Qonaq Kitabı
NADİR ŞAH

 

Ş a h  T ə h m a s (başını yırğalayıb). Bəli, hərgah burada yazılanın hamısı düz olsa, çox hünərlər edibsiniz, amma....

N a d i r. Qibleyi-aləm! Səbəb nədir ki, mənim sözlərimə inanmırsınız? Və nə səbəbə gərəkdir mən yalan danışam və yainki yazam? Təvəqqe edirəm buyurasınız qalan məktubları. da gətirsinlər.

Ş a h  T ə h m a s (Heydərə). Dahadamı var?

H e y d ə r  x a n. Qibleyi-aləm! Qeyri məktublar o qədər lazımlı olmadığına görə saxlamamışam.

Ş a h  T ə h m a s. Əhvalat fikrindədir, ya yox? Nə yazılmışdı?

H e y d ə r  x a n. Bir qəribə və lazımlı söz yox idi, o barədə kərratla qibleyialəmə ərz etmişəm və məxfi edəcəyəm.

N a d i r (acıqlı). Qibleyi-aləmdən çox təvəqqe olunur ki, qalan məktubları harada olsa Heydər xan tapsın; ikinci, mən dövlət və millət yolunda qılınc vuram, necə ola bilər ki, dövlətin məndən gizlin sözü ola vəhalonki cəmi qoşun hamısı mənə tabedir: öl dəsəm ölərlər, qal desəm qalarlar....

Ş a h  T ə h m a s. Nadir! Özünə çox ümid edirsən, yaman fikirləri başından daşla! Yoxsa ... başından özgə bir xəyallar keçir? Hə?

N a d i r. Şahım! Fikrimdə vətənə rövnəq verməkdən, onu düşmənin zülmündən, məşəqqətindən qurtarmaqdan başqa bir şey yoxdur. Qibleyi-aləm! Bunu gərəkdir fikrinizdən unutmayasınız ki, mənim xüsusi düşmənlərim çoxdur, gözləri görüb xain olan ürəkləri qəbul etmir ki, mən quldurluqdan qibleyi-aləmin mərhəməti ilə gəlib bu şan və şövkətə çatam. Xülasə.... (Fikirdə) Məlum olur ki, mən qibleyi-aləmin buyurmağına görə, özgə fikirlərə düşmüşəm. Bəli.... Hərgah mənim ... o fikirlərim qibleyi-aləmə naxoşdur, buyursun bu saat başımı vursunlar; ancaq təvəqqe edirəm hamı məktubları tapdırıb oxuyasınız, o vaxt yəqin edərsiniz, mən qibleyi-aləmin hüzurunda nəinki tənbehə və bəlkə böyük olan mənsəbə layiq olam.... Bu biçarə sərkərdələr və qoşun aslan kimi dava edib, cəmi Xorasan və Əfqanıstan mahallarını zəlzələyə gətirib xanlarını əsir, yerlərini tar-mar ediblər. Bunlar göstərən qeyrətin əcri budurmu? Bu binəvalar şad-xürrəm gələrkən fikir edirdilər: "Şahımız bizə mərhəmət və ənam edəcəkdir", fəqət.... (Fikrə gedir).

Ş a h  T ə h m a s (hirsli). Mənə nəsihət etmə! (Başını əli ilə tutub fikrə gedir və əli ilə işarə edir ki, çıxsınlar. Nadir xan və qeyriləri çıxırlar. Tək.) Ürəyimizi şad edəcəkdir! Ənam edəcəkdir! Yaxşı şad edərəm! Dünənki quldur mənə nəsihət edir. Xeyr, görünür, bir şey var, Heydər deyən söz gərəkdir doğru ola. İnsan belə olurmuş. Bir az ki, əlinə ixtiyar verərsən, özünü itirər. (Fikir) Yox, bu işi belə qoymaq olmaz, vaxtkən çarə qılmaq....  (Fikir) Nə etmək? Kimdən bilmək ki, həqiqət, Nadir padşahlıq fikrinə düşübdür. Heydərin sözünə çox da inanmaq olmaz. (Fikir). Tapdım.... Mirzə Mehdi Nadirin ən müqərrib adamıdır, onun həp bir gizlin fikri olarsa bilər.... Tələb edərəm. Qorxusundan hər nə varsa, açıb deyər. (Qapıdakı fərraşa). Heydər xanı buraya çağır. (Fikirdə).

 

DÖRDÜNCÜ GƏLİŞ

 

H e y d ə r  x a n (daxil olur). Qibleyi-aləm! Buyuruğunuz?

Ş a h  T ə h m a s. Heydər! Bu saat Mehdini buraya çağırt.

H e y d ə r  x a n. Qibleyi-aləm sağ olsun, Mirzə Mehdini?

Ş a h  T ə h m a s. Mirzə Mehdini! Mirzə Mehdini! Mənə lazımdır. Nadir onsuz heç yerə getməz və ondan bir şey gizlətməz. Bir-birinə məhəbbətləri çoxdur.

H e y d ə r  x a n. Təəccüb! Qibleyi-aləmin hüzurunda elə adamların nə işi gərəkdir ola?

Ş a h  T ə h m a s. Heydər, elə demə, Mehdi ağıllı adamdır. Yaxşı qələmi var, mən istəyirəm məxsus Nadirin barəsində onunla söhbət edəm.

H e y d ə r  x a n. Bəçeşm! (Çıxır).

Ş a h  T ə h m a s. Mehdini qorxutmaq gərəkdir, yoxsa Nadirin pünhan işlərini açmaz; Nadiri o çox istəyir. (Fikrə) Bəli, qorxu başa bəladır, onu zindana saldırram. (Fikrə) Yox.... Əvvəl xoşluqla, hərgah xoşluqla olmadı, onda güc ilə dedirdərəm.

 

BEŞİNCİ GƏLİŞ

 

H e y d ə r  x a n (daxil olur). Qibleyi-aləm sağ olsun! Mehdi gəlibdir.

Ş a h  T ə h m a s. De gəlsin.

 

Heydər çıxır.

  

ALTINCI GƏLİŞ

 

M i r z ə  M e h d I  x a n. Salaməleyküm!

Ş a h  T ə h m a s. Mehdi! Əyləş! (Mirzə Mehdi oturmayıb qolu bağlı qabağında durur. Şah Təhmas Heydər xana işarə edir ki, çıxsın) Mehdi! Qələmin yaxşı olmağa görə istəyirəm sənə bir böyük mənsəb verəm, ancaq gərəkdir sidqi-ürəklə dövlətə qulluq edəsən.

M i r z ə  M e h d i  x a n (baş əyib). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çoxdur. Ancaq qibleyi-aləm sağ olsun! Böyük mənsəbə mən özümü layiq bilmirəm.

Ş a h  T ə h m a s. Ümidvaram ki, qələmin gücü ilə dövlətə çox mənfəət gətirəsən, dövlətə və millətə zərər olan şeyləri təxirsiz bildirəsən ki, vaxtında bəlanın əlacını tapmaq. (Mirzə Mehdi xan fikirdə) Nə üçün fikrə getdin? Anlamayırsanmı?

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Həqiqət, anlamıram.

Ş a h  T ə h m a s. Anlamayırsan? Məsələn, bir şəxs padşahın canına qəsd edə, belə bir əhvalatı lazım gəlirmi xəbər edəsən?

M i r z ə  M e h d i  x a n. Əlbəttə!

Ş a h  T ə h m a s. Bəs de görüm, Nadirin tərəfindən bir şey eşitməyibsənmi?

M i r z ə  M e h d i  x a n. Xeyr, qibleyi-aləm!

Ş a h  T ə h m a s. Bəlkə məqami-dostluqda sənə demiş ola ki, guya fikrindən padşahlıq keçir.

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Neçə ildir mən onunla bir yerdə oluram, hər bir sirri və pünhan sözü olubsa, məndən gizlətməyibdir, həməvaxt felindək və qövlindən səltənətiniz payidar olmağı və qibleyi-aləmə artıq dərəcədə məhəbbəti aşkar görünür. Həqiqət, dava məqamında şir kimi şəmşir əlində hamıdan qabaq düşmən müqabilinə gedibdir. Padşahını sevməyən şəxs də bu tövr edərmi?

Ş a h  T ə h m a s. Bəs görükür heç bir şey eşitməyibsən?

M i r z ə  M e h d i  x a n. Heç!

Ş a h  T ə h m a s (hirsli). Səni zindana salandan sonra hamısını deyərsən.... Get, amma bir adama bizim söhbətimizi deyibsən, özünü ölmüş bil! (Baş əyib gedir)

Ş a h  T ə h m a s (fikirdə). Bəlkə Heydər səhvdir, ağlım kəsmir ki, Nadirdə belə cürət ola. Hərgah bu fikrə düşmüş olsa da, bu tezlikdə aşkara çıxarmaz. (Fikrə gedib başını əli ilə tutur).

 

YEDDİNCİ GƏLİŞ

 

H e y d ə r  x a n (yavaş-yavaş daxil olur). Qibleyi-aləm! Nə üz veribdir?

Ş a h  T ə h m a s (başını qaldırıb). Sənsən? Heydər, mən fikrimi sənin barəndə dəyişdirdim. Dövlət işlərində səndən mənə müqərrib adam yoxdur, özün görürsən sənə nə qədər mərhəmətim keçir, cəmi dövlətin ixtiyarını vermişəm sənə. Bununla belə, işdən belə məlum olur ki, sən istəyirsən Nadir kimi adamı mənə düşmən edəsən . Deyirsən, guya Nadir istəyir padşahlığı əlimdən alsın, taxtda özü əyləşsin. Mənim heç dəlilim yoxdur. Mirzə Mehdi ki, ona müqərrib adamların biridir, söyləyir, Nadir mənim yolumda baş qoymağa hazırdır. Və bir də qeyri məktublar ki, Nadir işarə edir, məni təşvişə salıbdır. Hanı o məktublar?

H e y d ə r  x a n. Qibleyi-aləm! O məktubların məzmununu siz bilirsiniz, haman məktublarda yazılan əhvalat Əfqanıstan barəsindədir.... Bundan qeyri bir əhvalat yoxdur. O ki qaldı Nadirin əminliyinə ... şəkkim çoxdur.... Qibleyialəm! Sizinlə söhbət edəndə diqqət etdinizmi, dedi: qoşunlar və sərkərdələr hamısı mənə tabedir.... Bu nə sözdür? İşarə deyilmi?

 

Şah Təhmas fikrə gedir.

 

Ş a h  T ə h m a s. Bəs Nadirin xain olmağını, görükür, sən yəqin edibsən?

H e y d ə r x a n. Yəqin, mənə gün kimi aşkardır. Mənim məsləhətimə görə Nadiri gərəkdir bu gün zindana salalar, tainki əlaqəsi heç kimsə ilə olmasın. Çünki bu xəbərləri eşitsə, həm qoşunu və həm sərkərdələri təhrik edər ki, qibleyi-aləmin üzünə ağ olsunlar....

 

Şah Təhmas fikrə gedir, Heydər xan qoynundan kağız çıxarır, Şah Təhmas kağızı görür.

 

Ş a h  T ə h m a s. Bu saat buyruq verərsən onu həbs etsinlər. (Bərkdən) Bu saat! O nə kağızdır?

H e y d ə r  x a n. Qibleyi-aləm! Bu gün gəlibdir. Osmanlı dövləti bizim şərtnaməmizə cavab yazıbdır.

Ş a h  T ə h m a s. Nə yazıbdır?

H e y d ə r  x a n. Yazır ki, gərək biz Ərəs çayının sağ tərəfini onlara verək....

Ş a h  T ə h m a s (fikirdə). Sağ tərəfini.... Xeyr, elə şey ola bilməz!

H e y d ə r  x a n. Əlbəttə, belə şey ola bilməz, amma....

Ş a h  T ə h m a s (acıqlı). Necə amma?

H e y d ə r  x a n. Çarəmiz yoxdur, gərək razı olaq.

Ş a h  T ə h m a s. Necə çarəmiz yoxdur? Nə üçün gərək razı olaq?

H e y d ə r  x a n. Qibleyi-aləm! Osmanlının müqabilinə çıxmaq üçün əqəllən gərək 20.000 qoşunumuz ola. Bu qədər qoşunu keçən davalardan sonra yığmaqmı olar?

Ş a h  T ə h m a s (başını əli ilə tutur və bir az fikirdən sonra). Yox.... Mən səhv etmişəm. Bu saat gedib Nadiri çağırarsan buraya. Əvvəlki buyruğumu ki, həbsə salsınlar, əlbəttə, deməzsən. Mən görürəm onsuz bu iş başa gəlməz. Bu saat gərəkdir onu hüzuruma gətirəsiniz və Cəfər xan, Mehdi xan burada olsunlar.

H e y d ə r  x a n. Qibleyi-aləm!

Ş a h  T ə h m a s. Durma, buyurduğuma əməl et! (Heydər xan çıxır) Nadir bu halda dövlətin müşkül işlərində gərəkdir, ah... Nə yaman halətdir! (Fikirdə) Nə üçün mən Heydərə inanıb Nadiri özümə düşmən edirəm? Yox, tamamdır! Bu gündən Heydərə çox ümid etməmək.

 

SƏKKİZİNCİ GƏLİŞ

 

R z a  x a n. Qibleyi-aləm! Bu saat xəbər gəlibdir ki, Osmanlı İrəvandan keçib 30.000 qoşunla bizim torpağa ayaq qoyubdur.

Ş a h  T ə h m a s. Elə şey ola bilməz. Ancaq bu xəbər vardır ki, bizim şərtnaməni qəbul etməyib istəyir ki, Ərəs çayının sağ tərəfini onlara verək.

R z a  x a n. Qibleyi-aləm! Bu xəbəri yəqin bilib qulluğnuza gəlmişəm, yoxsa cürət etməzdim.

Ş a h  T ə h m a s. Bəs Heydər görükür, səhvdir. Ah ... xain.... Ah ... bədbəxt Heydər! Bu saat onu çağırarsan, görüm bu əhvalatları nə üçün gizlədir?

 

Rza xan istəyir çıxsın. Nadir xan, Heydər xan, Məhəmməd xan, Cəfər xan daxil olurlar.

 

Ş a h  T ə h m a s (Nadirə). Mən sənin təqsirindən keçib əvvəlki ixtiyarını qaytarıram. Ümidvaram ki, bir para xəyalatdan qayıdıb sədaqətdə xidmət edəsən. Bu saat Rza xan bir qəmgin xəbər gətiribdir, guya Osmanlı bizim yerlərə ayar qoyubdur. Ona görə vaxtı fövt etməyib Rza xanı, Məhəmməd xanı və Cəfər xanı köməkçi götürüb kedərsən düşmənin müqabilinə!

N a d i r (əvvəl yavaş səc ilə, sonra getdikcə səsini ucaldır). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çoxdur. Bu vaxtadək sidqi-qəlblə dövlət və millətə qulluq etmişəm: vətənimizi düşmənlərdən xilas etmişəm. Xorasandan sonra qibleyi-aləmin xəbəri olmaya-olmaya əfqanların üstünə getmişəm, yerlərini alıb özlərini dağa-daşa salıb vaxtında şahıma xəbər etmişəm. Amma bu qulluqlarımın əvəzində qibleyi-aləmin tərəfindən nəinki böyük mərtəbəyə və hətta bir xoş nəzərə də layiq olmamışam. Mən heç! Amma qoşun, qoşun üçün padşahımın "mərhəba" səsi qüvvəti-qəlb və böyük səadətdir.. Dövlətə bugünədək mən xəyanət etməmişəm, bununla belə, qibleyi-aləm! Bir saat bundan əqdəm, necə ki, eşitdim, buyruq vermişsiniz məni həbsə salsınlar.... Çox təəccüb! Çox təəccüb! Səbəb? Səbəb? İnsanın biinsaf, biqeyrətliyi və paxıllığı! Bilirəm, hamısını bilirəm, fəqət qibleyi-aləm! Özümə cürət edib deyirəm: həmişə padşah ilə millətin arasında olan pərdə dövlətin viran olmağına və millətin bədbəxtliyinə ən birinci səbəb olubdur. Bu pərdə vəzirlərdən ibarət bir şeydir ki,həm padşahı və həm də milləti qaranlıqda saxlar. Nə padşahın millətdən və nə millətin padşahdan xəbəri olmaz. Millətin zülmdən ah və nalə səsini padşah eşidərsə, vəzirlər deyərlər: qibleyi-aləm! Səni millət alqışlayır, alqışlayır.... Ağılsız, fərasətsiz öz vəzifəsini anlamayan padşah bu sözlərə inanar, inanıb da zavallı millətin daima göz yaşına və axırda vətənin puç olmağına səbəb olar. İndi, həzərat! Bir padşah ki, dövləti və milləti tapşıra biinsaf, bimərifət şəxslərə (baxır Heydər xana və səsini ucaldır), bir padşah ki, canfişan olan qoşunun və sərkərdənin qədr-qiymətini bilməyə (üzünü xanlara) tac və səltənətə layiq deyi. Hərgah istəyirsiniz vətənimiz hər fəsaddan xali və asudə ola gərəkdir belə padşah səltənətdən xaric olsun....

C ə f ə r  x a n, R z a  x a n, M ə h ə m m ə d  x a n (hamı qılınclarını siyirib). Doğru buyurursunuz.... Nadir şah cağ olsun! Nadir şah sağ olsun!

 

Şah Təhmas və Heydər xan özlərini itirirlər və dilləri tutulur.

 

Pərdə

 

 

BEŞİNCİ MƏCLİS

 

Vaqe olur İsfahanda, Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş; Mirzə Mehdi xan oturub yazır.

 

M i r z ə  M e h d i  x a n. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən Nadir heyfa ki, tez qocaldı. İndi düz qırx altı yaşı var. Bununla baxanda altmış sinnində qocaya oxşayır. Ay zəmanə! Kim deyərdi Nadir belə tez davadan əl çəkər? Hazır dava adı gələndə özgələrini göndərir, axırıncı Dağıstan davasından sonra çox təğyir tapıbdır. Doğru deyirlər: "Söz qılıncdan kəskin olar"; həqiqət elədir! Nainsaf şəxslərin sözləri, biqeyrət, müftəxor xanların büxlü həsədləri Nadirə çox təsir edibdir. Heydər xan cəzasına çatdı. Çəfər xan, Rza xan, Məhəmməd xan – dövlətin əvvəlinci adamları şahiddirlər ki, Nadir taxtdan baş qaçırtdı, amma indi haman bu şəxslər Nadirin barəsində qeyri sözlər danışırlar. Deyirlər, guya Nadir Səfəvi nəslinin əlindən səltənəti güc ilə aldı.... Xülasə, bu axır vaxt Nadirin əhvalı xeyli pərişandır, bir boş söz ilə halətindən çıxır. Gör iş nə yerə çatıbdır ki, mənimlə də hirsli danışır, vəhalonki mənim xatirimi çox istərdi. Kim bilir, bəlkə məndən də söz düzəldib deyiblər. (Fikir. Qapıya tərəf gəlib baxır) Heyhat! Bundan müqəddəm sübh saat beşdə, altıda işə məşğul olardı, amma indi saat ondur, bu vaxtadək gəlməyir. (Qapıdan baxır) Yox, gəlir. (Kağızlarını götürür).

 

Nadir əlində ağac şah paltarında hirsli, yavaş-yavaş daxil olur.

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

N a d i r  ş a h (ətrafına nəzər yetirir). Mirzə, Dağıstan davasını yazıb qurtarıbsanmı?

M i r z ə  M e h d i  x a n. Xeyr, qibleyi-aləm, qurtarmağa az qalıbdır.

N a d i r  ş a h. Neçə günə tamam olar?

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm, on günün ərzində qurtararam.

N a d i r  ş a h (hirsli). Yaz, yaz tez qurtar, mənə lazımsan! (Fikir).

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Nə barədə?

N a d i r  ş a h. Bir neçə daxiliyyə işlər var, bir neçə qanunlar var. İstəyirəm yazasan. (Fikir) Əvvəla, fikrim budur ki, iki düşməni barışdıram. (Mirzəyə diqqətlə baxır).

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm sağ olsun, anlamıram!

N a d i r  ş a h (acıqlı). Hə! Hə! Əlbəttə, adam demirəm: iki düşmən, yəni iki məzhəb. (Mirzə fikrə gedir) Nə üçün fikrə getdin, yoxsa yenə başa düşmürsən?

M i r z ə  M e h d I  x a n. Bəli, qibleyi-aləm! İndi başa düşdüm.

N a d i r  ş a h. Doğrusu, şiə, sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə. Nə səbəbə, mənfəəti nədir? Onları sonra deyərəm.

M i r z ə  M e h d i  x a n. Doğrudur, qibleyi-aləmin əlində. hər bir şey asandır. Amma.... Bu iki məzhəbin birləşməyi çətindir.

N a d i r  ş a h. Mənim əlimdə heç bir şey çətin deyil.. İnşaallah, hərgah Allah yar olursa, məqsudimə çataram. Dünən Rza xanı göndərdim Axund Molla Əli Əkbərin yanına ki, indidən başlasın xalqa nəsihət etməyə. Bu gün gərək cavab gətirə. Vaxta ki, burada xalq hazır oldu, onda Osmanlıya yazmalıyam, tainki şərt-şürutlarını mənə məlum edələr.

M i r z ə  M e h d I  x a n. Allah xeyir versin!

N a d i r  ş a h. İkinci fikrim budur: gərəkdir İncil bizim dilə tərcümə oluna.

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! O nə üçün?

N a d i r ş a h. Dövlətin mənfəəti üçün. Hər padşaha lazım gəlir qeyri tayfanın dinini bilsin, tainki qeyri tayfa ilə dininə müvafiq rəftar olunsun.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info