Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Gəl canımı alma mənim!

Doymamışam igidlikdən.

– Mərə, dəli! Mərə, aslan,

Bu işlərdən nə qanırsan?!

Düşünürsən?

Məndə nə var?

Mənə niyə yalvarırsan?

Allahını çağır, yalvar,

Odur can verib, can alan!

– Mərə, Əzrail, mərə!

Mat qalmışam bu işlərə.

Tanrı isə canlar alan,

Söylə, bəs sən nə qadasan?

Çəkil geri aralıqdan.

Xəbərləşim mən, Tanrıylan! –

Deyə, Domrul tapdı ürək.

Nə söyləmiş, baxaq görək.

 

* * *

– Ucalardan ucasan sən!

Kimsə bilməz necəsən sən?

Bəzi cahil adam səni,

Göydə arar, yerdə arar.

Bilməz ki, sən nə göydəsən,

Nə yerdəsən.

Möminlərin qəlbindəsən.

Daim duran cabbar Tanrı!

Baqi qalan səttar Tanrı!

Canımı da alar olsan,

Əzrailə qoymagilən!

 

Domrulun sözlərindən

Allahın xoşu gəldi:

– Çünki mənim dəli qavat,

Birliyimi bilər oldu,

Birliyimə şükr qıldı.

Can yerinə bulsun bir can,

Onun canın buraxgilən! –

Deyə, Tanrı qızılqanad,

Əzrailə verdi fərman.

 

* * *

Əzrail Tanrı əmrin

Domrula etdi təyin.

 

* * *

– Əzrail, mərə, aman!

Necə tapım mən sənə can?!

Ancaq var bir qoca atam,

Bir də bir qarıcıq anam.

Gedək görək,

Biri canın

Verər olsa, al getgilən,

Mənim canım qoy, getgilən.

 

* * *

Dəli Domrul atın çapdı,

Atasını gəzib tapdı:

– Ağ saqqallı gözüm baba,

Sənə qurban özüm, baba!

Bilirsənmi nələr oldu?

Küfr dedim, ilahinin,

Dərgahına xoş gəlmədi.

Göylərdəki qızılqanad,

Əzrailə hökm eylədi.

Mənim canım almaq üçün,

Göy üzündən uçub gəldi.

Qondu mənim sinəm üstə,

Şirin canım alar oldu.

Baba, səndən can dilərəm,

Mənə canın verərmisən?

Yoxsa “dəli oğul” – deyə,

“Domrul” – deyə, ağlarmısan?

 

* * *

– Nə deyirsən, göz bəbəyim?

Oğul, oğul, aslan oğul!

Doğulandan doqquz buğa,

Basmarlayıb boğan oğul!

Qızıl qübbə çadırımın,

Sütunusan, dirəyisən.

Qaza bənzər qız-gəlinim,

Bəzəyisən, çiçəyisən.

Qarşı yatan qara dağım,

Oğul, oğul, aslan oğul!

Söyləgilən,

Əzrailə,

Soyuq-soyuq bulaqlarım,

Ceyran qaçar ovlaqlarım,

Gərəyisə, onun olsun!

Qatar-qatar dəvələrim,

Ala, xallı gəbələrim,

Gərəyisə, onun olsun!

Ağ ayılda ağca qoyun,

Kisə-kisə axça, altun,

Gərəyisə, onun olsun!

Can əzizdir, dünya şirin,

Əziz canı qıymam belə.

Məndən əziz, məndən sevgili,

Anandır, get, ondan dilə!

 

* * *

Dəli Domrul atasından

Üz görməyib, üz döndərdi.

Gedər-getməz atın sürdü,

Anasına qarşı gəldi:

– Ana, bildin nələr oldu?

Göy üzündən al qanadlı,

Əzrail uçub gəldi.

Ağca sinəm üzərinə,

Qondu mənim.

Şirin canım,

Xırladıban alar oldu.

Babamdan can dilədim, o,

Verməz oldu.

İndi səndən,

Can dilərəm, verərmisən?

Yoxsa “dəli oğul” – deyə,

“Domrul” – deyə, mələrmisən?

Can dilərəm, ana, səndən,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info