Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

* * *

İnsan həqiqətin itirən gündən,

Başı daşdan-daşa dəyir hər zaman.

Səadət ceyranı qaçır önündən,

Sıldırım yollarda qalır sərgərdan.

 

Azıb özlüyündən itkin düşəndən,

Qurd kimi özünün qanını içir!

Özünü axtarır bilməm nərədən,

Çalılar, tikanlar ayağın biçir!

 

O öz surətini yada saldıqdan,

Bir çox əfsanələr yaratmış bəzən.

Axtarıb, yorulub, yolda qaldıqdan,

İndi özün gəzir əfsanələrdən!

 

Əfsanə, insanlıq sin-sin axtaran,

İdeal dünyanın təbəssümüdür.

Həyatda təcəssüm tapıb-tapmayan,

Böyük arzuların tərənnümüdür.

 

Haqsızlıq dünyanı çulğayan zaman,

O, haqqa dayanmış, haqq axtarmışdır.

İstəksiz, ilqarsız bir ruzigarda,

O, eşqə uğramış, ilqar varmışdır.

 

İnsanın qüdrətsiz, zəif çağında,

Qüdrətli tanrılar yonub yaratmış.

Bəzən də insana qanad verərək,

Alıcı quş kimi göyə çıxartmış.

 

Bir ülgü olmuşdur gahdan insana,

Əsrlərdən qalan əfsanə, röya.

Oxşayıb təsəlli vermişdir ona,

Hər zaman darıxıb darda qalanda.

 

Odur ki, insanlıq bir pəri kimi,

Dağların başından bizi səsləyir.

Bəzən də bürünür göyərçin donu,

Sahilsiz göylərdən ümid diləyır.

 

* * *

Çölləri bürüyən mənalı sükut,

Bəzən lal dayanır, gah dilə gəlir.

Yollara baxdıqcan mən məbhut-məbhut,

 Elə bil ki, sükut məni səsləyir.

 

Şəbəhlə[6] doldurmuş gecə hər yanı,

Mən də qoşuluram bu şəbəhlərə.

Gəzirəm sərgərdan dağı, ormanı,

Cumub baş çəkirəm bütün hər yerə.

 

Hardasa gecənin qara ətəyi,

Od tutub şöləli-şöləli yanır.

Harda işıq olsa, tapar ürəyi,

Könül istəklisin hər donda tanır.

 

Qəlbimi aparır ondaki cəzbə,

Yüyürürəm onun ardınca mən də.

Zülmətə batandan mən də, ürək də,

Sürünürük harda işıq görəndə.

 

Çatırıq böyük bir düzəngahlığa,

Çəmənlər şənlənir, çeşmələr axır.

Köçünü salmışdır ağır bir oba,

Məşəllər gecəni yandırır-yaxır.

 

Aralıqda böyük dövran qurulmuş,

Bilmirəm toydur bu, yoxsa qonaqlıq.

Ərənlər, qadınlar qat-qat oturmuş,

Arada dolanır qocaman aşıq.

 

Aşıq çömçəsini ingildədərək,

Gəzir pərdələrdə əfsunkar əli.

Tellər titrədikcə titrəyir ürək,

Hər kəsin canlanır eşqi, əməli.

 

Nəğmələr tərlan tək qanadlandıqca,

Könül də ardınca qol-qanad acır.

Havalar göylərə havalandıqca,

Xəstə könüllərdən dərd-qəm qaçır.

 

Bilməm nə sirridir, aşığın səsin,

Eşidən ürəkdə qalmaz ixtiyar.

Ən kiçik yaşımdan aşıq nəğməsin,

Eşidən zamanlar tüküm biz durar.

 

Hələ də bilmirəm bu səs, bu nəğmə,

Hansı dünyalardan baş alıb gəlir?

Nəsim yelləri tək dəyəndə qəlbə,

Bədənim dincəlir, ruhum yüksəlir.

 

Özüm də bilmirəm harada, haçan,

Ruhum bu aləmdən aşnalıq tapmış.

Ancaq bilirəm ki, uzaq zamandan,

Könlümə doğmadır, qəlbimə tanış.

 

Aşıq dəyişərək sazının səsin,

Gülür gözlərində şənlik, həyəcan.

Baxışı andırır ölməz həvəsin,

Sanki indi gəlir o dünyalardan.

 

* * *

Dişi aslan, qoç igidlər,

Qulluğuna söyləyim mən,

Bu ellərin, obaların,

Ataların, babaların

Gəldiyindən, keçdiyindən,

Haqq badəsin içdiyindən.

 

* * *

Bu torpaqda, bu diyarda,

Əsrlərdən-əsrlərə,

Əlsizləri talamayan,

Tüpürdüyün yalamayan,

Dillərinə yalan gəlməz,

Haqq yolundan üz çevirməz,

Zülmkara boyun əyməz,

Dalısını düşmən görməz,

Dişi aslan, qoç igidlər



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info