Qonaq Kitabı
IV Hissə

IV hissə

1.

         Xoy darvazasından şəhərə bir fayton daxil oldu. Atların boğazından asılan zınqırovlar səslənirdi. Faytonun içində oturan qalın kürk geymiş eynəkli kişi general Dinstreveylin sağ əli sərhəng Smit idi. O, yerli asoriləri başdan çıxarıb silahlandırmaq və silahsız azərbaycanlıların üstünə göndərmək üçün asorilərin ruhani rəhbəri Marşimondan fitvanamə gətirmişdi. Fitvanamə asori cavanlarını yerindən oynatdı. Ruhaninin sözü onlar üçün dəyişilməz qanun idi. Urmuda yaşayan daşnaklar da onlara qoşuldular.

         Şəhərdə dəhşətli vahimə hökm sürməyə başladı. Marşimonun qoşunlarının Suriya və İraqdan İrana keçərək, Urmuya doğru hərəkət etməsi xəbəri şəhər əhalisini tamam sarsıtmışdı.

         Əvvəlcə varlılar qaçmağa başladılar. Sabaha ümidi olmayan, çörəksiz adamlar başlarını itirmişdilər. Şəhərin qayğısına qalan bircə nəfər də yox idi.

         İkinci bəla Quşçu gədiyində yaranmışdı. Ismayıl ağa Simitkonun adamları Quşçu gədiyini kəsdirib, gəlib-gedəni soyurdular. Polkovnik Smitin yaratdığı dəstələr hələ asorilər gəlməmişdən talançılığa, adamları qırıb-öldürməyə başlamışdı. Onlar silah axtarmaq bəhanəsilə obalara, evlərə soxulurdular. Küçələrdə insan cəsədləri iylənirdi. Dəhşətli ölüm hamını lərzəyə salmışdı.

         Altı mindən çox silahsız adam qırılandan sonra qətl-qarət dayandırıldı.

         Amerikadan gəlmə katolik keşişi asorilərin təbliğatçısı idi. Marşimon Urmuya gəlirdi. Onun cəlal və əzəmətini nümayiş etdirmək üçün camaat zorla yol üstünə çıxarılmışdı. Marşimon ağ ərəb atına minmiş, çiynindən iri cavahirnişan qılınc asmışdı. Başında fəs vardı. Yolların tozu onun qara saqqalını bozartmışdı. O, iri gözlərilə yolun o tərəf-bu tərəfində düzülən camaata baxırdı. Üzərindən qara parça salınmış yüzə kimi atlı qabaqda, mindən çox atlı isə onun ardınca gəlir, asori dilində nəsə oxuyurdular. Suvarilərdən sonra gələn faytonda qırx-qırx beş yaşında bir qadın oturmuşdu. O, Marşimonun dul bacısı idi. Başına qara ipək parçadan yarımçadra salsa da, üzünü örtməmişdi. O da sağa-sola baxır, başı ilə pişvaza çıxanları salamlayırdı.

         Marşimon üçün Urmunun ən gözəl binasını hazırlamışdılar.

         Fatehlər şəhərə daxil olan kimi evlərə getdilər. Bir az sonra divarlara belə elanlar yapışdırıldı:

“Asori dövlətini bərpa edən müqəddəs Marşimon yerli əhaliyə aman verir, haqsızlıq edənləri cəzalandıracağına and içir!”

 

         Amma şəhərdə talan dayanmamışdı.

         Gecəyarıdan keçmişdi. Qarovulun dəyişilməyinə az qalırdı. Həyətdən çıxan adam buraya bir xarici zabitin gələcəyini xəbər verib, onu hörmətlə içəri buraxmalarını tapşırdı. Doğrudan da, az keçmədi ki, iki nəfər asori ilə bərabər bir ingilis zabiti qapıda faytondan düşdü. Urmu şəhərinin müvəqqəti sahibi dəhliz qapısında onu qarşıladı. Onlar əl verdilər. Gələn polkovnik Smit idi. Əlini buraxmamış Marşimon dedi:

         – Dağ-dağa qovuşmaz, adam-adama qovuşar!.. Habbaniyyədə ayrıldığımız zaman sizinlə yenidən görüşəcəyimizi güman etməzdim.

         Zabit ağır-ağır bildirdi:

         – Mən görüşəcəyimizə, həm də belə bir şəraitdə görüşəcəyimizə tamamilə əmin idim. Əsil görüşlər bundan sonra olacaqdır.

         Evə keçdilər.

         – Daşnaq qoşunlarının geri qayıtması mənim heç xoşuma gəlmədi, – Marşimon zabitin bu barədə fikrini bilmək istədi.

         – Onlar bir ovuc osmanlı əsgərinin qabağından qaçdılar. Necə deyərlər, zərər özlərinə oldu. Indi sizin Xoya getməyinizə mane olan İsmayıl ağa Smitkodur. Sən on dəfə ondan qüvvətlisən. Onu aradan götürə bilsən, qalır təkcə Təbriz demokratları, – deyə ingilis zabiti arxayın-arxayın danışdı.

         – Deyirlər, İsmayıl ağa çox tamahkar adamdır. Ona bir az pul versək, görən bizimlə Təbrizə gedərmi?

         Sərhəng Smit gözlərini qıyıb neçə gündən bəri təmizlənməyən çəkmələrinə baxa-baxa fikrə getdi. Haçandan-haçana başını qaldırıb dedi:

         – Onunla bir məclisdə oturub danışın... Ona bir neçə kənd istəsə, peşkəş edin, təklifinizi qəbul etsə, böyük müvəffəqiyyət olar.

         – Birdən pul istəsə?

         – Bu lap yaxşı, sizin amerikalı dostlarınınz səxavətlidir, belə şeyə pul xərcləməyə həmişə hazırdırlar.

         – Sizdən əvvəl keşiş Abe Tomson buraya gəlmişdi. Pul məsələsini ona da eşitdirdim.

         – Bəs nə dedi?

         – Pulsuzluqdan şikayətləndi.

         – Qələt eləyir. Keşiş nə qanır belə haqq-hesabları?! Siz konsula müraciət edin! Bağdaddakı danışıqlara görə, işlər başa çatdırılana kimi maliyyə məsələlərinə ancaq onlar, silah məsələsinə isə fransızlar cavabdehdirlər, asori dəstələrinin də təşkili bizə aiddir. Xahiş eləyirəm, siz onlara güzəştə getməyin. Smitko puldan başqa, bəlkə silah da istədi, nə eybi var, alın, verin!

         Marşimonun gözləri güldü.

         Xeyli götür-qoydan sonra onlar İsmayıl ağanın yanına nümayəndə göndərməyi qərara aldılar. Polkovnik Smit xəbərsiz gəldiyi kimi, xəbərsiz də çıxıb getdi. Marşimon tək qaldı. Iki böyük dövlətdən birinin silah anbarı, digərinin isə xəzinəsi üzünə açılmışdı. Çatışmayan yalnız canlı qüvvə idi. “Kürdləri öz tərəfimə çəkə bilsəm, böyük Asori dövləti yaranar!..” – deyə o, nəşə ilə gərnəşdi.

         İsmayıl ağa Simitko Səlmas rayonunda yaşayan Şəkkak tayfasının başçısı idi. Onun yaşı otuz beşdən artıq olmazdı. Orta boyu, arıq bədəni vardı. Sol əlinin bir barmağı çatmırdı; Urmu xanları ilə bağda, qonaqlıqda olarkən barmağını ilan sancmış, o da dərhal xəncərlə barmağını kəsmiş, sonra da ilanı öldürmüşdü. Xan onun bu cəsarətinə heyran qalmışdı.

         Qartal sərt qayalarda yuva salan kimi, o da Cəhriq qalasında məskən salmışdı. Həddindən artıq tamahkar, qan tökməyə həris, sözünün üstündə duran bir adamdır. Ismayıl ağa başqa kürd tayfaları, İran və osmanlı dövlətləri ilə vuruşmaq üçün başına iki minə yaxın adam toplaya bilmişdi. Onun yaşadığı bina iki mərtəbəli idi. Yuxarı mərtəbədə üç böyük otaq vardı. Birinci otaqda divanxana yerləşirdi. Ikinci əldərun idi. Üçüncü otaqda onun arvadları, qızları və oğlu yaşayırdı.

         İsmayıl ağanın Teymur adlı bir mirzəsi vardı. İsmayıl ağa ona çox inanırdı. Teymur çox sədaqətli, işgüzar, ağanın mal-dövlətinə can yandırandı, həm də qoşunun böyüyü idi. Ağanın divanxanası onun ixtiyarına verilmişdi. Qarma-qarışıq günlərdə İsmayıl ağa çox ehtiyatlı tərpənir, lazım olan yerlərə postlar, qarovullar qoyub, Urmu xəbərləri ilə maraqlanırdı. O, divanxana həyətindən çıxanda Həkim ağa ilə Şuşaniki onun yanına gətirdilər. Ismayıl ağa əvvəlcə onları gətirən adamlara qəzəblənib, kürd dilində dedi:

         – Çox qanmaz heyvansınız! Yüz kərə sizə tapşırmışam ki, dəyərəli bir şeyləri varsa, alın, özlərini buraxın getsinlər.

         Həkim ağanı gətirən kürdlərdən biri baş əydi:

         – Bunların heç nəyi yox idi.

         – Bəs bura niyə gətirmisiniz?

         – Bu dərviş düz adama oxşamır, ağa! Dindirirsən, söz demir. Bu qız da onun kimi. Ikisi də casusa oxşayır!

         Ismayıl ağanın qaşları çatıldı. Həkim ağaya baxaraq qışqırdı:

         – Sən kimsən? Nəçisən? Haradan gəlib-haraya gedirsən?

         – Mən insanam! Vəhşi insanların əlindən qaçıb, həlim insanların yanına gedirəm.

         Söz İsmayıl ağanı tutdu. Bir xeyli susdu:

         – Bu qız kimdir?

         – Qızımdır!

         – Bəs arvadın-uşağın?

         – Bir qızım vardı, indi də bir qızım var. Qalanlarını bilmirəm necə olub.

         Ismayıl ağa nəsə demək istədi. Teymur xanın sözə qarışması onu dayandırdı:

         – Yəqin ki, ailəsini asorilər qırıb. Başına hava gəlibdir.

         Ismayıl ağa bir az fikrə gedəndən sonra:

         – Aparın, Həsoya təhvil verin, saxlasın! – dedi. – Sonra danışdırram.

         – Gedək, qızım, indi də bu divanənin həbsxanasına...

         Onları Simitkonun müvəqqəti həbsxanasındakı kiçik bir otağa saldılar. Ağlamaqdan gözlərinin yaşı qurumayan Şuşanik Həkim ağaya yaman isnişmişdi. O, ən xoş dəqiqələrində belə dizlərini qucaqlayıb, keçmişini və əzizlərini acı-acı xatırlayırdı.

         Havaların soyuduğunu görən Həkim ağa İraq tərəfini tutub gedir. Şuşanik də kölgə kimi onun arxasınca sürünürdü. Havalar soyuduqca Həkim ağa çox gözəl bilirdi ki, daha dağda, daşda yaşamaq əzablı olacaq. Istər-istəməz onun könlündən yenidən insanlara qaynayıb-qarışmaq keçirdi. Buna görə də qışı Urmu şəhərində keçirməyi qərara aldı. Onlar Urmu şəhərinə gələndə şəhər boşalırdı. Əhali qaçmağa başlamışdı. Bu zaman Həkim ağa ilə Şuşanik şəhərin darvazasına çatdılar. Adətən kiçik bir taqqıltını güllə səsi zənn edib, qorxu-hürküyə düşən Şuşanik indi şəhərdə gedən atışmadan dəhşətə gəldi.

         – Nə üçün dayandın, qızım? Yorulmusan? Budur, nəhayət, çatdıq!

         Qız ürkək bir hərəkətlə qocaya qısıldı:

         – Eşitmirsən?

         – Nəyi, qızım?

         – Yenə də qırhaqırdır.

         Həkim ağa dayanıb qulaq verdi: dalbadal bir neçə güllə atıldı. Qaçan adamlardan biri Həkim ağanın qolundan tutub silkələdi:

         – A kişi, hara gedirsən? Bu yazıq qızı haraya aparırsan? Məgər güllə səsini eşitmirsən?

         – Nə olub ki?

         – Nə olacaq? Asorilər şəhərə dolub, camaatı qırırlar. 

         Həkim ağa elə bil yatmışdı, ayıldı, başını mənalı bir tərzdə tərpətdi, acı-acı gülümsədi.

– Qayıt, qızım, qayıt! Insanlar qudurub, qayıt...

Onlar dərhal geri döndülər. Gecəni yolüstü kəndlərin birində keçirdilər. Səhər Quşcu gədiyindən aşmaq istəyəndə onları tutub Ismayıl ağanın yanına gətirmişdilər.

2.

Rəşid ömründə Maku və Xoydan başqa şəhər görməmişdi. Təbriz ona böyük, həm də çox gözəl göründü. Mahmudla bir yerdə yaşamaq, Xiyabani və onun yaxın yoldaşları ilə tez-tez görüşmək onun qarşısında yeni dünya, yeni aləm açırdı. “Təcəddüd” həyətindəki mitinqlərə qulaq asmaq onun üçün hər şeyə dəyərdi.

Komitənin iclası axşam qurtardı. Evdə Rəşid komitə üzvləri haqqında fikirlərini Mahmuda bildirdi:

– O Sərhəngzadənin gözləri tiryəkçi kimi xumarlanırdı. Ikiüzlü adama oxşayır. Badamçının balaca, arıq bədənində dağ boyda ürək gizlənib. Belə adamın yolunda candan keçmək olar. Di gəl ki, jandarm rəisi Seyid Hüseyn necə adamdır – başa düşə bilmədim. Səsi qadın səsi kimidir. Yanaqlarına elə bil ənlik-kirşan sürtüb. Bu cür qadın xasiyyətli adamlar mənfəətpərəst, şöhrətpərəst olarlar.

Mahmud bir söz deməyib xeyli güldü.

...Mahmud bu gün evə Rəşiddən tez gəlmişdi. Qulluqçu qadın süfrəni döşəmişdi. Nahar eləyib, harayasa gedəcəkdi. Otaqda gəzinir, Rəşidi gözləyirdi.

Rəşid Təbrizə yetişəndən sonra qızı ən əvvəl erməni məhəlləsində, xəlifəlikdə, amerikanların “Xeyriyyə” idarələrində axtardı. Ona elə gəlirdi ki, Şuşaniki ölümdən qurtaran adam hər kimsə qızı öz ayağına bidar etməyəcək, bir nəfərə verəcəkdir. Nəzmiyyə idarəsində ona dedilər:

– Siz dərvişlərin mürşidini tapın. Bəlkə onlar sizə kömək edə bildilər. Bizim əlimizə Şuşanik adlı qız düşməyib.

Mürşüdün yerini öyrənmək üçün o, dərvişlərin toplaşdığı çayxananı soraqlaşa-soraqlaşa axtarıb tapdı. Çayxanada təkcə bir dərviş vardı. Dörd nəfər səkidə oturub qəlyanlarını tüstülədir, şirin-şirin söhbət edirdi. Çayçı şagirdi sinidə yeddi-səkkiz stəkanı dükanlara aparırdı. Başına güllü araxçın qoyan arıq kişi samovarı qurdalaya-qurdalaya mızıldayırdı:

                   “Araxçının haşimi,

                   Hara qoyum başımı?..”

Çubuq çəkən kişilərin yanındakı oğlan kimdisə dizlərini qucaqlayıb fikrə getmişdi. Qara kəşkülü vardı. Üzərində yazılmış “Ya Əli, mədəd!” sözü uzaqdan oxunurdu. Ülgüc və qayçı dəyməyən saqqalı, başına qoyduğu mövləvisi onun dərviş olduğunu sübut edirdi. Rəşid gəlib onun yanında oturdu. Çayçı şagirdi çay gətirdi. Rəşid dedi:

– Birini də ağa dərviş üçün gətir” – Dərvişin üzündə razılığa bənzər ifadə göründü. Rəşid ona salam verdi: Gül mövlaya eşq olsun![1]

Dərviş başı ilə salamı aldı.

– Gül mövla, mənə bu şəhərin mürşüdü lazımdır. Onu harada görə bilərəm?

Dərviş çay stəkanını kənara itələdi:

– Bilmirəm.

– Bəlkə mənim dərdimi siz həll edəsiniz? Həkim ağa deyilən bir qoca dərviş var, onu axtarıram.

Rəşid bu sözləri elə bil ki, daşa deyirdi. Dərvişdən yenə səs çıxmadı. Bunu uzaqdan seyr eləyən çayçı yaxına gəlib dedi:

– Siz nə soruşsanız, bu elə bu cür durub baxacaqdır. Bir həftədir, buradadır, onun danışığını eşidən olmayıb.

Rəşid təəccübləndi:

– Bəlkə laldır?

– Lal olsa, “Əli, Əli” deyə-deyə dolanmaz.

– Bəlkə siz dərvişlərin mürşüdünün yerini mənə deyəsiniz?

– Mürşüdlə nə işin var?

– Dərviş Həkim ağa var, mürşüddən onu soruşacağam.

– Qocadır, cavandır? Hansı təriqətdəndir? Nə nişandadır? Bu şəhərə gələnlərin hamısı bizim çayxanaya gəlir. Amma eləsi var ki, heç mürşüd-zad tanımır. Biri bu özü!

Rəşid Həkim ağanın nişanələrini dedi. Onun yanında bir qızın olduğunu da əlavə etdi.

– Bildim, bildim. O, Təbrizə gəlməyib. Onu Urmu yolunda görüblər...

3.

         Mahmud otaqda var-gəl edəndən sonra təzəcə süfrə başında oturmuşdu ki, Rəşid gəlib çıxdı. Onun əhvalı çox pərişan idi. Asorilərin Urmuda törətdiyi vəhşiliklərin sorağı Tərbizə də çatmışdı. Urmu qaçqınları demokratlar üçün böyük əngəl törətmişdilər. Demokratların əsas işi ancaq ölkədə yaranan qıtlığın qarşısını almaq, jandarmların xərci üçün maliyyə işlərini düzəltmək, Vüsuqüddövlə hökumətinin yaratdığı yeni-yeni maneələrə, törətdiyi fitnələrə qarşı mübarizə etmək olmuşdu.

Rəşidi görcək dedi:

– Bir az da gec gəlsəydin, nahardan əlin çıxmışdı. Gəl, otur. Ovqatın niyə təlxdir?

– O qədər də təlx deyil. – Rəşid özünü şən göstərmək istədisə də, bacarmadı. Həkim ağa ilə Şuşanikin Urmuya getdiklərini söylədi. Sabah Səlmas yolu ilə Urmuya gedəcəyini bildirdi.

– Dəli-divanə olubsan, nədir? Dünyayi-aləm oradan qaçır. Sən ora getmək istəyirsən?

 – Bəli.

Mahmud onu fikrindən döndərmək üçün bütün sözlərini deyib qurtardı.

Rəşid qətiyyətlə deyəndə ki, “Mən getməliyəm!” Mahmud yumşaldı.

– Gedirsənsə get, Allah yaxşı yol versin. Amma sən bunu bilməlisən ki, firqə ilə razılaşmalısan.

– Təvəqqe edirəm, sən mənə kömək elə. Bəlkə o tərəfdə mənə görə işləri də oldu, can-başla yerinə yetirərəm.

Nəsihətin yersiz olduğunu görən Mahmud:

– Yaxşı. Mən bu axşam ağayi Xiyabani ilə görüşüb danışaram.

Axşamdan xeyli keçmişdi. Hər tərəf qaranlığa qərq olmuşdu. Küçələrdə yanan iri çıraqlar ulduz boyda görünürdü. Ətrafdakı sükutu yeknəsəq səslər pozurdu. Bazar qərəfdə ara-sıra keşikçilərin çığırtısı eşidilirdi. Hərdənbir ötüb keçən fayton atlarının küçə daşlarına dəyən nalından qığılcımlar qopurdu. Yəxçal dərbəndindən çıxan fayton “Təcəddüd” idarəsinə tərəf irəliləyirdi.

Mahmud faytondan düşüb Balaxıya sarı getdi. Pillələrdə və dəhlizdəki silahlı fədailərə tapşırıq verilirdi. O, otağa daxil olanda Xiyabani və Badamçı kiçik mizin başında oturub Urmuda yaranmış vəziyyətdən danışırdılar.

Mahmud Səttar xan dövrünün qoçaq fədai başçılarından olub, xüsusilə Tehranın alınmasında böyük xidmət göstərmişdi. Türkiyə inqilabında iştirak etmək məqsədilə azadxahların çoxusu oraya getsələr də, Mahmud Tehranda sərdarın yanında qalmışdı.

Xiyabani onu Azərbaycan nəzmiyyə rəisi vəzifəsində işləmək üçün Təbrizə dəvət etmişdi. Lakin hələlik o, nəzmiyyəni təhvil almamışdı. Buna baxmayaraq Xiyabani hər zaman onun fikrilə hesablaşırdı. Urmu hadisəsi ciddi bir mərhələyə gəlib çatmışdı. Ingilislərin çəkdiyi bu plan baş tutsa, bütün Iran Azərbaycanı məhv olub gedəcəkdi. Ərbablar buğdanı anbarlarda gizlədirdilər. Buğda yalnız xaricilərə satılırdı.

Aclıq urmuluları Təbrizə qovurdu.

Mahmul yerində oturcaq dedi:

– Bizim makulu Təbrizdən getmək istəyir.

Xiyabani sevindi:

– Ona deyin iki gün gözləsin, Makuya və Xoya məktublarımız olacaq.

– O, Urmuya getmək istəyir.

Şeyxlə Badamçı təəccüblə bir-birlərinə baxdılar.

Ikisi də birdən soruşdu:

– Urmuya getmək istəyir?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info