Qonaq Kitabı
IV Hissə

– Məsələ olduqca mühümdür, mənim ərzi-salamımı tez Xiyabaniyə çatdırıb de ki, onlar çox güclüdürlər. Qabaqlarını almaq üçün ən azı otuz minlik bir ordu lazımdır. Bu ordu nə Xiyabanidə, nə də məndə var. Düşmən quyruqdan yaralanmış ilan kimidir. Mən türklərdən də kömək istəyəcəyəm. Nə təhər olsa, yenə də müsəlmanlardır. Bu barədə Şeyx özü qoy Xəlil paşaya bir məktub yazsın.

– Türklərdən kömək istəmək? – Rəşid təəccüblə çiyinlərini çəkdi. – Məncə, ağayi Xiyabani buna razı olmaz.

– Nə üçün?

– Eşitdiyimə görə, onlarla Xiyabaninin suyu bir arxda axmır. Bir neçə ay əvvəl türklər Azərbaycana gələn kimi, Xiyabanini yaxın dostları ilə birlikdə həbs etmişdilər.

– Onlar Xiyabanidən nə istəyirdilər ki?

– Türklər Mirzə Təqixan Rüfət adlı bir nəfərin əlilə Ittihadi-islam firqəsi yaratmaq, bununla da Azərbaycanı öz imperatorluqlarına qatmaq istəyirdilər. Lakin nə Xiyabani, nə də onun yoldaşları bu yükün altına girmədilər.

Ismayıl ağa qətiyyətlə dedi:

– Necə olur-olsun, mən türkləri bu işə qarışdırmalıyam.

– Mən də sizin bu fikrinizi Şeyxə çatdıraram...

9.

Marşimonun qoşunlarını təlimatlandırmaq işini İngiltərə hökuməti çar ordusunun keçmiş zabitlərinə tapşırmışdı. Bu dəstənin rəisi Kuzmiç idi.

Marşimonun bacısı və Smit hökumət evində oturub, Qaraquş kəndinin sərhəd telefonunun zəngini gözləyirdi. Marşimon gecikirdi. O, günortadan iki saat sonra Qaraquş kəndinə qayıtmalı idi. Saat dörd olmuşdu, ondan hələ də səs-soraq yox idi. Nigarançılıq Marşimonun bacısını üzürdü. Ingilis zabiti narahatlığını gizlədib, pişvaz haqqında göstərişlər verirdi.

...Marşimon Kəblə Abdullanın evinə gələndə şəhərdə yaşayan asorilərdən bir neçəsi küçənin kənarında durub onun çıxmasını gözləyirdi. Onlardan biri:

– Rəbi xan, nə gözəl vaxtda dünyaya gəlmişik! – deyə küçənin hər iki tərəfində dayanmış atlılara işarə etdi. – Bunlarla düz Tehrana kimi gedə bilərik.

– Bəs necə, elə də olacaqdır! Cücə həmişə səbət altında qalmaz ki!

Bir az sonra asorilərin tora düşdüyünü və Marşimonun qətlini görən bir asori dərhal xəbərə qaçdı. O, bu dağların hər qarışına bələd idi. Axşam azanından qabaq özünü Qaraquş kəndinə çatdırdı.

Xəbər mister Smiti sarsıtdı. O, Marşimonun bacısına üzünü tutub dedi:

– Siz böyük Marşimonun bacısı olduğunuzu sübut etməlisiniz. Bütün hadisələri soyuqqanlılıqla qarşılamalısınız. Onun qılıncını boynunuzdan asıb, mərhumun tökülən hər qətrə qanı müqabilində min kürd boynu vurdurmalısınız!

– Deyəsən siz gerçəkləmisiniz axı?! – Qadın eşitdiyi xəbərdən sarsıldı. Dili tutuldu, danışa bilmədi.

– Mən sizə təskinlik verməyi artıq hesab edirəm. – Smit deyirdi. – Siz mərhum qardaşınız Marşimonun başladığı işi axıra çatdırmalısınız. Bu zəiflik igid Marşimonun bacısına yaraşmır. Bu saat qoşunun içinə çıxıb, əhvalatı onlara danışmalısınız.

Marşimonun bacısı gözləri yaşlı qoşunun qabağına gəldi. Qadın asoriləri qisas almağa çağırdı. Qoşun bir nəfər kimi kürdlərdən qisas alacağına and içdi. Elə həmin gün şəhərə alverə gələn kürdlərin altısını tutub dar ağacından asdılar.

O gündən asorilər bu şərqini oxumağa başladılar:

Kumun axdı vah – Leh dlimin rutun,

Şulun Cəkki – Min kürd bluşun,

Axnai beh şaqlax – Dimit Marşmun[6].

10.

Keçən gecə altı saat sürən iclasdan sonra Mahmudla Xiyabani Badamçının evində gecələdilər. Səhərə kimi başladıqları işin gələcəyi haqqında söhbət etdilər.

Mahmud evə qayıdanda yuxusuz idi. Yeməkdən əvvəl bir az yatmaq istədi. Ayaqqabılarını çıxaranda həyət qapısı döyüldü. Durub pəncərə qabağına gəldi. Qulluqçu qapını açmağa getdi. Mahmud, həyətə daxil olan Rəşidlə dərvişi və Şuşaniki gördü. Sevincdən qışqırdı:

– Ay xoş gəlmişsiniz!..

...Mahmudun qəlbində dərvişə qarşı məhəbbət hissi yarandı. Kişinin acı taleyinin, bədbəxt günlərinin nişanı üzündə donub qalırdı. Qocanın həyat eşqilə aylışıb-yanan, hələ nurdan düşməyən gözlərində bir həsrət vardı...

Təbriz Marşimonun qətlindən xəbərsiz idi.

Rəşiddən eşitdiyi xəbərlər Mahmudu sevindirdi:

– Şuşaniklə dərviş əmi, yəqin ki, yorulublar. Qoy onlar dincəlsinlər, biz gedək Şeyxin yanına. Səndən yaman nigaran qalmışdır.

Xiyabani arvadını həddindən artıq sevirdi. Çalışırdı ki, o, böyük itkini xatırlamasın. Təbii fəlakət onun qəlbində silinməz qəm, kədər qoyub getmişdi. Ata-anasından sonra bu nəcib qadın bütün həyatını Məhəmməd Xiyabaniyə həsr etmişdi.

Hacı xanım ilə Hacı Pişnamaz ağa ömürlərini onlara bağışlayıb, həyatdan köçmüşdülər. Qızın göz yaşları qurumaq bilmirdi. Pişnamaz ağa onu övladdan çox sevərdi. Qız bu sonsuz, uşaqsız ailənin ilk və əbədi sevinci idi.

Xiyabani evə gələndə uşaqları onu həmişə həyət qapısının içəri üzündə gözləyirdi. Elə oradaca ata böyük qızının üzündən öpər, kiçiyinin əlindən yapışıb, üzüm tənəklərinin altıyla evə tərəf keçirdi. Qadını da pillələrdə ərini qarşılayar, qucağındakı körpəni ərinə göstərib, təbəssümlə deyərdi:

– Elə bil sənin gəlmək vaxtını bilib, gör nə atılır!..

Bu gün Xiyanbani evə gələndə yorğun idi. Uşaqlarının hay-küyü yenə hər şeyi ona unutdurdu.

Qapı döyülən kimi Xiyabani yerindən dik atıldı:

– Hər kimsə, buyursun içəri. – Rəşidlə Mahmudu görcək sevindi. – Axır ki, gəlib çıxdın.

Mahmud irəli keçib şeyxin əlini sıxdı:

– Ağa Rəşid çox yaxşı xəbərlərlə qayıdıb.

– Yəni bu tezlikdə Urmuya gedib gəlib?

– Dilmandan, Cəhrikdən gəlir. Həm də çox mühüm xəbərlərlə.

– Bəri keçin, əyləşin. Lap başdan deyin.

Onlar oturcaq, Rəşid dedi:

– İşlər sizin dediyiniz kimi oldu. Marşimon öldürüldü!

– Necə? Onu kim öldürdü?

– İsmayıl ağa Simitko!

Rəşid şahidi olduğu bütün hadisələri təfsilatı ilə danışdı. Sonra Simitkonun türklərdən kömək istəməsi fikrini söylədi.

Xiyabaninin alnı düyünləndi:

– Kürd qardaşın etdiyi hərəkətlər və tədbirlər yaxşıdır. Lakin onun türklərdən kömək istəməsi işimizə əngəl törədə bilər. Çünki türklər edəcəkləri kömək müqabilində qarşımıza şərtlər qoya bilərlər. Və bu şərtlərdə torpaq məsələsi də ola bilər. Hələ onların əhali ilə rəftarını demirəm. Qorxuram onların kömək məsələsi noraşenli bir bəyin başına gələn əhvalata oxşasın.

– O necə əhvalatdır?

– Bu bəy çox türkpərəst idi. Onun kök bir inəyi vardı. Nəzir etmişdi ki, türklər gələndə inəyi kəsib, öz yoldaşlarını qonaq etsin. Türklər gələndən sonra yoldaşları yığışıb onun evinə gedir, sözünə əməl etməsini tələb edirlər. O, dostlarına yalvarır ki, bir az da gözləyin, inşallah bu din qardaşlarımız buradan rədd olub getsinlər, onda həm inəyi, həm də iki balasını kəsəcəyəm.

Xiyabaninin bu misalına üçü də güldü. Sonra Xiyabani Rəşidin öz işini – Həkim ağanı, nişanlısını tapıb-tapmadığını xəbər aldı. Rəşid utanıb başını aşağı dikdikdə Mahmud dedi:

– Onları tapıb gətirib. Amma necə tapıb, lap möcüzə kimi olub? Demə, Marşimon qətl olunmazdan əvvəl Simitko onları asorilərin casusu bilib, həbs edibmiş. Marşimon məsələsindən sonra Cəhrikə qayıdan kimi onları öldürmək niyyətində imiş. Hardansa ağlına gəlir ki, onları Rəşidin yanında dindirsin. Rəşid onları tanıyır. Beləliklə, Rəşid daha Urmuya getməli olmur, onları da Təbrizə gətirib gəlir.

– Maraqlı təsadüfdür.

Mahmud dərviş Həkim ağanın kim olduğunu da söylədi:

– O, heç də dərviş deyil. Bir el böyüyü olub. Başına dəhşətli hadisələr gəlib. Adam eşidəndə tükləri biz-biz olur.

Mahmudun dediklərinə diqqətlə qulaq asan Xiyabani duruxdu. Ani sükutdan sonra soruşdu:

– Dediniz el böyüyüdür?

– Bəli.

– Səhv eləmirəmsə, nişanlın ermənidir?

– Bəli.

– Yaxşı, bu el böyüyü, yaxud Həkim ağa nə üçün bir erməni qızını götürüb çöllərə düşüb?

– O, bütün elini, var-yoxunu, o cümlədən də yeganə qızını bir gecədə itirib – sel aparıb. Qızından ötrü dəli-divanə olan bu adam ara həkimliyilə məşğul olur. Şəhərlərə düşür... – Rəşid danışdıqca Xiyabaninin həyəcandan rəngi ağarırdı. – Osmanlı qoşunları bizim şəhərə daxil olanda o da oralarda imiş. Onun qəribə adəti varmış. Hər səhər tezdən şəhərimizin aşağısından axan Zəngmar çayının sahilinə gələr, saatlarla sulara baxıb nəsə deyərmiş.

Xiyabani daha özünü saxlaya bilmədi:

–       Bu həkim ağanın əsil adı Paşa bəy deyil ki?

–       Rəşid təəccübləndi:

–       Siz onu haradan tanıyırsınız?

– Onu bir saatdan sonra bilərsən! Indi sən dur get, Həkim ağanı da, nişanlını da gətir bura! – Rəşid nəsə demək istəyirdi, Mahmud başının işarəsilə getməsini bildirdi.

Dünən Azərbaycan demokrat partiyası Mahmudu Təbriz nəzmiyyə idarəsinin rəisi vəzifəsinə təyin etmişdi. Mahmud nə qədər fikirləşdisə də, Xiyabaniylə dərvişin münasibətini başa düşə bilmədi. Hərdən o biri otaqdan ağlamaq səsi eşidirdi. Dərvişlə əlaqədar nə isə gizli bir sirr olduğunu duydu.

Rəşidin gəlib onları tapması, qızla oğlanın bir-birini sevməsi və qızın tezliklə onu tərk edəcəyini düşünəndə Həkim ağa qüssələnirdi: Yenə tənha qalacaq... Yenə sərgərdan dolanacaq...

Həkim ağa Şuşanikin, əzablara düçar olmuş bu qızın sevincini görəndə uşaq kimi ağladı: “Yox, tənha qalmayacağam. Mən də onlarla yaşayacağam!”

Rəşid onları Xiyabaninin yanına gətirdi.

Xiyabani oturduğu yerdən dik qalxdı. İrəliləyib Həkim ağanı qucaqladı:

– Paşa bəy xoş gəlib bizim evə!

Həkim ağa dərhal dönüb Şuşanikə, sonra da Rəşidə baxdı. Axı, onun sirrini bir bu qız, bir də Allah bilirdi. Belə çıxırdı ki, qız onun sirrini oğlana açıb, oğlan da gəlib bu adamlara deyib.

Dərvişin Şuşanikə incik-incik baxmasını görən Xiyabani mətləbi anladı:

– Onlar səni mənim qədər tanımırlar, Paşa bəy. Səni mən yaxşı tanıyıram.

– Sən kimsən?

– Mən sənə qızın Dürdanənin sağ olduğunu xəbər verən adam!

Paşa bəy qulaqlarına inanmadı. Şeyxin yaxasından tutub silkələdi:

– Necə? Mənim Dürdanəm sağdır? Bu ola bilməz? Mən öz gözlərimlə, bax, bu gözlərimlə gördüm ki... Onun əhvalı dəyişdi, gözləri hədəqədən çıxdı. Həmin o mənhus axşamı, o dəhşətli gecəni xatırladı... Titrək səslə dedi:

– Bəli, mən öz gözümüzlə gördüm. Gördüm ki, dəhşətli burulğanlar mənim balamı necə uddu. Baharımı, elimi, obamı uddu. – O, Xiyabaninin yaxasını buraxdı. – Sağdır? Yox, bu ola bilməz! Yox, yox, inanmıram!..

–  Qızın sağ-salamatdır, görəcəksən... Bəs sən nə təhər oldu ki, nicat tapdın?

Dərviş qəmli-qəmli cavab verdi:

– Məni möcüzə xilas elədi.

– Səni qurtaran möcüzə onu da qurtarıb.

Xiyabani hər şeyi söylədi. Onun sözləri qurtaran kimi:

– Hanı mənim əziz qızım, nəvələrim? – deyə Paşa bəy haray çəkdi.

O biri otaqdan çarşablı bir qadın gəldi. Duruxub adamlara ürkək-ürkək baxdı. Birdən:

– Ata! Ata! – deyə özünü Paşa bəyin üstünə atdı.

– Qızım!.. – deyə Paşa bəy də fəryad qopardı.

Xiyabaninin uşaqları astanada dayanıb bu mənzərəyə tamaşa edirdilər. Rəşidlə Şuşanikin gözündən sevinc yaşları axırdı. Bu sevincə Mahmud da şərik olmuşdu...

11.

Mərkəzi komitənin bütün üzvləri gələndən sonra Xiyabani iclası açıb dedi:

– Bildiyiniz kimi, biz Əli ağanı Bakıya qaytarmışdıq. O, Şərq xalqları qurultayında da iştirak etməyə müvəffəq olmuş, çox zəhmətdən sonra qayıdıb gəlmişdir. Bu çətin səfəri haqda danışmaq üçün sözü onun özünə verirəm.

Əli ağa ucaboylu, dilli-dilavər bir adamdı. Arıq olmasından, rənginin qaralmasından yollarda çox əziyyət çəkdiyi məlum idi. O, danışmaq üçün oturduğu yerdən qalxmaq istəyəndə Badamşı dedi:

– Onsuz da çox zəhmət çəkmisiniz, elə oturduğunuz yerdən danışın.

– Mən əvvəlcə Culfa yolu ilə getmək istədim. Dedilər Naxçıvandan Ermənistana keçmək qeyri-mümkündür. Məsləhət belə oldu ki, Astaradan keçib, Lənkəran yolu ilə gedim. Ərdəbilədək birtəhər getdim. Orada dedilər ki, nəinki Bakıya, heç Lənkərana da gedib çatmaq mümkün deyil. Iki gün qabaq Astaraya gedən bir karvanı dağıdıb altı adamı öldürmüşdülər. Ərdəbildən Bakıya məndən başqa getmək istəyən də var idi. Danışıb Məşhədə getdik. Iyirmi bir gün yolda olduq. Axır ki, Xorasana yetişdik.

– Deməli, həm ticarət, həm ziyarət...

– Bəli, həm ticarət, həm ziyarət, həm də səadət oldu.

Gənceyi təəccübləndi:

– Başa düşmədim, Əli ağa.

–Başa düşülməyən bir şey yoxdur. Kurnel (polkovnik) Məhəmməd Tağı xanı görmək səadətinə nail oldum. Adamın həmyerlisi olanda da beləsi olsun! O, bizim işimizlə çox maraqlandı. Elə ki, mənim demokratlarla və ağayi Xiyabani ilə yaxın olduğumu bildi, öz mənzilinə apardı. Səhərə kimi yatmadıq. O, təkcə ağayi Xiyabani ilə deyil, hər birimizlə də yaxından maraqlanır, gələcək haqqında nə fikirdə olduğumuzu bilmək istəyir. Xaricilərlə olan əlaqəmiz barədə də soruşdu.

– Bəs mərkəzi hökumətə qarşı nə fikirdə idi? – Xiyabani sual verdi.

– Nəinki o özü, əli altında olan zabitlər də, səkkiz min nəfərlik jandarm da mərkəzi hökumətə, eləcə də vəzir, vəkillərə qarşı bədbindir, çoxuna da ingilis nümayəndəsi kimi baxırlar. Mən inanıram ki, gec-tez onlar bir gün üsyana qalxacaqlar.

– Bəs onda nə əcəb dövlət indiyə kimi onu işdən götürməyibdir? – Sərhəngzadə soruşdu.

– Dövlət kurneli geri çağırmışdı, lakin Məşhəd əhalisi qoymadı.

– Xorasan əyalətinin əmniyyəti necədir? – Xiyabani maraqlandı.

– Əhalinin danışdığına görə, indiyə kimi belə əmniyyət və ədalət görünməyibdir. Kurnelin xüsusi bir sifarişi də var ki, onu mən sizə deməliyəm. O deyir ki, nə edirsiniz edin, ancaq şəhəri inanılmış və yaxşı silahlanmış döyüşçülərdən xali saxlamayın.

– Azərbaycana xüsusi münasibəti hiss olunurdumu? – Yenə Sərhəngzadə sual verdi.

– Əlbəttə, kimin doğulduğu torpağa, ətə-qana dolduğu şəhərə, öz xalqına münasibəti pis olar ki, onun da olsun? Onunla işləyən zabit və jandarmların altmış faizdən çoxu azərbaycanlıdır. Kurnel Tehranda oturub, Iranı ingilislərə satan xəyanətkarların kökünü kəsməyə bizdən qabaq hazırdır. Mənə dedi ki, nə vaxt Tehrana hücum etmək istəsəniz, əvvəlcədən məni də xəbərdar edin. Əlimin altında olan bütün qüvvən ilə sizin köməyinizə gəlməyə hazıram.

Kurnellə görüşəndən sonra Aşqabad yolu ilə Bakıya getdim. Qurultaya iyirmi bir millətin nümayəndəsi gəlmişdi. Iran xalqları tərəfindən Heydər əmoğlu iştirak edirdi. Qurultayın bütün gedişi ona tapşırılmışdı. Məni əziz qonaq kimi qəbul etdi.

– Hansı məsələlər müzakirə edildi, nə kimi qərarlar qəbul olundu? – Xiyabani soruşdu.

– Hər yer, hər ölkə öz coğrafi vəziyyəti barədə danışdı, millətinin arzularını nəzərə alaraq iş aparmağı üstün tutdu. Eyni zamanda bütün xalqların arasında mənəvi birlik, həqiqi dostluq yaranması fikri irəli sürüldü. Zəhmətkeşlərin mənafeyini gözləmk, zalımlara qarşı birgə mübarizə aparmaq da əsas məsələlərdən idi. Qurultayın nümayəndələri istismar və müstəmləkəçilik əleyhinə birgə mübarizə təklifinə yekdilliklə səs verdi. Gilan inqilabında bəzilərinin hərəkəti çox pisləndi.

– Bizim hərəkatımız barədə də danışıldımı?

– Bizim hərəkatı milli hərəkat, istismarçıların və müstəmləkəçilərin əleyhinə olan bir hərəkat kimi yüksək qiymətləndirdilər. Mən doktor Nərimanla da görüşdüm. Dedi ki, möhkəm olun. Sizə əlimizdən gələn köməyi edəcəyik. Bu sözləri eynilə Qəzənfər Musabəyovla Əliheydər Qarayev də dedi.

Əli ağanın dedikləri mərkəzi komitənin bütün üzvlərini sevindirdi. Şərq xalqları qurultayındakı məsələlər, bütün dünya azadxahlarının eyni arzuyla yaşaması, eyni məramla çalışması Xiyabaninin qəlbini fərəhlə doldurdu, onun gələcəyə inamını birə-beş artırdı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info