Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

Çəkdi, bütün örkənləri

Qırdı, tökdü. Durdu oturdu,

Əlini-əlinə çalıb

Qas-qas güldü.

 

Kafər aydır: – Nə gülürsən?

– Mərə, kafər arabanı 

Beşik sanıb, sizi isə 

Girdə-yumru tayam sandım.

Qazan xanı gətirdilər,

Tumanın qalası içrə

Bir quyuya buraxdılar.

O quyunun ağzına da

Dərman daşı çevirdilər,

Yeməyini, içməyini

Daşcığazın dəliyindən

Verirdilər.

Günlər ötdü, zaman keçdi,

Bir gün təkurun ovrəti

Fikrə düşdü: – Gedim, görüm

Bu Qazan necə kişidir,

Adamlara qan qusdurur.

Xatun gəlir zindanın ağzında

Durur və çağırır: – Hey, Qazan bəy,

Nədir halın, diriligin,

Yer altdamı xoşdur,

Yoxsa, yer üstəmi?

Söylə görək nə yeyirsən,

Nə içirsən, nə minirsən?

Qazan aydır: – Heç pis deyil,

Ölülərə aş verəndə

Əllərindən alıb içirəm.

Ölülərin tənbəlini

Yedəkləyib yorğalarına minirəm.

 

Təkurun arvadı aydır:

– Qazan, dinin xatirinə,

Yeddi yaşlı kiçik bir 

Qızım ölmüş, kərəm elə,

Ona minmə!

 

Qazan aydır: – Ölülərin

Arasında ondan yorğa

Kimsə yoxdur, həmişə ona minirəm.

Ovrət aydır: – Vay olsun!

Sənin əlindən nə yer üzündə

Dirimiz, nə yer altında

Ölümüz qurtulurmuş.

Gəlib təkura söyləyir:

– Kərəm elə, o tatarı

Gəl quyudan çıxargilən,

Qızcığazın belin üzər.

Yer altında qızcığaza

Minər imiş, qalanları

Cəm edərmiş. Ölülərə

Verdigimiz aşı hələ,

Əllərindən çəkib alıb

Yeyərimiş. Bu qadadan

Nə ölümüz, nə dirimiz

Qurtarmazmış. Dinin üçün,

Gəl, o əri bu quyudan çıxar!

 

Təkur bəylərin cəm edib

Belə aydır: – Gəlin, gedin

Qazan bəyi  quyusundan

Çıxarınız, gətiriniz,

Bizi öysün, oğuzlardan

Üz çevirsin, ondan sonra 

Şərt eləsin, bizim elə

Yağılığa da gəlməsin!

Varıb gedib Qazan xanı

Quyusundan çıxardılar,

Gətirdilər ayıtdılar:

– And iç, bizim elimizə

Yağılığa gəlməyəsən.

Həm bizi öy, oğuzlardan

Üz döndərgil, ondan səni

Buraxarıq, qoy getgilən!

Qazan aydır: – Vallah, billah,

Doğru yolu görərikən,

Əyri yola getdigim yox!

Ayıtdılar: – Vallah, Qazan

İyi and içdi. İndi

Qazan gəl bizi öy,

Qazan aydır: – Mən yer üstə

Adam öyməm. Siz mənə bir

Adam verin, onu minim,

Sonra dönüm sizi öyüm!

 

Bir kafər, gətirdilər,

O kafərin arxasına

Yəhər qoyub ağzına üyən

Vurdular. Salur Qazan

Sıçradı kafərə mindi,

Qabırqasın sıxışdırdı,

Kürəgini qovuşdurdu.

Üyəni çəkdi, ağzın qırdı.

Kafər öldü yerə düşdü,

Qazan üzərinə çökdü:

– Mərə, kafər qopuz verin, 

Sizi öyüm. Gedib qopuz 

Gətirdilər. Ələ aldı,

Görəlim, xan, nə söyləmiş:

– Min-min ərdən yağı gördüm,

Gördümsə də öyünmədim.

İgirmi min ər yağı gördüm,

Gördümsə də yilənmədim.

Otuz min ər yağı gördüm,

Gördümsə də ona saydım.

Qırx min ər yağı gördüm,

Gördümsə də qıya baxdım.

Əlli min ər yağı gördüm,

Gördümsə də əl vermədim.

Altmış min ər yağı gördüm,

Gördümsə də aytışmadım.

Səksən min ər yağı gördüm,

Gördümsə də səksənmədim.

Doxsan min ər yağı gördüm,

Gördümsə də donanmadım.

Yüz min ər yağı gördüm,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info