Qonaq Kitabı
NADİR ŞAH

N a d i r (tək). Həqiqət, mən bu vaxtadək qəflət yuxusunda imişəm; ancaq günah məndə deyil, atam tərbiyəni belə vermişdi. Çox yaxşı ki, dayım məni ayıltdı, yoxsa məndən sonra Rzaqulu da nahaq yerə bu qanları tökəcək idi. Əcəba, nə üçün mən bir fikir etməyirdim. Atamdan artıq qoçaqlıq edə bilməyəcəkdim. Amma bununla belə bu dünyada nə qoydu getdi? Harada adı hörmətlə çəkilir? Quldurların məclislərində.... Bəli, on, ya iyirmi-otuz quldur atamın adı gələndə rəhmət oxuyursa, cəmi İran haman adı nifrətlə söyləyir.... (Fikrə gedir). Yox, dəxi durmaq vaxtı deyil. (İstəyir getsin).

 

ALTINCI GƏLİŞ 

 

G ü l c a h a n (tez Nadirin qabağına çıxır). Nadir! Dayın deyən söz doğrudurmu?

N a d i r. Nə var? Nə olubdur?

G ü l c a h a n. Nə üçün gizləyirsən? Özün bilmirsənmi?

N a d i r (gülümsünür). Yox!

G ü l c a h a n. Sən mənim canım, doğrudurmu ki, yaman peşədən əl çəkirsən? Hə?

N a d i r (tərəfə). Binəva sevindiyindən bilmir nə etsin. (Gülcahana) Doğrudur, Gülcahan, doğrudur. Mən yaman, nifrətli peşədən əl çəkdim. Fəqət indi lazım gəlir, müqəddəs yerlərimizi, zəlalətdə yaşayan millətimizi düşmənlərin zülmündən xilas edim.

G ü l c a h a n. Pərvərdigara! Çox şükür, çox şükür ki, mənim duamı müstəcab etdin. (Ağlayır) Gecə-gündüz əlim sənin dərgahında öz-özümə deyirdim: nə vaxt canım qorxu çəkməkdən azad olacaqdır. Çox şükür ki, mətləbimə çatdım! 

 

Nadir gedib qolundan tutur. 

 

N a d i r. Ağlama, get rahat ol! Dayım yoldan gəlibdir, qocadır, yorulmuş olar, onu rahat et. Onun sözləri məni yuxudan ayıltdı....

G ü l c a h a n (gedə-gedə). Allah səbəbə nicat versin!

N a d i r (tək). Biçarə övrət o qədər qorxudan gecələr yatmayıb ki, saralıb, muma dönübdür, indi sevindiyindən ağlayır. Həqiqət, Gülcahan məni çox istəyir, yoxsa mən hara, Birabil xanın qızı hara. Xülasə!.... Gedim görüm adamlar yerlərindədirlərmi? (Çıxır).

 

 

 YEDDİNCİ GƏLİŞ

 

R z a q u l u (evin qənşərindən gəlir, qılıncı qınından çıxarır). Görüm, yaxşımı qayırıbdır. (Baxır) Çox yaxşıdır! (Məşq edir) Görüm, atamın xoşuna gələcəyəmmi? O, qoçaq adamları çox sevir. Hərçənd quldurluğa əvvəlinci dəfə gedəcəyəm, amma yanımda o qədər nəql ediblər ki, qulağım dolubdur. Bilmərrə qorxum yoxdur. Ürəyim belə tələsir ki, hər günüm bir il keçir, dəqiqələri sanıyıram. Dünən qaçaqlardan biri atamın qoçaqlığından danışırdı.... Deyir, qorxulu davada vaxta ki, Nadir qabağa düşür, elə bilirsən hamıya təzədən ürək verilir.... Deyir, qılıncı heç boş yerə çıxartmaz. Elə ki, çıxartdı, gərək düşmənin başı yerdə ola. Elə ki, deyir, Nadir qabağa düşür, nərəsindən düşmən tab gətirməyib qaçır.... Ah, hanı bir tez gedəydik, mən də qılıncı sıyırıb (qılıncı sıyırıb bərkdən), qorxma, vur! (Yüyürür) Tərpənmə!

 

 

 SƏKKİZİNCİ GƏLİŞ

 

G ü l c a h a n (tez qapıdan çıxıb Rzaquluya tərəf). Nə olub? Nə var? Rzaqulu, sənsən? (Əlini ürəyinə aparıb pilləkənin üstündə əyləşir) Uf! Ay balam, sən məni qorxutdun, dedim görəsən nə olubdur. Nə üçün elə edirdin, oğlum? Dəli olmuyubsan ki?

R z a q u l u (anasının yanına gedib qolundan tutur). Ana, qorxma, heç şey yoxdur. (Gülür) Ah! Ah!

G ü l c a h a n (yavaş-yavaş durur). Oğlum, bəs divanətək nə üçün qışqırırsan?

R z a q u l u. Heç, məşq edirdim. Deyirəm görüm, atamla gedəndə necə dava edəcəyəm.

G ü l c a h a n. Hara?

R z a q u l u. Qaçaqçılığa!

G ü l c a h a n. Axmaq-axmaq fikirləri başından çıxart.

R z a q u l u. Ana, vallah atam deyirdi səni də özümlə qaçaqçılığa aparacağam.

G ü l c a h a n (Rzaqulunun gözlərindən öpür). O çox da apardı, səni qoyan kimdir? Allahı sevirsən, elə şeyləri fikrindən çıxart.

R z a q u l u (əlindən tutur). Ana, sən mənim canım, mane olma, qoy gedim.

G ü l c a h a n (üzünə diqqətlə baxıb gözlərindən neçə dəfə öpür). Bircə de görüm, qaçaqçılığa nə üçün gedirsən?

R z a q u l u. Heç, ancaq istəyirəm atam kimi ad çıxardam. Qoyarsanmı? Hə? Mane olmazsan ki? Hə?

G ü l c a h a n (gülə-gülə). Atan quldurluğu, qaçaqçılığı dəxi tərk edibdir, dəxi getməyəcəkdir. Sən də ad çıxarda bilməyəcəksən. Mən də bu gözlərə (gözlərindən öpür) həsrət qalmayacağam.

R z a q u l u. Nə deyirsən? Necə getməyəcəkdir? Mənə özü dedi ki, yaraqəsbabını hazır et. İndi sən deyirsən getməyəcək? Görünür, səni aldadıbdır, çünki hər vaxt yola çıxanda sən ağlayırsan, ona görə deyibdir ki, dəxi ağlamayasan.

G ü l c a h a n. Bu günədək o fikirdə idi, fəqət bu gün fikrini dəyişibdir.

R z a q u l u. Nə üçün? Nə olubdur ki?

G ü l c a h a n (Nadiri görüb). Özü gəlir, soruş, özü deyər.

 

DOQQUZUNCU GƏLİŞ

 

N a d i r. Rzaqulu, gəlibsən?

R z a q u l u. Bəli.

G ü l c a h a n (Nadirə). Oğlun məni qorxutdu. Evdə işə məşğul idim. Bir də eşidirəm biri fəryad edir: "Qoyma! Vur! Tərpənmə!" Evdən tez çıxıb görürəm: tək özü qılınc ilə oynuyur.

N a d i r. Nə edirdin, oğlum?

R z a q u l u (başını aşağı salıb). Heç, məşq edirdim.

N a d i r. Nə məşq?

G ü l c a h a n. Deyir, mən də atam kimi istəyirəm ad çıxardam.

N a d i r (əlini oğlunun başına qoyub). Qoçaq oğlum! Hünərli oğlum!

G ü l c a h a n. Mən də deyirəm dəxi qaçaqçılığa getməyəçəksən. İndi səbəbini soruşurdu ki, sən gəldin.

N a d i r. Hünərli oğlum! Ad çıxarmaq üçün tövürlü yollar var. Ancaq qaçaqçılıqla ad çıxartmaq yaman nifrətli yoldur. İnsan gərəkdir ağlı ilə, yaxşılıqla ad çıxartsın. Bu vaxtadək quldurluqdan nə ki söyləmişəm və özün eşidibsən çıxart başından. Mən düz yoldan azmış imişəm. Bundan sonra qılıncını ancaq vətən yolunda çıxart. Oğlum, düşmənlər vətənimizi tar-mar edirlər, müqəddəs yerlərimizi əldən alırlar. Bundan sonra gərəkdir quldurluğu bilmərrə buraxıb vətənə kömək edək, belə bir yolda ad çıxartmaq böyük bir səadətdir. Ümidvaram ki, mənim sözlərimi anlayırsan. (Rzaqulu dizi üstə düşüb başını uzadır. Nadir qolundan tutub durğuzur və gözlərindən öpür.) İndi bildim ki, mənim yolumda baş qoymağa hazırsan.

G ü l c a h a n (boynundan qucaqlayır). Gördün, dedim dəxi getməyəcəksiniz.

N a d i r. İndi durma oğlum, get qaçaqlara de ki, hazır olsunlar. (Rzaqulu gedir. Gülcahana) Sən də get, mənimçün yola nə lazımdır hazırla. Dayım nə edir?

G ü l c a h a n. Yatıbdır.

N a d i r. Görükür, yorulubdur. Oyatma, qoy hələ yatsın, lazım olanda oyadarsan.

G ü l c a h a n. Yaxşı. (Gedir).

N a d i r. Rzaqulu məni çox istəyir, nə desəm hazırdır. Sözlərim ona təsir etdi. Başını uzadır, yəni: boynumu vur, sözündən çıxmaram, dediyidir. Bərəkallah, oğul! Pərvərdigara, etdiyim günahların əvəzində ömrümün axırınadək sənin yolunda savab işlər edərəm, ancaq bu oğlumu mənə çox görmə! Məni onun gözlərinə həsrət qoyma!

 

 ONUNCU GƏLİŞ

 

R z a q u l u. Baba, hazırdırlar, qulluğunuzu gözləyirlər.

N a d i r. De gəlsinlər. (Rzaqulu gedir) Ah! (Fikirdə) Xorasanı düşmənlərin əlindən xilas etdiyim günü tezmi görəcəyəm?

 

ON BİRİNCİ GƏLİŞ

 

Rzaqulu, bir neçə yaraqlı qaçaq.

 

N a d i r. Gəldiniz? Bu saat atlanıb düşün kəndlərə, ətraf-əsnafa! Hər kəsi gördünüz, deyərsiniz Nadir sizi çağırır. Hamı gərək bu gün buraya cəm olsun. Hər kəs gəlməsə, adını soruşub yazarsınız, sonra mən onlara göstərərəm. Heç kəs də qorxmasın, eşitdiniz?

H a m ı. Bəli.

N a d i r. Di durmayınız. (Gedirlər) Sən də Rzaqulu, de, mənim atımı hazır etsinlər.

R z a q u l u. Baba, mənim atımıdamı?

N a d i r. Yox, oğlum, bu səfər sən getməyəcəksən. Buralar şuluqdur, sən də evə bax. (Rzaqulu çıxır. Bir-bir, iki-iki kənd əhli kəlib Nadirə baş əyib qabağında dururlar) Hər kəs yorulubdur, əyləşsin. Xoş gəlibsiniz, hamı yığılanda mənə xəbər edin. (Evə gedir).

K ə n d  ə h l i n d ə n  b i r i. Heç bu sifət bunda görükmüyübdür ki, deyə əyləşin.

İ k i n c i. Görəsən genə nə var, bəlkə işi düşübdür.

Ü ç ü n c ü. Əlbəttə, yorulubdur, quldurluğa getmək istəmir ki, arxayın evdə otursun. Biz də tövcü verək.

D ö r d ü n c ü. Xülasə, allah özü rəhm etsin, xeyir işə bənzəmir.

B e ş i n ci. Bizim evimizi düşmən azmı yıxır? Bu da indi istəyir ki, olubqalanımızı alsın. Mənim sözümə baxsanız, hamımız çıxarıq gedərik, sonra nə edəcək, etsin. Ölüb getmişik, ölmüşün nəyini öldürəcəkdir. (Bu vaxt bunların arasında qovğa düşür, bunları çağıran qaçaqlar gəlirlər. Xalq onlara tərəf).

H a m ı (bərkdən). Bizi nə üçün yığıbsınız? 

 

ON İKİNCİ GƏLİŞ

 

Nadiri görəndə səslərini kəsirlər.

 

N a d i r. Həzərat! Xoş gəlibsiniz! Bu vaxtadək məndən və atamdan zərərdən və əziyyətdən başqa bir şey görməyibsiniz....Əvvələn sizdən təvəqqe edirəm ki, mənim günahımdan keçəsiniz və sizə məlum edirəm ki, bugündən quldurluğu, qaçaqçılığı bilmərrə buraxıb, canımı, gücümü və ağlımı millət və vətən yolunda sərf edəcəyəm. Bəsdir, nə qədər əbəs yerə qan tökdüm. Bəsdir, nə qədər siz mənim əlimdən dad çəkdiniz. İndi ancaq düz yolu tapmışam, indi ancaq anlamışam ki, insan gərək vətən və millət yolunda işləyib qeyrət, həmiyyət göstərsin. Özünüz görürsünüz, eşidirsiniz vətənimizi düşmən hər yerdən zəbt edir. Hətta ziyarətgahlarımıza da əl uzadırlar. Bundan sonra mən özümə söz verirəm ki, vətənimizi düşmənlərin əlindən xilas edib milləti zülmdən qurtarım. Əvvəlinci gedən yerim Xorasandır ki, sistanlıları oradan gərəkdir qovmaq. Sizlərdən kim istəmir ki, ata-babalarımızın müqəddəs yerlərini xilas edək, tainki bizdən sonra gələn uşaqlarımıza bu ibrət ola, qeyrətə gəlib gözləri həmişə açıq ola? Kim istəyər ki, öz əkdiyini özü biçməsin? Razısınızmı?

H a m ı. Razıyıq! Razıyıq!....

N a d i r. Bəs belə olan surətdə dağılınız ətrafda olan kəndlərə, car çəkin ki, Nadir gedir Xorasanı düşmənlərin əlindən qurtarmağa. Hamı yığılsın, hər kəsin nə yarağı-əsləhəsi var götürsün. Onu da deyirəm: hər kəsin qeyrəti oyanmayıbdır, getməsin. Ümidvaram ki, sözümə əməl edəsiniz.

H a m ı. Hazırıq vətən yolunda baş qoymağa! Hara aparırsan bizi apar. (Bərkdən) Nadir sağ olsun!.... Nadir sağ olsun!....

 

Pərdə

 

 

 YARIM MƏCLİS

 

İKİNCİ MƏCLİSİN MABƏDİ

 

Vaqe olur Xorasan yolunda. Bir neçə çadır, bir sərbaz əlində tüfəng çadırın qabağında gəzinir. İki sərbaz yavuqda durub çırpı yığır.

 

B i r i i c i  s ə r b a z. Ağlın nə kəsir, Xorasana getməkdən bir şey olacaq, ya yox?

İ k i n c i  s ə r b a z. Necə?

B ir i n c i  s ə r b a z. Deyirlər sistanlılar qalanı möhkəm bərkidiblər.

İ k i n c i  s ə r b a z. Baxaq görək, necə olacaqdır. Şah gərək ki, bir xəbər gözləyir, ona görə hələ getmək istəmir.

B i r i n c i  s ə r b a z. Nə xəbər gözləyəcək. Düşmənlər dəli deyillər ki, Xorasan kimi şəhəri əllərindən verələr. Heç bilirsənmi, ziyarətə gedənlərdən nə qədər xeyir götürürlər?

İ k i n c i  s ə r b a z. Bundan əlavə, deyirlər onların xanı sərbazlara çox mərhəmət göstərir: hər nə qarət olunur, sərbazların aralarında bölünür.

B i r i n c i  s ə r b a z. Ona görədir ki, Mahmud xanı sistanlılar sevirlər.

İ k i n c I  s ə r b a z (əlini gözünə tutur). O kimdir, tez-tez çaparaq gəlir?

B i r i n c i  s ə r b a z. Hanı? Hanı?

İ k i n c i  s ə r b a z (əli ilə göstərir). Odur, bax! Odur!

B i r i n c i s ə r b a z. Bizim adam deyil?

İ k i n c i  s ə r b a z. Bəli. Görəsən kim ola?

B i r i n c i  s ə r b a z. Bir yaxşı bax, uzaqdan atlılar da görünürlər.

İ k i n c i  s ə r b a z (diqqətlə baxır). Doğrudur, qəribə çox atlı var, görəsən kimdir?

B i r i n c i  s ə r b a z. Lazımdır padşaha xəbər vermək.

İ k i n c i  s ə r b a z. Ay, kimsən, dayan! (Tüfəngi götürür atmağa).

 

Bu vaxt əvvəlinci sərbaz yüyürür Təhmasın çadırına tərəf, orada şeypur çalınır. Təhmas çadırdan tez çıxır, qarşıdan Nadir qoşunu ilə gəlir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info