Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

İki qardaşın öldürüb

Zəlil gəzən Dözən oğlu

Alp Rüstəm mən özüməm!

O da daxı Qazan xana

At salıban alım, dedi,

Alanmadı. Salur Qazan

Ona da bir zərbə vurdu,

Sonra dedi: – Mərə, qavat,

Get, bəyinə söylə gəlsin.

O da döndü. Qazan yenə ər dilədi.

Xan Uruzun cilovunu

Bəy əmisi Qaragünə

Tutmuş idi bir an içrə

Çəkib aldı qılınc dartdı,

Babasının üzərinə at saldı,

Dayanmayıb çiyninə bir

Qılınc vurdu, geyimini

Kəsdi, biçdi dörd barmaq

Omuzuna zəxm saldı,

Alaca qanı şorladı.

Uruz yenə döndü ki,

Bir daxı çala, Qazan

Çağırıb söyləmiş,

Görək xanım nə söyləmiş:

– Qara dağımın yüksəgi, oğul!

Qaranqu gözümün aydını oğul!

Alpım Uruz, aslanım Uruz!

Ağ saqqallı babana qıyma, oğul!

Xan Uruzun damarında

Şəfqət qanı qaynayaraq

Qara qıyma gözlərinə

Qan yaş doldu. Özün atdan

Yerə saldı, atasının

Əlin öpdü, Qazan daxı

İxtiyarın əldən verib,

Ər oğlunun boynun öpdü.

Bəylər hamı Qazan ilən

Bəy Uruzun üzərinə

At saldılar, dövrələnib

Hamısı atdan yendilər,

Qazan xanın əlin öpüb,

Yüyürübən kafərlərə

At saldılar, qılınc çalıb

Dərələrdə, təpələrdə

Yağıları qırıb, töküb

Qalalarını aldılar.

Kilisasın viran edib,

Yerinə məçid yapdılar.

Uruz isə babasını

Qanlı kafər əlindən

Dartıb alıb Qalın Oğuz

Ellərinə yollanaraq

Ağca üzlü anasına

Müştuluqçular göndərdi.

Qaza bənzər qız-gəlini

Qazan xana qarşı gəlib

Əlin öpüb, ayağına döşəndilər.

Salur Qazan göy çəməndə

Çadır-otaq tikdirdi,

Yeddi gündüz, yeddi gecə

Toy tutuldu, dügün oldu,

Yemək oldu, içmək oldu.

Dədə Qorqud vardı gəldi,

Qopuz çaldı, mərd ərənlərin

Başına nə gəldiyini söylədi:

– Hanı öydüyüm igitlər,

Dünya mənim, söyləyənlər?

Hamısını əcəl aldı,

Yer gizlətdi, fani dünya kimə qaldı?

Gəlməli, getməli dünya,

Son ucu ölməli dünya!

Qadir səni ölüm vaxtı

Pak imandan ayırmasın!

Dünya varkən mərd igidi

Namərdə möhtac etməsin!

Beşcə kəlmə dua qıldıq,

Qəbul olsun, amin deyən

Didar görsün, günahızı

Adı gözəl Məhmməd Müstafaya

Bağışlasın!



[1] M ə a d – 1) qayıdış, dönüş; 2) axirət, o biri dünya.

[2] Allah birlikdə olanlarladır.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info