Qonaq Kitabı
NADİR ŞAH

R z a  x a n. Hələ o da çoxdur.

M ə h ə m m ə d  x a n. Mümkündürmü beş yüz sərbazı bu yaxın zamanda cəm etmək?

Ş a h  H ü s e y n  x a n. Bu iş mühəvvəl olunur Ədhəmə.

Ə d h ə m  x a n. Qibleyi-aləm! Cəm etmək asandır!

C ə f ə r  x a n. Beş yüz yox ki, min də yığmaq olar.

R z a  x a n. Əlbəttə!

M ə h ə m m ə d  x a n. Bunlara gərəkdir yaraq-əsbab tapıla. Mümkündürmü bu tezlikdə?

Ş a h  H ü s e y n  x a n. Elan etmək gərək ki, hər kəsin evində nə yaraq-əsbab olsa götürsünlər və qoşunun sərkərdəliyini Ədhəmə mühəvvəl edirəm. Gürcü bəyi də özünlə götürərsən. (Gürcü bəyə tərəf) Bu barədə sənin fikrin nədir?

G ü r c ü  b ə y (ayağa durur). Qibleyi-aləm! Mən həmişə vətənə və dövlətə qulluq etməyə hazıram. Qibleyi-aləmə məlumdur ki, kərratla düşmənlərin qabağına getmişəm və həməvaxt vətənə olan qeyrət və məhəbbətimi göstərmişəm. Hərçənd dörd ay bundan müqəddəm mənim barəmdə vəzirlərin biri bədgüman olub qibleyi-aləmə məni pis qələmə vermişdi. Amma əfqanların məğlub olmaqları və xanlarını əsir etdiyim sizə məlumdur. Ümid edirəm ki, mənim qibleyi-aləmə və vətənə ixlasi-qəlblə qulluq etməyimdə şübhə qalmadı. Əzbəs ki, məhəbbətim vətənə nəhayətdə çoxdur. Ona görə özümə borc bilibqibleyi-aləmdən izin olsa, öz təsəvvürümü bəyan edərəm.

Ş a h  H ü s e y n  x a n. Söylə, qulaq asıram. (Hamı Gürcü bəyə baxır, Ədhəm xan yerə baxır).

G ü r c ü  b ə y. Bu gün qibleyi-aləmin hüzuruna yığılmaqdan məqsud, vətənimizi bəladan xilas etməkdir, zənn edirəm. Bəlanı rəf etməkdən müqəddəm lazım gəlir ki, əvvəl bəlanın gücünü özümüz üçün bəyan edək, görək necə bəladır? Kürdlər Cavad xanı iki ay bundan müqəddəm öldürüb dövlətin üzünə ağ olublar....

Ş a h  H ü s e y n  x a n. İki ay?

G ü r c ü  bəy. Bəli, qibleyi-aləm! İki ay!

Ş a h  H ü s e y n  x a n (Ədhəmə). Bəs sən deyirdin bir-iki gün bundan müqəddəm?

Ə d h ə m  x a n (dili tutulur). Gərək ki, iki ay....

Ş a h  H ü s e y n  x a n. Hə ... hə ... hə.... (Acıqlı Gürcü bəyə) Söylə görüm.

G ü r c ü  b ə y. Bəli, qibleyi-aləm, iki ay.... Məlumdur ki, kürdlər çox qoçaq, vəhşi tayfadır. Bu iki ayın ərzində kim bilir nələr ediblər? Bunların müqabilinə beş yüz, ya beş min və ya on min adamla getmək olarmı? Mən davadan qorxmuram, ancaq gərəkdir düşmənin müqabilinə gedəndə hər bir müşkülatı nəzərə gətirək. Mən istəyirəm bilim: Ədhəm xan nə üçün iki ay bundan müqəddəm eşidilən xəbərlərə inanmayıb hazırlaşmırdı.

Ş a h  H ü s e y n  x a n (acıqlı Ədhəmə). Cavab ver!

Ə d h ə m  x a n (ayağa durur). Qibleyi-aləm! İnsan gərəkdir səbirlə iş görə, xüsusən dövlət işlərində. Bu vaxtadək xəbər doğru olmağını istəyirdim təhqiq edim....

G ü r c ü  b ə y. Qibleyi-aləm! Bu sözlərdə bir cüzi sədaqətlik olsaydı, mən söyləməzdim, amma....

Ş a h  H ü s e y n  x a n. Nə üçün fikrə getdin?

G ü r c ü  b ə y. Qibleyi-aləm, məni bağışlayın, ürəyimdə hər nə var demək istəyirəm.

H a m ı. Söylə! Söylə!

G ü r c ü  b ə y. Doğru, mən xaçpərəstəm, bununla belə insafım mənə buyurur, məni vadar edir ki, vətənə dair fikirlərimi açıq-açığına söyləyim. Doğrusu, vəliəhdə olan məhəbbətim və onun gələcəyi məni vadar edir deyim: vətənin, dövlətin düşməni Ədhəmdir. Bu gün hənuz burada, qibleyi-aləmin təşrifindən müqəddəm gəlib ona Qafqazdan aldığım məktubun məzmununu oxuyuram, bu məktubda yazılıbdır: Badikubə, Şirvan, Şəki və Dərbənd ləzgilərə tabe olublar....

Ş a h  H ü s e y n  x a n (acıqlı yerindən durur). Necə? Nə deyirsən? Bu.... Bu.... Bu....

G ü r c ü  b ə y. Bəli, qibleyi-aləm! Bu mahalları ləzgilər özlərinə tabe ediblər. Və bir xəbərə görə qaçaq Nadir istəyir gedib orada müstəqil hakim olsun.

R z a  x a n. Qəribə işdir! Az düşmən var idi, Nadir də bir tərəfdən.

C ə f ə r  x a n. Bu vaxtadək xəbərimiz yoxdur!

M ə h ə m m ə d  x a n. Nədən xəbərimiz var ki, ondan da olsun.

G ü r c ü  b ə y. Qəribə odur ki, bu xəbərləri Ədhəm xana dedikdə mənə buyurdu: "Bu xəbərləri heç kəs bilməsin".

Ş a h  H ü s e y n  x a n (hirsli yerindən durur). Ədhəm! Ədhəm!

 

Hamı ayağa durur, Şah Hüseyn xan taxta yıxılarkən vəzirlər gedib tuturlar.

 

Pərdə

  

İKİNCİ MƏCLİS

 

Vaqe olur Xorasan kəndlərinin birində. Əvvəlinci pərdə: bir tərəfdən Nadirin evi və yol. İkinci pərdə: çöl-biyaban.

 

ƏVVƏLİNCİ GƏLİŞ 

 

İki yolçu. 

 

Ə v v ə l i n c i  y o l ç u. Qoçalıq yaman şeydir, ay balam! Bir az yol gedəndə ayaqlarında tab qalmayır. Əyləş, bir az yornuğumuzu alaq. Çox yaxşı oldu ki, səninlə rast gəldim, yoxsa bu uzun yolu şəhərədək yalqız gedəcəydim. Ah! Ah!

İ k i n c i  y o l ç u. Əmi! Nə ah-vay edirsən?

Ə v v ə l i n c i  y o l ç u. Necə etməyim, ay balam. Yetmiş sinnim var bu vaxtadək belə zəhmətlər çəkməmişdim ki, indi çəkirəm. Dolanacaq çox çətin olubdur. Evimdə yeddi baş külfət, pul yox, taxıl yox. İndi bu vaxtımda gedirəm şəhərə, bəlkə hammallıq edib bir az çörək pulu qazanam.

İ k i n ç i  y o l ç u. Məgər taxıl bitməyirmi? Yeriniz yaxşı deyilmi?

Ə v v ə l i n c I  y o l ç u. Ay balam, qoyurlarmı taxıl əkəsən? Quldur Nadir hər yerə ki düşür, oranı viran edir. Bir yandan da əfqanlar buraları alandan sonra xalqa göz verirlər, işıq vermirlər.... Xülasə, işlər çox yamandır, oğlum.

İ k i n c i  y o l ç u. Əmi, mən iki aydır gəlmişəm, amma Nadirin barəsində elə şeylər eşidirəm ki, heç ağlasığası deyil.

Ə v v ə l i n c i  y o l ç u. Sən hardan gəlibsən? Haralısan, balam?

İ k i n c i  y o l ç u. Mənim əslim xorasanlıdır. Düz indi on ildir vətənimdən dərbədər düşmüşəm. Özbəklər Xorasanı alandan sonra zindəganlıq çox çətin oldu, hətta elə oldu ki, yeməyə çörək də tapılmadı. İki uşağımı, övrətimi və qoca anamı Xorasanda qoyub düşdüm şəhərbəşəhər, kəndbəkənd ki, çörək pulu qazanam. Axır getdim çıxdım İrəvana. O vaxt İrəvan osmanlının əlində idi. Bir az rahatlığa düşdüm. Başladım işləməyə, hər nə iş oldu yapışdım. Bir neçə ilin ərzində on tümən düzəldib, Xorasana gedən vardı, onunla göndərdim ki, külfətimə versin. Əzqəza, yolda məşhur quldur İmamquluverdi onun qabağına çıxıb pulları əlindən alır. İndi gedirəm vətənə uşaqlarımısa da tapam. Amma heç ümidim yoxdur. Ah! Ah! Allah bu quldurların evini yıxsın!

Ə v v ə l i n c i  y o l ç u. Ah ... quldurları heç demə, heyvan qismi bir şeydirlər. Onlarda nə insaf var, nə mürvət. Nə allahdan qorxurlar və nə padşahdan. Əllərinə adam düşəndə ya öldürürlər, ya soyurlar. Amma Allaha qurban olum, özləri də axırda cəzalarına çatırlar. İmamquluverdi çox evlər yıxdı, çox ananı balasız və çox balanı anasız qoydu, amma axırda özü də cəzasına çatdı.

İ k i n c I  y o l ç u. Necə?

Ə v v ə l i n c i  y o l ç u. Necə olacaqdır? Axırda onu bir gülləyə qurban etdilər....

İ k i n c i  y o l ç u. Allaha şükür! Allaha şükür!

Ə v v ə l i n c i  y o l ç u. Əlbəttə, allaha şükür, amma yağışdan çıxdıq, yağmura düşdük. İmamquluverdi öldü, yerində oğlu Nadiri qoydu. Ondan da bettər, ondan da zalım. Genə İmamquluverdi axır vaxt bir az adamlara rəhm edirdi, amma bu evi yıxılmışda heç bir zərrə qədər rəhm yoxdur. Hansı kəndə düşsə, oranı alt-üst edib, viran edir.

İ k i n c i  y o l ç u. Bu o Nadirdi ki, adı dünyaya yayılıbdır?

Ə v v ə l i n c i  y o l ç u. Bəli, haman o zalımdır.

İ k i n c i  y o l ç u. Təəccübdür!

Ə v v ə l i n c i  y o l ç u. Nə üçün təəccüb edirsən, ay balam! Hər şey tərbiyə ilədir. İnsana necə tərbiyə verərsən, elə də olar. Düz on beş yaşından Nadir atası ilə quldurluğa gedibdir. Və ondan qabaq atası və yoldaşları, Nadir uşaqkən o qədər quldurluqdan, adam öldürməkdən danışıblar ki, uşağın qulağı dolubdur, əvvəlinci dəfə quldurluğa çıxanda cürbəcürə qoçaqlıq, hünərlər göstəribdir. Bu tövr tərbiyənin axırı nə olacaqdır? Genə bundan əvvəl Hüseyn xan hərdənbir dalıca qoşun göndərib tutdurmaq istəyirdi. Amma indi bir aydır əfqanlar Hüseyn xanı əsir ediblər, Nadir də azadə gəzir, bir adam da cürət etmir ki, bir söz desin. İndi halımız olub dəxi də çətin: bir yandan əfqanların zülmü, bir yandan Nadirin. O evi də ki, görürsən (əlini uzadıb) Nadirin evidir.

İ k i n c i  y o l ç u (qorxub yerindən tez durur). Allahı sevirsən, əmi, dur burdan gedək. Çıxıb bizi burada görər, dərimizə saman təpər.

Ə v v ə l i n c I  y o l ç u. Qorxma, oğlum. Biləm ki, Nadir buradadır, nə bu yol ilə gedərəm, nə burada oturaram.

İ k i n c i y o l ç u. Bəs haradadır?

Ə v v ə l i  n c i y o l ç u. Gedibdir özbəklərdən anasının qanını almağa. Özbəklərlə dava edən vaxt qoca anasını çox əzabla öldürüblər. İndi gedibdir ki, anasının intiqamını alsın.

İ k i n c i  y o l ç u. Bəs indi evində heç kəs yoxdurmu?

Ə v v ə l i n c i  y o l ç u. Evdə övrəti və oğlu. Belə bilmə də bunlar yalqızdılar. Evinin hər küncündən on quldur çıxar. (Əsnəyir) Ay.... Dur gedək, oğlum, yoxsa yatıb qalarıq. 

 

Gedirlər.

 

İKİNCİ GƏLİŞ

 

Nadirin övrəti Gülcahan yavaş-yavaş qapını açıb pilləkəndən düşür və ətrafa baxa-baxa.

 

G ü l c a h a n (yola baxıb). Yolunu gözləməkdən gözlərimin kökü saraldı. Kim bilir, başına nə iş gəldi. Bu vaxtadək gərək gələydi. Görükür bir bədbəxtlik üz veribdir. Su qabı suda sınar. Mənim yəqinimdir ki, axırda bir kələyə qurban olub bizi qoyacaq sahibsiz. Ondan sonra di gəl, döz xalqın zülmünə. Hamının da haqqı var bunun zülmlərinin əvəzinə bizə zülm etsin. Pərvərdigara, Birabil xanın qızı gör nələr çəkir. Mən yurdu itmiş, bədbəxt buna aşiq olub qoşuldum qaçdım. Nə bilirdim ki, aylar, illərlə üzünə həsrət qalacağam. Kərratla demişəm: Nadir, mənə yazığın gəlsin, mənə yazığın gəlmir, oğluna gəlsin. Hər deyəndə mənə cavab verir: sənin borcun deyil. Mən başıma nə kül töküm? (Ağlayır) Pərvərdigara! Nə vaxtadək gecə-gündüz qorxudan yatmayacağam? Nə vaxtadək gözlərim yollarda qalacaqdır? (Ağlayır, əli ilə başını tutur. Uzaqdan şeypur səsi gəlir. Gülcahan qulaq asır və gedib yola baxır). Hə ... yavaş..... (Fikirdə) Gəlir.... Gəlirlər. (Şeypurun səsi yaxınlaşır) Hə ... gəlirlər. (Baxır) Allah sənə şükür olsun! Özüdür, hə....Nadirdir.... (Tez evə gedib qapını örtür).

 

Quldurlar gəlib iki tərəfdən düzülürlər. Nadir gələndə baş əyirlər.

 

ÜÇÜNCÜ GƏLİŞ 

N a d i r. Həzərat! Çox razıyam ki, aslan kimi dava etdiniz. Özbəklər indi zərbi-dəstimi gördülər. Hər nə ki mal qarət edibsiniz öz aranızda bölüşün. İndi gedib rahat ola bilərsiniz. (Hamısı baş əyib çıxırlar. Nadir evinə tərəf baxıb fikrə gedir). Bir ay bundan müqəddəm hənuz bu yerdə qoca anam mənim qarşıma gəlib "igid balam, aslan balam" deyib məni qucaqladı, şadlığından ağladı. İndi.... İndi.... Of! (Başını əli ilə tutur) İndi ... hərgah öz əcəli ilə ölsəydi, o qədər məni yandırmazdı. Biinsaf tayfa, qoca övrəti yaman bir halətə salıb öldürdülər. (Hirsli). Of.... (Fikrə) Hərçənd özbəklərdən bir anamın əvəzində min analaratalar, min uşaqlar qanı tökdüm, lakin genə ürəyim sakit olmuyubdur. Bu tayfanın qanını içməyə hazıram. (Fikrə gedib oturur və başını əli ilə tutur).

 

 DÖRDÜNCÜ GƏLİŞ 

G ü l c a h a n (qapını açıb yavaş-yavaş gəlir. Nadiri b u halda görüb təəccüb edir və tərəfə deyir). Pərvərdigara! Görəsən, genə nə üz veribdir? (Yavuq gedir). Nadir! Mən səni evdə gözlüyürdüm, nə üçün gəlmirsən? Yorulubsanmı? 

Nadir başını qaldırıb baxır və ayağa durub Gülcahanın əlindən tutur.

N a d i r. Gülcahan! Hərgah bir il gecə-gündüz özbəklərlə dava etsəm, genə yorulmaram. Onlar mənim ürəyimə yaman bir dağ çəkiblər, hər bir şeyi unutmuşam.

G ü l c a h a n. Əlbəttə, məni də?

N a d i r. Görünür.

G ü l c a h a n. Bəs elə məni bundan ötəri atamın yurdundan dərbədər saldın? Mən sənə nə eləmişəm? Nə üçün məni bu qədər incidirsən? Gözümün işığı, dərdimin dərmanı bir Rzaqulu idi, onu da özünlə aparmaq istəyirsən. Sən gedəndən sonra qulağımı dəng edibdir: gah tüfəng fikrinə düşür, gah qılınc hazır edir, gah tapanca.

N a d i r. Sən nə danışırsan, övrət? Oğul gərək atasına oxşasın, hərgah Rzaquluda məndə olan hünər olmasa, ona mən oğul deyərəm? Çox əcəb edir ki, indidən tədarükünü görür. Mən atamın yerini tutan kimi o da gərəkdir mənim yerimi tutsun.

G ü l c a h a n. Bəli, mən də ömrümün axırınadək rahatlıq bilməyim. (Ağlayır).

N a d i r. Bəsdir. (Acıqlı) Dur get! (Gülcahan ağlaya-ağlaya gedir) Mənim dərdimdən xəbəri yoxdur. İstəyir göz yaşını səhərdən axşamadək tök! Ancaq mən bu peşəmi əldən buraxmaram. Gərəkdir cəmi dünya zərbi-dəstimi görə. Xalq mənə edən ehtiramı Təhmasa etmir. Hamı qorxudan adımı eşidəndə bir ağaclıqdan qaçır. Bundan müqəddəm Hüseyn xan axtarırdı. İndi də Təhmas ... hərçənd Təhmas əvvəl mənimlə mehriban idi, amma indi bilməyirəm ki, nə olubdur. Kərratla göndərdiyi qoşunları dağıtmışam.... (Fikrə) Zərər yoxdur, vaxt olar Təhmasa da özümü göstərərəm....

 

 BEŞİNCİ GƏLİŞ 

Səs. 

 

C a v a d. Nadir! Nadir!

N a d i r (tez gedib baxır). A! Dayı can, buyur, buyur. (Dişqarıda) Ay gədə, gəl atı tut. 

 

İkisi də içəri daxil olurlar. 

 

N a d i r. Xoş gəlibsən, dayı! Uşaqların kefi necədir?

C a v a d (oturur). Ey ... Ay balam! Bir tövr dolanırlar. Mən də dəxi qocalmışam. Əvvəlki tək işləyə bilmirəm, bu il hətta heç taxıl da əkmədim.

N a d i r. Heç fikir etmə. Allah kərimdir. Gətirdiyim qarətdən bir illik sənin təamın çıxar. Eşitdinmi, özbəklərə nə tufan etmişəm? Heç bilirsənmi başlarına nə işlər gətirmişəm!

C a v a d (başını yırğalayır). Ah! Ah, balam (Başını, tutub fikrə gedir). Eşitmişəm, eşitmişəm!....

N a d i r. Dayı! Nə üçün ah-zar edirsən? Nə səbəbə qəmgin oldun? Gərəkdir şad olasan ki, mənim kimi bacın oğlu var. Onu bilmirsənmi, adımı eşitcək hamı titim-titim titrəyir, padşahlar mənim müqabilimdə davam etməyir, qoşunları qoyun kimi qaçırlar! Mən deyiləmmi özbəkləri dağa-daşa salan? Mən deyiləmmi İrana qan ağladan? Belə köməyi olan da ah-vay edərmi? Belə köməyi olan da dərd edərmi? Fəxr et! Könlün şad olsun!

C a v a d (başını qaldırıb). Bilirəm. İgidsən, aslan bərabərində cavansan, amma.... (Başını aşağı salır).

N a d i r. Necə amma? Nə deyirsən?

C a v a d (başını tutub ağlayır). Heç balam, heç! Allah qüvvət versin!

N a d i r. Dayı, sənə nə olubdur? Nə üçün ağlayırsan! Ürəyində nə var, de!

C a v a d. Ay balam, nə deyim!.... Mən öz günümə ağlamıram. Bu gün-sabah öləcəyəm.... Məni fikrə salan vətənimizin qarışıq işləridir. Of, of! Heç bilirsənmi nə halda bulunuruq. Vətənimiz əldən gedir, ziyarətgahlarımız, yerlərimiz özgə tayfaların əllərinə keçirlər. Millətimiz günbəgün zəlil, məşəqqətdə bulunur: əkin yox, biçin yox, neçə kəndlərdə aclıq başlanıb. Xalq çəyirtkə kimi qırılır, mən buna ağlayıram.... Başını tutub ağlayır. Nadir fikirdə. Cavad yerindən qalxıb Nadirin əlindən tutur.) Nadir! Dünyada ad qazanmaq iki yol ilə olar: yamanlıqla və bir də yaxşılıqla. Yamanlıqla ad çıxartmaq hamıya mümkündür və bu ad həmişəlik deyil.... Yaxşılıqla ad qazanmaq hər şəxsin hünəri deyil. Yaxşılıq edən şəxsin adı nəinki öz sağlığında və hətta öləndən sonra da dillərdə zikr olunar. Bəs heç rəvadırmı ki, sənin kimi rəşid və şücaətli cavanın adı sağlığında min cürə söyüşlə və öləndən sonra lənət ilə zikr olunsun? Rəvadırmı ki, sənin ömrün, gücün və ağlın quldurluqda çürüsün? Rəvadırmı ki, insan bilə-bilə gözəl sifətlərini puç edib, yaman sifətləri qəbul edə? (Nadir fikirdə) Heç eşidibsənmi ki, quldur öz əcəli ilə ölə? Qulduru həmişə ya asıblar, ya boğublar, ya güllələyiblər. Xülasə, quldur olan kəs belə yaman naqabil ölümlərdən uzaq deyil.... Dəxi nə deyim, balam.... (Fikrə gedir).

N a d i r. Dayı, diqqətlə sözünüzə qulaq verirəm. Buyurun görüm.

C a v a d. Dəxi nə deyim, ay balam!.... Axır sözüm budur ki, sən gərək bu yaman peşədən əl çəkəsən. Fikrini, gücünü sərf edəsən millət və vətən yolunda. Bizim atadan-babadan qalan yerlərimizi düşmənin əlindən qurtar, qoyma ziyarətgahlarımız qeyri tayfaların əlində qala. Onda ümidvaram ki, Təhmas şah günahından keçə.

N a d i r (gülə-gülə). Ah! Ah! Təhmas şahda nə qalıbdır ki, mənim günahımdan keçə?

C a v a d. Neçə ki, nə qalıbdır? Təbrizdən xeyli qoşun yığıb Xorasanı türkmənlərin əlindən qurtarmağa gedir. Nadir! Dübarə səndən təvəqqe edirəm: at, bilmərrə bu yaman peşəni.... Dağılmış vətən, yurdu itmiş, ah-zarı ürək dağlayan millət sənin kimi bir aslan gözləyir. Durma, oğlum! Minlərcə mənim kimi göz yaşlarını tökən var. Bu qan ağlayanlara kimdən cavab gözləmək?

N a d i r (əlini başına aparıb fikir edir. Birdən Cavadın yanına gedir). Dayı! Sənin sözlərin məni ayıltdı, bu vaxtadək xabi-qəflətdə imişəm. (Fikrə). İndi ... hə.... İndi başa düşürəm ki, atam da, mən də əbəs yerə qan tökürmüşük.... Bəsdir! Bundan sonra vətənin fikrində olmalıyam.... (Fikrə). O qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər....

C a v a d. Doğrumu deyirsən?

N a d i r. Dayı! And olsun yerlə göyü yaradana! And olsun Rzaqulunun canına ki, bu qılınc ancaq vətənin yolunda işlənəcəkdir!

C a v a d (əlini urəyinə qoyur). İndi bir az sakit oldum.... Allah səndən razı olsun. (Alnından öpür) Nadir! Vətən yolunda qılınc vurmaq müqəddəs və savab işdir; bir işdir ki, cəmi İran səndən razı qalar. Ata-babamızın sümükləri basdırılan yerləri düşmənlərin əlindən xilas edərsənsə, böyük bir müqəddəs iş etmiş olarsan.

N a d i r. Allahın köməkliyi ilə, bu qılıncın hünərinə qoymaram qeyri millət İran torpağında baş qaldırsın.... İndi dayı, sən evə get, bir az rahat ol, mən də bir neçə buyruq verəcəyəm.

C a v a d. Yaxşı, gözümün nuru! (Gedir).



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info