Qonaq Kitabı
NADİR ŞAH

F ə r r a ş. Qibleyi-aləm sağ olsun! Dedilər bir şey unudublar, getdilər gətirsinlər.

N a d i r  ş a h. Görükür, biçarə oğluma bir şey bəxşiş etmək istəyirlər. Yaxşı, qapıları bağla, hərgah gəlsələr, ayrı otağa dəvət et.

 

Fərraş çıxır.

 

N a d i r  ş a h. Biçarə övrət qan ağlayır. Ağlamasın nə eləsin.... Of!! Of!! Fələk! (Taxta uzanıb yuxuya gedir. Birdən qorxub durur) Allahu-əkbər! (Ətrafına baxır) Kimsən? Hə? (Oturmuş) Pərvərdigara! Nə istəyirlər məndən, bir yolluq öldürəcəklər, öldürsünlər. (Gözünə adam görünür) Gəlmə, gəlmə, yoxsa.... (Ətrafına baxır) Heç kəs yoxdur, Allahu-əkbər! (Yenə gözünə görünür) Gəlmə yavuq, səni and verirəm bizi yaradana! (Diqqətlə baxır) Vay! Oğlumdur, oğlumdur, gəlibdir məndən xeyir-dua almağa. Əlləri ilə məni gəzir. Gəlmə, üzünə baxa bilmirəm.... Yox, gəlir ... gəlir.... (Üzünü əli ilə tutub taxta yıxılır).

 

Bu vaxt Ələşrəf bəy, Musa bəy, Saleh bəy yavaş-yavaş evə daxil olurlar, istəyirlər Nadir şahı vursunlar. 

 

ALTINCI GƏLİŞ

 

M u s a  b ə y. Yaxşı əlimizə düşübsən.

 

Nadir şah birdən ayılıb dili tutulur və sonra üstlərinə yüyürüb Musa bəyi, Ələşrəf bəyi bir yumruğa yıxır. Saleh bəy xəncərlə daldan vurur, qaçırlar. Nadir şah yıxılır.

 

N a d i r  ş a h (yavaş-yavaş yıxılır). Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kəsə pisliketməmişəm. Hər kəsə də yamanlıq etmişəm, ümumi xeyri nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı vətənin və millətin yolunda sərf ... etmişəm.... Oğlumun gözlərini vətənə qurban etmişəm. (Ağlayır, yavaş-yavaş yıxılır) Biçarə anasını axirətədək gözü yaşlı qoymuşam.... Pərvərdigara! Özün kömək et bu başsız millətə! Ya rəbbim! Bir neçə dəqiqə canımı alma, tainki oğlumu görəm... 

 

YEDDİNCİ GƏLİŞ

 

Gülcahan Rzaqulu xanın əlindən tutub.

 

G ü l c a h a n. Oğlum! Atan səndən xəcalət çəkir. İndi yatır, bax oğlum! (Nadir şaha tərəf baxmır) Şan-şövkətdən məhrum olan oğlum! (Ağlayır) N a d i r (bunları görüb dizi üstə bunlara tərəf sürünür). Ah, bədbəxt oğlum! Atan dizi üstə səndən təvəqqe edir, əfv et, oğlum! Bağışla oğlum, şah babanı bağışla! (Ölür).

 

Rzaqulu xan əlləri ilə gəzir.

 

G ü l c a h a n. Ah!.... (Qəşş edib Nadirin üstə yıxılır).

 

Pərdə

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info