Qonaq Kitabı
NADİR ŞAH

M i r z ə  M e h d i  x a n. Bəli, qibleyi-aləm! Fikriniz gözəl bir fikirdir.

N a d i r  ş a h. Üçüncü fikrim: mollaların ixtiyarlarını azaltmaq.... Hesab etmişəm, bir ildə məscidlərdən yeddi milyon manat mənfəət alınır. Heç bilirsən kimlər məsrəf edirlər?

M i r z ə  M e h d i  x a n. Xeyr, qibleyi-aləm!

N a d i r  ş a h. Mollalar və axundlar! Bu pul gərəkdir dövlətin xəzinəsinə yığılsın, zira ki, xəzinədə pul olmasa qoşun saxlamaq olmaz, qoşun olmazsa vətən saxlamaq olmaz. Vətən gedərsə məscid də olmaz və bəlkə din də əldən gedər.

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Bəs mollalar nə ilə dolanacaq etsinlər?

N a d i r  ş a h. Əvvəla, bu qanundan sonra hər bir tənbəl mollalığa qaçmaz. İkinci, mollalığa layiq olan şəxslərə, dinə rəvac verən üləmalara, islamın qeyrətini çəkən axundlara məvacib təyin edəcəyəm.... Əsil mətləb budur ki, mollanı öz ixtiyarına qoymamaq. Bir dövlət ki, mollalar ixtiyarında yaşadı, ol dövlətdə tərəqqi olmaz.... Çünki bir neçə səbəblərə görə molla qismi həmişə çalışar ki, xalq qaranlıqda yaşasın.... Daha doğrusu, dövlətə dair qanunları bilmərrə ruhanilərdən almaq gərəkdir.... (Fikir) Dördüncü fikrim budur: gərəkdir mənim padşahlığımda fəqir və sail tapılmaya, məgərinki əlsizayaqsızlardan başqa. Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmağına ehtimal var.... Xülasə, bu minval başımda çox fikirlər var.... (Fikrə gedir) Ümidvaram ki, bunlar hamısı düzələ.... Bu gün Rza xanı gözlüyürəm axunddan cavab gətirsin, gərək ki, gələn odur.

 

Rza xan daxil olur.

 

İKİNCİ GƏLİŞ

 

N a d i r  ş a h. Rza xan! Necə oldu?

R z a  x a n. Qibleyi-aləm, fikrinizin hamısını bəyan etdim, lakin....

N a d i r  ş a h (acıqlı). Necə lakin? Hə, de görüm!

R z a  x a n. Qibleyi-aləmin gözəl fikirləri axunda xoş gəlmədi....

N a d i r  ş a h. Xoş gəlmədi? Mən istəmirəm özünü buraya çağırtdırım, tainki mənim yanımda qorxusundan bəli deyib, gedəndə yenə öz bildiyini edə. İndi ki, belə oldu (ağacı yerə vurur), bu saat de görüm, nə üçün xoş gəlməyir?

R z a  x a n. Qibleyi-aləm! Deyir mən əvamünnasdan qorxuram, bir söz bu barədə danışsam, evimi qarət edərlər.

N a d i r  ş a h. Ay biçarə, canından qorxmur, evindən qorxur. İndi ki, belə oldu (hirsli), bu saat gedib buyruq verərsən başını kəssinlər. Dinə rəxnə olan mollaların pərəstarı olan Süleyman xanı həbsə salsınlar.... (Hirslənib ayağa durur, hirsindən danışa bilmir, ağacı yerə vurur) Durma, bu saat padşah buyuruğuna əməl et.... (Rza xan çıxır) Mirzə, bu saat sultana kağız yaz ki, mən xahiş edirəm ümum xeyirdən ötəri iki məzhəb birləşə, eşitdin? (Ağacı yerə vurur) Mən göstərərəm o məlun müftəxorlara.

M i r z ə  M e h d I  x a n. Bəçeşm! (Nadir şah çıxır) Bəli, az düşmən vardı, indi də mollalar. Bunların qabağında dayanmaqmı olar? Bundan müqəddəm genə məndən söz eşidərdi, amma indi artıq söz danışmaq olmayır. İnsafən, başındakı fikirlər nə gözəl fikirlərdir, nə gözəl qanunlardır! Bunlar hamısı dinpərəst və millətpərəstlik nişanəsidir, amma heyfa, anlamayırlar.

 

Cəfər xan içəri daxil olur.

 

ÜÇÜNCÜ GƏLİŞ

 

C ə f ə r  x a n. Mirzə Mehdi xan! Bu nə əhvalatdır? Deyirlər şah buyruq veribdir Molla Əli Əkbərin boynunu vursunlar.

M i r z ə  M e h d I  x a n. Bəli, xan, doğrudur.

C ə f ə r  x a n. Səbəb?

M i r z ə  M e h d i  x a n. Bir neçə sifariş göndərmişdi, əməl etmək istəməyir.

C ə f ə r  x a n. Necə? Nə sifariş?

M i r z ə  M e h d i  x a n. Rza xandan sual ediniz, sizə hamısını nəql edər. Çünki işin içində odur.

C ə f ə r  x a n. Bu iş yaxşı olmadı. Mollaları özünə gərək düşmən etməyə idi.... (Fikir).

M i r z ə  M e h d i  x a n. Fikir edirsən, görürsən haqq deyir. Bunun sözü budur  i, dinə rəxnə salmasınlar. Bunun çalışdığı odur ki, islam qüvvətlənsin, millət ayılsın, vətən tərəqqi etsin. Nə etməli? Bu bir tərəfdən işi düzəldirsə, xanlardan bir neçəsi pozur. Məsələn, buyruq veribdir ki, Süleyman xanı həbsə salsınlar. Çünki bir neçə müftəxorları padşahın üzünə durquzur.

C ə f ə r  x a n. Allahu-əkbər! Nə yaman iş oldu. Tərs kimi də bu gün şikara çağırıbdır, gərək gedək. Bunun bu halətində şikara gedərsən, gərək hər qədəminə diqqət edəsən. Allah elə edəydi ki, şikara getməyə idi.

M i r z ə  M e h d i  x a n. Olsun ki, bu gün şikara getməyə, çünki ovqatı nəhayətdə təlxdir.

C ə f ə r  x a n. Xeyr, necə ovqatı təlx olmuş olsa, dediyi söz fikrindən çıxmaz. Yaxşısı budur ki, mən gedim, bəlkə məni görməsə şikar fikrinə düşməyə. (İstəyir çıxsın, Nadir şah rast gəlir).

 

DÖRDÜNCÜ GƏLİŞ

 

N a d i r  ş a h. Cəfər, hara gedirsən?

C ə f ə r  x a n (qorxa-qorxa). Heç, qibleyi-aləm.

N a d i r  ş a h (hirsli). Necə ki, heç? Hara gedirdin?

C ə f ə r  x a n. İstədim fərraşdan xəbər alam qibleyi-aləm bu gün şikara təşrif aparacaqdır, ya yox?

N a d i r  ş a h. Əlbəttə! Əlbəttə! (Mirzə Mehdi xana) De, hazırlaşsınlar. (Mirzə Mehdi xan çıxır. Cəfər xana) Bu gün şikar gərək yaxşı olsun.

C ə f ə r  x a n. Bəli, qibleyi-aləm!

N a d i r  ş a h. Səbəb?

C ə f ə r  x a n. Qibleyi-aləm buyurur.

N a d i r  ş a h (rişxənd). Qibleyi-aləm buyurur! Hər işdə mən dediyimə qulaq assanız çox yaxşı olardı, Məsələn, Süleyman xana kərratla demişəm ki, sən dövlətə qulluq etməkdənsə, gedib bir para adamlar ilə əbəs yerə vaxtını keçirirsən. Xeyr, mənim dediyim sözlər havaya gedir. Zərər yoxdur, indi bəlkə düşünə. (Acıqlı).

 

BEŞİNCİ GƏLİŞ

 

Mirzə Mehdi xan gəlir.

 

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm sağ olsun! Şikara hazırdırlar.

N a d i r  ş a h. Gedək. (Mirzə Mehdi xana) Mirzə! Sən işində ol. Dediyim məktubu yazarsan. (Nadir şah və Cəfər xan çıxırlar).

M i r z ə  M e h d i  x a n (tək). Lazımdır məktubu bu saat qurtaram, qəribə insandır! Başı necə qarışıq, fikri necə dağınıq olsa da, genə dediyi söz fikrindən çıxmır. (Yazır və hərdənbir qələmi saxlayıb fikrə gedir) İşlərin belə qarışıq vaxtında çox müşküldür ki, bu başa gələ. Görək allah nə istəyibdir. (Yazır) İki məzhəbin birləşməyi həqiqət gözəl, yaxşı bir fikirdir. Çünki ədavət bilmərrə ortalıqdan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. (Yazır) Mollalara məvacib kəsmək də mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağlagəlməyən şeyləri və aşkara millətin, vətənin, dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər. (Yazır) O gün mənə deyir ki, Mirzə! Sən elə bilmə ki, mən ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət mən düşmənəm.... Bunlar zahirdə dinpərəst, batində dini tar-mar edirlər. (Fikrə gedib yazır) Bəli, fikir etdikcə görürsən insafən ağıllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur....

 

ALTINCI GƏLİŞ

 

Məhəmməd xan tələsmiş içəri daxil olur.

 

M ə h ə m m ə d  x a n. Mirzə Mehdi xan! Bu nə əhvalatdır? Deyirlər şah şikara gedərkən atıblar.

M i r z ə  M e h d I  x a n (əlindən qələmi salıb durur). Nə buyurursunuz xan? Elə şey ola bilməz. İndi bu saat getdilər.

M ə h ə m m ə d  x a n. Bəli, indi bu saat şəhərə qovğa düşübdür. Hətta deyirlər.... (Fikir).

M i r z ə  M e h d I  x a n. Hə.... Nə deyirlər? Yoxsa vəfat edibdir? Hə?

M ə h ə m m ə d  x a n. Bəli, bir elə şey danışırlar.

M i r z ə  M e h d I  x a n. Vay! Vay! İranın gülü soldu, günü batdı, bəxti qaraldı. (Bilmir nə etsin).

M ə h ə m m ə d  x a n. Xan! Özünüzü əbəs yerə həlak etməyiniz. Bəlkə də bu xəbərin əsli olmasın, amma onu yəqin bilirdim ki, bu iş yavuqda olacaqdır....

M i r z ə  M e h d I  x a n (hirsli baxır). A! Bəs görükür siz bilirdiniz....

 

Bu vaxt bayırda qilu-qal düşür. Nadiri qolundan tutub gətirirlər. Məhəmməd xan qeyri qapıdan çıxır. 

 

YEDDİNCİ GƏLİŞ

 

Nadir şah, Rza xan, Cəfər xan, Rzaqulu xan, Mirzə Mehdi xan. Nadirin bir qolu yaralı, səndəlin üstə əyləşdirirlər.

 

N a d i r  ş a h. O bədbəxt atanı heç kəs görmədi?

C ə f ə r  x a n. Qibleyi-aləm! Vəliəhd meşəyə buyurmuşdu, ancaq bir əsər tapmayıbdır.

N a d i r  ş a h. Çağırın!

R z a  x a n. Qibleyi-aləm! Burdadır! (Rzaqulu xan əllərini döşunə qoyub Nadirin qabağında durur.)

N a d i r  ş a h (diqqətlə baxır). Oğul! Bir əsər tapmadın? Bir insan görmədin?

R z a q u l u  x a n. Xeyr, şah baba!

N a d i r  ş a h. Çox təəccüb! Bu saat gərəkdir o bədbəxti tapasınız. (Hirsli xanlara baxır) Durmayın!

 

Rza xan, Cəfər xan və Rzaqulu xan çıxırlar. Mirzə Mehdi xan mat durur.

 

N a d i r  ş a h (Mirzə Mehdi xana). Mirzə! Görürsən mənimlə nə tövr rəftar edirlər?

M i r z ə  M e h d i  x a n. Görürəm, qibleyi-aləm! Görürəm. Sizdən sonra İranın halını nəzərimə gətirirəm....

N a d i r  ş a h. Yaxşı ki, atan bədbəxt rəhmliymiş. Güllə ancaq qolumdan dəyibdir.

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Allah-taalanın İrana rəhmi varmış....

N a d i r  ş a h. Hərgah bu üç nəfər tapmasa, yəqin ki, bu fitnə bunların tədbiridir.

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Onların üçüncüsü vəliəhddir.

N a d i r  ş a h. Ah, Mirzə! Bu dünyada heç kəsə inanmaq olmaz. (Fikir) Oğluma da mənim gümanım var. Çünki bir ay bundan müqəddəm bir neçə söz qulağıma yetişibdir.

M i r z ə  M e h d I  x a n. Qibleyi-aləm! Sizin təşrifinizdən bir az müqəddəm Məhəmməd xan burada idi. Onun sözlərindən məlum oldu ki, bu işdən xəbəri var.

N a d i r  ş a h. Məhəmməd xan? Hə, hə ... çağırt bu saat. (Mirzə Mehdi çıxır) Bəli ... hər bir padşah iki düşməndən xilas deyil: vətən, millət qeyrəti çəkməyən, gününü eyş-işrətdə keçirib milləti daima zülmlərə düçar edən padşah əcəlini millətdən gözləsin.... Millətin və dövlətin tərəqqisinə çalışan, bu yolda təzə qanunlar qoyan, vətənini zülmdən xilas etmək istəyən padşah əvvəlinci gülləni öz müqərrib adamlarından gözləsin.... Mənim yəqinimdir ki, bu güllə millət gülləsi deyildir!... 

 

SƏKKİZİNCİ GƏLİŞ

 

M i r z ə  M e h d I  x a n. Qibleyi-aləm sağ olsun, göndərdim çağırsınlar.

N a d i r  ş a h. Bəs nə deyirdi Məhəmməd?

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Çox üstüörtülü danışırdı. Ancaq bunu anladım ki, bu işdən onun xəbəri var.

N a d i r  ş a h. Çox əcəb! Bəs görükür onunçun şikara getməyibdir.

 

Məhəmməd xan varid olur. 

 

DOQQUZUNCU GƏLİŞ

 

M ə h ə m m ə d  x a n (Nadir şahın qabağında durur). Qibleyi-aləm! Bu nə bədbəxtlikdir üz veribdir?

N a d i r  ş a h (rişxəndlə). Bəli, belə gərək olaymış.... Nə üçün bəs sən şikara mənimlə getmədin?

M ə h ə m m ə d  x a n. Qibleyi-aləm! Qızım can üstədi, mümkün olmadı.

N a d i r  ş a h. Bəs bir xəbər bilmirsənmi?

M ə h ə m m ə d  x a n. Qibleyi-aləm! Nə barədə?

N a d i r  ş a h (acıqlı). Necə nə barədə? Gözlərin görmürmü?

M ə h ə m m ə d  x a n. Qibleyi-aləm! Bir əhvalat eşitmişəm.... Amma....

N a d i r  ş a h (hirsli). Nə bilirsən, de bu saat....

M ə h ə m m ə d  x a n. Qibleyi-aləm! Vəliəhd gərək bu işi hamıdan yaxşı bilə....

N a d i r  ş a h. Sənin sözündən belə məlum olur ki, bu, oğlumun fitnəsidir?

M ə h ə m m ə d  x a n. Bəli, qibleyi-aləm!

N a d i r  ş a h. Sübut?

M ə h ə m m ə d  x a n. Bir elə sübutum yoxdur, ancaq belə deyirlər.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info