Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

Könül tərlanların gətir avaza.

Bayquş tək oturub mürgüləməsin,

Sahilsiz göylərə gərsin sinəsin.

Tərlanlar çoxdandır dönüb quzğuna,

Baxmır keçmişinə, kim olduğuna.

İtirmiş mənligin, şərəfin, adın,

Cəmdəklərdən gəzir rizqin, muradın.

Azğınlıq insanı yaman çulqamış,

Dönüb rəzalətə tərəf uğramış.

Fəzilət tanımır, yaxşı-pis bilmir,

Dal-qabağın, bir də qarnını güdür.

Şeytan tələ qurub insan tutmağa.

Tövməsin batırıb bala-qaymağa.

 

***

Canım aşıq, qoyma, qoyma tovlansın,

Çaldır döhülləri, bəlkə oyansın.

Çaldır döhülləri əlin qurbanı,

Qəflət uyqusundan ayılt insanı.

Səndə Qorqud Dədə kəraməti var,

Odur ki, sözlərin ürəgə qonar.

Himmət al İlahi kəramətindən,

Qoy inam parlasın söz-söhbətindən.

Bizi bu qaranlıq dünyadan çıxart,

O qızıl günəşli aləmə apar.

Apar, qoy seçilsin qaralar-ağdan

Ölməz insanları qaldır məzardan.

Ağ alnında iman işığı şaxan,

Qara zülmətlərə od vurub yaxan,

Özündən əl üzər, sözündən dönməz,

Əyri yol tanımaz, yalan söz bilməz,

Comərd igidlərdən söhbət aç, danış,

Sarsılan insanın əlindən yapış.

Coşğun nəğmələri kəməndə döndər,

Könül ceyranının ovuna göndər.

 

***

Aşıq, canım aşıq, köklə sazıvı

Qoy bir də dinləyim xoş avazıvı.

Səni dinlədikcə ilhamım coşur,

Sözlər ürəgimdə qaynayır-daşır.

Səsin ağ suların zəmzəməsidir,

Ruhumu oxşayan el nəğməsidir.

Oxu, qoy silinsin könlümün hisi,

Al-yaşıl geyinsin xəyal pərisi.

Qoy nəğmələrinlə mən qol-qanad açım,

Bir də mavi donlu göylərə uçum.

Zülmət dünyasından canımı qurtar,

Apar, apar məni, nərəyə apar…

Apar məhəbbətin gən dünyasına, 

İşıq dünyasına, şən dünyasına.

 

***

Məgər xanım,

Trabozan padişahı,

Bəylər bəyi Xan Qazana

Bir əl quşu göndərmişdi.

Gecələrin birisində

Yeyib-içib oturarkən,

Salur Qazan quşçubaşın

Çağırıban: – Mərə, sabah

Quşları al, xəlvətcədən

Ova minək – deyə, aydır.

 

Erkən minib ov yerinə

Varan zaman bir sürü qaz

Oturar görüb, əl quşunu

Buraxdılar. Şahin ovdan

Alanmayıb qanadlandı.

Uçdu getdi gözlədilər

Qayıtmadı, qala üstə

Qonub qaldı. Salur Qazan

Səxt şahinin

Ardına düşdü. Dərə-təpə

Aşdı, gəldi kafərlərin

Mərzin keçdi, yüyürərkən

Qaranqu gözlərini yuxu aldı.

 

Bəylər deyər: – Qayıdalım!

Salur Qazan: – Bir az daha

İrəliyə varaq,– dedi.

Baxıban bir qala gördü,

Bəylər, gəlin yataq,– dedi.

Qazan xanı kiçik ölüm

Yaxaladı, düşdü uydu.

Məgər, dostlar, oğuzları

Yuxu tutsa, yeddi gecə

Yeddi günüz yatardılar.

Ona görə bu yuxuya

Kiçik ölüm deyərdilər.

Məgər qalanın təkuru

O gün ova minmiş idi.

Casus gəldi xəbər verdi:

– Bircə bölük atlı gəlmiş,

İçində bəyləri uymuş.

Təkur dərhal adam saldı,

Varın, gedin kim olduğun,

Bilin! – Dedi.

Xəbərçilər bildilər ki,

Bunlar Oğuz bəyləridir,

Dönüb xəbər gətirdilər.

Təkur daxı qoşunların 

Cərgələyib axın verdi.

Qazan xanın igitləri

Baxdı gördü yağı gəlir,

Ayıtdılar: – Biz Qazanı

Tək buraxıb gedər olsaq,

Evindən qovarlar,

Yaxşısı budur vuruşaq.

Kafəri qarşıladılar,

Cəng etdilər, Qazan xanın

Bəylərindən iyirmi beşin

Şəhid edib üzərinə

Töküldülər, yaxalayıb

Əl-ayağın bağladılar,

Bir arabaya yüklədib

Örkənlə bərk sarıdılar,

Çəkə-çəkə yürütdülər.

Arabanın cırıltısı 

Qazan xanı oyandırdı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info