Qonaq Kitabı
IV Hissə

Xiyabani görünən kimi hamı ayağa qalxdı. Vali irəli gəlib Xiyabaninin və Mahmudun əlini sıxdı. Onları öz yanında oturtdu:

– Biz sizi gözləyirdik. Bir az şərbət için, sonra iclasımıza başlayaq.

– Şərbət içmək həmişə mümkündür... Iclasa başlasaq məsləhətdir.

– Indi ki, buyurursunuz başlayaq, onda başlayaq. – Vali oturanlara müraciətlə sözə başladı. – Qaradağlı xanın bu hərəkətini, yəqin ki, eşitmisiniz. Fikrimizcə, onun bu hərəkəti sırf talançılıq deyil. Səhv etmirəmsə, bu işdə xaricilərin də əli vardır. Hər halda bu fitnə-fəsadı biz yatırtmalıyıq!

– Bu iş üçün fikriniz necədir, ağayi Hidatət?[9] – Mərkəzi komitə üzvlərindən Sərhəngzadə soruşdu:

– Onun ustünə mütləq qoşun yeritməliyik. Belə olmasa, hökumət işlərini idarə etmək çətin olacaq.

Xiyabani də öz sözünu dedi:

– Dövlətin nümayəndəsi sizsiniz, imkanınız varsa, qoşun göndərin, lap dünyanı ayağa qaldırın, kim sizə mane olur?

– Mənim imkanım olsaydı, bir dəqiqə də dayanmazdım. Sizə zəhmət verməkdən məqsədim elə imkansızlığımdır.

– Sizin burada nə qədər sərbazınız var? – Xiyabani soruşdu.

– Səkkiz yüz. Lakin onlardan istifadə etmək çətin olacaq.

– Bundan bir şey çıxar?..

Gənceyinin istehzasına vali zərrə qədər də olsun əhəmiyyət vermədi.

– Nə deyim, bəlkə də çıxdı. Amma... Amması da budur ki, bu sərbazlarla getmək olmaz.

– Nə üçün?

– Ona görə ki, altı aylıq maaşları qalır. Maliyyə idarəsində pul yoxdur.

– Pul olsa necə?

– Onda bu barədə onların sərhəngi ilə danışmaq olar. Bir də bu sərbazlar qaradağlı xanın min nəfərlik döyüşçülərinə heç nə edə bilməz. Bizə beş-altı yüz fədai də lazımdır.

– Bəs siz buyurdunuz ki, dövlət Azərbaycana hər cür kömək edəcəkdir? Onda qoy iki min kazak göndərsin da!

Vali Sərhəngzadəyə cavab verməmiş Xiyabani dilləndi:

– Dövlətdən kömək istəmək lazım deyil. Qaradağlı xan nədir ki! Təbriz ondan da çox güclülərin öhdəsindən gəlmişdir. Siz iki günə kimi sərbazları hazır edin. Biz beş yüz fədai verərik.

– Icazə versəydiniz, milli qoşun da bu döyüşdə iştirak edərdi, – deyə Seyid Hüseyn xan söhbətə qoşuldu.

Badamçı tez dedi:

– Əvvəla, bizim milli qoşun gəncdir. Hələ sınaqdan çıxmayıb. Saniyən, şəhəri tamamilə boşaltmağa mən etiraz edirəm.

– Məni düşündürən ancaq pul işidir. Milli qoşunun iştirakını özüm də məsləhət görmürəm.

Xiyabani:

– Pul, silah, cənab valeh, sizi düşündürməsin. Bundan sonra sərbazların maaşlarını biz verəcəyik!

Sərhəngzadə təəccüblə ona baxdı:

– Maaşlarını da?.. Bu qədər pulu haradan alacağıq?

Xiyabani gülümsədi:

– Ağayi Sərhəngzadə təbrizli olduğu halda, görünür Təbriz əhalisini yaxşı tanımır. Təbrizlilərin himməti Savalan dağından da yüksəkdir. Məşrutə zamanı Hacı Mehdi, Əli Davaçı öz milyonları ilə məşrutəyə yardım etməmişlərmi? Elə adamlar Təbrizdə yüzlərlədir. Biz maliyyə komisyonumuza tapşırmalıyıq: elə etsinlər ki, camaatdan alınan pullar vecsiz yerə sərf olunmasın. Mahmud, bu komisyonu siz təşkil edərsiniz.

...Iclas öz işini qurtardı.

Səhər Sərhəngzadə valinin otağından çıxanda Seyid Hüseyn xan içəri daxil oldu. Vali keçən gecəki iclasdan söhbət açdı:

– Amma siz çox xam iş tutdunuz. Yaxşı oldu ki, təklifini qəbul etmədilər.

Seyid Hüseyn xan dedi:

– Bəndənin fikrincə, əgər milli qoşun vuruşa getsəydi şəhər tamamilə boş qalardı. Sizin mərkəzdən istədiyiniz kazaklar da bildiklərini edərdilər.

– Onda siz burada qalmalısınız.

– Nə üçün?

– Kazakların komandiri şəhəri və adamları tanımır. Qaş qayıran yerdə göz çıxardarlar. Siz qoşunu şəhərdən kənarda yerləşdirməlisiniz.

18.

...Bu xəbər hələ sərbazxanaya çatmamışdı ki, sərbazxananın həyətində milli qoşunun əsgərlərilə təcili məşq başlandı. Sərbazların bəzisi ağır, bəzisi yüngül xəstələndikləri üçün məşqə gedə bilməmişdi.

Hücrələrin birində həsirin üstündəki yatacaqda uzanan gənc sərbaz “vay, ana” deyə zarıyır, ağır-ağır nəfəs alırdı. Xəstənin yanında oturub söhbət edənlərin çoxusu öz dərdindən, ağır vəziyyətlərindən şikaylənirdi. Xəstə onların danışıqlarını eşitmirdi: eşitsə də cavab verməyə taqəti yox idi. Onlar da xəstə sərbaz kimi kəndli idilər. Əyinlərində ucuz parçadan tikilmiş sərbaz forması vardı ki, bunlar da bir neçə yerdən yamaqlı idi.

Arıq, qaraşın sərbaz dizin-dizin sürünüb xəstənin yanına gəldi. Ətəyinin astarı ilə onun alnının tərini silib soruşdu:

– Ay Imamqulu, indi necəsən?

Xəstə zorla cavab verdi:

– Ö-lü-rəm...

– Ölməzsən, inşallah! Əti asmışam, yeyib cana gələrsən, qorxma. Həsən də buradadır. Səni soruşur.

Xəstənin nisgilli sözləri yoldaşlarını kədərləndirdi:

– Sağ olsun! Ah, deyirəm, kaş, kəndimizi bircə dəfə görəydim!

– Şükür Allaha, səndə nə var ki... Kəndi də görəcəksən, Xatınbulağın suyundan da içəcəksən, – deyə qaraşın sərbaz İmamquluya təskiklik verdi. Sonra gedib Həsənin yanında oturdu. Ağır-ağır danışmağa başladı. – Allah kəssin belə sərbazlığı. Sərbazın günü it günüdür. Yenə adamın sənəti olsa, birtəhər keçinə bilər. Axşam gördüm gədə lap əldən düşür, xəstəlikdən ölməsə də acından öləcək. Allahdan gizlin deyil, səndən nə gizlin, fişənglərin beşini satdım.

Həsənin gözləri böyüdü:

– Gədə, sən ki, qurd ürəyi yeyibsən?

– Əlacım nə idi? Bir az-maz sərmayəm olsa, gedib çax-çux elərəm, göy-göyərti, yumurta sataram; kor qız deyiləm ki... O birilər necə, mən də elə. Gedib vəkilbaşıya bir az rüşvət verib özümü dolandıraram; çıxıb gedərəm kəndə. Bizim kənddən biri burda qəssablıq edir. Beş-altı ayda bir dəfə, maaşdan-maaşa sərbazxanaya gəlir. Bir neçəsini də tanıyıram.

Həsən də ah çəkdi.

– Bizim sərbazxana da belədir. Hərə bir sənətin dalınca səhər gedir, axşam qayıdır. Bənna-fəhləlik edir, hamballıq edib başlarını dolandırır. Cümə-məcsid ağzında bir hamam var. Bilmirəm tanıyırsan, yoxsa yox?

– Hardan tanıyacağam, biz heç şəhərə çıxırıq ki?

– Mən özüm orada üç ay camadarlıq eləmişəm.

– Doğrudan?

– Amma sonra getmədim. Ayaqlarımdan ağrı qalxdı.

Sərbazlar eşikdə hay-küy eşitdilər. Hamı hücrələrdən bayıra tökülüşdü.

– Nə olub, gədə?

– Şeyx Məhəmməd Xiyabani həzrətləri buyurub ki, sərbazların altı aylıq maaşları verilsin. Bundan sonra vəkillər, naiblər sərbazların məvacibinə qarışmayacaq, – deyə bir sərbaz xəbər verdi.

Sərbazxanaya daxil olan faytonu hamı tanıdı. Mirpənc sabah maaş veriləcəyini bildirdi.

Səhəri fəhlə meydanında bir nəfər sərbazlara:

– İşiniz o qədər də çətin deyil, – dedi, – iki saat sırada duracaqsınız, adınızı çağıran kimi qabağa keçib kağıza barmaq basacağsız. Verəcəyimiz qırx beş qran pulun üç qranı sizindir ha!..

Sərbazlardan biri dilləndi:

– A... bildim, indiyə kimi iki kərə getmişəm. Pul almağa. Ayaq üstə durmaqdan adamın ayaqları odun kimi quruyur.

Fəhlə meydanında işsizlikdən mürgü döyən hamballardan bəziləri razılaşıb irəli gəldi. Mirpəncin geniş həyətində onlara sərbaz paltarı geyindirildi.

Bir zabit hərəkətləri onlara başa salırdı:

– Rast, berast deyəndə sağa, çəpbəçəpdə sola dönün. Piş-marş deyəndə yeriyəcəksiniz.

Bir azdan bir nəfər gəlib onları imtahan elədi.

– Həsən Məhəmməd oğlu, qabağa keçsin!

Ondan sonra bir neçəsini çağırdılar və hərəkətlərini nəzərdən keçirdilər.

Bir saatın içində üç yüzdən çox sərbaz hazırlandı. Bunlar indi sərbazxanaya gedib maaş alacaqdılar.

Sərbazxananın həyəti həqiqi mənada döyüş meydanına çevrilmişdi.

Səttar xanla Bağır xanı Tehrana qonaq dəvət edib, xəyanətkarlıqla öldürdükdən sonra bura suyu sovulmuş dəyirmana oxşayırdı. Həyətin bəzi guşələri acı bir xatirə olub keçmişin unudulmaz günlərini yada salırdı.

Lakin son aylar bura yenə də fəaliyyət mərkəzinə çevrilmişdi. Meydanın hər tərəfində məşq gedirdi. Eyni forma geyinmiş dəstə-dəstə cavanlar hərbi təlim keçirdilər. Bir tərəfdə polis nəfəri, digər tərəfdə milli qoşuna yenicə cəlb edilmiş əsgərlərin addım səsləri bir-birinə qarışmışdı.

Meydanın bir tərəfində musiqiçilər durmuşdu. Onlara dirijorluğu Avropada təhsil almış Cəmşid xan edirdi. Musiqi sədaları addım səsləri ilə həmahəng səslənirdi. Onlara tamaşa edənlər öz aralarında danışırdılar.

Döşünə kimi gəlib çıxan xınalı saqqalına tumar çəkən bir kişi yanındakı yaşıdına deyirdi:

– Maşallah olsun, kişi yaxşı düzəlib. Allah bu Şeyx Məhəmmədi bəd nəzərdən saxlasın!

O birisi asta-asta, başını yırğalamaqla onun sözünü təsdiq edirdi:

– Canım, kim görübdür ki, özgənin adama canı yana? Rəhmətlik atam deyərdi: “Özgə əli ilan tutmağa yaxşıdır”. Bəs nə üçün indiyə kimi belə dostxahlar yox idi. Malımızı it yeyirdi, canımızı bit. Sən demişkən, Allah onu Tehrandakıların hiyləsindən hifz eləsin.

– Həm də ingilislərin...

Onlardan bir azca aralı durmuş, başına qoyduğu yumurtavarı qara papaqlı kişi dilləndi:

– Dədə görməyibsiniz, elə bilirsiniz Şaqqulu da bir dədədir. Kazakları görsəniz, çaşarsınız. Onların biri bunların bir dəstəsini dağıdar.

– Atın başını bir az yığ, ağzına gələni danışma! – deyə birinci danışan kişi onun üstünə qışqırdı. Kazaklar da sənin kimi murdarlardandır. Mən onları yaxşı tanıyıram. Tehrandan gələndə bir gün bizim kənddə qalmışdılar. Onların qorxusundan camaat arvad-uşağını götürüb kənddən qaçırdı. Onlar Yeziddən də bədtəhərdirlər.

– Ürəyin yanıqlıdır, onun üçün kazakları bəyənmirsən.

Qara papaqlı istehzayla güldü.

Qırmızı arxalıqlı bir kişi boğazına qılçıq batan xoruz kimi danışanda onun tiryəki olduğu bilindi:

– Yenə hamısından yaxşısı kazaklardır; heç olmasa hır-zır qanır.

Saqqallı kişi onun üstünə qışqırdı.

– Rədd ol burdan, it oğlu it!

Sərbazxanaya bir dəstə adam daxil oldu. Müxtəlif libas geyinmiş adamların qabağında molla gəlirdi. Molla ilə çiyin-çiyinə gələnlərdən biri nəzmiyyə rəisi Mahmud və mili qoşunun başçısı Seyid Hüseyn xan idi.

Qalanlar da maliyyə komisyonu üzvləri idi. Molla ilk dəfə milli qoşuna baxmağı təklif etdi. Lakin Mahmud əvvəlcə sərbazları yoxlamağı lazım bildi.

Sərbazların zabiti komisyonun onlara tərəf gəldiyini görüb qabağa gəldi. Səkkiz yüz sərbazın xidmətə hazır olduğu raportunu verdi. Seyid Hüseyn xan mollaya nə dedisə, o, əlindəki əsasını yuxarı qaldırdı. Qabaq cərgədə duran sərbazdan soruşdu:

– Mənə de görüm, güllə tüfəngin ağzından çıxandan sonra hansı istiqamətə gedər?

– Həzrət, bəndə belə şeyləri bilməz. Ancaq onu bilirəm ki, güllə tüfəngin ağzından çıxandan sonra, yüz adam da yığılsa, onu tutub saxlaya bilməz.

Seyid Hüseyn xan gülümsədi. Molla nə zabitin qızardığını gördü, nə də sərbazın cavabını başa düşdü.

– Bərəkallah! Bərəkallah! – deyə sərbazı təriflədi.

Zabit özünü sındırmadı. Başqa bir sərbazı çağırıb həmin sualı verdi. Yaşı qırxı ötmüş bu adam bir neçə vuruşmada iştirak etmişdi. Buna görə də dərhal cavab verdi:

– Gəldim həzrət rəisin qulluğuna ərz edəm ki, gülləni ki, düşmənin əcəlgahından ilişdirdin ha, onunku qalar bir Allaha.

Seyid Hüseyn xanla Mahmud gülüşdülər. Lakin komisyonun qalan üzvləri:

– Bərəkallah! Bərəkallah! – deyə razı qaldıqlarını bildirdilər.

Adları oxunan sərbazlar bir-bir yaxına gəlir, qırx beş qran pul alırdı. Onlar altı yerdə imza əvəzinə barmaqlarını basırdılar.

Müvəqqəti tutulmuş sərbazları lap axıra, komisyon üzvlərinin yorğun vaxtına saxlamışdılar.

Günortadan xeyli keçmişdi.

Rast, berast! – Rast berast! Deyə bu dəstənin zabiti qışqırdı.

Sərbazlar yerlərindən qımıldanmadılar. Zabit yenə də qışqırdı. Onlar bir-birinin üzünə matdım-matdım baxıb, hərəkət etmədilər. Təngə gəlmiş zabit birdən bağırdı:

– Sərbaz, sən Həzrət Abbas, berast, rast!..

Başda duran, sərbaz libası geyinmiş hambal:

– Həzrət Abbasa canım qurban! Berast, berast! – deyə sola döndü.

Dəstənin yarısı sağa, yarısı sola döndü. Zabit yaxınlaşıb, onların sağa-sola dönmələrini bir də başa saldı. Sonra:

– Pişmarş! – deyə qışqırdı.

Bu dəfə hamısı düzgün döndü. Lakin yerlərindən hərəkət etmədilər. Dal cərkədə duranlardan biri dedi:

– Bunların hər işi zordur, heç bizimlə marşı danışmayıb ki!

Qabaq cərgədəkilərdən biri yavaşca pıçıldayıb zabitə dedi:

– Cənab rəis! Uşaqların ayaq üstə durmaqdan ayaqları keyiyib, yeriyə bilmirlər. Olmaz ki, pul verən ilə barmaq basdıran buraya təşrif gətirə?!

– Az danış, baxırlar!..

Adları çağıranda bir-ikisi səhv etdisə də, zabit ört-basdır eləyə bildi. Məvacibvermə qurtardı. Komisyon üzvləri çıxıb getdilər.

Hamı aldığı puldan öz haqqını çıxıb, qalanını zabitə qaytardı. Paltarlarını almaq üçün Mirpəncin evinə gedəndə, qapılarda duran qarovulçular:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info