Qonaq Kitabı
IV Hissə

Şuşanik ilə Paşa bəy Xiyabanigildə qaldı. Mahmudla Rəşid isə öz mənzillərinə qayıtdı. Xiyabani onları həyət qapısına kimi ötürəndə Mahmudun qulağına nəsə pıçıldadı... Yolda Rəşid bu barədə bir kəlmə də olsun Mahmuddan soruşmadı.

Səhər yeməyindən sonra əvvəlcə polis idarəsinə, sonra isə Xiyabaninin evinə getməyə hazırlaşanda Mahmud Xiyabaninin axşam dediyi sözü aydınlaşdırmaq üçün əlini ehmalca Rəşidin çiyninə qoydu:

– Heç bildin axşam Şeyx mənə nə dedi? – Onun sualını gözləmədən davam etdi, – O qızla sənin haqqında danışırdı.

– Nə barədə?

– Şirni içmək, kəbin kəsdirmək, toy eləmək...

– Bunları biz öz yerimizdə etmək fikrindəyik.

– Bir fərqi var?

– Bəli. Əvvəla, qız bu saat hüzürlüdür: atası ölüb, anası burada yoxdur. Ikincisi də...

– Ona qalsa, bütün Iran matəm içindədir. Anasını buraya gətirdə bilərik. Ancaq kəbin məsələsi necə olacaq? Bəlkə qız dinindən dönməyəcək?

– Düzü, soruşmamışam. Ancaq kəbini molla da, keşiş də kəsə bilər.

– Bəlkə Şuşanik kilsəyə getmək istədi, onda necə?

– Şeyx bilməmiş deyil. Belə şeyə şəriət yol verir; istəsə, oraya gedə bilərik. Təmiz və ülvi məhəbbət dar düşüncəyə sığmaz!

12.

Təbriz əncümənində bu gün fövqəladə iclas çağırılmışdı. Şəhərdə nə qədər nüfuz sahibi – əyan, müctəhid, seyid, tacir, varlı ağsaqqallar vardısa, hamısı bu iclasa dəvət olunmuşdu. Əncümənin böyük zalı bu qədər adamı tutmadığından binanın qabağındakı geniş meydançaya xalı döşəməmişdilər. Ağalar iki-bir, üç-bir gəlib boş yerdə otururdu. Çiyinlərindən aşırma qatarlar asan mücahidlər gələnlərə çay və qəlyan verirdilər.

Xiyabani də yoldaşları ilə gəlib məclisdə oturdu. Hərdənbir yanındakı adamlarla nə barədə isə söhbət edirdi.

Çox çəkmədi ki, geniş meydança çağırılan adamlarla doldu. Hamı Xiyabaninin mühüm bir məsələ barədə danışacağına müntəzir idi. Nəhayət, Gənceyinin səsi eşidildi.

– Hörmətli ağalar, əziz həmvətənlər! Nə qədər ki, ingilis işğalçıları və son zamanlar onlarla həmrəylik edən amerikan imperialistləri Şərq xalqlarına hökmranlıq edir, bu xalqların üzü gülməyəcəkdir. Bildiyiniz kimi, ingilislərin təşkil etdiyi qırx beş minlik asori və cılo ordusu Iraq və Suriyadan adlayıb sərhədi, qalası olmayan darvazasız karvansaraya oxşayan Irana daxil olub, iki günün içində Urmu şəhərində altı min nəfər din qardaşınızı qırıb, onların başına olmazın faciələr gətiriblər. Adam bu dərdi danışmağa xəcalət çəkir. Bəzi ürəyi nazik, təziyələrdə göz yaşı tökməyə adət edənlər, bayatı deyib ağlamağa başlayanda... .

Xiyabaninin gur səsi eşidildi:

– Bəsdir, daha ağlamayacağıq! Qoy ağayi Gənceyi məni bağışlasın, daha ağlamaq yoxdur. Ağlamaqla müşkül işlərə çarə, ağır dərdlərə əlac olmaz!

Gənceyi sözünə davam etdi:

– Mən onu demək istəyirdim ki, ingilis ağalar çürüyüb çoxdan torpağa dönmüş Sardalapal imperatorluğunu diriltmək üçün bütün Iran Azərbaycanını Marşimona vəd etmişlər. Indi ingilislərin istəyi, amerikanların pulu, fransızların silahı ilə təchiz olunmuş qırx beş minlik qoşun Təbrizə gələcəkdir. Onları, əlbəttə, qarşılamaq lazımdır. Qarşılamaq da iki cürdür: ya gərək Urmu kimi təslim olmalıyıq, ya da onların qabağına top-tüfənglə çıxmalıyıq. Hansı yolu istəyirsinizsə seçin!

Gənceyiyə yaxın oturan və Vüsuqüddövləyə tərəfdarlığı ilə məşhur olan əyanlardan biri ona üz tutub soruşdu:

– Ağayi Gənceyi, Marşimon Urmuda, siz burada, bəs bu xəbər sizə haradan çatıb? Özü də elə bir şəraitdə ki... Simlər kəsilib, poçt işləmir, yollar də bağlı. Bəlkə sizin teleqram simsiz işləyir?

Gülüşmə düşdü, tez də kəsildi.

– Xeyr, bu xəbəri bizə xüsusi adamımız gətirib! Bax, bu ağayi Rəşid – makulu Hüseynqulu bəyin oğlu. Xahiş edirəm, Rəşid, Urmu, Səlmas səfərinizdə gördüklərinizi bu ağalara danışasınız.

Rəşid Xiyabaninin Simitkoya sifarişini, Marşimonun onun yanına nümayəndə göndərib, görüşmək arzusunda olduğunu, Səlmasda olan görüşü, Asori imperatorluğunu diriltmək istəyən Marşimonun Simitkoya verdiyi vədləri və nəhayət, onun ölümünü, Simitkonun Xiyabanidən kömək istəməsini, əgər kömək olmazsa, Türkiyəyə keçib yolu asorilərin üzünə açacağını, Səlmasa, Köhnəşəhərə, Xoya, Təbrizə hücumlar olacağını birbəbir danışdı.

Rəşid sözünü qurtarandan sonra Xiyabani əvvəlcə adəti üzrə eynəyini cibindən çıxarıb dəsmalı ilə sildi, sonra yenə də gözünə taxıb nitqə başladı:

– Ağalar, indi qarşımızda, buyurulduğu kimi, iki yol vardır. Biz namusumuzu, izzəti-nəfsimizi hifz etmək üçün əl-ələ verib birləşməklə ikinci yolu intixab edirik!

– Bəs siz üçüncü yoldan danışmadınız, ağayi Xiyabani? – Bayaqkı əyan söz atdı.

– Biz elə ağalara zəhmət verib, ona görə onları bura dəvət etmişik ki, bəlkə məqsədə çatmaq üçün daha yaxın – üçünuü bir yol göstərsinlər.

– Həmin əyan dedi:

– Üçüncü yol budur ki, dolaq teleqrafxanaya, dövlətdən kömək istəyək.

– Elə bütün işləri bu yerə gətirib çıxaran, sizin buyurduğunuz dövlətin başçıları deyilmi? Onlar doğrudan da dövlət adamı olsaydılar, Marşimon kimilər Bağdaddan basa-basa gəlib, Urmuda altı min adamı qıra bilməzdi. Indiki Iran sahibsiz ata oxşayır: kim hara istəyir, minib ora da çapır.

Məclisə toplaşan tacirlərdən bir neçəsi: “Doğrudur, doğrudur” deyə Xiyabaniyə tərəfdar çıxdı. Böyük müctəhidlərdən biri əlini yuxarı qaldırdı. Hamı sakit oldu.

– Həzərat, gəlin ağayi Xiyabaninin sözlərini qürbətə salmayaq. Biz məşrutə zamanından dövləti tanıyırıq. Belə dövlətə ümid bağlamaq özümüzü aldatmaqdır. Məsələ çox mühümdür. Minlərlə adamın qırılması, şəhər və kəndlərin xarabaya dönməməsi bizdən asılıdır. Biz öz dədə-baba ocağımızı, uşaqlarımızın gələcəyini, arvadlarımızın namusunu müdafiə eləməsək, bəs kim edəcək?! – O, üzünü Xiyabaniyə tutdu. – Mən özüm kəfən geyinib canımı millət yolunda verməyə hazıram! Mən cahad, cahad elan edirəm!

Bir varlı tacir durub dedi:

– Hərçənd ki, mötəbər ağalar olan yerdə mənim kimilərin öz rəyini izhar etməsi qələtdir, amma hamımız bilirux ki, bu xına o xınadan deyil. Düşmən qulağımızın dibindədir. Bəzi ağalar bəlkə elə xəyal edirlər ki, Marşimon öldü, bununla da məsələ bitdi? Xeyr ağalar, indi qədim dövr deyil ki, padşah ölən kimi qoşun da öz-özünə dağılsın. Marşimon öldü, Martinson durur. Ingilis bu dəfə silahı onun əlinə verəcək. – Xiyabanidən sual etdi. – Sizcə, buraya dəvət olunanlar nə etməlidirlər?

– Necə ki, həzrəti-Ayətüllah buyurdu, bütün üləma əhli cahad elan etməlidir. Qalanlar da onların buyuruğunu yerinə yetirməlidir. Biz bu fitnə-fəsadı yaradanları da nəzərdən qaçırmamalıyıq. Onların mal-dövlətini qarət edib, yoxsullara verməklə bərabər, əməllərini də ifşa etməliyik. Gəlin, etiraz səsimizi ucaldıb, Vüsuquddövlə ilə firuz bağlayan əhdnamənin ləğv olduğunu aləmə elan edək. Qoy bütün dövlətlər bu niyyətimizdən xəbər tutsunlar.

Hörmətli ağalar! Əgər bu qərarımıza etiraz etmirsinizsə, gəlin, cahad elanını tənzim edək və qoşunkeşliyi idarə etmək üçün komisyonlar seçməyə başlayaq.

Indiyə kimi sakit-sakit qulaq asan molla, tacir və xanlardan bir neçəsi “başlayaq, başlayaq” deyə Xiyabaniyə səs verdilər.

Böyük nüfuz sahibi olan Hacı Şeyx Həsənəli ağa əlini yuxarı qaldırdı. Məclis yenə aram oldu.

– Kim razı olar ki, özünü öldürsünlər, malını talayıb, arvad-uşağını da əsir alsınlar? Mən də, oğlanlarım da atlı-silahlı xidmətinizdə hazırıq, oğul!

Xiyabani ehtiramla onun qabağına gəldi:

– Əziz ata, vuruşmaq üçün biz varıq. Sizin kimi mötəbər şəxsiyyətlərin mərkəzdə oturub, bizə yol göstərməsi kifayətdir. Oğlanlarınızı isə göndərin...

 

Sabah səhər evdən çıxan təbrizlilər divarlara yapışdırılmış elanlarla qarşılaşdılar. Bu, cahad elanı idi. Bütün müsəlmanlar, silahı və atı olanlar atlı, atı olmayıb silah işlətməyi bacaranlar – on beş günlük azuqəsi ilə piyada asorilərə qarşı yaradılan orduya çağırılırdı. Baqqal, qəssab və çörəkçilərdən başqa bir adamın dükan açmağa ixtiyarı yox idi.

Gün günorta yerinə qalxanda adamlar başqa bir elan da oxudular. Bu elan əhalini sərbazxanaya, mitinqə dəvət edirdi.

Sərbazxananın meydanında iynə yerə düşməzdi. Çoxunun əlində ingilis ağaları əleyhinə yazılmış plakatlar vardı.

O gün ingilis konsulxanası və “Bankşah” ətrafına gözətçilər qoyulsa da, əhali bu günə kimi misli görünməmiş nəzm və tərtiblə onların konsulxanası qabağında dayanıb sözlərini deyəndən sonra yazılı etirazlarını verib gedirdilər.

Ingilislərin əleyhinə olan etiraznamələr zərfə qoyulub bütün konsulluqlara göndərildi. Həmçinin müctəhidlərin cahad elanı, Iran Azərbaycanının bütün şəhərlərinə, kənd, qəsəbə və elatlarına çatdırılmışdı.

Hamıdan qabaq Ismayıl ağaya məktub yazdılar. Cahadnaməni ona da göndərdilər.

Cahadnamə elan olunandan üç gün sonra iki min süvari, üç min piyada Xoy tərəfə hərəkət etdi. Bu vaxta kimi belə sürətlə qoşun toplayıb cəbhəyə göndərilməmişdi. Qoşuna Mahmud başçılıq edirdi.

Marağa-Miandab qoşununa isə başçılıq etmək marağalı Hacı Kəbir ağanın oğluna tapşırılmışdı. Bu qoşun ruslardanqalma iki kiçik gəmi ilə gecə Urmu gölündə üzərək, şirin suyu olan kiçik cəzirəni tutdu. Asorilərin Qaraquşdakı əlli nəfərlik gözətçi dəstəsi qəfildən yaxalandı, onların bir neçəsi öldürüldü , qalanları əsir düşdü. Ismayıl ağa ilə ilkin əlaqəni də onlar yaratdılar. Gənc Kəbirinin vətənə məhəbbəti və xüsusi hərbi istedadı elə buradaca özünü göstərdi. Bununla kifayətlənməyən Kəbiri asori əsgərlərinin libasını öz adamlarına geydirib, Quşçu gədiyindəki postu da ələ keçirdi. Beləliklə, iki gün qabaq buradan keçib Səlmasda qırğına, talana başlayan iki min asori əsgərinin Urmu ilə əlaqəsini kəsmiş oldu.

Fürsətdən, zaman və məkandan məharətlə nstifadə etməyi bacaran Simitko Səlmasdakıların üstünü aldı. Quşçu gədiyinin düşmən əlində olması asori komandanına təzəcə məlum olmuşdu.

Bu hərbi əməliyyatın türklər tərəfindən yarandığını güman edən komandan o saat məsləhətçiləri ilə – fransız və ağqvardiyaçı zabitlərlə xeyli götür-qoy elədi. Onlar arxalarının bağlandığını, Simitko və ya türklərlə vuruşmağa qadir olmadıqlarını nəzərə alıb, azuqəsi bol və möhkəm qalası olan sahibsiz Xoy şəhərini tutmağı qərara aldılar.

Asorilərin Xoy şəhərinə hərəkətini duyan Simitko öz süvari dəstəsilə onları təqib etməyə başladı, eyni zamanda gizli dağ yolları ilə bir qasid göndərib xoyluları xəbərdar etdi.

Mahmudun qoşunundan başqa Xoyda da iki mindən çox adam toplanmışdı. Simitkonun göndərdiyi qasid səhər tezdən Xoya yetişdi. Dərhal hərbi şura çağırıldı. Mahmud Xoy fədailərinin planını bəyəndi. Şeypurlar səsləndi. Qoşun Xoydan Səlmasa gedən yolda, Qoduqboğan körpüsündən o tərəfdəki qırmızı təpələrdə yerləşdi. Mahmudun tapşırığına görə, bir adam da güllə atmamalı idi.

Asori süvarilərinin yarısı Qoduqboğan körpüsünü təzəcə keçmişdi ki, hər tərəfdən güllələr açılmağa başladı. Xəzəl kimi qırılıb tökülən asori süvariləri özlərini itirib pərən-pərən oldular. Lakin heç kəs qaçıb qurtara bilmədi.

13.

Marşimonun bacısı savadsız idi. Qardaşının əməlilə dinə çox da razılıq verməyən arvadı misterlər bəzəyib araya çəkmiş, Petros adlı bir ağanı da ora müavin təyin etmişdilər. Onlar Kazım daaşının tutulmasını, qarovulçuların öldürülməsini təzəcə eşitmişdilər. Petros ağa idarənin həyətində oturub bir-iki zabitlə söhbət edirdi. Quşçu kəndinə adam göndərmək barədə lovğa-lovğa danışıb, asıb-kəsirdi ki, üstü-başı cırılmış bir asori süvarisi özünü onlara yetirdi.

– Bu nə görkəmdir? – deyə Petros ağa heyrətləndi. Bu formada da əsgər olar?

Süvari yazıq-yazıq dedi:

– Mənimki hələ yaxşıdır, ölənlərin alt paltarlarını da soyundurdular. Məni özləri bura göndərib.

– Bu qorxağın başına deyəsən hava gəlib, – deyə Petros ağa yanında oturan əcnəbi zabitə göz vurdu.

– Burada qorxaqlıq-flan yoxdur, ağa. Mən də əsir düşənlərdənəm. Müsəlmanların komandiri bu məktubu sizə çatdırmaq üçün məni bura yollayıb.

Məktubun məzmunu belə idi:

“Asori rəisi ağa Petros! Sizin vəhşiyanə hərəkətiniz azərbaycanlılarla bərabər, kürdləri də qəzəbləndirmişdir. Odur ki, ruhanilərimiz cahad elan edib. Milyon-milyon azərbaycanlı və kürd bir yumruq halında birləşib ki, siz dərhal Urmudan çıxıb gedəsiniz. Yalnız bu yolla (bizim əlimizdə əsir olan min iki yüz nəfərdən başqa) özünüzü ölümdən qurtara bilərsiniz. Cavab gözləmirik. Onsuz da iki gündən sonra Urmuda olacağıq!

       Azərbaycan qoşununun rəisi – Mahmud:

        Kürd qoşununun rəisi - Simitko».

Petros ağanın rəngi bez kimi ağardı. Kağızı cibinə qoyub yerindən qalxanda əcnəbi zabiti onu dayandırdı:

– Hara gedirsən?

– Xanımın yanına.

– Dəli olubsan, nədir? O, qadındır, bundan qorxuya düşər.

– Qorxuya düşdü, düşmədi, bu yekəlikdə hadisəni ört-basdır etməkmi olar? Xüsusən, onun iki qardaşı oğlu həmin əsir düşənlərin arasındadır.

– Elə məni də düşündürən orasıdır ki, xanım qadınlığına salıb öz qardaşı oğlanlarının hayına qalar, bizim böyük planlarımızı, arzularımızı puça çıxara bilər.

– Sizcə, nə etmək lazımdır, mister?

– Məncə, ata-baba yurdu naminə Marşimonun da, onun qohum-əqrabasının da ölməsi onlar üçün böyük iftixardır. Mən hələ Bağdadda ikən bu barədə mərhum

Marşimona demişdim. O da təsdiq etmişdi:

– Indi bəs nə edək?

Susmaq lazımdır.

Lakin Petros ağa susmadı. Içəri həyətə keçib əhvalatı xanıma danışdı. O qədər keçmədi ki, içəri həyətdən çıxan asori qadını əcnəbi zabitinə yaxınlaşıb dedi:

– Xanım sizi gözləyir.

Əcnəbi zabiti birinci dəfə idi ki, hərəm həyətinə keçirdi. Əsmər xanım qəzəb və kin yağan qara gözlərini zabitə zilləyib, onu başdan-ayağa süzdükdən sonra soruşdu:

– Yəqin ki, siz hər şeydən xəbərdarsınız... Deyin görək indi bizə nə məsləhət verirsiniz? Biz oturub düşməni gözləməliyik? Yoxsa vaxt var ikən geri çəkilməliyik?

– Geri çəkilmək məsələsini biz həll edə bilmərik, xanım. Bu əmri ancaq general özü verə bilər. Burada oturub gözləmək də ağıl və məntiqlə düz gəlmir. Müsəlmanlar cahad ediblər. Indi onları hər dəqiqə gözləmək olar. Biz Xoydan, Marağadan düşmənə qarşı hücuma keçsək, bir də görərik ki, Sabucbulaq, Uşnu, Sərdəşt kürdləri Urmunu aldılar. Iş ki belədir, dəstələrə bölünsək yaxşıdır. Səlmasa və Köhnəşəhərə on min nəfər göndərsək, pis olmaz.

– Bu on min nəfər də gedib, o iki min nəfər kimi məhv olsa necə?

– Urmu kimi şəhər əlimizdədir, onların yerini cavanlarla doldurmaq olar. Bu mənim fikrimdir, xanım. Bəs sizin və ağa Petrosun fikri necədir?

– Mənim şəxsi fikrim odur ki, geri çəkilsək, ən ağıllı iş görmüş olarıq.

– Xanım, bayaq ərz elədim ki, geri çəkilmək yalnız generaldan asılıdır.

– Bəs general hardadır?

– Yəqin ki, Həmədanda...

– Əlaqəniz varsa, mənim fikrimi ona tezliklə çatdırın.

– Baş üstə!

Əcnəbi zabiti otaqdan çıxdı. Onun ardınca kinli-kinli baxan Petros ağa dedi:

– Bu hərifin əlində ixtiyar olsaydı, ikimizi də tutdurardı.

– Sən elə bilirsən, bunlar bizim xatirimizə belə canfəşanlıq edirlər? Qətiyyən yox. Onlar Şərqdə yeni bir xaçpərəst hökuməti yaratmaq xatirinə bu qədər xərc çəkirlər! Əslində onların bizi görən gözləri yoxdur. Hələ o zaman dedim ki, bizi minillik qonşularımızla düşmən eləməyin. Hər yan müsəlmandır. Öz vətənini qoruyan milyonlara bir ovuc asori neyləyə bilər?! Nə isə, elə bil ki, yazıq qardaşımı əcəl hərləyirdi. Sözümə qulaq asmadı. Arada özü getdi. Qardaşım oğlanlarının da öldüsü, qaldısı bəlli deyil.

– Zərərin yarısından qayıtmaq özü də bir qazancdır, – deyə Urmu talanından yüz min manatdan çox qazanan Petros ağa öz fikrini bildirdi.

– Qayıdaq, qayıdaq Ağa Petros, qayıdaq.

– Lakin bu əcnəbi zabitlərinin əlindən qurtarmaq, çətin ki mümkün olsun.

– Siz razı olsanız, o asan işdir, – deyə xanım ad möhürünü Petros ağanın üstünə atdı.

Bir saat sonra xanımın hüzuruna çağırılan hərbi şuradakı əcnəbi zabitləri həbsə alındılar.

Asori qoşununun Xoy, Səlmas və Təbriz üzərinə hücum edəcəyi şayiəsi şəhərə yayılmışdı. Lakin asori qoşunları ələ keçirdikləri sərvəti də götürüb gecə ikən yola düşdülər, şəhəri əsil sahiblərinin ixtiyarına buraxdılar.

Bu xəbər Kəbiriyə çatcaq, onun süvari dəstəsi şəhərə birinci daxil oldu.

14.

Nəzmiyyə rəisi Mahmud mizin arxasında, Rəşidsə onun yanında oturmuşdu.

Otağa şəhərin təminat rəisi Hüseyn ağa girdi. Onun Rəşidə diqqətlə baxdığını görən Mahmud gülümsündü:

– Əvvəlcə bizim cavan dostumuz Rəşid ağayla tanış olun. Ona nəinki mən, bütün yoldaşlar, hətta Xiyabani də inanır. O, çox mühüm bir vəzifəni yerinə yetirib. Onun yanında hər sözü danışmaq olar. Gündəlik raportunuzu verə bilərsiniz.

Hüseyn ağa Rəşidlə əl tutub görüşdükdən sonra keçib Mahmudun yanında oturdu. O, şəhərdə baş verən hadisələrdən danışdı.

– Qəzvində yaşayan ingilis siyasi idarəsinin rəisi üç-dörd gündür Təbrizə gəlib. Bir xəbərə görə “Gilidi-nəcat” ruznaməsinin müdiri Rzazadə onunla görüşüb, sonra da alman konsulxanasına gedib.

Mahmud istehza ilə güldü:

– Zalım oğlu hər əmcəyini bir dövlətin ağzına atıbdır.

– Doğrudur, – Hüseynağa onun sözünü təsdiqlədi. – Bir neçə gün əvvəl o, bizim firqənin üzvü idi. Axşam sizə gəlmişdim evdə yox idiniz. Istəyirdim deyəm ki, Seyid Əhməd, doktor Zeynalabdin Soltanzadə və iki nəfər başqası demokratların əleyhinə çıxış edib. Onların əyalətdən çıxarılmasını tələb etmişlər. Lakin əyalət adamları bu işə razılıq verməyiblər.

– Onlar indi hardadırlar?

– Tutmuşam, ağayi-rəis!

Mahmud tez telefona əl atdı:

– Alo, mərkəzi ver. Ağayi Xiyabaninin evini. Salam... Mahmuddur. Dünən Kəsrəvi, Soltanzadə, Əli Heybət, Mirzə Tahir, doktor Zeynalabdin bizim əleyhimizə danışıblar. O satqınları tutmuşuq, nə edək? Haraya?.. Tehrana?.. Ikisini Kürdüstana?. Baş ustə. Kimi? Rzazadəni?. Baş üstə, gözdən qoymaram. Xatircəm olun. – O, telefon dəstəyini yerə qoyub, Hüseynquluya əmr verdi. – Onların üç nəfərini Tehrana, ikisini Kürdüstana göndərin. – Sonra Rəşidə tərəf döndü: – Bunlar tək deyil, bizə xüsusi məqsədlə qoşulan çoxdur. Onların hərəsi müxtəlif yolla bizə hücum edəcəkdir. Biz hamısını meydandan çıxarmalıyıq.

Hüseynağa çıxıb yenidən otağa qayıtdı:

– Gecə tutulan adamların dediyinə görə, Rzazadə bu saat başına adam toplayıb, əleyhimizə mitinq təşkil edib. Mitinqdəkilərin çoxu da tutulan adamların qohumlarıdır. Demokratları pisləyirlər. Fikriniz nədir?

– Mitinqi dağıtmaq lazımdır! Rəşid, yanında silahın var?

– Bəli, var.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info