Qonaq Kitabı
NADİR ŞAH

Bu vaxt Rza xan, Cəfər xan içəri daxil olurlar.

 

ONUNCU GƏLİŞ

 

N a d i r  ş a h (üzünü Cəfər xana). Necə oldu?

C ə f ə r  x a n. Qibleyi-aləm! Buradan çıxandan sonra vəliəhd bizə dedi ki, mən özüm gərək o bədbəxti axtaram tapam, başına bir neçə adam cəm edib şəhərdən kənara çıxdı.

N a d i r  ş a h. Hə ... Hə.... Tamah güc gətiribdir! (Acıqlı ayağa durur) Daşıdaş üstə qoymaram, boynunuzu bir dəqiqədə vurduraram, İranı alt-üstünə döndərərəm.... Bu saat oğlumu qolubağlı bura gətirməsəniz. Durmayın!

 

Məhəmməd xan, Cəfər xan, Rza xan tez çıxırlar.

 

N a d i r  ş a h (başını əli ilə tutub əyləşir və sonra Mirzəyə). Mirzə! Görürsən, düşmənim mənimlə bir evdə olur. Mənim sayəmdə dolanır, mən düşmənimi iraqda gəzirəm.

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! İnanmayınız bu sözlərə, İranı bədbəxt etməyiniz. Hamı hiylə bu xanlardadır ki, vüzəra hesab olunurlar. Bunlar çox biinsaf xəlqdir. İnanmayınız, qibleyi-aləm! Vəliəhddən belə şeylər sadir olmaz....

N a d i r  ş a h. Xeyr, daha şübhə yeri qalmadı. Onun gərək bu gün iki gözləri də çıxa və cəmi İran da rahat ola.

M i r z ə  M e h d I  x a n. Qibleyi-aləm! İşi yəqin etməmiş vəliəhdi bədbəxt etməyiniz.

N a d i r  ş a h. İş mənə çoxdan yəqin olubdur, Mirzə! Əbəs yerə təvəqqe etmə! (Hirsli) Gərək bu gün onun gözləri dünyanın işığına həsrət qala. Bu gündən mənim Rzaqulu adlı oğlum yoxdur, bu gündən İranın vəliəhdi yoxdur.... (Başını əli ilə tutub fikrə gedir).

 

Dişqarıda qilü-qal səsi gəlir, Rzaqulu xanı qolları bağlı gətirirlər.

 

ON BİRİNCİ GƏLİŞ

 

Rza xan, Məhəmməd xan, Cəfər xan, Rzaqulu xan.

 

N a d i r  ş a h (başını qaldırıb Rzaqulu xana). Bədbəxt oğlum, tamahkar oğlum, atandan artıqmı dövlətə, millətə qulluq edəcəkdin ki, bu fikirlərə düşdün? (Hirsli). Aparın bu saat bunun iki gözlərini də çıxardın. (Göstərir). Bu gözlər gərək onun üzünü görməyə, o gözlər dəxi bu dünyanın işığını! (Hirsli) Aparın!

R z a q u l u  x a n. Şah baba! Mənim gözlərimin qiyməti heç, amma İranı gözsüz qoyursan.... Aparın məni! Padşahın buyuruğuna əməl ediniz. İşin həqiqəti sonra məlum olar. (Üzünü xanlara) İranın evi o vaxt yıxıldı ki, sizing kimi şəxsləri ümərayi-dövlət təyin etdilər. Aparın! (Çıxır və dalınca xanlar).

N a d i r  ş a h (səndəlin üstə yıxılıb başını əli ilə tutur). Pərvərdigara! Nə halətdir!.... (Ürəyini əli ilə tutur) Of ... ürəyim döyünür.

M i r z ə  M e h d I  x a n (yıxılır Nadir şahın ayaqlarına). Qibleyi-aləm! Neçə ildir qulluq edirəm. Bu vaxtadək bir təvəqqem olmuyubdur ki, qəbul etməyəsiniz. Axırıncı təvəqqemdir, vəliəhdi bədbəxt etməyiniz.

N a d i r  ş a h (hirsli). İtil gözümdən, sən də onunla dilbir olubsan?

 

Mirzə Mehdi xan yavaş durur gedir.

 

ON İKİNCİ GƏLİŞ

 

G ü l c a h a n (tez gəlib Nadir şahın ayağına döşənir. Ağlaya-ağlaya). Qibleyi-aləm! Səni and verirəm o şeyə ki canını onun yolunda çürüdübsən, yazığın gəlsin mənim balama, məni axirətədək gözü yaşlı qoyma, Nadir! (Ağlayır) 20 il ondan ötərimi bəsləmişdim? (Ağlayır. Nadir şah başını əli ilə tutur) Nadir, evimi yıxma. Buyur mənim gözlərimi çıxartsınlar, balamda təqsir yoxdur. (Ayağını qucaqlayıb ağlayır).

N a d i r  ş a h. Olmaz. Belə gərək olsun, dövlətə xəyanət edən gərəkdir cəzasına çatsın....

G ü l c a h a n (yalvarır). Nadir! Buyur iki saat kgzləsinlər, taki o çıxan gözləri doyunca öpüm. Allahı sevirsən, mənim göz yaşıma rəhm et! (Ağlayır). Sən İranın adil bir padşahı, mən İranın bədbəxt analarından biri, iş təhqiq olunmağını tələb edirəm.... Buna da ixtiyarım yoxmu?

N a d i r  ş a h (bir az baxıb bərkdən). Dur get! (Qolundan tutub yıxır).

G ü l c a h a n (bərkdən). Ay!.... (Qəşş edib yıxılır).

 

Pərdə

 

BEŞİNCİ MƏCLİSİN MABƏDİ

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Rəxtxab.

 

M i r z ə  M e h d i  x a n. Pərvərdigara! Nə yaman və dəhşətli vaqiədir! Bundan sonra İran dəxi düzəlməz. Şah bu gün-sabah ağlını itirər, dövlət düşəcəkdir biqeyrət xanların əllərinə.... Kim bilir, nə olacaqdır. Biçarə Rzaqulu xanı zalım uşağı nahaq yerə bədbəxt etdilər. Dünən şah çağırıb mənə deyir: Mirzə, bir səhvdir etmişəm. Cəmi dünya qana batsa, o səhvi düzəltmək olmaz, iş aşkar olubdur. Rzaqulu xanın bu işlərdən bilmərrə xəbəri yox imiş. Bu fəsadlar tamam xanlardan üz veribdir... 

 

İKİNCİ GƏLİŞ

 

N a d i r  ş a h (əlində ağac, beli bükülmüş, yavaş-yavaş gəlir). Mirzə! Necə ki, dünən eşitdin elədir, nainsaf uşağı mənim balamı nahaq yerə gözsüz qoydular. (Ağlayır) Mən evi yıxılmış, mən, ağlını itirmiş binamusların sözlərinə qulaq asıb, onlara inanıb həqiqət, İranı gözsüz qoydum. (Ağlayır).

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Səbir etmək lazımdır, təqsirkar öz cəzasına çatar.

N a d i r  ş a h. İş-işdən keçibdir, dünya başıma təng olubdur. (Başını tutur).

M i r z ə  M e h d i  x a n. Qibleyi-aləm! Bu fəsadları törədən bəs məlum deyilmi?

N a d i r  ş a h. Birdirmi? İkidirmi? Düz əlli nəfər sözlərini bir ediblər ki, məndən sonra İranın taxtı Rzaquluya təslim olmasın.... Bəli, məqsudlarına çatdılar.

M i r z ə  M e h d i  x a n. Adları məlumdurmu, qibleyi-aləm?

N a d i r  ş a h. Əlbəttə, məlumdur. Bu gün cəzalarına çatarlar. Əlli nəfərin də başları gərəkdir kəsilsin. (Taxta əyləşir. Başını tutub Mirzə Mehdi xana yavaşdan) Get, mən bir az rahat olum.... (Uzanıb). Yox, rahat ola bilmirəm. (Ürəyini tutur) Of!.... Nə halətdir, pərvərdigara! Gözlərim torlanır. (Birdən qorxub durur, guya gözünə adam görükür) Kimsən? Hə? Qatildir! (Geri çəkilir) Məni.... Məni öldürmək istəyir, hə? Yox... yox.... (başını tutur) Pərvərdigara! Ölüm mənə vacibdir. (Dizi üstə durur) Ancaq istəyirəm göz yaşım ilə günahlarımın minindən birini təmizləyim. Mən gərək ağlayam, qanlı yaşlar tökəm, oğlum təki kor olam, ondan sonra əmr özünündür. Mənim naləmdən yer-göy gərəkdir mələyə, ondan sonra ixtiyar sənindir. Mən gərək yaman-yaman dərdlərə mübtəla olam.... (Ağlayır) Ağla, gözlərim, ağla! Dünyanın işığına oğlum kimi gərəkdir həsrət qalam. (Başını iki əli ilə tutub aşağı baxır, ağlayır).

 

ÜÇÜNCÜ GƏLİŞ

 

G ü l c a h a n (əli qoynunda, qara paltarda yavaş-yavaş gəlir). Nadir? Nə səbəbə belə edirsən? (Nadir şah səs vermir, Gülcahan yavuğa gedir) Nadir! Nə olubdur?

 

Nadir durur.

 

N a d i r  ş a h. Heç. (Başı aşağı) Gülcahan, doğrusu, üzünə baxa bilmirəm, təqsirim çoxdur. Əlindən nahaq yerə balanı almışam. (Əlindən tutur) Bağışla məni, bağışla! Səni and verirəm oğlumun tökülən gözlərinə.

 

Qucaqlaşıb ağlayırlar.

 

G ü l c a h a n. Ah, Nadir, Nadir! Ana olsaydın bilərdin mən nə çəkirəm. Nə etmək, hərdən baxanda ürəyim od tutub yanır.... Qiyamətədək yanacağam.... (Ağlayır).

 

Dişqarıda səs gəlir. Nadir şah qapıya tərəf gedir.

 

N a d i r  ş a h. Nə var? (Qapıdan çıxır) Yaxşı, bir az səbir etsinlər. (Gülcahana) Rzaqulunun yoldaşlarıdır. Gəliblər görməyə, gedək o biri otağa, oğlum bura gələndə mən onu görməyim.

G ü l c a h a n. Nadir! Bədbəxti özünə həsrət qoyma. Neçə dəfə deyibdir məni apar şah babamın yanına.

N a d i r  ş a h. Yox, yox! Gülcahan, gətirmə, göstərmə! Yəqin bil ki, onu görsəm ağlım başımdan çıxar. Hərdənbir yuxumda görəndə dəli oluram.... İnsaf məni incidir. Ürəyim od tutub yanır.

G ü l c a h a n. Bəs nə edim? Nə çarə qılım?! Hər gün yalvarır: məni şah babamın yanına apar, bəlkə bu gün-sabah öldüm, mənə xeyir-dua versin. (Ağlayır).

N a d i r  ş a h. Xeyir-dua! Ah biçarə! Binəva! (Ürəyini tutur) Of, yenə bir şey sancdı. (Fikrə gedir) Yaxşı, razı oldum, ancaq mən yuxuda ikən gətir, bəlkə bir az sakit ola. İndi get, yoldaşları gözləyirlər.

 

Gedirlər.

 

F ə r r a ş (qapıdan). Buyurunuz! 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Ələşrəf bəy, Musa bəy, Saleh bəy.

 

Ə l ə ş r ə f  b ə y. Yaxşı, indi nə tövr etməli?

M u s a  b ə y. Necə nə tövr? And içdik ki, gərək Nadiri öldürək. Gərək də elə ola.

S a l e h  b ə y. Bir az yavaş danış, fərraş eşidər.

M u s a  b ə y. Fərraş onsuz da gərək bilsin.

Ə l ə ş r ə f  b ə y. Nə tövr edək ki, fərraşı ələ gətirək?

S a l e h  b ə y. Birdən razı olmadı?

M u s a  b ə y. Mən razı edərəm!

Ə l ə ş r ə f  b ə y. Başla görək!

 

Musa bəy fərraşı çağırır, ikisi bir tərəfdə söhbət edirlər.

 

M u s a  b ə y. Fərraş!

F ə r r a ş. Bəli, ağa!

M u s a  b ə y (çoxlu pul göstərib). De görüm, bu pulu istəyirsən, ya xanlıq və yainki nökərçilik?

F ə r r a ş. Əlbəttə xanlıq, pul da olsa dəxi yaxşı.

M u s a  b ə y. İndi ki, elədir, əzizim! Nadir şahın başına hava gəlibdir, bu gün-sabah onu taxtdan düşürəcəklər. Ondan sonra da kim bilir, sən burada qalacaqsan, ya yox? Yaxşı deyilmi ki, bir iş edəsən, həm xanlıq və həm dövlət qazanasan.

F ə r r a ş. Nə işdir, ağa?

M u s a  b ə y. Lazım gəlir ki, onu öldürək. (Fərraş fikrə gedir) Nə üçün fikrə getdin, yaxşı pul veririk və gələcəkdə xan olarsan. Çünki o adam ki, bunun yerində əyləşəcəkdir, bizlərə qohumdur.... Biz gecə vaxtı gələcəyik, sən yalandan yuxula və qapını da açıq qoy.

F ə r r a ş (bir azdan sonra). Yaxşı, indi razı oldum. M u s a b ə y (pul verir). Al qabaqca bunu.

S a l e h  b ə y. İndi de görək, Nadir harda yatır?

F ə r r a ş. Nadir axır vaxt bu otaqda yatır. Çünki hərəmxanaya getmir ki, oğlu ilə rast gələr.

Ə l ə ş r ə f  b ə y. Çox əcəb? Nə vaxt rəxtxabinə uzanır?

F ə r r a ş. Oğlunun əhvalatından sonra rəxtxab üzü görməyibdir. Gah o taxtın üstə, gah səndəlin üstə yatır və çox da yatmır, çox vaxt gecədə neçə dəfə durub öz-özü ilə danışır.

M u s a  b ə y. Çox əcəb, bəs biz gedək, sən də vaxtında hazır ol.

F ə r r a ş. Rzaqulu xan buraya gəlsə nə deyim?

S a l e h  b ə y. De ki, yoldaşların dedilər, özgə vaxt gələcəyik, ancaq əhvalını bilmək istəyirdik.

 

Hamısı çıxırlar.

 

F ə r r a ş. Həqiqət, şahdan dəxi hamı əlini üzübdür, qoy özgəsi olsun. Bəlkə mən də xan olam. 

 

BEŞİNCİ GƏLİŞ

 

N a d i r  ş a h (yavaş-yavaş gəlir). Qonaqlar necə oldular?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info