Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Ürəyimə qüssəni dolduran da dözümdür,

Gül çöhrəmi saraldıb solduran da dözümdür.

Şahım mənə açıbdır hər bir zaman sirrini,

Saxlayıram qəlbimdə mən də haman sirrini,

Elə ərin sirrini necə açım, mən necə?

Böyüklərin sirrini necə açım, mən necə?

Dinləmişəm can”başla mən həmişə sözünü,

Lal olmuşam salmayım dilə”dişə sözünü.

Söz almağın çətindir mənim bu lal dilimdən,

Sirrin quşu qorxuram uça dərhal dilimdən.

Od salsa da təlaşdan əgər cana ürəyim,

Xoşdur sirdaş sirrindən dönsə qana ürəyim.

Açıb sirri, bildirsəm sirdaşımı cahanda,

Kəssin baxtın qılıncı qoy başımı cahanda.ʺ

Qarı dedi: ʺGətirmə şah adını dilinə,

Həmdəmini, sirrini, muradını dilinə.

Nəfəsinsə sirdaşın, sən yenə də inanma;

Öz kölgənsə həmdəmin, kölgənə də inanma.

Qızıl qanda yuyunca qan dəryası çöhrəni,

Qızıl təki saraltsın könül yası çöhrəni.

Bir gecədə neçə yol başın deyir dilinə:

İstəsən ki, sağ qalım, gəlsin xeyir dilinə.

Baş gərəksə, xəncərə dönmək sənə yaraşmaz,

Günəş kimi sirr açıb, sönmək sənə yaraşmaz.

İnsan susar ağzında saxlar uzun dilini,

Quduzluğu uzadar hər quduzun dilini.

Damaq dili altına alsa daha yaxşıdır,

İti xəncər qınında qalsa daha yaxşıdır.

Kim saxlasa dilini, görməz canı xatanı,

Dil gətirər başlara hər bəlanı, xatanı...

Fələk qanlı tasıyla yaxar gündə başını,

Qan tasına atmasın dil üstündə başını.

Bal suyuna susama, görsən sərin bulaq var,

Hər divarın dalında bir eşidən qulaq var.

Xoş ətridir üzdürən bənövşənin başını,

Kəsdirməsin xəncərlə dilin sənin başını.

Kar ol, güdüb pusmağın dövranıdır bu dövran,

Sərt danışma, susmağın dövranıdır bu dövran.

Bəs deyilmi yazdığın lələk”qələm əlində,

Sus, yazını yazandır fələk qələm əlində.

Göstərməsin güzgütək hər varlığı varlığın,

Təmizləsin su kimi murdarlığı varlığın.

Qeyrət əri sirrini gecə saxlar özündə,

Açıb deməz gündüzə ” necə saxlar özündə?!

Göy qübbəsi yandırar ulduzunu gecənin,

Sübhə açmaz sirrini il uzunu gecənin.

İbrət götür, faş etmə aləm təki sirrini,

Gündüz açıb danışma hər gecəki sirrini.

Xəzinətək gecənin inci dolub köksünə,

Saysız könül incisi qaş”daş olub köksünə.

Nur çeşməsi çağlayıb, hansı ərin qəlbində,

Gördüyünü gizlədib göydən dərin qəlbində.

Kim ki, göyə yüksələr, ərşdən qəlbi dayanar,

Könülləri fəth edər, sanma qəlbi dayanar.

Gözün ” qəlbə dikilsin, dilin ” ağla bağlansın,

Yoxsa, gözün tökülsün, dilin dağla dağlansın.

Gizli eşqi döndərər ecazkara aşiqi,

Qovuşdurar, xarabat sanma yara aşiqi.

Məslək ilə toxunar eşq arğacı dünyada,

Pambıq kimi diddirdi eşq həllacı dünyada.

Eşq oduna dözmədi, yandı bağrı qönçənin,

Ağzını açan gündən qandı bağrı qönçənin.

Eşqin gizli sirrindən hansı ərdir xəbərdar?

Könüllərin eşqindən könüllərdir xəbərdar?

Eşqin şirin neməti qəlbdə kimi yandırar?

Lakin alsan dilinə, atəş kimi yandırar.

Susan aşiq sükutla yar vəslinə qovuşar,

Təlaş nədir, təmkinlə öz əslinə qovuşar.

Nurlu könül sanma ki, inləməyə yaranmış,

Özü susub, özgəni dinləməyə yaranmış.

Bu dünyada dilini bilsə hərə könülün.

Öz dilidir tərcüman könüllərə könülün.

Nizamitək ürəyin şadsa əgər dünyada,

Dünya sənin deyilmi, söylə, məgər dünyada?!

 

ON DOQQUZUNCU SÖHBƏT

 

AXİRƏTİ QARŞILAMAQ

 

Bəzənibdir məclisi başdan”başa könülün,

Ay camalı nur saçır al qumaşa könülün.

Taxtındadır şah kimi, ətir yağır üstünə,

Şəkər səpib, ulduzdan çətir yağır üstünə.

Canlar alan amansız düşmənindir bu dövran,

Unutma ki, nə mənim, nə sənindir bu dövran.

Nifrətini görəndə gör girləyib kimləri,

Döndərərək əsirə ” zəncirləyib kimləri.

Cah”cəlala uyarmı məslək əri dünyanın?

Car çəkibdir cah”cəlal düşmənləri dünyanın:

Zalımların qəsrindən ayağını kəs daha,

Hikmət dolu göylərin çadırında gəz daha.

Məhşər odu püskürər biyabanda yanan kəs,

Utanar əməlindən, əməlini danan kəs.

Dönər qanıq köpəkdən bağrı qana tülkünün,

Qorxusundan dərisi kürkdür cana tülkünün.

Kükürd saçan məhşərdir, göz qaraldar bu səhra,

Tez keçməyən yolçunu tez saraldar bu səhra.

Təşnə yolçu rast gəlib burda haçan çeşməyə?

Tüpürməyi unutma kükürd saçan çeşməyə.

Bu fələyin borcunu qaytar daha özünə,

Nə almısan torpaqdan, sanma baha özünə.

Oğul kimi tərk elə vida günü aləmi,

Comərdliyin mat qoysun qoy özünü, aləmi.

ʺMənəm”mənəmʺ deyəndir, bil ki, fələk bu yolda.

Quldur kimi hamıya qurar kələk bu yolda.

Əqrəb qədər qorxulu deyil hər an əjdaha?

Əqrəb səni öldürər udanacan əjdaha.

Kiçik düşmən ” ən böyük, ən vəhşətli bəladır.

Onu saya salmamaq ən dəhşətli bəladır.

Düşmən kiçik olsa da, can atandır qisasa.

Arifsənsə, unutma, əl qatandır qisasa.

Güclə yerin köksünü sökə bilər qarışqa,

Körpə şirin gözünü tökə bilər qarışqa.

Gizlə cumar incinə, oğru səni görəndə,

ʺBismillahıʺ unutma əcinnəni görəndə.

Könül mülkü yolunda gəzər, bil ki, quldurlar,

Son mənzilin yolunu kəsər, bil ki, quldurlar.

Qorxuram ki, başlaya onlar gecə qarətə,

Görəsən ki, varlığın gedir necə qarətə.

Köləliyin karvanı salsın yolu mənzilə,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info