Qonaq Kitabı
IV Hissə

– Bəli

– Dəli olub, nədir? – Badamçı dedi.

– Dəli olmasa da, bir elə məsələdir.

– Yəqin orada qohum-əqrabası var?

– Deyirlər nişanlısı o tərəfdədir. Urmuya, Səlmasa göndəriləsi məktublarınız varsa...

– Mənə belə gəlir ki, onun bu səfəri bizə çox kömək edər, – Şeyx eynəyini çıxarıb dəsmalla silə-silə fikrini bəyan elədi. – Onun öz gözü ilə hər şeyi görməsi yaxşıdır. Tədbirli gəncdir. Ağayi Badamçı bu fikirdədir ki, bütün Azərbaycan şəhərlərində əhali teleqrafxanaya dolub, asoriləri Urmudan çıxarmağı dövlətdən tələb etsələr, dövlət bu təzyiqə davam gətirməyib, bir ölçü götürər yəqin... Ingilislərlə birgə asoriləri də Urmudan çıxarar.

Mahmud gülümsədi:

– Bu sulu namazdır, şeyx. Dövlət əgər maliyyə məqsədilə Təbrizdə saxladığı iki min kazakı bizim sərəncamımıza versə və bizim fədailər də onlara əlavə olunsa, asoriləri nəinki Urmudan, lap Irandan vurub çıxardarıq.

Xiyabani təəssüflə başını buladı:

– Dövlət kimdir? Vüsuqüddövlə. Vüsuqüddövlə kimdir? İngilislərin oyuncağı! Dövlət bizim əleyhimizə hazırlayıb, Azərbaycana göndərdiyi kazakları öz əleyhinə işlədərmi? Bir də ingilislərin, amerikanlıların ümumi siyasəti belədir: böyük dövlətləri parçalamaq, zəiflətmək və bundan öz məqsədləri üçün istifadə etmək! Bizə iki adam kömək edə bilər: Maku sərdarı və Ismayıl ağa Simitko. Məəltəəssüf ki, bunların ikisinin də azadxahları görən gözləri yoxdur.

Xiyabani bəzi məlumatları verməyi də münasib bildi.

– Marşimon bu gün Təbrizə gəlsə, Ismayıl ağa Simitkodan başqa, onun qabağında dayana bilən bir qüvvə yoxdur. Doğrudur, Ismayıl ağanın silahlı qüvvəsi azdır. Lakin Marşimon Azərbaycanın başqa şəhərlərinə yürüş etsə, bütün qoşunundan istifadə edə bilməyəcək. Xoya gəlmək istəsə, heç olmasa qoşunun dörddə bir hissəsini Urmuda qoymalı olacaqdır. Deməli o otuz minə yaxın adamla Simitkonun üç min nəfərlik qoşunu ilə döyüşəcəkdir. Simitkonun adamları həm qoçaqdır, həm də müharibə üsullarını asorilərdən çox-çox yaxşı bilirlər. Üstəlik yerli olduqları üçün döyüş yerlərini addımbaaddım tanıyırlar. Demək, Marşimon Simitko ilə vuruşmaq istəsə, onu basana kimi ən azı on min nəfəri tələf olacaqdır. Yəqin ki, Marşimon da, onun ingilis müəllimi sərhəng Smit də bunu nəzərə alacaqdır. Hələ bacarsalar, Ismayıl ağadan istifadə də edəcəklər. Biz onlardan qabağa düşməliyik. İsmayıl ağa onların əlində alət olmamalıdır.

– Ismayıl ağa məgər bizim əlimizdədir ki, onlara da verməyək?

Xiyabani sanki Badamçının sözlərini eşitmədi. Ona cavab vermək əvəzinə Mahmuddan soruşdu:

– Sənin o makuluna inanmaq olarmı?

– Firqənin üzvüdür.

– Doğrudur, biz firqənin üzvlərinə inanmalıyıq. Ancaq elələri də var ki, onlara əsla inanmaq olmur.

– Bu oğlanla yolda tanış olmuşam. Ona inanmağımın nəticəsidir ki, ona öz mənzilimizdə yer vermişəm.

– Madam ki, inanırsan, onda Rəşidi sabah axşam buraya gətirərsən.

4.

Məşrutə ilində təşkil olunmuş polis idarəsində işləyən zabitlərin çoxu azadxahlar idi. Tehrandan gələn qubernatorlar onlara hədə-qorxu gələ bilmirdilər. Bu da ingilislərin mənafeyini qorumaq işində onlara əngəl törədirdi.

Payızın soyuq küləkləri ac qurd kimi ulayır, yerə tökülmüş yarpaqları hər tərəfə səpələyirdi.

Belə bir gündə Təbriz nəzmiyyə idarəsinin qabağında iki fayton dayandı. Faytonların payız havası kimi bozarmasından atların boynundan asılan zınqırovlardan müsafirlərin uzaq şəhərlərdən gəldiyi məlum idi.

Faytondan dörd nəfər düşdü. Onların əynində İran polis zabitlərinə məxsus forma vardı. Ancaq üzdən heç biri iranlıya oxşamırdı. Bunlar nəzmiyyə idarələrində işləmək üçün İsveçrədən gəlmişdilər. Iranın cənubunda yerləşən “Karbi-cənub” qoşununda xidmət edirdilər. Iki nəfəri Azərbaycan nəzmiyyəsini idarə etməyə göndərilmişdi. Isveçrəli olduqlarına baxmayaraq bu iki nəfər ingilis mənafeyi uğrunda cani-dildən çalışırdılar. Tez-tez dəyişən qubernatorlarının demokratlara qarşı mübarizədə acizlik göstərdiyini görən səfirlik bu iki adamı Təbrizə göndərdi. Sərhəng Büyurləng nəzmiyyənin rəhbəri, mayor Fokel onun müavini oldu.

Qış əgər qalib bir ordu kimi gəlmişdisə, məğlub qoşun kimi suyu süzülə-süzülə getdi. Hər yanda baharın təravətli, lətafətli nəfəsi duyulurdu. Ilin axır çərşənbəsini və Novruz bayramını qarşılamaq üçün dükan-bazar bəzənmişdi.

Azadxahlara rəğbət bəsləyən Qara Sadıq, Xiyabani meydanından çıxıb evinə tərəf gedirdi. Onun hər iki əlində çaharşənbə yemişi vardı. Göy məscidin qabağına çatanda, iki polis və bir təminat məmuru onu dayandırdı. Adını, familiyasını soruşmamış ciblərini axtarmağa başlayanda o, etirazla dedi:

– Mənə bir deyin görüm, siz kimi axtarırsınız? Sizə kim lazımdır? Belə də namussuzluq olar?!

– Bizə elə sən lazımsan! – deyə təminat məmuru yanındakı polislərə işarə elədi. Polislər onu tutmaq istəyəndə oraya toplaşan camaatın içindən iki nəfər boylu-buxunlu cavan çıxıb onların qabağını kəsdi. Biri polislərə dedi:

– Heç utanmırsınız, bu ingilispərəstin əmrilə öz həmvətənlərinizə divan tutursunuz?

Polisin biri soruşdu:

– İngilispərəst kimdir?

– Elə bu sısqa tiryəki, tiryək pulundan ötrü öz ana-bacısına belə rəhm etməyən bu dəyyus! – deyə birisi təminat məmurunu göstərdi.

– Kəs səsini, axmaq, olmaya sən də bunlardansan? – Sonra polislərə tərəf çevrilib dedi: – Sizə demədim, tutun onu? O, dövlətin düşmənidir!

Bir oğlan gülə-gülə dedi:

– Dövlətə bax, ağlın getsin!

Polis məmurlarının başına çoxlu adam yığışmışdı. Hərə bir tərəfdən onları məsxərəyə qoyub gülürdü.

Qara Sadıq əlindəki yemişləri yanında durmuş kişiyə verib dedi:

– Bizim başımız “Təcəddüd”ə, ağayi Xiyabaniyə bağlıdır. Mən gedirəm oraya. Kim məni tutmaq istəsə, qoy ora gəlsin! – deyib geri döndü. Ətrafa toplaşanlar da onun dalınca getdilər. Polislər və təminat məmuru da onlara qoşuldu. Polisin biri nəzmiyyə idarəsinə xəbərə qaçdı.

“Təcəddüd” idarəsinin həyətində iynə atsan, yerə düşməzdi. Səsə Xiyabani çıxdı. Nitqə başladı. Onun bu nitqi ölkə daxilindəki hərc-mərcliyə və demokratların mübarizəsinə həsr olunmuşdu. Camaatı bir nəfər kimi azadxahların sırasına səslədi.

Xiyabani nitqini təzəcə qurtarmışdı ki, mayor Fokel on iki nəfər polislə “Təcəddüd”ün həyətinə daxil oldu. Camaatı dağıtmağa çalışdılar. On dəqiqəlik vuruşma polislərin əzişdirilməsilə qurtardı. Azadxahlar onları tərksilah etdilər.

Silahlı azadxahlar “Təcəddüd” idarəsini üzük qaşı kimi araya aldılar. Həmin gün Xiyabani və yaxın yoldaşları evə getmədilər. Hava qaralanda qubernator tərəfindən göndərilmiş nümayəndə “Təcəddüd”ə gəldi. O, Tehran adından göndərilmişdi. Fars dilində danışırdı. Hər kəlmə başı şahın adını çəkirdi. Fars dilində çox gözəl danışmağı bacardığına baxmayaraq, Xiyabani ona Azərbaycan dilində cavab verirdi:

– Biz o yadellini əzişdirməmiş yola sala bilməzdik. Gedin qubernatora da xəbər verin. Əgər paytaxtda oturanlar özlərini kənardan gələnlərə möhtac bilirsə, biz azərbaycanlılar onlarla razılaşa bilmərik. Bizə qəyyum lazım deyil! Doğrudur, İranda hökumət yoxdur; İran dövlətinin bütün var-yoxu, xəzinəsi ingilislərin əlindədir. Onlar istəyəndə sizin sərbazların məvacibini belə vermirlər. Əgər bu yalandırsa, uzun müddət məvacib gözləyən Marağa qoşunlarına Ağabala xan adlı birisi nə üçün pul əvəzinə ev şeyləri təklif edib?

... Səhər təbrizlilər tətil elan edib “Təcəddüd” binasının həyətinə yığışdılar. Hamı silaha sarılmışdı. Bütün bunlar xalqın demokratlarla həmrəy olduğunu, onlara inandığını açıq-aydın göstərirdi.

İsveçrəli Buyurleng və mayor Fokel şəhərdən qovuldu. Mahmud rəsmi olaraq polis idarəsinin rəisi təyin olundu...

Təbriz narahat idi. Şəhər tufanlı dənizə bənzəyirdi.

5.

Faytonçu cilovu əlinə yığmışdı. Yolun tozu sürücüdən başqa üç kişinin də libasını bozartmışdı. Sürücünün yanında üçrəngli bayraq vardı. Bayraqdan məlum olurdu ki, fayton poçt xidməti ilə məşğuldur.

Fayton şəhərə daxil oldu.

Şəhrin yuxusu qaçmışdı.

... Bir həftə bundan əvvəl demokrat partiyası vali minüddövlənin Azərbaycandan çıxıb getməsi üçün ona ultimatum göndərmişdi. Bu zaman vəliəhd Məhəmmədhəsən Mirzənin arvad-uşağı da Təbrizdə idi. Onların ultimatumunda arvad-uşağın vali ilə birgə Təbrizdən çıxarılması qeyd edilmişdi. Iranda Allahın kölgəsi olan vəliəhdin (ölkənin gələcək padşahının) şəhərdən qovulmasını ilk dəfə görənlər təəccüb içində qalmışdılar.

Karvansara. Bir-birinin ardınca düzülmüş faytonlar sanki dincəlirdi. Gödəkboylu, yoğunsəsli faytonçu divarın kölgəsində oturmuşdu. O, yoğun dəstəkli çubuğunu tüstülədə-tüstülədə fikirləşirdi. Qabaqdakı faytonun sürücüsü ona yaxınlaşdı:

– Yenə nə qəm dəryasına cummusan? Dünyanın bac-bacaratını məgər səndən istəyiblər?

Yoğun səsli faytonçu fikirdən ayrıldı:

– Birini bilirsən, əmoğlu, birini bilmirsən.

– Bildiyim hansıdır, bilmədiyim hansı?

– Allah dəllal Hacı Abbasın evini yıxsın. Pulunun xatirinə bizi bəlaya saldı.

– Bu da o kişinin yaxşılığıdır? Bütün kirələrinizi qabaqcadan alıb verib də.

– O sənin faytonunun qiymətidir.

– Necə bəyəm, Həsən daaş?

Onların danışdığını eşidən üçüncü faytonçu yanına gəlib soruşdu:

– Yenə nə dimdikləşirsiniz?

Birinci faytonçu müsafirlərin zalım adamlardan olduğunu bildirdi. Üçüncü faytonçu əlini-əlinə vurub ucadan güldü:

– Sən qorxursan ki, Tehranda onlar bizi buraxmaya?

– Elədir ki, var!

– Onlar çörəyi doğramağı bilirsə, dadaşın da yeməyi bilir. Allahın köməyilə onları Qəzvində satacağıx, darıxma! – deyə üçüncü faytonçu dostlarının nigarançılığına son qoydu.

Faytonçular bu söhbətdə ikən:

– Gəldilər, gəldilər! – deyən bir səs eşitdilər.

Saraydan xeyli qara çadralı qadın və üç xacə bayıra çıxdı. Onların üçü karetaya, qalanları da faytona mindi. Xacəbaşı faytona minənləri nəzərdən keçirəndən sonra kiçik kareta hərəkət etdi. Bu cür karvan Şeşgilan küçəsindən yola düşdü. Karvan valinin arvad-uşağı və qulluqçularından ibarət idi. Təbrizdən yola düşənlər Basmınc kəndində birləşib böyük karvan oldu.

Kirayəyə tutulmuş faytonların atları yorulmuşdu. Qadınlar və xacələr Xürrəm dərəsindən piyada keçdilər.

Karvan Siyadəhan kəndinə qaş qaralanda çatdı.

Xacəbaşı faytonçuların yanına gəldi:

– Pədərsüxtələr, əgər Qəzvində ayrı fayton tutmasanız, faytonlarınızı sındıracağam! – deyib onları hədələdi.

Birinci faytonçu yoldaşlarına baxdı. Sanki onun baxışları deyirdi: “Mən deyən oldu, olmadı?!”

Üçüncü faytonçu dilləndi:

– Səbr elə, Həsən daaş!..

6.

Axşam azanından dörd saat keçirdi. Ismayıl qonaqların yanından durub əndəruna getdi. O dörd arvad almaq haqda Məhəmməd peyğəmbərin qoyduğu qanuna əməl etməyə, arvadların hamısını eyni gözdə görməyə, onlarla mehriban və səmimi dolanmağa səy edərdi.

İsmayıl ağanın sağ əli olan Həso dəhlizə çıxdı. Ətrafı yoxlayıb otağa qayıtmaq istədi. Bu vaxt o iki kürdün gətirdiyi Rəşidi gördü. Kürdlərdən biri ona kağız uzatdı: kağızda heç nə yazılmamışdı. Yalnız bircə dənə “Əbdəhü Əbdüllah” möhrü basılmışdı. Bu Ismayıl ağa Simitkonun Səlmasdakı köhnə dostu Kəblə Abdullanın möhürü idi. Həso möhrü görən kimi tanıdı. Rəşidə diqqətlə baxdı, mehribanlıqla dedi:

– Buyurun, içəri, mən də gedib sizin üçün şam gətirim. Yoxsa yatarlar, ac qalarsan.

– Mənə şam yeməyindən vacib, İsmayıl ağanı görmək lazımdır.

– Sən haradan gəlirsən? – deyə Həso maraqlandı.

– Mən Təbrizdən gəlirəm, ağayi Xiyabanidən məktub gətirmişəm.

Xiyabaninin adını eşidəndə Həsonun qaşqabağı sallandı. Nə düşündüsə dedi:

– Məktubun hanı? Ver aparım. Ağa lazım bilsə, səni qəbul edər, bilməsə, nə əmr etsə, olacaqdır!

– Məktub budur, ancaq məktubda bir mətləb yoxdur. Əsil məsələni mən deyəcəyəm.

Həso yaxındakı otağa işarə etdi:

– Sən burada otur, mən gedim deyim, görək nə olur.

O, İsmayıl ağanın otağına tərəf getdi. Ağa tapançasını yastığının altına qoyub paltarını təzəcə soyunurdu ki, qapı tıqqıldadı. Həsodan başqa heç kim onun yanına gələ bilməzdi. Ismayıl ağa yenə ehtiyatnı əldən verməyib, tapançasını başı altından çıxartdı. Belinə bağlayandan sonra gəlib qapını açdı.

Həso Kəblə Abdullanın möhürü basılmış kağızla birlikdə Rəşidin verdiyi zərfi ona təqdim etdi. Zərfi və Kəblə Abdullanın möhrünü gətirən adamın onunla görüşmək istədiyini bildirdi. Məktubun altındakı “Şeyx Məhəmməd Xiyabani” sözü İsmayıl ağanın gözündə əjdaha kimi yekəldi. Məktubu yerə tullayıb Həsoya dedi:

– Söylə ki, onu səhər qəbul edəcəyəm. Uşaqlara da tapşır, gözdən qoymasınlar onu. Bu mücahidlərin nəsə bir kələyi var!

O, çarpayının yanında qoyulmuş stulda oturub fikrə getdi. Məktub ona neçə il qabaq olmuş bir hadisəni xatırlatdı.

...İsmayıl ağanın kürdlərindən bir neçəsi Xoy şəhərinə alverə getmişdi. Onlar işlərini görüb qurtarandan sonra atlarını bağladıqları karvansaraya gəldilər. Atlarını yəhərləyib hazırlaşdılar. Səlmasa, oradan da evlərinə qayıdacaqdılar. Bu vaxt bir nəfər həyətə daxil oldu. Qoltuğunda kiçik bir qutu vardı. Çatıb ədəblə salam verdi, qutunu onlara göstərib dedi:

– Bu şirniyyatdır. Ismayıl ağanın dostu Hatəm ağa göndəribdir. Hatəm ağa bunu poçtla göndərmək istədi. Sizin burada olduğunuzu və bu gün gedəcəyinizi bildiyi üçün bu qutunu İsmayıl ağaya verməyinizi rica etdi.

Kürdlər Hatəm ağa və onun böyük qardaşı Cəfər ağaya öz təşəkkürlərini bildirdilər. Qutunu alıb xurcunlarına qoyduqdan sonra yola düşdülər.

Ismayıl ağa məktubu və qutunu gətirənlərdən soruşdu:

– Bu qutu nədir?

– Qurban, sovqatdır. Hatəm ağa sizə göndəribdir.

Dostcasına yazılmış məktubun imzası doğrudan da, Hatəm ağanın imzası idi. Ismayıl ağa qutunu açmaq istəyəndə Həso dedi:

– Ağa, verin onu, həyətdə açıb gətirsinlər.

Teymur xan da onun sözünü təsdiq etdi.

– Mənim dostlarım mənə, mən də onlara sədaqətliyəm. Siz ehtiyat edirsinizsə, eşikdə gözləyə bilərsiniz. – Bunu deyən İsmayıl ağa qutuya sarınmış kəndiri açmağa başladı. Həso və Teymur xan otaqdan çıxdılar. Qutunun düyünü açılmırdı. Otaqdakı qonaqlardan biri cibindən çıxardığı qara dəstəkli bıçağını İsmayıl ağaya uzatdı.

– Özünüzü yormayın. Buyurun, ipləri kəsin.

İsmayıl ağa qutunun bir tərəfindən ipləri kəsdi, o biri tərəfini kəsəndə qutu fısıldadı. Ismayıl ağa özünü itirmədən qutunu qapının ağzına atıb, özü dalı üstə yatdı. Bomba partladı. Qonaqlardan ikisi öldü, bir neçəsi yaralandı...

Ismayıl ağa quyruqdan yaralanmış ilana döndü. Bu işin günahkarlarını xoylulardan və Xoy hakimi Mirzə Ələkbər xandan tələb etdi. Günahkar tapılmasa, şəhəri yandıracağına and içdi.

Cəfər ağa, qardaşı Hatəm ağa hadisəni eşidən kimi özlərini Cəhrik qalasına yetirib, bu işdən xəbərsiz olduqlarını İsmayıl ağaya bildirdilər.

Bu iş üç nəfər azadxahın boynuna qoyuldu. Məşhur “Tarixeno, tarixe cahangiri” əsərinin müəllifinin nəvəsi Cahangir Mirzəni, Məhəmmədəli xan Naib və Mir Əsədulla oğlu Mir Lətifi Xoy hökuməti tutub, İsmayıl ağanın ixtiyarına göndərdi. Bu azadxahların üçü də qoçaq, məşhur, həm də hörmətli adamlar idi. Azadxahları aparan atlılar onlara hörmət edirdilər. Hamı bilirdi ki, onlar Simitkonu öldürməklə Xoy, Səlmas əhalisini daimi təhlükədən xilas etmək istəmişlər.

Qoduqboğan adlı körpüyə yetişəndə Mir Lətif su içmək bəhanəsilə atdan düşür. Atlıların rəisi onun yanında bir atlı qoyur. Qalanları yavaş-yavaş irəlidə gedirlər. Mir Lətif atlıların uzaqlaşdığını görüb, tez atına minir və çayın sağına qaçır. Atlının atdığı güllələr ona dəymir. Mir Lətif qaçmaqla canını ölümdən qurtarır. Lakin Cahangir Mirzəylə Məhəmmədəli xanı İsmayıl ağaya təhvil verirlər.

Simitko mücahid və azadxahlardan çox qorxurdu. O, mücahidlərlə danışa bilmirdi. Onların gətirdiyi dəlillər qarşısında aciz qalırdı. Ismayıl ağa Cahangir Mirzə və Məhəmmədəli xanla olan söhbətlərini yada saldı.

Onun otağı həmişəki kimi tayfa ağsaqqalları ilə dolu idi. Ismayıl ağa baş tərəfdə döşək üstündə bardaş qurub oturmuşdu. Papirosu papirosun oduna yandırır, qollarını daldan bağlayıb, qapı qabağında saxladığı Cahangir Mirzəyə və Məhəmmədəli xana baxırdı:

– Bombanı hansınız qayırmısınız?

Məhəmmədəli xan cavab verdi:

– Mən!

Cahangir Mirzə əlavə etdi:

– İkimiz düzəltmişik!

– Sizə daha kim kömək edib?

– Heç kəs!

– Bəs Mir Lətif?

– Onun iştirakı olsaydı, qaçmazdı, – deyə Məhəmmədəli xan cavab verdi.

– Mənim sizinlə düşmənçiliyim var? Biz ki, bir-birimizi tanımırıq. Məni öldürməkdə qəsdiniz nəydi?

Məhəmmədəli xan cavab verdi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info