Qonaq Kitabı
IV Hissə

– Siz mənim bircə sualıma cavab versəniz, mən də sizin sualınıza cavab verərəm.

– Buyurun!

– Deyin görüm, harda bir ilan görsəniz, siz onu öldürərsinizmi?

– Zərər verən ilan olsa, əlbəttə, öldürrəm!

– Bir ilanın nə kimi zərəri ola bilər? Çox olsa ildə bir neçə qoyun-quzunu, bir-iki adamı vurub öldürə bilər. Sən isə ildə yüzlərlə ailəni başsız qoyursan. Sənin kimi ilanı məhv etməmək günahdır.

Cahangir Mirzə dostunun sözünə qüvvət verdi.

– Məhəmməd peyğəmbər  buyurubdur: “Üqtülul müəzzi qəblə ən yüzi”.[2] Sizin kimiləri məhv etmək – Həccə getməyə bərabərdir.

Məclisdə oturanların ağzı açıla qalmışdı. Mənalı baxışlarla bir-birini süzdülər. Onların ürəyində keçirdi: “Kaş, İsmayıl ağa bunların təqsirindən keçəydi”. Ismayıl ağa igid adamları çox sevirdi.

– Mən sizin təqsirinizdən keçsəm, burada qalıb elə silahlardan qayırarsınızmı? – deyə Ismayıl ağa cavanları öz tərəfinə çəkmək istədi.

– Nə üçün qayırmırıq, qayırarıq. Bir şərtlə ki, sən talançılıqdan əl çəkəsən. Urmudan talayıb gətirdiklərini sahiblərinə qaytarasan. Sən öz qüvvəndən camaatın xeyrinə istifadə edəsən. O zaman bütün Azərbaycan sənin arxanda durar. Yoxsa...

Ismayıl ağa qıpqırmızı qızardı, gözlərində şimşək kimi od parıldadı. Qəzəbli səslə dedi:

– Mənim sizə yazığım gəldi. Bircə o pəncərənin qabağına gəlin. Baxın, o qayanı görürsünüzmü? Mənə sədaqət göstərəcəyinizə and içməsəniz, ikinizi də o qayadan aşağı atdıracağam!

Məhbuslar bir söz danışmadan geri dönəndə İsmayıl ağa onları səslədi.

– Hara gedirsiniz?

– Sənin kimi əclafa qulluq eləməkdənsə, ölüm yaxşıdır!

Ismayıl ağa üç gün onları dilə tutdu. Azadxahlar öz dediklərindən dönmədilər. Simitko dediyinə əməl elədi...

Bu hadisə İsmayıl ağanı mücahidlərdən uzaqlaşdırdı.

Indi də o, Rəşidin gəlməsinə mücahidlərin yeni bir hiyləsi kimi baxır, ürəyindən cürbəcür fikirlər keçirirdi.

Yerində qərar tuta bilmədi. Yataq otağından çıxdı. Divanxanasına keçib Rəşidin gətirilməsini əmr etdi. Bir dəqiqə sonra Rəşidi İsmayıl ağanın hüzuruna gətirdilər.

– Danış görüm, Xiyabani məndən nə istəyir?

– Xiyabani sizdən heç nə istəmir. Əleyhinizə qurulan bir xəyanətdən sizi xəbərdar etmək istəyir. Istəyir ki, Azadxahlara olan nifrətinizi bu xəbərlə yox etsin.

– O hansı xəyanətdir?

– O ingilislərin əlilə Marşimonun qurduğu tələdir. Onun fikri sizinlə yalandan dostluq etmək və sizi Urmuya aparmaq, sonra da aradan qaldırmaqdır. Axı siz Xoy şəhərini tutmaqda ona mane olursunuz. Sizə böyük vədlər verəcəklər. Etimadınızı qazanmaq üçün bəlkə verdikləri vədin kiçik bir hissəsini də yerinə yetirəcəklər.

Ismayıl ağanın gözləri qıyıldı:

– Xiyabani bu xəbəri haradan bilib?

– İngilis ordusunda onun köməkçisi tərcüməçi işləyir. Hətta ingilis zabitlərinin içində belə azadxahlardan vardır. Ağayi Xiyabani bir şeyi də sizə çatdırmağımı tapşırıb: əgər siz asorilərlə vuruşmalı olsanız, o, jandarmları sizin köməyinizə göndərəcəkdir.

– Sən elə bu xəbərə görə Təbrizdən buraya gəlibsən?

– Mən bunsuz da Urmuya gəlməliydim. Ona görə də bu iş üçün məxsusi adam göndərməyi lazım bilmədilər.

– Bu qırhaqırda sən Urmuya nə üçün gedirsən?

Rəşid utanıb başını aşağı saldı, titrək səslə dedi:

– Orada mənim nişanlım qalıb, onu qurtarmağa gedirəm.

Ismayıl ağa mülayimliklə dedi:

– Bir-iki gün qal, görək nə olur.

O günün səhəri günorta vaxtı İsmayıl ağa öz qonaqları ilə birlikdə həyətə düşdü. Bu gün şikayətçi həmişəkindən az idi. Başını aşağı salıb, kiminsə danışığına qulaq asa-asa, dənələri fındıq boyda olan kəhrəba təsbehini çevirirdi. Bu vaxt üç nəfər silahsız asorini onun yanına gətirdilər. Birinin əlində ağ bayraq vardı: qasid idilər. Biri paltarının çiynində və qollarındakı nişanıyla o birilərdən fərqlənirdi. Görünür o, zabit idi. Marşimondan İsmayıl ağaya pay gətirmişdi.

Bir məsələ Rəşidi hər şeydən çox qorxudurdu: İsmayıl ağanın tamahkarlığı. Marşimonun verdiyi yalan vədlərə aldanarsa, o zaman Azərbaycan necə olacaq? Bu fikirlə də İsmayıl ağa ilə Marşimonun nümayəndələrini gözdən qoymurdu.

Marşimonun dilli-dilavər nümayəndəsi İsmayıl ağaya deyirdi:

– Mənim ağam, vəliyyünneimmün ruhani atam Marşimon sizinlə dostcasına mehriban bir qonşu olmaq və birləşmək niyyətindədir. Buna görə də bu üzüyü sizə təqdim etməyi mənə həvalə edib. – Qasid iri bir brilyant üzüyü ona verdi. – Marşimon sizinlə görüşmək arzusundadır.

– Mən asori xalqının ən böyük ruhanisi Marşimonun hədiyyəsini çox şadlıqla qəbul edirəm. O, böyük ruhanini ziyarət etmək mənim üçün çox xoşdur. Mən onu dostum Kəblə Abdullanın evində gözləyəcəyəm.

İsmayıl ağanın Marşimon haqqında dediyi sözlərə qulaq asan zabit bu xoş xəbərləri ərbabına çatdırmaq üçün quş olub uçmaq istəyirdi.

Ağa onu nahara saxladı. Nahardan sonra zabitə bir “mallaxer” tapança, əsgərlərin hərəsinə bir türk qızılı verib hörmətlə yola saldı.

Marşimonun nümayəndəsinə İsmayıl ağanın hörmət etməsi kürdlərin də, Rəşidin də xoşuna gəlmədi.

“Bu tamahkar kürd özündən başqa bütün Azərbaycanı bədbəxt edəcəkdir” – deyə Rəşid Şuşaniki axtarmaq, dərvişi tapmaqdan əvvəl geri dönüb, bu xəbəri Şeyxə çatdırmağı vacib bildi. Lakin onun Cəhrik qalasından çıxıb getməsi qeyri-mümkün idi.

Gecə Simitkonun əmisi qızının otağında xüsusi bir müşavirə oldu. Müşavirədə onun arvadından başqa, Teymur xan, Həso və tayfanın iki ağsaqqalı iştirak edirdi. Burada Xiyabaninin göndərdiyi məlumat və Marşimonun təklifi müzakirə olunurdu.

– Deyəsən işlər bir az yaxşı getmir.

– Elədir, ağa. Bu şeytan ingilis bu qədər asorini hardan tapıb gətirir? – Teymur xan Simitkonun sözünü təsdiq etdi.

– Bu işin təqsiri bir az da bizdə oldu. Xatirinizdədirsə, onlar Marşimondan əvvəl bu təklifi bizə elədilər. Biz müsəlmanlığı nəzərə alaraq təklifi rədd etdik. Nə isə, keçib. Keçirəm əsil məsələyə. Bunlar müharibə zamanı ingilis və fransız qoşunlarına könüllü olaraq daxil olanlardır. Sayları əlli minə yaxındır. Hamısı fransız silahı ilə silahlanıblar. Ingilis və fransızlar öz xeyirləri üçün iki min il bundan əvvəl ölüb getmiş asori hökmranlığını bərpa etmək istəyən Marşimona hər cəhətdən kömək edirlər. Onların fikri tək Urmunu deyil, Xoyu, Səlması, Makunu tutmaq və Yerevandakı daşnaq hökuməti ilə birləşməkdir.

– Bu ki, bizim xeyrimizə olar! – deyə ağsaqqallardan biri onun sözünü kəsdi. – Urmu, Xoy kimi şəhərlərdə bizdən güclü bir qüvvənin yaranması bizim xeyrimizə deyil.

 

Bəli, ağa, biz olmasaq, Xoyu, Səlması almaq onların əlində bir udum su kimi asandır.

Simitko lap axırda danışdı.

– İki gün əvvəl Təbrizdən mənə xəbər göndərmişdilər ki, asorilər mənə dostluq təklif edəcəklər və məni inandırmaq üçün əllərindən gələni edəcəklər. Məni Urmuya çəkib, orada birtəhər eləyəcəklər. Mən bu xəbərə əvvəl inanmadım. Asorilərin nümayəndəsi gəlib, mənə dostluq hədiyyəsi gətirdi. – O, üzüyü hamıya göstərdi.

Simitko müşavirəyə yekun vurdu:

– Bu asori mollasını... Mən Kəblə Abdullagilə dəvət etmişəm. Əgər gəlsə, özgəyə qazdığı quyuya özü düşəcək!

7.

Rəşid pəncərə qabağında oturub, Şuşaniki düşünürdü. O, qızın yaxında olduğunu bilmirdi. Rahatlığını itirmiş oğlan bilmirdi ki, nə etsin.

Iki gecə idi ki, Həkim ağa və Şuşanik birinci mərtəbədə, Rəşid isə ikinci mərtəbədə bir-birinin fikrilə, bir-birindən xəbərsiz yatırdılar.

Rəşid qəti qərar gəlmişdi ki, bu gün Simitkonu görən kimi, icazə alıb Urmuya getsin. Lakin Simitko bu gün adi paltar yox, səfər libası geyinmişdi. Qurşaqdan döşə kimi patrondaşa bürünmüşdü. Bir tərəfindən taxta qablı mauzer asmış, o biri tərəfindən Şəkkak tayfasına məxsus olan gümüş dəstəkli əyri qılınc sallanmışdı. Haraya isə səfər edəcəyi məlum idi.

Keçən gecə Rəşid yeddi-səkkiz nəfər kürdü, o cümlədən də Teymur ağanın əndəruna tərəf getdiyini görmüşdü. Rəşid o saat bildi ki, bu hazırlıq keçən gecəki müşavirənin nəticəsidir: “İcazə almaq, Urmuya getməyin əsil vaxtıdır. Yoxsa kim nə bilir, bu, haraya gedir, bir də nə vaxt qayıdacaq?”

Simitko otağa daxil olanda hamı ayağa qalxdı. O, keçib öz yerində oturandan sonra hamı əyləşdi. Təkcə Rəşid ayaq üstə qaldı. O, ədəb-ərkanla baş əyib dedi:

– Ağa, əgər icazə versəydiniz, bu gün hüzurunuzdan mürəxxəs olardım.

Simitko gözlərini qıyıb ona baxdı:

– Ha tərəfə inşallah?

– Urmuya!

– Urmuya?

– Bəli.

– Bəs sən qorxmursan?

– Nədən qorxmalıyam ki?!

Simitko gülümsədi:

– İndi ki qorxmursan, biz də Urmuya gedəcəyik, bizimlə gedərsən. – Bu sözdən sonra o, Həsonu səslədi. İçəri daxil olan köməkçisinə kürd dilində nəsə dedi. Sonra Rəşidə tərəf döndü. – Həso ilə get, o sənə bir dəst kürd paltarı verəcək: geyin, bizimlə gedərsən.

Bir azdan Ismayıl ağa həyətə düşdü. Rəşidi əvvəlcə tanımadı. Sonra gülə-gülə dedi:

– Hə, indi oldun əsil kürd! Tüfəng atmağı bacarırsanmı?

– Makulular atıcı olur, ağa.

Simitko tüfəngi ona uzatdı:

– O qayanın arasındakı gəvəngülünü görürsənmi?

– Görürəm.

– Onu nişan al, görüm! – Rəşidin atdığı güllə gəvənin dibindən dəydi. – Pis deyilsən!.. Ancaq təcrübən azdır.

Rəşidə də at verdilər. Dəstə həyətdən çıxdı. Çöldə yüz əlliyə yaxın silahlanmış kürd süvarisi Simitkonu gözləyirdi. Dəstə şose yoluna yetişəndə Ismayıl ağa Urmuya deyil, Səlmasa tərəf dönəndə Rəşid özünü saxlaya bilməyib dedi:

– Əks cəhətə gedirsiniz, ağa.

– Doğrudur. Iki gün köhnə şəhərdə qalandan sonra gedəcəyik, – deyə Ismayıl ağa cavab verdi.

Rəşid daha bir söz demədi.

Urmu tərəfdən gələn qaçqınlar ensiz şose yolunu doldurmuşdu. Onların acınacaqlı vəziyyəti, taqətsizlikdən sürüşən ayaqları Rəşidin ürəyini ağrıtdı. Bütün həyatını talançılıqda keçirən Simitko da təsirləndi. O, atlılarına əmr etdi ki, hər kəs yorulub taqətdən düşən adamlardan birini Səlmasa kimi tərkində aparsın. Qaçqınların danışdığı sözlər, təsvir etdikləri işlər kürdlərə bərk təsir etdi. Bəzisi özünü saxlaya bilməyib, asoriləri söyməyə başladı.

8.

Kəblə Abdullanın ikimərtəbəli geniş evi küçənin baş tərəfini tutmuşdu. Onun sürüsü, naxırı, ilxısı həmin küçənin başındakı ayrı-ayrı həyətlərdə yerləşirdi. O, xan-bəy olmasa da, çox varlı və qonaqsevən idi. Ismayıl ağa Simitko bircə onun sözünü eşidir, verdiyi məsləhətlərə qulaq asırdı. Küçənin hər iki tərəfində uzanan arxların qırağında söyüd ağacları baş-başa çatmışdı.

Ismayıl ağa gəlməmişdən iki gün əvvəl Kəblə Abdulla bərk hazırlıq görmüşdü.

Kəblə Abdullanın evində Ismayıl ağa, Rəşid, Teymur, Həso və bir neçə ağsaqqaldan başqa özgəsi yox idi. Marşimon üç yüz atlı ilə gələcəyini bildirmişdi Küçənin yarısına başdan-başa payəndaz döşənmişdi. Qapının ağzında bəzəkli bir qoç saxlamışdılar. Ismayıl ağa Simitko öz adamları ilə Marşimonu buradagözləyirdi.

Marşimonun mindiyi faytona dörd at qoşulmuşdu. Günortaya az qalmış Marşimonun faytonu göründü.

Ismayıl ağa qabağa keçdi. Ona xoşgəldin dedi. Qolundan tutub faytondan düşməsinə kömək etdi. Səhərdən bəri saxlanan qoçu yerə yıxıb kəsdilər. Onun qanlı başını bu asori mollasının ayağının altına atdılar. Sonra bu iki başçı qol-qola keçirərək köhnə dost kimi evə gəldilər. Marşimonla gələn atlılar söyüdlərin yanında durdular.

Marşimonla Ismayıl ağanın söhbətlərini oxucuların tanıdığı zabit tərcümə edirdi.

– Dostluq təklifimizi qəbul etməyiniz, başlıcası isə bu görüşümüz dostlarımız ingilislərin də, amerikanların da çox xoşuna gəldi. Sizin şəxsən öz düşməniniz və bütün kürdlərin məzhəb düşməni olan demokratları vurub Təbriz və Marağadan çıxarmaq işində bizə göstərə biləcəyiniz yardım doğrudan da qiymətli olar. Elə buna görə də mənim təsis edəcəyim dövləti himayə edən hər iki böyük dövlət sizin bizə göstərəcəyiniz yardım haqqında sizinlə danışmaq və qəti bir qərara gəlmək üçün mənim ixtiyarıma böyük vəsilələr qoyublar. – O bu sözləri deyib, Simitkonun üzünə baxdı ki, sözlərinin təsirini bilsin. Eyni zamanda Simitko da heç nə ifadə etməyən baxışlarını ona zilləyib, sözlərinin ardını eşitməyə hazır olduğunu bildirdi.

– Buyurun, buyurun, mən sizi dinləyirəm.

Marşimon sözünə davam etdi:

– Bizim səndən gözlədiyimiz yardım çox deyil. Bizim qoşun Təbriz və Marağa üstə gedən zaman Xoy, Səlmas yollarının sakitliyini təmin edəsiniz, eyni halda Maku sərdarının hərəkətini nəzarət altında saxlayasınız. Bunlar kifayətdir.

O, hiyləgər gözlərini, ürəyində tamahkar hesab etdiyi kürdün üzünə dikdi. Ismayıl ağa da “Sən bu mollanın yağlı dilinə bax!” deyə fikrindən keçirdi. Özünü ona yaxın adam kimi göstərib soruşdu:

– Bəs o böyük şəxsiyyətlər mənim haqqımda nəzərdə nə tutublar?

Simitkonun belə mülayim və təslimçi ruhda danışması asori mollasını sevindirdi. Bayaqdan bəri yolunun üstündə Çin səddi kimi görünən bu adam indi onun nəzərində bir təpiklə uçula bilən divar kimi idi.

– Yəqin ki, sən çox yaxşı bilirsən, mənim başımda müharibələr görmüş və istiqlal atəşində yanan əlli min qorxmaz igid var. Onlarla istəsəm,Tehranın özünə də gedə bilərəm. Lakin dövlətə rəiyyət lazımdır. Yol uzunu gördüyünüz qaçqınlar nahaq qaçırlar. Mən əmr etmişəm, bir adamın burnu qanamayacaq. Bəli, bəli, biz belə qərara gəlmişik ki, böyük Asori dövlətinin ilkin nişanı sizə verilsin və Xoyla Səlmasın hökumət işləri sizə tapşırılsın. Üstəlik siz üç il vergi verməkdən azad olacaqsınız. Sonrası.., əlbəttə, onda razılığa gəlmək olar. Siz bütün kürd tayfalarına rəhbərlik edəcəksiniz. Biz hələlik sizə üç yüz tüfəng və otuz min fişəng[3] verə bilərik.

O susdu. Bir müddət Simitkoda danışmadı. Nəhayət:

– Madam ki, – dedi, – iki böyük dövlətin nümayəndələri və sizin kimi böyük bir şəxsiyyət bu qərara gəlibsiniz, mən də öz razılığımı bildirim. Ümidvaram ki, bizim ağsaqqallar və tayfa rəisləri də mənim məsləhətimdən çıxmazlar.

– Siz razı olandan sonra onlar nəçidir ki?! Günü sabah Urmuya təşrif gətiriz, şəxsən verəcəyiniz rəsmi qəbz müqabilində vəd olunan silahları ala bilərsiniz.

“Bu mollalığı ilə istəyir ki, məni çəkib aparsın, Urmuda başımı piyləsin”. Ismayıl ağa ürəyindən bu sözləri keçirdib dedi:

– Təşəkkür edirəm. Bu saat silah bizə puldan çox lazımdır. Mənim adamlarımdan dörd yüz nəfəri silahsızdır. Əgər bizə veriləcək silahın miqdarını dörd yüz tüfəng, qırx min fişəng etsəniz, çox yaxşı olar.

Marşimon ürəyində ona güldü:

– Yaxşı, dörd yüz mümkün olmasa da, üç yüz əlli mümkün olar. Gəlin! – deyə razılaşdı...

Hamı nahar otağına yığışdı.

Nahardan sonra Marşimon getmək üçün ayağa qalxdı. Uzun əntərisinin[4] altından belinə sarıdığı şaldan asdığı nağanı arxaya itələdi, dəhlizə çıxıb həyətə düşdü.

– Atlanın!

Üç yüz adam birdən atlara mindi.

Marşimon küçənin o başına tərəf bir qədəm götürməmişdi ki, Simitko ildırım sürətilə dama sarı qaçdı. Dama çıxması ilə gülləsinin səslənməsn bir oldu. Marşimon çürümüş ağac kimi təpəsi üstə yerə gəldi[5]. Atlılar silaha əl atmağa macal tapmadılar. Simitkonun irəlicədən damlarda gizlətdiyi adamlar onları “dənləməyə” başladılar.

Ismayıl ağa Cəhrik qalasına qayıtdı.

Ismayıl ağa divanxanaya getməyib, həyətdə oturdu. O bilirdi ki, bugünkü hərəkətlərilə asorilərin deyil, çində ingilis-amerikalı ağaların quyruğunu tapdayıb, onların Azərbaycana sahib olmaq məqsədini alt-üst edibdir. Yəqin ki, sərhəng Smit asanlıqla onun yaxasından əl çəkməyəcəkdir. O, ən əvvəl Rəşidi yanına çağırdı. Xoşsifətlə əlini ona tərəf uzatdı:

– Mən səndən və Xiyabanidən çox razıyam. Siz olmasaydınız, həmin oyun bizim başımıza gələcəkdi, ağayi Xiyabaniyə mənim salamımı yetirin. Mənim cavabımı gördüyün kimi ona çatdır. Qoy onlar Şərəfxana, Külmanxana və Marağa tərəfdən öz fədai və jandarm dəstərilə yerisinlər, mən də Quşçu tərəfdən Urmu şəhərini düşməndən təmizləyək.

Sonra o, üzünü Teymur xana tutaraq Rəşidə at verilməsini əmr etdi. O hələ qayıtmamışdı ki, Simitko asorilərə ultimatum göndərdi. Bununla da demokratların yardımını qətiləşdirmək istədi. O, yəqin bilirdi ki, asorilərin Cəhrik qalasına hücumu qalanın fəthi ilə nəticələnə bilər. Əgər Marağa, Şərəfxana, Külmanxana tərəfdən fədailər və jandarmlar hücuma keçsə, onlar cəsarət edib bu tərəfə üz döndərə bilməzlər. Kürdlər Urmu və onun ətrafına qarış-qarış bələd idilər.

Rəşid məəttəl qalmışdı.

O, Şuşaniksiz geri dönmək istəmirdi, lakin vəziyyətlə əlaqədar olaraq mütləq Təbrizə qayıtmalı idi. O, yaxşı bilirdi ki, ingilislərin əlinə fürsət düşsə, asorilər vasitəsilə onlara divan tutulacaqdır. Simitkonun yanında duran Rəşidin ürəyindən bu fikirlər keçdiyi vaxt Həkim ağa ilə Şuşaniki otağa gətirdilər. Rəşid gözlərinə inanmadı.

O, Həkim ağanı dərhal tanıdı. Onun ardınca gələn qızı görəndə özünü itirdi, hər şeyi unutdu. Qışqırdı:

– Şuşanik! – Qolları qıza tərəf uzandı. Bu gözlənilməz səsdən Şuşanik də özünü itirdi, quruyub qaldı. O, kirpik çalmadan Rəşidə baxdı. Sanki onu yuxuda görürdü.

Hər ikisinin gözləri sevincdən yaşarmışdı. Ən çox sevinən dərviş Həkim ağa idi. “Mənim qızım səadətini tapdı!” – deyib gülümsünürdü.

Rəşid qocanın önündə diz çökdü...

Bu görüş kürdlərin hamısını təsirləndirdi...

Ismayıl ağa bu hadisəyə xeyli diqqət etdikdən sonra Rəşidə dedi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info