Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Can almağa hazırlaşdı.

İgidlərin görməlisi,

Yoldaşına qıyammadı.

Haq-taala dərgahına,

Yalvarıban sıtğadı:

– Ucalardan ucasan sən,

Kimsə bilməz necəsən sən!

Bəzi cahil adam səni

Göydə arar, yerdə arar.

Bilməz ki, sən nə göydəsən,

Nə yerdəsən!

Möminlərin,

Ürəyində, qəlbindəsən!

Daim duran cabbar Tanrı!

Baqi qalan səttar Tanrı!

Uzun yollar üzərində,

İmarətlər tikdirərəm

Səni deyə!

Ac görərsəm, yedirdərəm,

Doyuraram, səni deyə!

Çılpaq görsəm, geyindirrəm,

Donaldaram, səni deyə!

Can alırsan, bir yerdə al,

İkimizin canımızı!

Can almırsan, bağışlarsan,

Bir bağışla ikimizi!

 

* * *

Eşqin, məhəbbətin mənəviyyəti,

Bir də nişan verdi öz qüvvəsini.

Ürək birliyinin ölməz qüdrəti,

Dəyişdi Tanrınm iradəsini.

 

– İki istəklidən əl götür! – Dedi,

Onlara yüz qırx il ömür vermişəm!

Al iki qocanın canını indi,

Belə tələb edir səndən iradəm!

 

Demək, bir qadının eşqi, vəfası,

Tanrı qəzəbinə qələbə çaldı.

Domrulun gül açdı könül dünyası,

Yüzqırx il yaşadı, yüzqırx il qaldı.

 

Qoşdu Qorqud Dədə adına dastan,

Adını-sanını saldı dillərə.

Əbədi yaşasın vəfalı insan,

Şöhrəti yayılsın bütün ellərə!

 

Adın eşidərkən obalar, ellər,

Könüllərdə dostluq duyğusu coşsun!

O adı oxşasın zəxmələr, tellər,

Aşıqlar saz çalsın, nəğmələr qoşsun!

 

Kim deyir ölümdür candan əl çəkmək?

Bu ölümdən doğur başqa bir həyat!

İnsan öz canından keçməsə, demək,

Əbədi həyata çatarmı? Heyhat!..

 

Fərhad dünyamızdan ölüb getsə də,

Hələ də külüngün səsi gəliri.

İstəkdə gizlənən tükənməz qüvvə,

Hələ də dağların bağrın dəliri.

 

Ağızlara düşmüş “fəna” sözündə

Nə həqiqət vardır, nə də ki, məna.

Hər bir faniliyin mərmuz içində

Gizlənib, yatmışdır yüksək bir bəqa[12].

 

Təkamül adlanan o böyük qüvvət,

Əbədi yaşayır bu bəqalərdə.

İnsanlıq adlanan parlaq həqiqət,

Günbəgün götürür üzündən pərdə.

 

Tufanlar içində qalsa da gənclik,

Ölüb getməyəcək, qalxıb duracaq!

Kökün bərkitsə də yerlərdə çürük,

Dünyada çox zaman yaşamayacaq!

 

Ancaq dənələrin səpib göyərdən,

Ağaclar heç zaman fani olmayır.

Özü çürüyürsə, gedirsə əldən,

Yeni şüvkələrdə durub yaşayır.

 

Qoy bunu anlasın həyat bağında,

Hasilsiz göyərən azğın vəfasız.

Çiçəklər cücərməz bahar çağında,

Çürümüş yarpağın tökməsə payız.



[1] M ə r m u z – mistik.

[2] İ b h ə m – şübhə.

[3] Xalq şairi Səməd Vurğun (1906-1956) nəzərdə tutulur.

[4] M ə b h u t - m ə b h u t – çaşqın-çaşqın, heyrətlə.

[5] “Əli Mövcud” dedikdə, dərvişlər nəzərdə tutulur.

[6] Ş ə b ə h – oxşarlıq; qaralama, eskiz.

[7] Çox güman ki, şair burada Makedoniyalı İskəndərə təslim olmayan buntürkləri nəzərdə tutur. Gürcü salnaməsi “Mo­kt­se­vay Ka­rt­li­say”a görə onlar Tbilisidən yuxarıda Kürün sahillərində yaşamışlar (Bax: Обращение Грузии. Тбилиси, 1989, s. 11).

[8] F ə s a h ə t – gözəl, aydın danışma.

[9] M ə r ə – adə.

[10] Ə y a q – piyalə.

[11] Ç ö n g ə – çəp.

[12] B ə q a – 1) daimilik, əbədilik; 2) varlıq.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info