Qonaq Kitabı
IV Hissə

– Sərbazxanadan çıxmaq qadağandır, – deyə onları çölə buraxmadılar.

Zabit onların üstünə qışqırdı:

– Kim qadağan edib getməyi və bu qadağan nə münasibətlədir?!

– Ağayi Xiyabani buyurub ki, səhər tezdən sərbazlar hərəkət edəcəklər, heç kim heç yerə getməsin.

Zabit mülayim ahənglə soruşdu:

– Haraya hərəkət edəcəklər?

– Qaradağlı xanla vuruşmağa!

Fəhlələr bir-birinin üzünə baxdılar:

– Evi yıxılanın yetimi, bu nəmənədi?

– Gədə, bu nə danışır? Necə yəni davaya? Üç qran verib. Səhərdən indiyə kimi ayaq üstə saxladıqları əs deyil, hələ istəyirlər ki, bizi davaya da göndərsinlər?

Onların içinə hay-küy düşdü. Qarovulçulardan biri:

– Altı aylıq maaşı sizə bəs nədən ötrü verdilər?

– Nə maaş, nə zad?! Dəli olubsan nədir? Biz günəmuzd fəhlə babayux; günümüzə üç qran danışıb, buraya gətiriblər. Biz hara, Qaradağ xanı hara! Hərəmizin altı-yeddi baş əhli-əyalımız var. Qardaş, qoy gedax, paltarlarımızı dəyişax! – deyəndə bayaqkı komissiya üzvləri haradansa çıxıb onlara yanaşdı.

Mirpəncin əlindən sərbazlar alınıb, başqa adama tapşırıldı. Komissiya üzvləri bu kələkdən, fırıldaqdan sonra bütün diqqətlərini sərbazxanaya verdilər. Komissiyanın sədri molla bir gün sonra yenə sərbazxanaya gəldi. Dəftərin qoltuğuna vuran mirzə kölgə kimi onun dalınca gəzirdi.

Molla dəstə-dəstə düzülən və məşq edən gəncləri mirzəyə göstərib soruşdu:

– Bunların aylığı neçədir?

– Doqquz tümən!

“Günü üç qran, hımm!.. Eybi yoxdur, bu qalsın”.

– Bəs bunların aylığı nə qədərdir?

– On beş tümən.

– Bu ki milləti talamaq oldu! On iki tüməndən yazın!..

Seyid Hüseyn xan etiraz etdi:

– Cənab molla, bunlar sabah-birigün ölümə gedəcək, döşünü güllə qabağına verib vətəni qoruyacaqlar. Heç olmasa, on dörd tümən elə.

Molla razılaşdı.

Sonra molla və komissiya üzvləri hərbi marş çalanların yanına gəldilər. Dirijor əlindəki çubuqla gah sağa, gah sola, gah da özü ilə üzbəüz duranlara sarı dönüb, cürbəcür hərəkətlər edirdi. Mollagil onların yanına çatanda orkestrdəkilər dayandılar.

Molla onların alətlərinə diqqətlə baxdı. Sonra üç nəfəri göstərib soruşdu:

– Bunların aylığı neçədir?

Onun dalınca addım-addım dolanan Mirzə dedi:

– Altı tümən!

Molla dinmədi. Sonra üç nəfərin yanında şeypur çalanları göstərib soruşdu:

– Bəs bunların aylığı?

– Bunlarınkı da altı tüməndir, qurban.

Molla razılıqla başını tərpətdi. Boynundan yoğun şeypur sallanmış çalğıçının maaşını soruşdu:

– O da altı tümən alır.

– Bəs bu yazıq? – deyə təbilçalanı mirzəyə göstərdi:

– O da altı tümən alır.

Molla dirijorun məvacibi ilə də maraqlandı.

– O, səksən tümən alır.

– Daaş, bu olmadı ki,.. Biz istədux ki, ədalət olsun, yetim qızlardan, dul övrətlərdən yığdığımız pullar öz yerinə xərc olunsun. O yekəlikdə təbili boynunda gəzdirən altı tümən, çöp oynadanın biri səksən tümən? Yox, mən belə işlərə qol qoya bilmərəm!

Kimsə sözə qarışdı:

– Molla ağa, bu kişi ətək-ətək pul töküb, on beş il Firəngistanda dərs alıb. Sizsə deyirsiniz ki, onun məvacibi çoxdur. Məncə, azdır.

Söhbət bununla qurtardı.

Bütün qoşun maaşla təmin olundu. Onların razırlığı yoxlanıldı. Bir neçə gün sonra iki yüz sərbazı və beş yüz fədaini təbrizlilər təntənə ilə Qaradağa yola saldılar.

 

 



[1] Dərvişlərlə İranda çox zaman belə salam verirlər (red.)

[2] Sizi sancanları – sancmamışdan qabaq öldürün.

[3] Patron

[4] Ləbbadə

[5] Marşimonun başına gətirdiyi bu oyunu sonralar sərhəng Sadıq xan da İsmayıl ağanın başına gətirmişdir (redaktorun qeydi).

[6] Tərcüməsi: 

Oyanın qardaşlar, yatmayın, durun,

Götürün tüfəngi, kürdləri qırın.

Alın Marşimonun qanını, alın!

[7] Təbrizin kənarında gözəl bir bağdır

[8] Ruzilərin ən yaxşısı ticarətdir.

[9] Valinin familiyasıdır.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info