Qonaq Kitabı
IV Hissə

– Onda özünüzlə üç nəfər də götürün. Bir baş ora!

– Baş üstə!

– Bunların hamısı o Qəzvindən gələnin kələyidir, – Mahmud əsəbiləşdi. – Nə olursa-olsun onu buradan qovmalıyıq!

Toplaşanların sayı beş yüz nəfərə çatmışdı. Bunlardan çoxu yığışmış adamları görüb “Gədə, gəl görək bunlar nə edirlər?” deyənlər idi.

Rzazadənin özündən başqa, demokratların əleyhinə danışanların sayı iyirmiyə çatırdı. Onlar mitinqlərini qurtarıb, qətnamələrini göndərmək üçün teleqrafxanaya gələndə kimsə polis zabitlərini göstərdi:

– Gədə, ora bax! Gör nə qədərdirlər.

– Pah atonnan! Tuthatut olacaq! – deyə camaat dağılışmağa başladı.

Qaçanları görən Rzazadə və o birilər nə qədər çığır-bağır elədilərsə, faydası olmadı. Bu vaxt Rəşidin tapançası açıldı. O birilər qaçmağa başladılar. Rzazadə əkilmək istədi. Rəşidin toxmaq kimi ağır yumruğu onu yerə sərdi. Lakin liderlərdən bəzisi qaçıb, özlərini alman konsulxanasına sala bildi.

Alman konsulu Kort Vestro Şərq xalqlarına alçaq nəzərlə baxanlardan idi. Demokratlara qarşı mübarizədə ingilislərlə həmfikir idi. Xiyabanini “başı çalmalı bolşevik” adlandıran da o olmuşdu.

Təbrizdəki alman konsulxanası üçmərtəbəli bir binada yerləşirdi. Binanın üçüncü mərtəbəsində Vestro yaşayırdı. Buraya onun ancaq gizli müşavirləri məhrəm idilər. Ələ aldığı yerli varlıları da o, bu otaqda qəbul edərdi. Yataq otağının arxa tərəfindəki uzun dəhlizdən dama yol vardı. Alman konsulxanasının damından şəhər ovuc içi kimi aydın görünürdü.

Gündüz saat on idi. Dörd nəfər təbrizli ağaların konsulxanaya sığınmaq istəmələrini Vestroya xəbər verəndə onun gözləri güldü... Dörd nəfərdən biri alçaqboylu, şişman bir seyid idi. O, yaşıl parça sarınmış əmmaməsini qaşlarına kimi endirmişdi. Bu da onun qarpız çərdəyi boyda olan gözlərini daha da kiçik göstərirdi. Bu geniş və sarı rəngli əbaya bürünmüş seyid konsulun otağına üç nəfər başqasıyla daxil oldu. Konsul onlara yer göstərdi. Oturdular. Seyid özünü və yoldaşlarını konsula təqdim etdi. Onlarla tanış olan konsul dedi:

– Tanış olmağıma çox şadam. Üzünü görmədiyim bu ağalar haqqında ağayi Rzazadədən bol-bol təriflər eşitmişəm.

Seyid sözünə davam etdi:

– Bəli, biz ağayi Rzazadənin müridlərindənik. O, bizsiz, biz də onsuz heç bir iş görmürük. Cənab konsul məsləhət bilsə, sosial-demokrat firqəsi təşkil edək. On iki nəfər azadxah demokrat firqəsindən çıxıb, bizim firqəmizə yazılmaq istəyir. Mitinq təşkil verdux. – Seyid dil-dodağını çeynəməyə başladı. – Elə az qalırdux ki, məqsədimizə nail olaq, tökülüşdülər üstümüzə. Biz silahsız, onlar silahlı. Ağayi Rzazadənin axırıncı sözü belə oldu ki, kim bacarsa, Alman dövlətinin bayrağına sığınsın. Biz sizin köməyinizlə nə varsa yıxmağa, dağıtmağa hazırux.

Seyidin yoldaşları başlarının hərəkətilə onun sözünü təsdiq etdilər:

– Bizə kömək edin, qüvvə toplayaq; silaha silahla cavab verək.

– Silaha silahla! Bu pis fikir deyil. Silah – hökumət qurmaq işinin əlifbasıdır. – Sonra o, zəngin düyməsini basdı. Qulluqçu otağa daxil olcaq, konsul dedi: – Həyətin o başındakı binada ağalara yer verin. Yanlarına gələn olsa, mane olmayın. – Sonra onlara tərəf döndü. – Buyurun, işləyin, görək bu bolşeviklərlə neyləyəcəksiniz...

– Silahımız olsa, çox iş görəcəyux!

Seyidgil qulluqçunun arxasınca həyətə düşüb, bir mənzilə girdilər. Qulluqçu böyük salonu onlara göstərib dedi:

– Buyurub rahat ola bilərsiniz!

Salonun dörd böyük pəncərəsi həyətə baxırdı. Tək qalan kimi biri dedi:

– Deyəsən silah məsələsi düzələcəkdir.

– Mən sizə nə dedim? Silah da düzələcək, hələ deyəsən pul məsələsi də... Indi biz cəhd eləməliyux ki, buranı adamla doldurax.

Seyid məramını bildirdi.

O gün konsulluğa gələnlərin sayı on ikiyə çatmışdı. Bu da Vestronun ümidini artırırdı: “Belə gedərsə, bir aya kimi onların sayı dörd-beş yüzə çatar. Hər adam öz arxasınca on adam gətirsə, bu eləyir beş min adam! Onları öz əlləri ilə boğmaq lazımdır”. Vestronun ümid etdiyi bu adamlar demokrat partiyasının əleyhinə elaniyyə və intibahnamələr yazıb divarlara yapışdırırdılar. Vəziyyəti bu şəkildə görən Xiyabani çox narahat olmuşdu.

Alman konsulxanasına toplaşanların sayını bilmək üçün həqiqi demokratlardan bir neçəsinin onlara qarışmasını məsləhət gördü. Bunlardan biri də Rəşid idi.

Birinci gün Rəşiddən şübhəyə düşən Seyid onu yanına çağırıb danışdırmışdı. Rəşid Maku azadxahlarından olduğunu danmamışdı. Maku azadxahlarının tərəfindən nümayəndə gəldiyini və firqə pullarını gətirdiyini də demişdi. Lakin Xiyabaninin son hərəkətləri onu qəzəbləndirmişdir. Ona görə də fikrini dəyişmişdir. Hətta iki gün bundan əvvəl ümumi iclasda Xiyabaninin əleyhinə nitq də söyləmişdir. Bu da onun həyatını təhlükədə qoymuşdur. Buraya gəlməsi də başqa demokratların məsləhəti ilə olmuşdur.

Rəşidin bu sözlərini onun yoldaşları da təsdiq etdilər...

Gecə öz qara çadırını şəhərin üstünə sərmişdi. Həzin bir sakitlik yaranmışdı. Arxası üstə uzanan Rəşid gözlərini ulduzlara dikib, Şuşanikini düşünürdü. Birdən pillələri asta-asta enən bir adam Rəşidin diqqətini cəlb etdi. Onun addımlarının səsi zorla eşidilirdi; kölgə kimi yeriyirdi. Adam zirzəminin qapısına gəldi. Rəşid onu tanıdı. Konsul Vestro idi. Zirzəminin qapısını açıb içəri keçdi. Qapıları örtdü. Rəşid dərhal yerindən durub, zirzəminin qapısına yanaşdı, kiçik pəncərəsindən içəriyə baxdı. Heç nə görə bilmədi. Ehtiyatla zirzəminin qapısını açıb Vestronun dalınca içəri girdi. Rəşid ayaqlarının ucunda səssizcə yeriyirdi. Vestro sandıqların yanında durmuşdu. Rəşidi görmürdü. Sandıqda çoxlu tapança, tüfəng, neçə-neçə pulemyot, xeyli patron yeşiyi və partlayıcı maddələr vardı. Vestro yeşiklərdən birini açıb, oradan iyirmi santimetr uzunluğunda kağıza bükülmüş bir şey çıxardı. Bu, dinamit idi. Vestro həmin dinamitə kapsul qoydu. Sonra o, özü ilə çəkib gətirdiyi fitilin bir ucunu kapsula bənd etdi. Konsulun məqsədi Rəşidə aydın olcaq geriyə qayıtdı. O gecə Rəşidi yuxu aparmadı.

Sübh namazına hamıdan tez durdu. Həyətə düşüb dəstəmaz aldı. Konsulxananın qapıları açılanda oradan birinci çıxan Rəşid oldu.

Günortaüstü Təbrizdəki alman konsulxanasının ətrafına çoxlu polis nəfəri qoyuldu. Heç kəsi oraya buraxmırdılar.

Alman dövləti üçün təhqir hesab edilən bu hadisə təkəbbüründən yerə-göyə sığmayan Vestronu yerindən oynatdı. Elə başıaçıq vəziyyətdə konsulxanadan bayıra çıxdı. Əllərini şalvar cibinə qoyub ajanların yanına gəldi. Əvvəlcə almanca, sonra da farsca qışqırmağa, söyməyə başladı. Ajanlar bir-birinə baxıb ona cavab vermədilər.

– Siz nə haqq ilə buranı kəsdirmisiniz?! Böyük Alman dövlətinin konsulxanası hamının üzünə açıqdır. Bu saat çıxın gedin!..

Ajanlar dinmədilər. O, əsəbi addımlarla geri döndü. Bir neçə dəqiqədən sonra papağında alman nişanı olan bir iranlı konsulxanadan çıxıb, nəzmiyyə idarəsinə getdi. Mahmud konsulxanadan aldığı məktubu telefonla Xiyabaniyə oxudu. Konsul öz ultimatumunda yazırdı: “Əgər iki saata kimi alman konsulxanasının ətrafında gəzişən polislər çıxıb getməsələr, İran dövləti ilə müharibəyə başlayacağıq. Bu işin bütün məsuliyyəti Təbriz demokratlarının boynunda qalacaqdır!”

Xiyabaninin telefonla dediyi cavabı Mahmud yazdı. Bir saat sonra məktub alman konsulxanasına göndərildi.

“Cənab Vestro, böyük bir şəhərin içində topxana, bomba və silah anbarı saxlamağınız beynəlxalq qanunlara ziddir. Belə cəbbəxananı ancaq şəhərin sahibi saxlaya bilər. Sizin işləriniz isə şəhərdə məxşuşluq yaratmaqdan başqa bir şey deyildir. Şəhərin rahatlığına mane olan şəxslər, kim olursa, nəzmiyyə idarəsi tərəfindən cəzalandırılacaqdır. Konsulxanaya nəzarətimizi davam etdirəcəyik.           

   Hörmətlə: Mahmud Zəncanlı”

 

Cavab Vestronu özündən çıxartdı. Bağırtısı bütün binaya yayıldı. O, qışqıra-qışqıra qulluqçularına müxtəlif əmrlər verirdi. Rəşidin gecə gördüyü pulemyotlardan birinin dama çıxarılmasını əmr etdi. Onun müavini – konsulluğun arxivsaxlayanı Vestroya mane olmaq istədi. Lakin buyruq qullarının köməyi ilə dama bir neçə tüfəng və əl bombası da çıxarmağa müvəffəq oldu. Burada sığınanların işin bu yerə gəlib çıxacağını gözləmirdilər. Məsələ ciddiləşmişdi. Vestro pulemyotdan atəş açsaydı, binanı uçurda bilərdilər. Onlar xilas olmaq üçün yol axtarmağa başladılar Bəziləri qapıçıya rüşvət verməklə canını qurtarmaq istəyirdi.

İkinci gün günortadan sonra konsulxananın bütün işçiləri konsula itaət etməyəcəklərini bildirdilər. Vestro həyət qapısını bağlayıb, açarını cibinə qoymuşdu. Həyətdəki adamları hədələdi:

– Baxın, bu fitilin bir ucu anbardakı partlayıcı maddələrə bağlanıbdır! – O, əlindəki papirosu fitilə yaxınlaşdırdı və ona həyəcanla tamaşa edənlərə dedi: – Ay qorxaqlar, siz bu ağız-burunla siyasi işlərə qarışırsınız?!

Alman konsulxanasının şəhərlə əlaqəsi iki gün idi ki, kəsilmişdi. Konsulluqda çalışanlardan kimsə Vestronun macərasını Tehrandakı alman səfirliyinə teleqrafla xəbər vermişdi. Kargüzarlıqdan xahiş edilmişdi ki, xaricə getmək üçün ona pasport verilsin.

Üçüncü gün axşama az qalırdı ki, konsulxananın qapısı döyüldü. Kargüzar məmurunu Vestro öz otağında qəbul elədi. Pasportun o tərəf-bu tərəfinə diqqətlə baxdı. Yoxlayandan sonra jiletinin cibindən çıxardığı qızıl saatı kargüzarlığın nümayəndəsinə göstərdi, pasportu qaytardı:

– Bax, bunun vaxtından beş dəqiqə keçibdir. Mən bunu da öz dövlətimə qarşı təhqir hesab edirəm. Buna görə də bir damla qanım qalana kimi Alman dövlətinin nüfuzunu qoruyacağam! – dedi və qapını ona göstərdi. Buyurub gedə bilərsiniz.

Məmur gedən kimi Vestro tez dama çıxdı. Üç dəqiqə keçməmişdi ki, dalbadal iki güllə atıldı. Vestro iki polis nəfərini yaralamışdı.

Üçüncu güllə ilə Vestro dama sərildi. Güllə onun ağzından dəymişdi.

...Xiyabaninin əmrilə konsulxanada olan bütün silahlar, döyüş ləvazimatı azadxahların ixtiyarına keçdi...

15.

Xiyabani bu gün evə gələndə qapılar açıq idi. Böyük qızı ilə qulluqçusu həyətdə samovara od salırdı. Onların ağladığı gözlərindən bəlli idi. Xiyabani nəsə bədbəxt bir hadisə baş verdiyini anlasa da, özünü o yerə qoymadı. Qızı dedi:

– Məhəmmədəli ilə Gənceyi əmi səni gözləyir.

Qonaq otağında Badamçı ilə Gənceyidən başqa adamlar da vardı. Qonşuluqda yaşayan mərsiyəxanı görəndə ürəyi sancdı. Bildi ki, uzaqda yaşayan qohumlarından hansısa vəfat edibdir.

Xəbər bir neçə saat bundan əvvəl yayıldığı üçün adamlar bir bir, iki-bir gəlib fatihə verir, bir stəkan çay içib, “Allah rəhmət eləsin” deyərək qalxıb gedirdilər.

Camaat dağılıb gedəndən sonra Badamçı cibindən çıxardığı bir məktubu Xiyabaniyə verdi. Məktubu Xiyabaninin qohumlarından biri Tiflisdən yazmışdı:

“Imperator təxtdən düşəndən sonra bizim şəhər hələ də onun tərəfdarlarının əlində idi. Deyirdilər ki, biz Denikinin nümayəndəsiyik. Onlar camaatı tutub var-yoxunu borc adıyla alırdılar. Verməyənləri yerindəcə güllələyirdilər. Əminizin də nəyi vardısa, döyə-döyə əlindən almışdılar.

Bir gün gördük ki, həriflər yaman əl-ayağa düşüblər. Bir saat sonra məlum oldu ki, şəhərdən kənarda, haradasa vuruşma gedir. Axşama kimi onlar şəhəri boşaltdılar, qaçdılar. Yolda evlərə doluşub əllərinə düşəni – qiymətdə ağır, vəzndə yüngül nə varsa, qapıb apardılar. Kim də onların tələbini yerinə yetirmirdi, oradaca güllələyirdilər. Sizin qardaşınız Hüseyn də belə bir qarma-qarışıq məqamda qətlə yetdi. Onlar mağazaya doluşarkən karvansara qapısında mərhum Hacı Seyid ağa xəstə yatırdı. Qardaşını vurmaq istəyəndə o özünü araya atdı: Zalımlar Hacı Seyid ağanı da döyə-döyə öldürdülər.

Bir həftə sonra Vladiqafqazdakı konsul Mahmud xanın nümayəndəsi gəldi; olub-qalan əşyaları hərraca qoyub satdı ki, Irandakı vərəsələrinə göndərsin... Biz bilirik ki, onlar bu barədə sizə bir xəbər yazmayacaqlar. Ona görə də sizə məlumat verməyi lazım bildik. Allah hər ikisinə rəhmət eləsin. Allah sizə səbir versin, sizi salamat eləsin”

Xiyabani məktubu oxuyarkən gözləri yaşarsa da, özünü möhkəm saxlamağa çalışdı. Yadına el sözü düşdü: “Öldü bülbül, soldu gül, istər ağla, istər gül – xeyri yoxdur”. O qalxıb narahatlıqla var-gəl etməyə başladı. Fikrindən nə keçirdisə, tez-tez yumruqları düyümlənirdi.

Bu tərəfdə Müxbirussəltənə hələ də özünü bir azadxah kimi göstərirdi. Yaşı altmışı haqlamış bu qoca müstəbidin azadxah donuna bürünməsi onun əsil simasını gizlədirdi. Öz ölümlərini Azərbaycan qiyamında görən ingilis diplomatları tez-tez ona müraciət edirdilər.

Hələlik azadxah kimi məşhur olan bu saray adamı Təbrizə vali təyin olunmuşdu. O, şəhərə daxil olan günü camaat onu səmimiyyətlə qəbul etdi.

Peykəriyyədə[7] bəzənən tağda Xiyabaninin şəklindən sonra onun şəklini asmışdılar. Sadəlövh adamlar onun valiliyə gəlməsinə Azərbaycan qiyamına kömək kimi baxırdılar. Çünki başqa valilər kimi onun çiyinləri zərli paqonla bəzənməmişdi. O, Tehrandan Təbrizə kirayə faytonda gəlmişdi; validən daha çox ziyarətdən qayıdan adama oxşayırdı. Faytonda bir dəstə yorğan-döşəyi vardı. Azərbaycan valisinin belə sadəliyi əhaliyə qəribə, həm də çox xoş görünürdü. Pişvaza çıxanların arasında duran bir mücahid yanındakı tacirlərə dedi:

– Vali, bax, belə olar!.. Heç gör özünü çəkir?!

– Bəli, qurban, hakim ki öz atını özü tumarlamadı, ondan hökumət adamı olmaz.

– Atan rəhmət... Hakim gərək camaata qaynayıb-qarışa. Belə olmasa o, xalqın dərdini haradan bilər?

Cavan bir oğlan onların danışığına başını yellədi:

– Bunlar, daaş, gözdən pərdə asmaqdır, adam aldatmaqdır.

Mücahid ona tərs-tərs baxdı:

– Gədə, bu gözdən pərdə asmaqdır?

– Axırına baxarıq...

Vali öz şərəfinə bəzənmiş tağa keçdi. O köhnə valilər kimi boğazını dik tutub keçmədi. Tağın qabağın da Faytondan düşdü. Süni bir mehribanlıqla ağsaqqallarla görüşdü.

Məşrütə zamanı fədai başçısı olmuş məşhur Kərbəlayi Əli onu yanındakılara göstərib deyirdi:

– Kişi əsil azadxahdır. Heç deyəsən bu, şah büsatında yaşamayıb – uşaqla uşaqdır, böyüklə böyük.

Ona havadar çıxanlar az olmadı:

– Kişidə zərrəcə də olsa iddia yoxdur.

– Maşallah olsun, gözündən azadlıq yağır; belə adamla işləməyə nə var ki!

Bir başqası eyhamla dedi:

– Kişinin sifətindən nur yağır...

– Bəli, Əli dayı, kişinin vəzirliyə ləyaqəti varmış!..

Bayaqkı cavan şübhəylə dedi:

– Amma qiyafəsindən hiyləgərə oxşayır.

Kərbəlayi Əli ona acıqlandı:

– Gədə, ağzını yumacaqsan?! Ağayi Xiyabani dadaşım demişkən, bizə belə vali lazımdır ki, xalqın nəfini üstün tutsun. Olmaz belə, yenə biz dururux, vali durur, dəfədarağını qoltuğuna verib göndərərux Tehrana!

16.

Günəş Eynalı dağının arxasında gizlənirdi ki, böyük bir kəndli dəstəsi Təbriz əyalətinin qapısında dayandı. Şəhərin işsizlərindən də bunların başına toplaşan oldu. Kəndli dəstəsi fəlakətə düçar olmuşdu. Pal-paltarları cırıq-cırıq idi. Onlar əyalətin qapısına yetişəndə Seyid Hüseyn xan valinin yanından çıxırdı. Ağ dəri papağı, qırmızı qaytanlarla bəzənmiş mahud forması, çiynindəki zərli paqonları ona çox gözəl yaraşırdı. Kəndlilərdən bir ağsaqqal onu vali zənn edib dedi:

– Bəs deyirdilər yaşlıdır, bu ki lap cavandır...

– Keçib... Get sözümüzü de!

Iyirmidən çox adam birdən danışmağa başlayanda Seyid Hüseyn xan gülümsədi:

– Birdən yox, bir-bir danışın. Ancaq onu da bilin ki, mən vali deyiləm. Vali cənablarını görmək istəyirsinizsə, keçin həyətə, – deyib onu gözləyən faytona yaxınlaşdı.

Vali həzrətləri həyətdə gəzişir, gələcəkdə görəcəyi işlər haqqında fikirləşirdi. Papaqlarına gümüş nişan tikdirən fərraşlar onun arxasında durmuşdu. Bunlar uzun müddətdən bəri vali idarəsində işləyən və neçə-neçə vali yola salan adamlar idi.

Kəndlilər həyətə doluşdular.

– Əl aman! Əl aman!..

Səs-səsə qarışdı, ağız deyəni qulaq eşitmədi. Vali qabağa gəlib fars dilində soruşdu:

– Nə olub? Nə istəyirsiniz?

Onun dediklərini cərgənin başında durmuş fərraşbaşı tərcümə elədi.

Ağsaqqallardan biri valiyə tərəf gəldi:

– Qurban.. Qaradağlı xan var-yoxumuzu alıb, bizi bu hala salıb.

Müxbirussəltənə özünü kədərlənən kimi göstərdi. Danışmağa tələsmədi. Gözünün ucuyla onları diqqətlə nəzərdən keçirdi. Bir qədər fikirləşəndən sonra ağır-ağır dedi.

– Gedin, bu dediklərinizi ərizədə yazın, gətirin. Mən qaradağlı xanın atasını yandıraram!

Fərraşlardan biri onun qulağına pıçıldadı:

– Siz doğrumu deyirsiniz?!

Müxbirussəltənə ona mənalı-mənalı baxıb qımışdı. Onun hiyləgər sifəti işıqlandı.

Kəndlilər qayıdıb getdilər. Valilikdə işləyən mirzələr və başqa qulluqçular bir-bir gəlməyə başladılar. Yarım saat keçməmişdi ki, şəhərin ən varlı taciri Hacı Fərəc və ona bərabər olan tacirlər həyətə daxil oldular. Bu varlılar dəstəsinə qoyun dərisindən papaq qoymuş, sifətləri tunc kimi qaralmış adamlar da qarışmışdı. Onların geydikləri böyük ayaqqabıların səsi tacirlərin geydiyi dübəndi ayaqqabılarının zərif səsinə qarışmışdı.

Fərraşbaşı gələnlərin kim və nəçi olduğunu valiyə bildirdi. Vali onlarla görüşəndən sonra tacirləri talvarın altına, sərinliyə dəvət etdi.

Hacı Cavad ağa dedi:

– Biz ərizəmizə elə burada baxılmasını istəyirik. Hacı Fərəc də onun sözünə qüvvət verdi:

– Özunüz yaxşı bilirsiniz ki, hər məmləkkətin canı, dayağı ticarətdir. Ticarətsiz nə dövlət?! Rəsul Əkrəm buyurub ki, ət-ticarətü vallahü xeyrün raziqin[8].

Biz dedux məşrutə olar, əmin-amanlıq yaranar, ticarət artar. Harada görünüb ki, Ərdəbillə Təbriz arasında yeddi yüz dəvə ticarət malını dəvələrlə bahəm qarət eləsinlər?!

Tacirlərin bu şikayəti valiyə bir qədər təskinlik verdi; onun görkəmi dəyişildi, ölüşgəmiş gözlərində ani bir sevinc göründü. Onun bu halı böyük zəhmətlərdən sonra məqsədinə çatmış bir adamın əhval-ruhiyyəsinə oxşayırdı. Vali çox yaxşı bilirdi ki, buraya gələn on nəfər tacir istədiyi vaxt bazarı bağladıb-açdıra bilər. Yenə də sifətini “qüssə” çulğadı. Əlini əlinə vurdu, qaşlarını çatıb kədərli bir səslə dedi:

– Təəssüflənməli haldır. Bir az sizdən əvvəl Qaradağ kəndinin adamları da buraya tökülüb gəlmişdilər. Yazıqları soyublar, sonra da ölümcül hala düşənə kimi döyüblər; iki nəfəri də ölüb. Çox təəssüflər olsun ki, dövlətin onları cəzalandırmaq üçün hələlik əlində lazımi imkanı və silahlı qüvvəsi yoxdur. Bizim cəmi-cümlətanı iki yüz sərbazımız var, qaradağlı xanın isə on min nəfərdən çox atlısı var. Bu haqda ağayi Xiyabani ilə günü bu gün danışıb, sərbazlarla bərabər fədailəri də onların üstünə göndərməliyik. Biz bu azğınlığın qabağını almalıyıq.

– Əlbəttə ki, tənbeh edib cəzalandırmaq lazımdır. Yoxsa başına yüz nəfər dələduz toplayan hər adam yolları kəssə, ticarət məhv olar ki...

– Hacı Fərəc ağa düz buyurur. – Tacirlər xorla onun sözünü təsdiq etdilər.

– Inşallah, qoymarıq belə adamlar əl-ayaq açsın. Siz mənə bir neçə gün möhlət verin. Müqəssirləri sizin gözünüz qabağında cəzalandırmasam, mən heç vali deyiləm...

17.

Xiyabani idarədən çıxanda axşam azanından bir saat keçmişdi. Mahmudla bərabər faytona oturub valilikdən çağırılmış müşavirəyə getdi. Heç birisi danışmırdı, heç birisi də daş döşənmiş küçədə fayton təkərlərinin yorucu xırıltısını eşitmirdi. Nəhayət, bu cansıxıcı sükutu Mahmud pozdu:

– Ağayi Xiyabani, bu işə siz necə baxırsınız?

– Hansı işə?

– Qaradağlı məsələsinə!

– Xanların arasında ən çox sakiti, bəlkə də fağırı qaradağlı xanı Ərşaddır. Lakin ticarət karvanının qarət edilməsi məsələni tamamilə başqa yerə gətirib çıxarır. Adamın yadına Şücanizam Mərəndlinin bir zaman Culfa ilə Mərənd yolunda yaratdığı vəziyyəti salır. Mənə belə gəlir ki, indi də ingilis ağaları bizim başımızı bunlarla qarışdırmaq istəyir. Eşitdiyimə görə, ingilis casusu Laurens bu yaxınlarda Urmu tərəfinə gedibdir. Şərqi çox gözəl tanıyır. Marşimonun bacısı qorxub Iraqa qaçandan sonra onların asorilərdən əlləri tamamilə üzülüb. Indi də kürdlər arasında yaranmış ziddiyyətdən istifadə etməklə bizim başımızı qarışdırmaq fikrindədir. Hər üzünə sayıq olmalıyıq!

Fayton valigilə yetişib dayandı. Xiyabani ilə Mahmud faytondan düşüb geniş həyətə, oradan da məclisə daxil oldular.

Vali yazı masasının arxasında, qalanları isə otaqda cərgə ilə düzülmüş səndəllərdə əyləşmişdilər.

İclas hələ başlanmamışdı. Oturanların bəzisinə şərbət, bəzilərinə isə sulu qəlyan verilmişdi. Vali Azərbaycana gələn gündən Xiyabani və onun yoldaşları ilə hörmətlə dolanmağa çalışır, onların hər vasitə ilə rəğbətini qazanmağa səy edirdi. Xiyabani bu cəhəti yaxşı hiss etmişdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info