Qonaq Kitabı
NADİR ŞAH

DÖRD MƏCLİS VƏ YEDDİ PƏRDƏLİ DRAMA

 

ƏHLİ-MƏCLİS

 

Ş a h  S u l t a n  H ü s e y n  x a n – 1717-ci ildə fars padşahı, padşahlığa layiq olmayan bir zat, 60 yaşında

Ə d h ə m – onun müqərrib vəzirlərindən

Ş a h  T ə h m a s – Hüseyn xanın oğlu, 25-35 yaşında

C ə f ə r  x a n,  M ə h ə m m ə d  x a n,  R z a  x a n – vəzirlər

G ü r c ü  b ə y – sərkərdə

N a d i r – 30-47 yaşında

G ü l c a h a n – Nadirin övrəti

R z a q u l u – onun oğlu, 15-20 yaşında

C a v a d – Nadirin dayısı, 70 yaşında

Ə v v ə l i n c i  y o l ç u – 70 yaşında

İ k i n c i  y o l ç u – 50 yaşında

Y a r a q l ı  q a ç a q l a r  v ə  k ə n d  a d a m l a r ı

M i r z ə  M e h d i  x a n – 40 yaşında, Nadirin müqərrəblərindən

E l ç i  S e y i d  S ə t a n – türkmən paltarında

H e y d ə r  x a n – 40 yaşında, Şah Təhmasibin müqərrəb vəzirlərindən

S a l e h  b ə y, M u s a  b ə y, Ə l i  Ə ş r ə f  b ə y, F ə r r a ş – Nadiri öldürən xanlar

 

  

BİRİNCİ MƏCLİS

 

Vaqe olur İsfahan şəhərində 1717-ci ildə, Şah Hüseyn xanın otağı, qapıda iki fərraş, xanın taxtı. 

 

Ə d h ə m  x a n. Tamam üç saatdır gözləyirəm, bu vaxtadək hələ cavab vermir. Kim bilir, yatır, ya balaca uşaqlar ilə oynuyur. Amma dövlətin işləri getdikcə çətinləşir, nə etməli? (Fikrə gedir).

 

Qapı açılır, Hüseyn xan yan otaqdan daxil olur.

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Şah Hüseyn xan və Ədhəm xan.

 

Ş a h  H ü s e y n  x a n (taxtında əyləşib). Xeyir ola, Ədhəm?

Ə d h ə m  x a n. Xeyirdir, qibleyi-aləm!

Ş a h  H ü s e y n  x a n. Bəs nə əcəb belə tezdən gəlibsən?

Ə d h ə m  x a n. Qibleyi-aləm sağ olsun! Bir neçə gün bundan müqəddəm xəbər gəlibdir ki, kürdlər dövlətin üzünə ağ olub Cavad xanı və fərraşları öldürüblər....

Ş a h  H ü s e y n  x a n. Cavad xanı? (Fikrə gedir) Cavad xan gərəkdir çoxdan öləydi; çünki onun zərərdən savayı dövlətə heç bir xeyri yox idi, tövcünü vaxtında yığa bilmirdi və yığanda da min dava ilə.

Ə d h ə m  x a n. Qibleyi-aləm! Tövcü vaxtında yığılsa da, yığılmasa da dövlətin halına bir o qədər təfavüt etmir.

Ş a h  H ü s e y n  x a n. Necə ki, etmir?

Ə d h ə m  x a n. Mahalların xanları xəzinəyə ancaq cüzi bir şey verib, qalanını özləri sərf edirlər.

Ş a h  H ü s e y n  x a n. Düşünmürəm, necə özlərinə sərf edirlər?

Ə d h ə m  x a n. Qibleyi-aləm! Qədimdən qayda bu üzrə olubdur: xanlar dövlətdən mahalları icarə edib tövcünü özlərinə sərf edirlər, ancaq dövlətə bir cüzi icarə pulu verirlər.

Ş a h  H ü s e y n  x a n (fikrə gedir). Bəs belə.... İndi nə etməli?

Ə d h ə m  x a n. Mən özüm də bilmirəm.

Ş a h  H ü s e y n  x a n. Ədhəm! İbtidadan mənim əvvəlinci vəzirim olub, padşahlığın hər ixtiyarını sənə mühəvvəl etmişəm. İndi necə ki, məsləhət görürsən, elə də edərsən. (Durur getməyə.)

Ə d h ə m  x a n. Qibleyi-aləm! Doğrudur, dövlətin hər ixtiyarı bu vaxtadək mənim əlimdə olubdur, amma doğrusu, bu halda tək bacarmaq mümkün deyil.

Ş a h  H ü s e y n  x a n. Burada nə bir çətin iş vardır? Kürdlər nə millətdir ki, bizim dövlətə zərər yetirə? Beş yüz sərbaz göndərsək hamısını qolları bağlı gətirərlər.

Ə d h ə m  x a n. Qibleyi-aləm, bu işin çətinliyi ... m ... m....

Ş a h  H ü s e y n  x a n (qoymur sözünü qurtarsın). Yaxşı, göndər məsləhət üçün qalan vəzirlər də gəlsinlər. (Gedir).

Ə d h ə m  x a n (Hüseyn xanı qapıyadək ötürür və ondan sonra qapıda duran fərraşa deyir). Get, bu saat Cəfər xanı, Rza xanı və Məhəmməd xanı dəvət et qibleyi-aləmin hüzuruna.

F ə r r a ş. Bəçeşm!

Ə d h ə m  x a n (tək). Fikrim dağınıqdır. (Başını əli ilə tutur) Hərçi fikir edirəm, bir şey çıxmır. Deyirəm, kürdlər dövlətin üzünə ağ olublar, deyir, zərər yoxdur, beş yüz sərbaz göndər hamısını qolları bağlı gətirsinlər. Bəh! Bəh! Kürd tayfasından xəbəri yoxdur. Beş yüz yox ki, min qoşun da göndərsəm, onların öhdəsindən gələ bilməzlər. Bundan savayı, beş yüz sərbazı haradan cəm edim? Bu saat hazırda heç iki yüz də yoxdur. (Fikrə gedir) Hələ qeyri işlərdən xəbəri yoxdur. Bir neçə gün bundan müqəddəm xəbər gəlibdir ki, özbəklər və əfqan davaya hazırlaşırlar. Bu xəbərləri məndən savayı heç kəs bilməyir və demək də olmaz. (Fikrə gedir)

 

İKİNCİ GƏLİŞ

 

Gürcü bəy və Ədhəm.

 

G ü r c ü  b ə y (tez içəri daxil olur). Ədhəm xan, doğrudurmu, deyirlər Badikubə, Şirvan, Şəki, Dərbənd ləzgilərə tabe olublar?

Ə d h ə m  x a n (yavuğa gedib). Sus! Sən haradan bildin?

G ü r c ü  b ə y. Kağız almışam.

Ə d h ə m  x a n. Yalandır, inanma. Belə şey ola bilməz.

G ü r c ü  b ə y (kağızı çıxardıb verir). Hərgah inanmayırsınız, buyurun, bu kağız.

Ə d h ə m  x a n (kağızı oxuyub cırır). Bu xəbərin doğru olmağını, əlbəttə, təhqiq etmək lazım gəlir.... Ol səbəbə hal-hazırda bu barədə kimsəyə söyləməmək məsləhətdir. (Gürcü bəyə diqqətlə baxır).

G ü r c ü  b ə y. Ədhəm xan! (Acıqlı) Doğrudur, qulluğum sizə tabe olmağı tələb edir, fəqət dövlətə xəyanət edə bilmərəm. Xudahafiz! (Tez çıxır).

Ə d h ə m  x a n (fikrə gedib). Bu yaxşı işə oxşamayır. Gürcü bəy bu xəbəri padşaha yetirə bilməyəcəkdir və yetirsə də, şah məni qoyub onun sözünə inanmayacaqdır. Amma.... Amma qorxum burdadır ki, Təhmas Mirzəyə bu xəbəri söylər, çünki onunla çox dostdur. Ah.... Təhmas olmasaydı, indi padşahlığı almışdım ələ.... (Bir az fikirdən sonra) Xeyr, bu fikirlər hələ qalsın.... Yaxşı ... m ... m.... Ləzgilərin hərəkətləri mənə məlum idi, amma.... (Fikirdə ikən yavaş-yavaş əyləşir).

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Təhmas, Ədhəm.

 

T ə h m a s. Ədhəm xan! Nə olubdur? Fikrə gedibsiniz?

Ə d h ə m  x a n (birdən ayağa durur). Heç. Qibleyi-aləmi gözlüyürdüm.

T ə h m a s (tərəfə). Qibleyi-aləmi gözlüyür! (Rişxənd). İşiniz çoxmu vacibdir?

Ə d h ə m  x a n. Xeyr, qibleyi-aləm xahiş edibdir ki, bu gün dövlətin işlərinə dair məsləhət olunsun.

T ə h m a s. Dövlətin işləri!.... Dövlətin nə işi olacaqdır? Dövlətdən məyər bir şey qalıbdırmı ki, məsləhət də olunsun?

Ə d h ə m  x a n. Allaha şükür, nə olubdur ki?

T ə h m a s. Ax, Ədhəm xan! Nə deyim.... Bağışlayın, bu vaxtadək atamın sizə olan məhəbbəti məni də vadar edirdi ki, sizə lazım olan hörməti edim, hərçənd mənim yəqinimdir ki, atamdan sonra dövlət mənim ixtiyarıma keçəcəkdir, bununla belə bu vaxtadək dövlətin işlərinə qarışmırdım və bu barədə sizinlə sual-cavabım olmuyubdur.... Fəqət indi bir neçə əhvalatlar məni vadar edir sizdən sual edəm.... Dövlətin abad olmağından ötəri nə edibsiniz? İşlər nə yerdədir?

Ə d h ə m  x a n. Vəliəhd sağ olsun! Mən ömrümü babanızın qulluğunda sərf etmişəm, necə ola bilər ki, bir şey etməyim.... Hər iş öz qaydası ilə gedir. Günbəgün vətənimiz və millətimiz tərəqqidə....

T ə h m a s. Bəli, görünür, işlərdən baxəbərsiniz....

Ə d h ə m  x a n. Necə ola bilər ki, mənim xəbərim olmasın.

T ə h m a s. Kürdlərin əməli sizə məlumdurmu?

Ə d h ə m  x a n. Bəli!

T ə h m a s. Bəs bəlanı rəf etmək üçün fikriniz nədir?

Ə d h ə m  x a n. Bu gün məsləhət haman məsələ barəsindədir.

T ə h m a s. Bu iş iki aydır cəmi İrana məlumdur, siz ancaq indi məsləhət edirsiniz.... (Başını bulayır) Kürdlər dövlətin üzünə ağ olublar, özləri üçün müstəqil hakim tikiblər. Amma siz indi məsləhətə yığılırsınız! Təəccüb edirəm.

Ə d h ə m  x a n. Nə üçün təəccüb edirsiniz? Allaha şükür, nə olubdur? Bir gün ərzində beş yüz qoşun ilə onları sakit etmək mümkündür.

T ə h m a s. Ah! Ah! Ah! (Gülür) Beş yüz qoşun! Bunları hardan yığacaqsınız? Və tutalım yığdınız, beş yüz adam vəhşi kürdlərə nə edə biləcəkdir? Bu qalsın, bəs ləzgilərə çarəniz nədir?

Ə d h ə m  x a n. Ləzgilər! Ləzgilər çoxdan xamuş olublar. Onların tərəfindən bizim üçün qorxu yoxdur.

T ə h m a s. Bəs görükür, təzə xəbəri eşitməyibsiniz?

Ə d h ə m  x a n (tərəfə). Görükür, Gürcü bəy hamısını deyibdir. Və.... Bəli, deyirlər guya ləzgilər davaya hazırlaşırlar. Fəqət belə sözlərin əsli yoxdur, zənn edirəm.

T ə h m a s. İş işdən keçibdir, siz indi deyirsiniz əsli yoxdur.... İranın gözəl yerləri: Badikubə, Şirvan, Şəki mahalları hamısı ləzgilərə tabe olubdur!.... Bunlar heç, bəs Əfqan?....

Ə d h ə m  x a n. Əfqan?

T ə h m a s (gülə-gülə). Bəli, Əfqan! Ah Ədhəm xan, ya görünür yatıbsınız, işlərdən xəbəriniz yoxdur, yainki bilib gizlədirsiniz.... (Yavuğa gedir) Sizə yəqin olsun ki, vətənimiz bu yavuqda əldən gedəcəkdir və mənim sizinlə bu tövr açıq və cürətlə danışmağımın səbəbi budur ki, mən burada qalıb özümü bədbəxt etmək istəmirəm.... Hamı günah sizdə olmağını yəqin etmişəm. Vaxtında tədarükdə olsaydınız, vaxtında bu xəbərlər doğru olmağını təhqiq etsəydiniz, bu halətdə bulunmazdıq. İndi.... İndi bəla hər tərəfdən gəlir....

Ə d h ə m  x a n (başını aşağı salıb). Mən nə ki lazımdır.... Mən .... Mən....

T ə h m a s (gulə-gülə). "Mən", "mən", eh! (Əli ilə) Sizinlə danışmağın indi vaxtı deyil.... Vətən və millət qabağında üzüqara olanın vay halına! Xudahafiz. (Çıxır)

Ə d h ə m  x a n (başı aşağı dayanıb fikrə gedir). Bu yaxşı işə bənzəməyir. Mənə deyir ki, sizinlə danışmağın indi vaxtı deyil, yəni taxta çıxandan sonra danışacaqdır.... Bunun atası Hüseyn şah da əvvəl taxta əyləşəndə dövlətin işlərinə diqqət edirdi, amma indi.... Xeyr, bu sözdür. Sən də vaxtında yumşalarsan, tələsmə....

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Şah Hüseyn xan və Ədhəm xan. Şah Hüseyn xan içəri daxil olub taxta əyləşir. Bir qul qəlyan gətirir.

 

Ş a h  H ü s e y n  x a n. Ədhəm! Vəzirlər hələ gəlməyiblər?

Ə d h ə m  x a n. Xeyr, qibleyi-aləm!

Ş a h  H ü s e y n  x a n (bir az fikirdən sonra). Gürcü bəyə də adam göndərmək gərək. Çünki Gürcü bəy eşidirəm, can və dil ilə qulluq edir. Bu barədə onun təsəvvürünü də bilmək lazımdır, zənn edirəm.

Ə d h ə m  x a n (rişxənd). Layiq deyil ki, Gürcü bəy qibleyi-aləmin məclisində əyləşib dövlət barəsində öz təsəvvürünü danışsın. Bundan əlavə, Gürcü bəy çox hünərli və şücaətli olmuş olsa da genə xaçpərəstdir. Belə bir adamın müsəlman dövlətinə təmiz ürəklə qulluq etməyinə şəkkim var. Və dövlətin bir para pünhan işlərini hər adama demək olmaz.

Ş a h  H ü s e y n  x a n (bir az fikirdən sonra). Gürcü bəy bu vaxtadək dövlətə xəyanət etməyibdir və bir də onu çağırmaqdan əsil məqsədim budur ki, kürdlərin müqabilinə göndərəm. (Fikir)

Ə d h ə m  x a n. Qibleyi-aləm! Kürdlər....

Ş a h  H ü s e y n  x a n (hirsli). Yaxşı! Adam göndər çağırsınlar. (Başını əli ilə tutub fikrə gedir)

Ə d h ə m  x a n. Baş üstə! (Tərəfə) Bu yaxşı işə bənzəməyir.... (Gedib qapıda duran fərraşa yavaşdan deyir ki, Gürcü bəyi çağırsın).

Ş a h  H ü s e y n  x a n (əli ilə ürəyini tutur). Ürəyim bu gün çox döyünür. Oh! Oh!

Ə d h ə m  x a n. Qibleyi-aləm! Vəzirlər gəliblər.

Ş a h  H ü s e y n  x a n. Gəliblər? Yaxşı, de gəlsinlər.

 

BEŞİNCİ GƏLİŞ

 

Cəfər xan, Rza xan və Məhəmməd xan daxil olub hamısı təzim ilə salam edirlər.

 

Ş a h  H ü s e y n  x a n. Həzərat, əyləşin. Ədhəmin deməyinə görə xəbər gəlibdir ki, kürdlər guya dövlətin üzünə ağ olublar. (Gürcu bəy içəri daxil olub qapının ağzında durur və Hüseyn xan onu görüb) Gürcü bəy, əyləş. İşdən belə məlum olur ki, kürdlər bu yavuq vaxtdan baş qaldırıblar. Ona görə ümid edirəm ki, beş yüz sərbaz göndərsəm, onların öhdələrindən gələrlər.

C ə f ə r  x a n. Əlbəttə!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info