Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Çöngəliyin bəyənməzsən?!

Qara gözlü xumar baxan,

Baxışilən odlar yaxan,

Gəlinlərin və qızların,

Canlarını çox almışam!

 

Saqqalımın ağlığını

Bəyənməzsən? Bir yürüşdə

Dəmirdırnaq aslanların

Belin bükən, qara kakil,

Qara saqqal igidlərin,

Canlarını çox almışam!

 

* * *

Dələ Domrul: – Mərə, qoca!

Qızılqanad Əzrail

Sən imişsən? – Deyə, sorur.

– Mənəm, aha!

– Yaxşı-yaxşı igidlərin

Canlarını sən alırsan?

Bu ellərə, obalara,

Qara şivən sən salırsan?

– Mən alıram! Mən salıram!

 

* * *

– Ahay, dayan! Qapıçılar,

Qapıları qapalayın!

İgid oğul ölümündə,

Ürəkləri şan-şan olan,

Sinəsinə dağ çəkilib,

Gözləri qan yaşla dolan,

Anaların qisasını,

Cəllad dinli, daş ürəkli,

Çöngə gözlü bu qocadan

Bu gün burda alam gərək!

Ürəyinə dağ çəkilmiş,

Al soyunub qara geymiş,

Minbir arzu, minbir istək,

Duyğusuyla dolu olan,

Ürəkləri alovlayan,

Dırnaqlanmış yanaqları,

Parçalanıb al boyanan,

Gəlinlərin qisasını,

Qorxunc yüzlü bu qocadan,

Bu gün burda alam gərək!

 

* * *

– Ahay, qorxunc qoca! Səni

Gen yerlərdə axtararkən,

Dar bir yerdə ələ düşdün.

Haydı səni, öldürübən,

Yaxşı-yaxşı igidlərin,

Cavanların canını mən,

Qurtararam əllərindən! –

Deyə, Domrul qara polad

Qılıncını siyirərək,

Qulun kimi qışqırdı bərk.

Bir alıcı tuqan kimi,

Çöngə gözlü Əzrailin,

Üzərinə hücum etdi.

Əzrailsə,

Qanad çalıb,

Bir göyərçin surətində

Pəncərədən uçub getdi.

 

* * *

Dəli Domrul qas-qas güldü,

Əzrailin qaçdığından.

– Mərə, comərd igidlərim,

Əzrailin gözün elə

Qorxutdum ki, gen qapını

Buraxıban, dar bacadan –

Pəncərədən qoyub qaçdı!

Domrulun qorxusundan,

Quş oluban göyə uçdu!

Amma bilin, bu gün onu,

Tərlanıma tutdurmasam,

Əl çəkmərəm, buraxmaram!

– Deyə, Domrul

Hərbə biçdi.

 

* * *

Dəli Domrul atın minib,

Tərlanını ələ aldı.

Çox göyərçin ovlayıban,

Evə doğru qayıdarkən,

Əzrail,

Qazlıq ata nəzər saldı.

At ürkübən göyə qalxdı,

Domrulu yerə çaldı.

Qara başı bükülərək,

Yerlər üstə bükük qaldı.

Əzrail,

Yubanmadan,

Ağ sinəsi üzərinə,

Oturuban mırıldadı.

Domrulun nəfəsləri,

Saya düşüb, xırıldadı:

– Əzrail, mərə, aman!

O görünməz haqq, Tanrının,

Birliyinə yoxdur güman!

Səni bu cür bilməz idim,

Oğurluqla canlar alan!

Bizim yerdə uca-uca,

İri düymə dağlar olur.

O dağların ətəyində

Göy çadırlı bağlar olur.

O bağlarda gilələri,

Yaqut kimi tutub yanan,

Qara salxım üzüm olur.

O üzümün suyun sıxsan,

Al-qırmızı şərab olur.

O şərabdan kimsə içsə,

Əsirəyib sərxoş olur.

Özün bilməz,

Sözün bilməz.

Mən içibən o şərabdan,

Duymaz oldum, əsirədim.

Bilməz oldum nə söylədim.

Əzrail, mədəd səndən!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info