbdən dur.
Təhsil qılıb səfayi-siyrət,
Görmüşdü məcazdən həqiqət.
Əyanə yox idi etimadı,
Nəqqaş idi nəqşdən muradı.
Mövzun idi təbi nüktədani,
Hər nüktədə vaqifi-məani.
Avazi idi bəsi mülayim,
Üslubu dürüst, üsuli qayim.
Təhrir ilə hər çəkəndə avaz,
Quşlara tutardı rahi-pərvaz.
Gahi qəzəlü gəhi qəsidə.
İnşa qılıb ol sitəmrəsidə,
Suz ilə oxurdu gahü bigah,
Bir neçə əziz onunla həmrah
Yazarlar idi təmam şerin,
Oxurlar idi müdam şerin.
Aləmlərə ol qəribü məhcur,
Əksər bu səbəbdən oldu məşhur.
Avaziyü zehniyü cəmali,
Qılmışdı müqəyyəd əhli-hali.
Kim olsa bu üç kəmalə qabil,
Demək olur ona zati-kamil.

 

 

LEYLİNİN BAHARİ-ÖMRİ XƏZANƏ

İRDİYİDİR[85]

 

Saqi, gözə gəldi nəşəyi-mey,
Bir neçə qədəh yerit, peyapey!
Əzmi-tərəb etdin ehtimam et!
Zövqün tərəb əhlinin təmam et!
Bəzm əhlinə cami-laləgun tut!
Əmma mənə cümlədən füzun tut!
Zira ki, hənuz nimməstəm,
Qəm silsiləsinə paybəstəm.
Xoşdur tərəb əhlinin bu bəzmi,
Dağılmağa olmasaydı əzmi.
Tarixinəvisi-hali-əyyam,
Bu qissəyə böylə verdi itmam:
Kim, vəsldən olmayıb təsəlli,
Məcnundan olanda dur Leyli,
Kəsmişdi təəllüqün cəhandan,
Qəti nəzər eyləmişdi candan.
Bir fəsl ki, dəsti-qarəti-dey,
Gülzar büsatın eylədi-tey.
Matəmgədə oldu ərseyi-bağ,
Matəmdə sürud naleyi-zağ.
Leyli kimi oldu lalə məstur,
Məcnun kimi şaxi-ərğəvan ur,
Rənci-yərəğandan oldu əşcar,
Lərzanü zəifü zərdrüxsar.
Söndü gülü lalənin çirağı,
Sərsər yeli zülmət etdi bağı.
Gül bimi-təərrüzi-həvadən,
Lalə sitəmi-dəmi-səbadən,
Rəxtini yaşırdı bağlarda,
Ləlini itirdi dağlarda.
Bir mar misalı oldu hər nəhr.
Hər lərzədə su məsabeyi-zəhr.
Göydən yerə endiyində baran,
Hər qətrə olub misali-peykan,
Guya ki, yetirdi bağə bidad
Kim, şöbədeyi-təhərrüki-bad,
Bir sehr ilə abi ahən etdi,
Ondan təni-bağə cövşən etdi.
Bir gün bu həvadə Leyliyi-zar,
Qəm dəfinə etdi meyli-gülzar.
Gördü gülü lalədən əsər yox,
Ənvai-şəcərdə bərgü bər yox.
Səhni-çəmənin səfası getmiş,
Nöqsani-səfa kəmalə yetmiş.
Nə səbzə tənində tab qalmış,
Nə bərg üzündə ab qalmış.
Matəmgədə gördü busitanı,
Riqqət oduna tutuşdu canı.

Suzi-cigərilə yanə-yanə,
Şərh etdi qəmini busitanə:
- "Key bağ, nədir bu ahi-sərdin?
Mən xəstəyə zahir eylə dərdin!
Mən dəxi sənin kimi nizarəm,
Bir güldən iraqü zərdü zarəm;
Nə dövləti-qürbünə qəbulim,
Nə rövzeyi-kuyinə visulim,
Sən gərçi xəzanəsən giriftar,
Əlbəttə, baharə yetməyin var.
Ümmidi-visal məndə yoxdur,
Səndən ğəmü qüssə məndə çoxdur!"
Artırdı qəm ağladıqca dərdin,
Giryan göyə tutdu ruyi-zərdin.

 

 

BU, LEYLİNİN ANASINA VƏSİYYƏT
ETDİYİDİR VƏ DUST YADI İLƏ
DÜNYADAN GETDİYİDİR

 

Məbudinə ərz qıldı razin,
Bildirdi könüldəki niyazin:
- "Key hakimi-ərseyi-qiyamət!
Sultani-səriri-istidamət!
Nomidilik atəşinə yandım,
Billah, bu vücuddən usandım!
Çün dust yanında naqəbuləm,
Billah, bu həyatdan məluləm!
Mən şəmi-şəbi-fəraqi-yarəm,
Suzanü siyahruzigarəm.
Yandırdı məni cəfayi-aləm,
Dinlənməzəm, ölməyincə bir dəm.
Derdim ki, vücudum ola baqi,
Şayəd düşə vəsl ittifaqi...
Pərtöv bürcündə afitabım,
Bildim ki, vücud imiş hicabım.
Ya rəb, məni et fənayə mülhəq
Kim, rahi-fəna imiş rəhi-həq".
Pak idi, duası etdi təsir,
Filhal mizaçı oldu təğyir.
Təsiri-həvayi-namünasib,
Tərkibinə qıldı zəf qalib.
Gəldikcə ziyadə oldu dərdi, °
Təblərzə fərağətin gedirdi.
Məhv oldu təb içrə ol pərivəş,
Bir şəm kimi ki, görə atəş.
Əksildi ərəqdə hüsni-tabi,
Bir gül kimi kim, gedər gülabi...
Zəfi-təni ol məqamə yetdi
Kim, bəstər içində cismi itdi.
Bəstərdə tələb qılan nişanin,
Görməzdi vücudi-natəvanin.

Mövtinə göründü min əlamət.
Əzm eylədi olmağa müsafir,
Rehlət əsəri çü oldu zahir,
Rəf etdi hicab ehtirazin,
Faş etdi anaya gizli razin:
"Key dərdi-dilim dəvası ana! --
Şəmi-əməlim ziyası ana!
Qəm gizləmək ilə canə yetdim,
Ta mümkün idi təhəmmül etdim.
Hala ki, müqərrər oldu getmək,
Fərz oldu bu sirri zahir etmək,
Olsun sənə, ey zəifə, rövşən
Kim, tiği-həva həlakiyəm mən.
Cismimdə yox özgə dərd tabi,
İlla qəmi-eşq iztirabi.
Mən aşiqi-zarü binəvayəm,
Bir mahliqəyə mübtəlayəm.
Sövdasi ilə yox oldu varım,
Keçdi həvasilə ruzigarım.
Çox arizu eylədim cəmalin,
Bir dəm görə bilmədim visalin.
Hala gedirəm könüldə suzi,
Əldən nə gəlir, bu idi ruzi.
Ancaq deyiləm məni-pərişan,
Ol yar qəmində zarü giryan,
Ol həm məni-zarə mübtəladır,
Sərgəşteyi-vadiyi-bəladır.
Məndəndir onun cünuni əfzun,
Qeys ikən olubdur adı Məcnun.
Daim keçirər ğəmimdə əyyam,
Bir gün ona hasil olmayıb kam.
Risvayi-zəmanə oldu məndən,
Afaqə fəsanə oldu məndən.
Bihudə degil fəqanü ahi,
Yaxmazmı məni onun günahi!?
Mən kim, gedirəm bu xakidandan,
Dərdim bu ki, şərmsarəm ondan,
Ey munisi-ruzigarım ana!
Qəmxarimü ğəmgüsarım ana!
Mən dari-bəqayə əzm edəndə,
Dünyayə vida edib gedəndə, ,
Mənsiz çəkib ahlar, fəğanlar,
Səhralərə düşdüyün zamanlar,
Düşsə yolun ol olan diyarə,
Ərzi-qəmim eylə ol fikarə.
Zinhar ona olanda vasil, ,
Xoş kimsədir, ondan olma qafil!
Damanını tut, rizasın istə,
Mən mücrüm üçün duasın istə.
Ərz eylə ki: - "Ey vəfalı dildar!
Can verdi yolunda Leyliyi-zar.

Eşqində yerinə yetdi lafi,
Dəvasının olmadı xilafi"
Söylə məni-zarü mübtəladən:
"Key eşqdə laf edən vəfadən
Xəlvətgəhi-ünsə məhrəm oldum,
Azadəvü şadü xürrəm oldum.
Sən həm gələ gör, təəllül etmə!
Mən müntəzirəm, təğafül etmə!
Gər sadiq isən bu yolda, sən həm
Səbr eyləmə, eylə tərki-aləm.
Gəl kami-dil ilə olalım yar,
Bir yerdə ki, yoxdur onda əğyar...
Daim olalım bir evdə həmraz
Kim, çıxmaya dışra ondan avaz.
Xoş mənzili-əmnə bulmuşam rah,
Bitəneyi-dustü cövri-bədxah.
Məndən səni eyləmək xəbərdar
Bismallah, əgər iradətin var!"
Çün qıldı vəsiyyətin axir,
Əzmi-səfər etdi ol müsafir.
Yad eylədi yari-mehribanin,
Vəsl arzusı ilə verdi canin.
Kimdir ki, cəhanda fani olmaz,
Dövri-fələkin amanı olmaz!
Dünya yeddi başlı əjdəhadır,
Əndişeyi-ülfəti xətadır.
Hər lütfünədir dəfinə min qəhr,
Hər şəhdinədir qərinə min zəhr.
Dövran üzərindədir zəmanə,
Əlbəttə, gələn gedər, cəhanə...

 

 

TƏMAMİYİ-SÜXƏN

 

Leyli güli-gülşəni-lətafət,
Çün gördü xəzan yelilə afət,
Pamali-xəzan olub bahari,
Əncamə yetişdi ruzigari,
Biçarə anası açdı başın,
Başından aşırdı qanlı yaşın.
Kafurini tökdü zəfəranə,
Suzi-dil ilə gəlib fəğanə.
Çox ağladı, etdi ahü nalə,
Ağlar, kim olursa böylə halə.
Əlqissə, tutub təriqi-matəm,
Ol vaqeəyə yığıldı aləm.
Təzim ilə tutdular əzasın.
Qəbrin düzüb urdular binasın;
Tən oldu müqimi-ərseyi-xak,
Ruh oldu qərini-övci-əflak:
Şövq əhlinə qürb hasil oldu,
Dəryasinə qətrə vasil oldu.

 

 

MƏCNUNUN LEYLİ VƏFATINDAN XƏBƏRDAR
OLDUĞUDUR VƏ DUST YADI İLƏ
DÜNYADAN GETDİYİDİR

 

Möhnət çəmənində gül dərənlər,
Aləmdə yaman xəbər verənlər.
Qəm nüsxəsin eyləyəndə təhrir,
Vermişlər ona bu növ təşhir:
Kim, Zeydi-sitəmrəsideyi-zar,
Ol vaqeədən olub xəbərdar,
Filhal qılıb əziməti-rah,
Məcnuni-həzini etdi agah:
- "Key şiyfteyi-şikəstətale!
Əfsus ki, səyin oldu zaye!
İdbari-tilismin oldu batil,
Bu məşğələdən dəxi və hasil?
Bazar pozuldu, yığ bisatın!
Bu silsilədən kəs irtibatın!
Leyli sənə verdi zindəgani,
Sən ol baqi, ol oldu fani!
Sən sədqəsi olduğun pərivəş,
Sədqə sənə oldu, ey bəlakəş!
Əzmi-rəhi-cənnət etdi ol hur,
Firdovs məqamın etdi məmur"
Məcnun ki, xəbərdən oldu agah,
Suzi-cigərilə çəkdi bir ah
Kim, ğülğüləsin həm ol zamanda.
Cananı eşitdi ol cəhanda...
Az qaldı ki, naləsilə dildar,
Ol xabi-əcəldən ola bidar.
Bir ləhzə bülənd olub xüruşi,
Düşdü yerə, getdi əqlü huşi.
Çün gəldi özünə, qıldı nalə,
Yağdırdı xəzani üzrə jalə...
Tənə sözün etdi Zeydə bünyad:
- "Key saqiyi-bəzmi-zülmü bidad!
Netdim sənə qəsdi-canım etdin!
Qəsdi-dili-natəvanım etdin!
Qıydın məni-zarü natəvanə,
Urdun sitəm atəşini canə!
Zəhr idi məgər bu verdiyin cam
Kim, mərg pəyamın etdi elam?
Bir murçəyə nədir bu kinə,
Fulada dözərmi abiginə?
Təsiri-sitəmdən ictinab et,
Bari bu günahə bir səvab et!
Eylət məni yar olan diyarə,
Şəm eylə məni məzari-yarə!"
Düşdü yola, oldu Zeydə həmrah,
Bir hal ilə kim, nəuzübillah...

Çün gördü məzari-gülüzarın,
Düşdü vü qucaqladı məzarın.
Köksünü qılıb ləhəd kimi çak,
Mərqəd kimi saçdı başına xak.
Qəbr üzrə axıtdı qanlı yaşın,
Ləl eylədi yaşı qəbri daşın,
Yer üzün edib sirişki məmlu,
Keçdi yerə ol sirişkdən su,
Oldu düri-əşki-biqərarı,
Qəbr içrə nigarının nisarı.
Göz yaşını eylədi müxatəb:
- "Key tirə şəbi-fəraqə kövkəb!
Çıxmaq sənə oldu indi vacib
Kim, oldu ol afitab qayib!
Bir bürcü məqam tutmuş ol mah
Kim, olmaz ona nəsim həmrah.
Sən durma əgər mürüvvətin var,
Gir toprağa, istə onu zinhar!
Gör qandadır ol düri-yeganə,
Netmiş ona afəti-zəmanə!
Pabus edibən yetir niyazım,
Bildir bu təzərrö ilə razım:
- "Key şəm, nədir bu ictinabın?
Mən bəxti-siyahdən hicabın?
Cami-meyi-qəm tutanda aləm,
Həm sən içdin bu camı, mən həm.
Məst etdi məgər səni bu badə
Kim, bəzmdə durmadın ziyadə?
Bir nadirə şəm idin şəbəfruz,
Düşdü sənə zövqi-eşqdən suz, ,
Bir neçə zaman əgərçi yandın,
Suzi-dilə dözmədin, usandın.
Bidarlığa gətirmədin tab,
Şəhla gözün oldu mayili-xab. ,
Həmrahım idin bu yolda, ey mah!
Həmrahı qoyub gedərmi həmrah?
Əflakə təfaxür eylə, ey xak!
Kim, oldu rəfiqin ol düri-pak!
Zülfünə müariz olma, ey mar!
Kim, onda müqimdir dili-zar!
Xalına təərrüz etmə, ey mur
Kim, bağlıdır onda cani-məhcur!
Ey ömr, gəl indi başə sən həm
Kim, çeşminə tirə oldu aləm!
Aləm xoş idi ki, var idi yar,
Çün yar yox, olmasın nə kim var.
Ey can, təni-xəstəni vida et,
Bu xəstə ilə yetər niza et!
Müştaqinəm, ey əcəl, kərəm qıl!
Dəfi-ələm ilə rəfi-qəm qıl!
Qurtar məni iztirabi-qəmdən!
Ver müjdə, vücudimə ədəmdən!

Ayinəmi eylə jəngdən pak,
Qıl pərdeyi-etibarımı çak!
Rəf et, nə isə aradə hayil,
Eylə məni ol nigarə vasil!
Təklifi-visal edər mənə yar,
Bir xəlvətə kim, yoxdur əğyar.
Mən getməmək eyləsəm xətadır,
Səndən mənə bir mədəd rəvadır.
Billah, mədədimdə qılma ehmal
Kim, bəxtimə üz veribdir iqbal!
Ya rəb, mənə cismü-can gərəkməz,
Cananımsız cəhan gərəkməz!
Minbəd zəlilü xar qılma,
Sərgəşteyi-ruzigar qılma!"
Əfğanda ikən gedib qərari,
Oldu bu qəzəl dilində cari:

 

 

QƏZƏL

 

Yandı canım hicr ilə vəsli-rüxi-yar istərəm.

Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.

 

Bülbüli-zarəm, deyil bihudə əfğan etdiyim,

Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.

 

Dəhri-bazarında kasiddir mətai-himmətim,

Bu mətai satmağa bir özgə bazar istərəm.

 

Fani olmaq istərəm, yəni bəlayi-dəhrdən,

Rahəti-cismi-zəifü cani-əfkar istərəm.

 

Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,

Neyləyim, çoxdur qəmim, dəfinə, qəmxar istərəm.

 

Çün bəqa bəzmindədir dildar, mən həm durmazam,

Bu fəna deyrində, bəzmi-vəsli-dildar istərəm.

 

Ey Füzuli, istəməz kimsə rizasilə fəna,

Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm.

 

 

TƏMAMİYİ-SÜXƏN

 

Çün razi-dərunin etdi təqrir,
Rəyinə müvafiq oldu təqdir,
İmdad qılıb inayəti-həq,
Qıldı onu məqsədinə mülhəq,
Gül dərdi hədiqeyi-əməldən,
Mey içdi sürahiyi-əcəldən.
Qəbrini qucaqladı nigarın,
Can sədqəsi etdi ol məzarın,

- "Leyli" - dedi verdi cani-şirin,
Ol aşiqi-biqərarü miskin.
İnsaf, həmin ola məhəbbət,
Bu dairədir məqami-heyrət,
Guya ki, əlində idi canı,
Daim gözədirdi ol zəmanı,
Çün dövr ilə yetdi ol zəmanə,
Ondan bir icazət oldu canə.
Hər necə ki, var idi nigari,
Aləmdə idi onun qərari,
Çün qıldı nigari tərki-aləm,
Bu aləmi tərk qıldı ol həm.
Çün gördü bu halı Zeydi-qəmnak,
Əfğan qılıb etdi yaxasın çak,
Fəryad ilə qıldı növhə bünyad,
Övci-fələkə yetirdi fəryad.
Zar ağladı öylə kim, həm ol dəm,
Ahı oduna yığıldı aləm.
El cəm olub etdilər nəzarə,
Məcnuni-siyah ruzigarə,
Qəbr üstünə gördülər yıxılmış,
Cananəyə can nisar qılmış,
Əhvalına ağlayıb sərasər,
Dəfn etməyin etdilər müqərrər.
Qüsl eyləyibən təni-nizarın,
Dildarının açdılar məzarın.
Qoydular onu həm ol məzarə,
Qəmnak yetişdi ğəmgüsarə,
Ruh oldu fələkdə ruhə həmraz,
Tən oldu tən ilə yerdə dəmsaz.
Rəf oldu təəllüqati-hayil,
Mətlubuna talib oldu vasil.
Bir bəzm iki şahə məhfil oldu.
Bir bürc iki mahə mənzil oldu.
Qəbr üstünə qoydular nişanə.
Faş oldu bu macəra cəhanə.
Tövfündə qılıb murad hasil,
Ol qəbrə xəlayiq oldu mayil.
Keçdikcə zaman mükərrəm oldu,
Hacətgəhi-əhli-aləm oldu.
Budur əsəri-məhəbbəti pak,
Xoş mərtəbədir bu, qılsan idrak.

 

 

 

BU, ZEYDİN LEYLİ İLƏ MƏCNUNU

RÖYASINDA GÖRDÜYÜDÜR

 

Ol munisü müşfiqü müvafiq,
Asari-sədaqət etdi zahir.
Təmir üçün etdi çox ətalər,
Tədric ilə qıldı çox binalər.
Peyvəstə hərarəti-ciyərdən,

Qəndili-məzarın etdi rövşən.
Carub ilə ab olanda mətlub,
Müjgan ilə əşki abü carub.
Hər ləhzə qılırdı tazə matəm,
Qılmazdı fəğanü naləsin kəm.
Ol məşhədə Zeyd olub mücavir,
Bir gecə qəribi-sübhi-sadiq,
Bimar tənində qalmayıb tab,
Qılmışdı məzarə yastanıb xab;
Xab içrə göründü ol nizarə,
Bir bağidə iki mahiparə;
Rüxsarələrində zövqdən nur,
Bimi-qəmü dərdü qüssədən dur.
Xoşvəqtü nişatməndü dilşad,
Əğyar təərrüzündən azad.
Hər məhvəşə min firiştəsurət,
İxlas ilə olmuş əhli-xidmət.
Sordu ki: - "Bular nə mahlərdir?
Nə rütbəli padşahlərdir?
Bu rövzə nə rövzeyi-bərindir,
Bu qövm nə qövmi-nazənindir?"
- Budur, - dedilər, - riyazi-rizvan,
Bu qəvmi-xücəstə-hurü qilman.
Bu iki məhi-xücəstərüxsar
Məcnun ilə Leyliyi-vəfadar.
Çün vadiyi-eşqə girdilər pak,
Ol paklik ilə oldular xak,
Mənzilləri oldu baği-rizvan,
Çakərləri oldu hurü qilman.
Çün bunda riza verib qəzayə,
Səbr eylədilər qəmü bəlayə,
Getdikdə cahani-bivəfadən,
Qurtuldular ol qəmü bəladən.
Çün Zeyd yuxudan oldu bidar,
Bu nüktəyi etdi xəlqə izhar,
Xəlqin olub etiqadı əfzun,
Ol qəbrə ziyarət oldu qanun.

 

 

 

TƏMAMİYİ-SÜXƏN

 

Saqi mütəğəyyir oldu halım,
Söyləşməyə qalmadı məcalım!
Minbəd ziyadə vermə badə,
Rəhm eylə ki, sərxoşam ziyadə!
Xoş qəflət ilə keçirdim əyyam,
Bilmən ki, nolur işim sərəncam?
Sərmaeyi-ömr getdi əldən,
Sud etmədim etdiyim əməldən.
Fəryad bu cövrdən ki, gərdun
Əhvalimi eylədi digərgun.
Dün dideyi-tər qılıb gühərbar,

Gərdunə dedim ki: "Ey cəfakar!
Hərgiz rəvişindən olmadım şad,
Dami-ğəmü mehnətindən azad,
Əhbabə nəqiz dövr edərsən,
Ərbabi-kəmalə cövr edərsən.
Məcnun, əgər olsa idi cahil,
Olmazdın itaətində kahil,
Fərmanına inqiyad edərdin,
Könlünü müdam şad edərdin,
Əhli-hünər olduğu səbəbdən,
Sahibnəzər olduğu səbəbdən,
Əqranı içində xar qıldın,
Biizzətü etibar qıldın.
Leyli, gər olaydı bir həyasız,
Ya, sən kimi mehrsiz, vəfasız
Olmazdı ona həmişə cövrün,
Kamınca müdam olurdu dövrün.
Fəzl əhlinə mayil olduğundan,
Daim qəm əlində zar qıldın,
Aşüfteyi-ruzigar qıldın.
Mən həm, gər olaydım əhli-təzvir,
Etməzdin ianətimdə təqsir.
Səndən qərəzim olub sərəncam,
Dövründə mənə olurdu aram.
Çün əhli-vüqarü nəngü arəm,
Cövrünlə həmişə xarü zarəm.
Bu üzdən imiş sənin mədarın
Var, indi ki, yoxdur etibarın!"
Gərdun eşidib mənim itabım,
Verdi bu əda ilə cəvabım:
- "Key surəti-haldən xəbərsiz!
Hər hikmətə eyb edən hünərsiz!
Mən əmrə müvafiq eylərəm dövr,
Hikmətdə vəfadır etdiyim cövr.
Əmma, sən edən əməl xətadır
Kim, piri-təriqətin həvadır.
Şairliyə iftixar edibsən,
Kizbi özünə şüar edibsən.
Məcnun dediyin vücudi-kamil,
Hər danişə məndən oldu qabil,
Divanə ona, səy eylədin ad,
Səndən, ona yetdi zülmü bidad!
Leyli dediyin məhi-təmami,
Mən pərdədə saxladım girami,
Risvayi-xəlayiq eylədin sən,
Min tənəyə layiq eylədin sən.
Gəh İbni Səlamə zülmü ilhaq
Gəh Novfələ qədri qıldın itlaq.
Şərm et, bu nə hərzədir, nə möhməl?
Nə İbni Səlamü qanğı Novfəl?
Şərh eyləmək istədin fəsanə,
Qıldın sözə onları bəhanə,

Gördü çürümüş sümüklər azar,
Töhmətlərinə olub giriftar,
Əmvat məzaliminə girdin,
Asudələrə əzab verdin.
Cürmünə olanda xəlq mülzəm,
Lazım sorulur bu iftira həm,
Olmazmı bu baisi-əzabın?
Bu məsələdə nədir cəvabın?

 

 

CƏVABİ-MƏSƏLƏ

 

Ey tutiyi-bustani-göftar,
Sərrafi-süxən, Füzuliyi-zar!
Aldanma, əgər sipehri-laib,
Tən ilə sənə dedisə kazib,
Əşarə yaman deyib usanma,
Sərmayeyi-nəzmi səhl sanma!
Sözdür gühəri-xəzaneyi-dil,
İzhari-sifati-zatə qabil!
Can sözdür əgər bilirsə insan,
Sözdür ki, deyərlər, özgədir can.
Billah, bu yamanmıdır ki, hala,
Əmvatə söz ilə verdin əhya?
Məcnun ilə Leyliyi qılıb yad,
Ərvahlarını eylədin şad?

 

 

BU, BƏYANİ-ÜZRİ-TƏLİFİ-KİTABDIR

VƏ TARİXİ-ZƏMANİ-FƏTHİ-BABDIR[86]

 

Ey kilki-rəvəndə, barəkəllah!
Oldun məni-rəhnəvərdə həmrah.
Min səy ilə hacətim bitirdin,
Bir mənzilə aqibət yetirdin.
Rəhmət sənə kim, sən etdin imdad,
Bu əski binayi etdin abad,
Əşk ilə biruni sim-əndud.
Ah ilə dəruni ənbəralud,
Məxzənləri gənci-gövhəri-dərd,
Rövzənləri mənfəzi-dəmi-sərd.
Əlqissə, mürəttəb oldu bir bağ,
Hər laləsi bağrı üzrə yüz dağ,
Xuni-cigər abi-cuyibari,
Növki-mujə əbri-növbəhari.
Ol dəm ki, bu nüsxə oldu mərqum,
"Leyli-Məcnun" adıyla movsum,
İzharə gəlib rümuzi-vəhdət,
Vəhdətdə təmam olub hekayət,
Tarixinə düşdülər müvafiq,
Bir olmaq ilə ol iki aşiq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BU, ƏRBABİ-VƏFADƏN
TƏVƏQQÖİ-QƏBULİ-MƏZİRƏTDİR
VƏ ƏSHABİ-ZƏKADƏN TƏMƏNNAYİ-DUAYİ
MƏĞFİRƏTDİR[87]

 

İnsaf ver, ey həsud, insaf!
Tən etmə ki, cövhərin deyil saf!
Əhvalımı gör xərabü müztər,
Ənduhi-zəmanədən mükəddər.
Söz dairəsi deyil bu əhval,
İnsaf mənə kim, olmazam lal,
Məndən təmə etmə fikri-saib,
Əhvalımadır sözüm münasib.
Azdır demə cövhəri-səfasın,
Bir sor ki: Nə verdilər bəhasın?
Billah, gər olaydı bir xiridar,
Min gənci-nihan qılardım izhar.

Filcümlə bu həm ki, oldu məstur,
Bir şövq ilə zövqdən deyil dur.
Eybi hünər ixtiyar qılma!
Şerim həsədin şüar qılma!
Bihudə, yetər, təərrüz eylə,
Gər qadir isən, cəvab söylə!
Tərk eylə, təərrüzü inadi
Kim, vadiyi-cəhldir bu vadi!
Dəm xeyr sözündən ur dəmadəm,
Vər xeyr deməzsən - əbsəm, əbsəm!

 

 



[1] Bu, qüvrətin yoxluğunu ərzetmə və qüvvətin olması üçün üzrdür.

[2] Bu məсlis saqisinə badə üçün xitabdır.

[3] Bu, kitabın yazılmasının və əzaba düçar olmağın səbəbidir.

[4] Bu, məhəbbət göstəriсisinin yazısı və möhnət divanının dibaçəsidir.

[5] Bu, bəla binasının başlanğıсı və dərdə tutulmağın müqəddiməsidir.

[6] Və əgər.

[7] Bu, Məсnunun təsviri və uzun möhnətin başlanğıсılır.

[8] Bu, anasının Leylini danlamasıdır və vüsal baharına payız gəlməsidir.

© 2011 Ədəbiyyat portalı - www.azerlit.info