Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Mürşid dedi: ʺMüridlər atdılar məni birdən,

Bəs sən niyə getmədin, baş açmadım bu sirdən?ʺ

Mürid dedi: ʺHeç səni atarammı, haşa, mən?

Ayağının tozunu tac sanmışam başa mən.

Yel deyiləm, əzəldən bir nəfəslə kükrəyəm,

Qoşularaq yellərə boş həvəslə kükrəyəm.

Ələbaxan əlini güdən olub həmişə,

Yellə gələn yellə də gedən olub həmişə.

Tez qalxar, tez oturar, olsa, necə toz”qubar.

Odur duran deyildir bir yerdəcə toz”qubar.ʺ

Öz təmkini eyləyib belə uca dağları,

Mətanəti qoyarmı çıxsın puça dağları?!

Pərdə yırtmaq fələyin, Ayın, Günün işidir,

Hər əzaba qatlaşmaq dözümlünün işidir.

Bu dünyaya uymamaq səadətdir həyatda,

Yük daşımaq ulağa bir adətdir həyatda.

Dünya dərdi çəkmədən ol hər zaman müqəddəs

Günahsızdır gözündən yaşlar daman müqəddəs.

Şah xələti geyinən mömin hanı dünyada,

Zənbil hörən görüblər Süleymanı dünyada.

Yanan şamı zər səpən görüb hamı gecələr,

Qəba kimi bürünər piltə şamı gecələr.

Müqəddəslik ” açandır xarabata qapılar,

İnci dolu xəzinə xarabada tapılar.

Məsləkidir zinəti, gör ki, kimdir Nizami,

Al bayrağın altında bir hakimdir Nizami.

 

ON SƏKKİZİNCİ SÖHBƏT

 

İKİÜZLÜLƏRİ MƏZƏMMƏT

 

Saxta qızıl kəsməyə qurşanıbdır çoxları,

Qəlp pulunu qəlbinə nur sanıbdır çoxları.

Üzü qızıl, içi mis saxta pul san onları,

Hər sözünə qulp qoyar, tanı hər an onları.

Üzlərinə baxanda aydan arı hər biri,

Əməliylə aləmin riyakarı hər biri.

Üzdə şamdır, daxildə düyünlü ud hamısı,

Üzdə sadə, daxildə xəbis vücud hamısı.

Harayçını əzaba, əziyyətə salarlar,

Tələbkarı çıxılmaz vəziyyətə salarlar

İstəkləri dildədir, heç bilinməz kinləri.

Qəlblərindən qisasdan heç silinməz kinləri.

Təlaşları eyləyib qəm əsiri onları,

Nəfəsləri varsa da, sanma diri onları.

Sözlərinə inanıb ixtilat qatmaq nədir?

Əgər kefli deyilsən, palçığa batmaq nədir?

Dağ kimidir hər biri, açsan əgər sirrini,

Səs verərək səsinə car eyləyər sirrini.

Sədaqətdən dəm vurub sirdaşına dönərlər,

Səndən bir şey qapınca hey başına dönərlər.

Təmənnadır yaradan elə əhdi”peymanı.

Allah kəssin qərəzli belə əhdi”peymanı.

Təmənnalı olarsa dostun, aman, dostluğu,

Düşmənçilik deməkdir dostun haman dostluğu.

İkibaşlı dostluğu dostluq sanma heç zaman.

Qərəzli dost ” düşməndir, arxalanma heç zaman.

Dost da dostun eybini hünər sanan olarmı?

Dost daddığın zəhəri şəkər sanan olarmı?

Sadiq dostun sağaldar şəfasıyla yaranı,

Dönük dostun sızladar cəfasıyla yaranı.

Bir”birinə isnişib həyan olar pişiklər,

Balasını istəkdən yeyən olar pişiklər.

Dost odur ki, dostunun gizli saxlar sirrini,

Zəmanətək faş eylər bu alçaqlar sirrini.

Səndən üstün olmağa hey can atar dostların,

Hünərinə hünəri çətin çatar dostların.

Qoşa çapar səninlə səməndini hər biri,

Əsirgəməz başından kəməndini hər biri.

Saxta dostun dünyanın alçağıdır, dost deyil,

Ürəyinə yatmayan bir yağıdır dost deyil.

Bədən duymaz havadar kimdir sənə dünyada,

Ürək duyar vəfadar kimdir sənə dünyada.

Min ürəyin qəmindən qoymusan qan qəlbinə.

Bir gülsən ki, sancılıb min bir tikan qəlbinə.

Firudinə bərabər sultan hanı cahanda?

Min ətiri duymağa imkan hanı cahanda?

Sir saxlamaz qəlbində ər sirrinin sirdaşı,

Öz qəlbindir dünyada hər sirrinin sirdaşı,

Ürəyinin sirrini faş eyləsə dil sənin,

Yad qəlbində bir sirrin qala bilməz, bil, sənin.

Könül elə sirdaşla gərək bölə sirrini,

Günəş kimi yaymaya hər gün çölə sirrini.

Qəlbin nazik olmasa, hey sirrini açarmı?

Şüşə zərif olmasa, mey sirrini açarmı?

Həyat nəyə gərəkdir bir həmdəmin olmasa?

İnsan çətin yaşayar dosta əmin olmasa.

Varlığına əminsən sən ki hələ həyatda,

Çalış, könül sirdaşı gətir ələ həyatda.

Bilməmiş ki, dostunun nəcabəti, əsli var,

Könül sirrin ” incidir, etmə ona etibar.

 

CƏMŞİDLƏ CAVAN YAVƏRİNİN HEKAYƏ

 

Sarayında Cəmşidin vardı yaxın yavəri,

Ay”Günəşin yavəri, o da şahın yavəri.

Comərdliyi hamını heyran qoydu sarayda,

Şah gözündə aləmin gözü oydu sarayda.

Etibarı, inamı şahın vardı tək ona,

Bütün könül sirrini şah açardı tək ona.

Hökmdarın gözündən cavan bir gün yox oldu,

Onun yoxa çıxması yaydan süzən ox oldu.

Al yanağı qüssədən sarı güldü o gəncin,

Şümşad boyu kamantək tez büküldü o gəncin.

Şahın sirri az qaldı oxtək dələ qəlbini,

Kimsə ala bilmədi onun ələ qəlbini.

O cavanla bir qarı üzbəüz gəldi bir gün,

Gördü lalə yanağı solub gəncin büsbütün.

Dedi: ʺ Xəzan vurubdur, ah, bağında şümşadı,

Göz yaşları suvarır şah bağında şümşadı?!

Dərdin nədir, özünü saraltmısan belə sən?

Şad qəlbinin qanını, qaraltmısan belə sən?

Qocalmısan gənclikdə, hüsnün solub nədəndir?

Yanağının laləsi xeyri olub nədəndir?

Sən yavərə bağlıdır şah qəlbi tək cahanda,

Qaş”qabağın açılsın şah qəlbitək cahanda.

Hüzurunda pörtərək hamı tökər tər şahın,

Ordusunda sirdaşı mühafizdir hər şahın.ʺ

Cavab verdi:ʺDöndərmə suya mənim qəlbimi,

Mümkünmü ki, biganə duya mənim qəlbimi?



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info