Qonaq Kitabı
NADİR ŞAH

 

T ə h m a s (öz sərbazlarına). Dayan! (Əli ilə) Nadir ürəkli Təhmas xana tərəf gəlir və iki tərəfin qoşunu xamuş durur.

N a d i r (qılıncı açıb Təhmasa verir). Qibleyi-aləm! Bu qılıncla mən çox ataları oğulsuz və çox uşaqları atasız və anasız qoymuşam. Bu qılıncla çox nahaq qanlar tökmüşəm, çox evlər yıxmışam, indi qeyrət və insaf mənə qalib gəlib. Gəlmişəm qibleyi-aləmin hüzuruna. Xahiş edirsən bu qılıncla başımı vur, yainki rüsxət ver, düşmənlərin təsərrüfündən vətənimizi xilas edim, hərçənd dayımı göndərmişdim qibleyi-aləmin qulluğuna ki, mənim məqsudumdan xəbərdar etsin, amma Xorasana məxfi göndərdiyim adam gəlib ürəyi odlayan xəbər gətiribdir. Hirsimdən səbir edə bilmədim və özümü qibleyi-aləmə yetirdim ki, məqsudumdan xəbərdar edim. İndi ixtiyar qibleyi-aləmdədir. (Başını aşağı salıb durur).

T ə h m a s (yavuq gedir, qılıncı verir). Nadir! Sənin bu vətənpərəstliyin və aşkara qeyrətin məni vadar edir nəinki sənin təqsirindən keçəm və bəlkə cəmi qoşunun ixtiyarını sənə tapşıram. Mən sənin təqsirindən keçdim. (Qoşuna üzünü tutub) Xoş o millətin halına ki, Nadir kimi köməyi var. Xoş o qoşunun halına ki, Nadir kimi sərdarı var!!! Sağ olsun Nadir xan!

Q o ş u n. Təhmas şah sağ olsun! Nadir xan sağ olsun!

 

Burada fars marşı çalınır.

 

Pərdə

 

 

ÜÇÜNCÜ MƏCLİS

 

Vaqe olur Xorasanın ətrafında. Bir tərəfdə Nadirin çadırı, o biri tərəfdə Xorasan qələsi.

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

N a d i r (uzaqdan qoşuna baxıb). Mirzə Mehdi! (Yavuq gəlib daşın üstə əyləşir. Fikrə gedib başını əli ilə tutur).

M i r z ə  M e h d I  x a n. Salari-müəzzəm! Cənabi-süpəh-salari-sərdar! Nə buyurursunuz?

N a d i r (başını qaldırıb). Gəlibsən?

M i r z ə  M e h d i  x a n. Salari-müəzzəm, bu gün üç gündür nə gecə yatıbsınız və nə gündüz, bədənə zərərdir. Bir az rahat olun.

N a d i r. Mirzə Mehdi! Dünənki dava məni bir hala gətiribdir ki, özümü tərlan kimi hiss edirəm. Həqiqət, dünənki dava qabaqkı davalara bənzəməz. Qalanı allahın köməkliyi ilə bu gün alacağam, düşməndə güc qalmayıbdır. (Qoşuna nəzər edir).

M i r z ə  M e h d I  x a n. Qoşuna rahatlıq olacaq, yainki bu gün genə davadır?

N a d i r. Xeyr, dünənki davadan sonra rahatlıq vermək olmaz. İşi gərəkdir isti ikən görəsən, bu gün gərəkdir qala alınsın. (Dişqarıda səs) Mirzə! Gör kimdir? (Mirzə Mehdi çıxır. Tək) Bəli, indi bu davalarımı Təhmas eşidibsə, çox şaddır. Görünür, ümidi mənə çoxdur. Yoxsa ,birdən-birə mənə qoşunun ixtiyarını verməzdi və tək məni sistanlıların üstə göndərməzdi.... Xeyr, çox da ümid etmək olmaz. O gün kağız göndəribdir ki, tez İsfahana özünü yetir. Amma xəbəri yoxdur, bilmir ki, İranı hər yerdən tar-mar etmək istəyirlər. (Fikrə gedib başını əli ilə tutur).

 

İKİNCİ GƏLİŞ

 

Mirzə yavaş-yavaş gəlib Nadiri bu halda görüb danışmır.

 

N a d i r (başını qaldırıb). Mirzə, gəlibsən? Kimdir? Nə səsdir?

M i r z ə  M e h d I  x a n. Qulluğunuza Sistan tərəfindən elçi gəlibdir.

N a d i r. Elçi?! (Ayağa durur) Ah! Ah! Ah! (Gülür) Elçi! Görəsən fikri nədir? Qala alınmasa biz tərəfdən qılınc yerə qoydu yoxdur, Mirzə. Görürsən? (Rişxəndlə) Buyursun! (Mirzə çıxır. Tək) A.... Zərbi-dəstimi dadıblar.... Elçi nədir? Gərək xan özü gəlib təvəqqe edə ki, mən ondan əl çəkim.... Xeyr, əl çəkmərəm. Ancaq təvəqqe edə bilər ki, xalqı əbəs yerə qırmayım, özünü öldürməyim.... Ancaq belə şeylərin təvəqqesi ola bilər....

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Elçi və Mirzə Mehdi.

 

E l ç i (baş əyib). Xidməti-şərifinizə salam edib Sistan xanının tərəfindən göndərilmişəm.

N a d i r. Xub, buyruq?

E l ç i. Xanın xahişi budur ki, ümum xeyirdən ötəri davanı bərhəm edin.

N a d i r (acıqlı baxır). Nə şərti-şürutla?

E l ç i. Xan xahiş edir ki, layiqincə xərac versin.

N a d i r (gülür). AH! Ah! Qalada oturub dəhyek versin?! Xub! Cənab elçi, xanınız çox əla xəyallara düşübdür....

E l ç i. Və bir də şərt edir ki, bundan sonra minbəd İranla dava etməsin.

N a d i r (gülə-gülə). Cənab elçi! Xanınıza ərz edərsiniz ki, bu gün hazır olsun! Şərtnaməni yazıb göndərərəm və buyruq verərəm ki, qolubağlı şərtnaməyə qol çəksin.

E l ç i (mat). Anlamayıram.

N a d i r. İnşaallah, bir saat keçmiş anlarsınız. Görünür, xanınız davada  xabiqəflətdə imiş, zərbi-dəstimi görməyibdir və illa görsə idi bu təklifləri mənə etməzdi. İnsafdırmı ki, ata-babamızdan qalan yerləri alasınız, müqəddəs yerlərimizi qarət edəsiniz və bizim qüvvətimiz ola-ola sizin xeyrinizə olan şərtləri qəbul edək? Hərgah xanınız xahiş edir ki, özü əsir olmasın, hərgah əbəs yerə qoşunun qanfişan olmağını istəməyir, iki saatadək Xorasanın qələsini gərək azad etsin. Və illa bu gün şəhəri alt-üstə çevirmək, anaları balasız, balaları anasız qoymaq mənim borcum olsun. İndi buyurun. (Əli ilə yol göstdrir. Elçi baş əyib çıxır) Mirzə! Görürsən, nə təkliflər edirlər?

M i r z ə  M e h d i  x a n. Sərdarım, fikrinizdən xəbərdar deyillər. Dünən davanı kəsməkdən ola bilsin ki, xan özgə xəyallara düşübdür.

N a d i r. Onun xəyalı mənə məlumdur. İstəyir vaxt alıb təzədən hazırlaşsın. Fəqət mən qoymaram göz açmağa. (Ayağa durub hazırlaşır) Mirzə, bax gör, hamı hazırdırmı? (Mirzə çıxır. Tək) Xorasanı əldən vermək istəmirlər.... Allah yar olsa, göstərərəm!....

 

DÖRDÜNCÜ GƏLİŞ

 

M i r z ə  M e h d i  x a n. Əfqanıstandan məktub var.

N a d i r. Aç oxu! (Nadir baxır).

 

Mirzə ayaq ustə səslə oxuyur.

 

M i r z ə  M e h d i  x a n. "Süpəhsalar sağ olsun! Əfqanlar şücaət və rəşidliyinizi eşidiblər və fikrinizdən xəbərdar olublar ki, Xorasandan Əfqana üz qoyacaqsınız. Bu xəbər bunları təşvişə salıb, ciddi surətdə hazırlaşırlar. Məclis qurub əhd etdilər ki, Allahyar xanı zindandan xilas edib qoşunu ona tapşırsınlar. Təzə qalalar tikməyə mübaşirdirlər. Hər növlə çalışırlar ki, qabağınızı kəssinlər. Kəhrizi Allahyar xanın qoşunu tutubdur və oradan Fərmanabada atlı qoşun göndərib istəyirlər dal tərəfdən sizə mane olsunlar. Bu əhvalatları vacib bilib qulluğu-şərifinizə məlum edirəm. Şərif xan".

N a d i r. Başımdakı fikrimi bu xəbər busbütün dəyişdirdi. (Fikrə gedir) Hər nə olmuş-olsa gərəkdir bu gün sistanlılarla qurtaram. Mirzə! Sən çıx yuxarı, tamaşa et davanı başlıyıram. (Hazırlaşır. Mirzə çıxır, uca səslə) Şeypur! (Şeypur səslənir, dişqarıda qilu-qal düşür) Əvvəlinci foc, sağ tərəfdən! İkinci foc, sol tərəfdən! Üçüncü, daldan hazır olun! (Nadir əli ilə işarə edir, şeypur çalınır. Uca səslə) Allah! Allah! Allah!

 

Pərdə

 

 ÜÇÜNCÜ MƏCLİSİN MABƏDİ

 

Vaqe olur İsfahan şəhərində. Şah Təhmas öz evində əyləşibdir və Heydər xan qabağında durubdur.

 

Ş a h  T ə h m a s. Heydər! Nadirdən bəs bir xəbər gəlmədi?

H e y d ə r. Qibleyi-aləm! Gəlibdir.

Ş a h  T ə h m a s. Nə xəbər var? Nə iş görübdür?

H e y d ə r  x a n. Qibleyi-aləm sağ olsun! Heç şey. Yazmağından belə məlum olur ki, əbəs yerə qoşunun yarısını tələf edib bir iş də görməyibdir.

Ş a h  T ə h m a s. Elə şey ola bilməz. Nadir ola bir iş bacara bilməyə?

H e y d ə r  x a n. Qibleyi-aləm! Başdan gərək mənim sözümə diqqət edəydiniz; mən ərz etdim, quldura birdən-birə elə zor mənsəb vermək olmaz. Kim bilir qoşunun başına nələr gətiribdir.... Qoşun heç.... Ancaq....

Ş a h  T ə h m a s. Nə üçün fikrə getdin? Söylə görüm!

H e y d ə r  x a n. Qibleyi-aləm! Cürət edib ərz edə bilmirəm.

Ş a h  T ə h m a s (hirsli). De görüm nə olubdur?

H e y d ə r  x a n. Qibleyi-aləm! Belə deyirlər, guya Nadir qoşunu özünə tabe edib, istəyir hətta padşahlığa əl uzatsın.

Ş a h  T ə h m a s. Sən hardan bilirsən? Kim deyir?

H e y d ə r  x a n. Qibleyi-aləm! Kərratla yazıbsınız: ki, gəlsin, nə üçün gəlməyir? Və bundan əlavə, eşidirəm xalq və qoşun ona böyük məhəbbət göstərirlər.

Ş a h  T ə h m a s (fikrə gedir). Doğru deyirsən, hərgah belə bir şey olmasa, bu vaxtadək onun cürəti nədir ki, mənim buyuruğuma əməl etməyə. Mən demişəm ki, hər əhvalatı yaz xəbər et, amma bu vaxtadək heç bir şey yazmayıbdır.

H e y d ə r  x a n. Bir neçə məktub göndəribdir, ancaq onun sözlərinə inanmaqmı olar? Məsəla, yazır ki, sistanlıları qovluyub Xorasanı düşmənin əlindən xilas etmişəm, Əfqanıstanı alıb xanını əsir etmişəm.... Belə şeylər yazmaqdam məlum olur ki, qibleyi-aləmi arxayın edib başındakı yaman fikirlərini istəyir birdən aşkar edə.

Ş a h  T ə h m a s. Bu saat Süleyman xanı bir qədər qoşunla göndərərsən Əfqanıstana onun hər ixtiyarını alsın və boynunu onun gərək vurduram. Onda o qədər hünər olsun ki, padşahlıqa əl uzatsın? Xeyr.... Xeyr.... Qoymaram elə quldurlar tacıma əl uzadalar.

H e y d ə r  x a n. Qibleyi-aləm! Nadirdə bir dil var ki, hamını aldadar, hökmünüzü yerinə tez yetiriniz, yoxsa bədbəxtlik üz verər.

Ş a h  T ə h m a s. Durma! Necə ki, dedim elə edərsən, get bu saat Süleyman xanı qoşunla göndər....

 

Heydər xan çıxır.

 

Ş a h  T ə h m a s (bir az fikirdən sonra). Hər halda, gərəkdir ehtiyatlı olmaq, güc onda, ad onda, dövlətin cəmi əyanları ona tərəf.... Yox, bu işi belə qoymaq olmaz, gərəkdir onun başı vurula, Heydərdən savayı qeyri vəzirlər də bir neçə dəfə deyiblər ki, Nadirə ümid bağlamq olmaz....

 

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

H e y d ə r  x a n. Qibleyi-aləm! Xəbər gəlibdir ki, Nadir şəhərin on, beş ağaclığındadır.

Ş a h  T ə h m a s. Buyruq ver ki, şəhərə qoymasınlar.

H e y d ə r  x a n. Qibleyi-aləm! Bu saat onun qabağını saxlamaq olmaz. Buyruq veriniz gəlsin, vaxta ki, daxil oldu, cəllada hökm edərsiniz boynunu vursun.

Ş a h  T ə h m a s. Yaxşı, sən cəllada deyərsən hazır olsun. Buyruq ver ki, Nadir şəhərə daxil olanda qoşunu bir ağaclıqda qoysun və şəhərin xəlqi çox şadlıq etməsin. (Təhmas öz otağına gedir).

H e y d ə r  x a n. Hər nə hiyləm var idi işlətdim. İndi padşaha məndən müqərrib bir kimsə olmadığını Nadir düşünər. Mənim əslim xan, dövlətin hər bir ixtiyarı mənim əlimdə, Nadir isə dünənki quldur. Doğrusu, ürəyim qəbul etməyir ki, dünənki quldur bu gün bu tövr şan-şövkətə layiq olsun.... Xeyr.... Vaxtında gərəkdir iş görmək....

Ş a h  T ə h m a s (daxil olur. Uzaqdan şeypur səsi). Heydər! Bu nə səsdir? (Heydər xan qapıya gedərkən, qapıdan Nadir və sərkərdələr daxil olub şahın qabağında dizləri üstə otururlar) Durun! (Əli ilə göstərir.) Bir adam ki, padşahın əmrindən çıxdı, ona xeyir-dua vermək olmaz, onun başı gərəkdir vurulsun.

 

Nadir və qeyriləri ayağa durub bir-birinə təəccüblə baxırlar.

 

N a d i r. Qibleyi-aləm! Nə günahın sahibiyəm?

Ş a h  T ə h m a s. Günahın çoxdur: neçə aydır gedibsən, beş min qoşun aparıbsan, bu vaxtadək bir şey yazmayıbsan, bəs bundan məlum olur ki, padşahın əmrindən çıxıb, başında qara fikirlər bəsləyirsən. Mən o başı yox etdirərəm.. (Bərkdən) Cəllad!

 

İKİNCİ GƏLİŞ

 

N a d i r (uca səslə). Səbir ediniz, qibleyi-aləm! Təvəqqe edirəm qulluğunuza göndərdiyim məktubları buyurasınız gətirsinlər.

Ş a h  T ə h m a s. Nə məktub?

N a d i r. Hər nə ki olubdur, hər şəhəri ki almışıq, hamısının barəsində Mirzə Mehdi yazıbdır. Mirzə, doğrudurmu?

M i r z ə  M e h d i. Bəli, hər əhvalat ki olub, vaxtbavaxt təfsilən qibleyialəmin qulluğuna yazılıb göndərilibdir.

Ş a h  T ə h m a s. Heydər! Kağızları gətir görüm.

N a d i r. Qibleyi-aləm! Fikrinizə gəlirmi, qoşunun qabağında and içdim ki, bundan sonra səmim-qəlblə millətə və dövlətə kömək edəcəyəm? Ola bilərmi o andımdan sonra padşahıma və dövlətimə xəyanət edəm?

Ş a h  T ə h m a s. Onlar köhnə sözdür.... İnsanın qəlbini bilmək olmaz.

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Heydər xan kağızları gətirib verir şaha.

 

H e y d ə r  x a n. Qibleyi-aləm, ancaq iki kağız alınıbdır.

 

Şah Təhmas kağızları alıb baxır.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info