Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Haman yerdən tükənməz bir xəzinə tapdılar.

Qədəmini kim qoyub xəzinənin üstünə.

Söz incisi səpibdir, daim sənin üstünə.

Hər tilsimi sındırar xəznəsilə Nizami,

Nurlu qəlbi, aynatək sinəsilə Nizami.

 

İYİRMİNCİ SÖHBƏT

 

VİCDANSIZLARDAN ŞİKAYƏT

 

Biz ki candan üzmüşük əlimizi dünyada,

Bu dünyaya bağlayan nədir bizi dünyada?

Bu torpağa uyduq ki, belə xarıq torpaqda,

Sanma necə varıqsa, elə varıq torpaqda.

Köçən köçüb, qalmışıq biz onlardan geridə,

Karvanımız qalıbdır karvanlardan geridə.

Bizimlədir həmişə iki mələk əzəldən,

Qurub insan oğluna iblis kələk əzəldən.

Üzü atəş, qəlbi buz ocaqçıya dönmüşük,

İsti külük, od olub sonra guya sönmüşük.

Odlu ürək, alovlu gəncliyimiz hardadır?

Asudəlik, rahatlıq, dincliyimiz hardadır?

Məhşərin dan ulduzu artıq yanan olubdur,

Sübhün qızıl bayrağı daldalanan olubdur.

Gülüş ” gültək hamının dodağında solubdur,

Arzumuzun gülləri can bağında solubdur.

Sehrkartək can qurtar sən əlindən dünyanın,

Boşda qalsın əlləri əməlindən dünyanın.

Qan içəndir bu torpaq, qəfəsindən uç onun,

Zirək tərpən, qoynunda olmayasan puç onun.

Batan deyil heç zaman dişi qurda tülkünün,

Daim kələk qurmaqdır işi qurda tülkünün.

Bir yarın var dünyada, bircə ona aşiq ol,

Aşiq olma özünə, yaradana aşiq ol.

Olsan könül mülkünün sidq ilə saf torpağı,

Gül”çiçəyə döndərər səni insaf torpağı.

Könül təlim eyləyir hər hünəri insana,

Məslək eşqi deməkdir ər hünəri insana.

Cana təpər yaranıb hər bir canın hünəri,

Bəyənməsən məhv olar hər insanın hünəri.

Alqışlarla çağlayar canda hünər çeşməsi,

Dönüb olar candakı qan da hünər çeşməsi.

Ər izləyər hünəri, sənət eşqi olanı,

Əzizləyər hünəri, sənət eşqi olanı.

Yalnız hünər qoymayıb qubar qona torpağa,

Belə hünər nəsibmi bu gün ana torpağa?!

Hünərini göstərsə indi əgər hünərli,

Hünərsizin birisi mənəm deyər hünərli.

Hünərlilər beziblər hünərsizlər əlindən,

Lap fərsizə dönüblər bu fərsizlər əlindən.

Əzabkeşin əzabı ” bir tamaşa onlara,

Dəlilikdir ” düşünmək, haşa, haşa, onlara.

Bir israfçı sanırlar səxavətli kəsləri,

Pulsuz kölə sayırlar sədaqətli kəsləri.

Comərdliyi hırıltı, lağlağılıq sanırlar,

Söz çeşməsi görəndə lehmə, ya lığ sanırlar.

Onlar ʺvəfaʺ sözünü buza yazan olubdur,

Ay da, Gün də tənəyə qulaq asan olubdur.

Yar vüsalı məlhəmsə əgər yarın qəlbinə,

Bir sağalmaz yaradır alçaqların qəlbinə.

Öpüş versə onlara biri əgər gözəlin,

ʺMəxmirəklə doludur üzüʺ deyər gözəlin,

Bağrı bişən əncirsən, axıb şirə üstünə,

Sirkə kimi coşarlar birdən birə üstünə.

Hünərin danandır, gizləyəndir hər biri,

Nöqsanını, eybini izləyəndir hər biri,

Hər dəryada nəhəng də, dür də vardır həmişə,

Hünərvərin hünəri elə cardır həmişə,

Çəyirtkənin ayağı qarışqaya yük olar,

Dəclə nəhri kor gözə damla olar, tük olar,

Kim ki, nöqsan axtarar sənət əri görəndə,

Hünərsizdir, ah çəkər hünərvəri görəndə,

Nəcabətsiz, alçaqdır, girsim yerə eləsi,

Dərddir acı qüssətək ürəklərə eləsi,

Söndürərlər yel kimi yanan şamı hər zaman,

Korlayarlar tüstütək nəşə kamı hər zaman,

Halına bax dünyanın, böyükləri kimlərdir?

Hanı ərlər, ərənlər, hünər əri kimlərdir?

Öz dövrünü alçaldan elələri var indi ”

Dönüklükdən can atır olum eldə xar indi,

Şer”sənət göyündə bədirlənmiş Ayam mən,

Bulud nədir, qoymaya öz nurumu yayam mən?!

Ayağımın altını qazmaqları mahaldır,

Mən fələyəm, yazımı pozmaqları mahaldır.

Təravətli söz bağım ” ruhun əsli kimicə,

Onu danan ” qərq olsun Nuhun nəsli kimicə,

Sən, ey Xızrın bayrağı, ucal, cihad eylə sən,

Nuhun qeyzi, namərdi batır, bərbad eylə sən.

Haqsızlıqdan alışıb yanan olub ürəyim,

Alçaqları unudub, danan olub ürəyim.

Namərdlərin əlindən çox gəlmişəm cana mən,

Susmağımla çatmışam bu şöhrətə, şana mən.

Bir inciylə qulağa çatar səsi mücrünün,

Dolu olsa inciylə batar səsi mücrünün.

Coşar, səsi kəsilməz şərabı az kuzənin,

Ağzınacan dolarsa, səsi çıxmaz kuzənin.

Aşıb”daşsa biliyin, dinməməyə alış sən,

Danışmağa çalışma, dinləməyə çalış sən.

 

BÜLBÜL İLƏ QIZILQUŞUN HEKAYƏ

 

Güllər açan zamanda çəməndə, gül bağında,

Qızılquşa söylədi şeyda bülbül bağında,

ʺCəh”cəhi var hər quşun, çıxarmırsan səs niyə?

Niyə üstün olmusan sən quşlardan bəs niyə?

Azad nəfəs alsan da, dilin bağlı həmişə,

Heyran qoyan deyildir səsin ağlı həmişə,

Yerin ” Səncər sarayı, peşən ” təklik olubdur,

Sinəsini sökdüyün daim kəklik olubdur,

Mənsə bircə ləhzədə görünməz bir xəznədən

Çıxarıram yüzlərlə qiymətli dürr xəznədən,

Şikar vaxtı qurd”quşa var gümanım bəs neçin?

Neçin tikan üstədir aşiyanım, bəs neçin?ʺ

Cavab verdi qızılquş: ʺDinlə, bacar susmağı,

Susmağımı görərək inlə, bacar susmağı,

Zirəklikdən almaram heç bir sirri dilimə,

Yüz iş görsəm, yenə də gəlməz biri dilimə,

Vurulmusan dövrana, coşursan, nə coşursan,

Solub gedən bir gülə min təranə qoşursan,

Bu ovlaqda şikarçı məntək kimdir əzəldən,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info