Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Lovğalıqdan əyilər bu fələyə qamətin.

ʺƏlifʺ olsan, qanadsız quşa dönüb uçmazsan,

ʺBeyʺ kimi əyilməsən, bu torpağı qucmazsan.

ʺƏlifʺ qəddin olsa da hər məclisə yaraşıq,

Yaraşarmı ʺəlifʺtək sən müflisə yaraşıq?

Sən ki, tikan deyilsən, dikbaş görə el səni,

Gülə bənzə, oxşasın həzin əsən yel səni.

Həyat kimi dünyada çox qalmağa can atma,

Uşaqtək oyuncağa sən də başını qatma.

Üz qoyubdur batmağa şölə saçan günəşin,

Zülmət çökər gözünə batsa haçan günəşin.

Qaranlıqda gündüzün dönər heçə kölgəsi,

Hər bir şeyin ikiqat artar gecə kölgəsi.

Öyünmə ki, kölgəli bir bağ olmaq yaxşıdır,

Qaranlığa nur saçan çıraq olmaq yaxşıdır.

Qaranlıqdan işıqtək qurtar yaxa həmişə,

Kölgə kimi hər eybin çıxsın yoxa həmişə.

Yalnız işıq şöləsi oynar zülmət qoynunda,

Diriliyin çeşməsi qaynar zülmət qoynunda.

Əbəs yerə salmışıq fikrimizi baş”ayaq,

Neçin qara fikirlə ömür boyu yaşayaq?

Səhər qızıl təştini verib nurda üzəsən,

Nura batıb, əlini öz canından üzəsən.

Həmən təştin nurundan qismət nurun əzəldən,

Al günəşin çeşməsi ” ismət nurun əzəldən.

Ancaq günəş nuruyla gedər canın ləkəsi,

Zərrə qədər üstündə qalmaz qanın ləkəsi.

Əzəl gündən canını salıb oda xislətin,

Hərislikdən ömrünü verər bada xislətin.

Tamahının odunda qaralsan da zər kimi,

Saf qızıla dönməzsən, saralsan da zər kimi.

Pakdır deyə udmasa hər gedəni cəhənnəm,

Bəs nəylə doldurardı ac gödəni cəhənnəm?!

Doğruluğun zirehdir, səni hər an qoruyar,

Atəş nədir? İstəsən, qasırğadan qoruyar.

Hər eybini əyrilik açan olub həyatda,

Doğruluqla qəm”qüssən haçan olub həyatda?

Tərəzitək doğruluq pozar çətin mizanı,

Ürəyinin düzlüyü ” ədalətin mizanı.

Bircə arpa, bircə dən güdən olsa qərəzin,

Əskik ölçsə çanağın, əskik çəksə tərəzin,

Bil ki, onlar baisdir günahına son gündə,

Canlı şahid olacaq tamahına son gündə.

Faydasızdır sarsılıb, yuxalmağın o zaman,

Durar gözə az verib, çox almağın o zaman.

Tərəzinin milini etmə xəncər qəlbinə,

Çox verərək az almaq qüvvətdir ər qəlbinə.

Əyri gülü düzlüklə tikan qucar, aldadar,

Bil ki, şəkər qamışı düzlüyündən bal dadar.

Doğruluğun harda ki, ucalıbdır bayrağı,

Haqq əliylə fələkdən öc alıbdır bayrağı.

 

ZALIM ŞAHLA DÜZ DANIŞAN QOCANIN HEKAYƏ

 

Xalqa yağı şah vardı, zülmkarın biriydi,

Həccacdan da betərdi, lap qəddarın biriydi.

Hər gecə ” min qəzanın fərmanıydı ölkədə,

Hər səhər ” min cəzanın fərmanıydı ölkədə.

Şah yanına bir çuğul səhər tezdən qaçardı,

Ay, gün açmayan sirri o əlüstü açardı.

Gecə yatmayıb, Aydan dolanmağı öyrənər,

Səhərdən hər ürəyə boylanmağı öyrənər.

Şaha xəbər verərdi: biri sənə yağıdır,

Deyir: ʺZalım şahımız nahaq qanlar axıdırʺ.

Çulğuçunun sözündən qəzəblənib şah dindi:

ʺDüşmənimin cəzası yalnız ölümdür indiʺ.

Qum tökdürdü gön üstə, cəllad hazır dayandı,

Divanənin cəzası divlərə də əyandı.

Yeltək cumdu bir cavan mərd qocanın yanına,

Dedi: ʺŞahın hökmüylə batmalısan qanına,

Çağırmamış divsifət, dur, özün get saraya,

Tez başına çarə qıl, çatan olmaz harayaʺ.

Yuyunaraq boynuna kəfən saldı o qoca,

Getdi şahın yanına, əhli”haldı o qoca.

Şah görəndə kəfəni, bildi nədir bu halət,

Qəzəbindən utanıb özü çəkdi xəcalət.

Dedi: ʺQoca, qaramca sən o ki var demisən,

Mənə zalım demisən, mənə qəddar demisən.

Süleymanın cəlalı görürsən ki, mənimdir,

Söylə, niyə deyibsən şah ölkəyə qənimdir?ʺ

Qoca dedi: ʺAdına mən yoxsa şər demişəm?

Dediklərin nədir ki, ondan betər demişəm.

Qoca, cavan əlinlə içib ölüm zəhəri.

Biyarın cana yığıb saysız kəndi şəhəri.

Mən deyirəm eybini, şər işini özünə,

Göstərirəm güzgütək hər işini özünə.

Hər eybini göstərər alsan ələ güzgünü,

Utan, qızar eybindən qırma elə güzgünü.

Düzlüyümlə sadiq bil hökmdarı sən məni,

Əgər doğru demirəm, çəkdir dara sən məni.ʺ

Şaha sübut elədi düzlüyünü o qoca.

Açdı şahın qəlbindən hər düyünü o qoca.

Şah gördü ki düz deyir, bildi nədir haqsızlıq,

Qoca tamam haqlıdır, özündədir haqsızlıq.

Dedi: ʺAlın kəfəni, bu kafuru qocadan,

Xələt verin, müşk səpin, razıyam bu qocadanʺ.

Zülm etmədi, el bundan agah oldu o gündən,

Xalqı sevən, insaflı bir şah oldu o gündən.

Öz düzlüyü kimsəni verməz bada dünyada,

Düz sözüylə kimsəyə yetməz qada dünyada.

Doğruluqla köməkdir hər bir ərə yaradan,

Doğru ol ki, yetirsin hər zəfərə yaradan.

Əzəl gündən qiymətli bir incidir doğru söz,

Acısıyla könüllər sevincidir doğru söz.

Doğru sözə bağlıdır öz qüdrətin həmişə,

Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə.

El gözündə Nizami ucalıbdır düzlükdən,

İlhamını, qəlbinə güc alıbdır düzlükdən.

 

ON BEŞİNCİ SÖHBƏT

 

PAXILLARI MƏZƏMMƏT

 

Sehrikara döndərib bu fələyi hoqqası,

Qəribədir oyunu, hər kələyi, hoqqası.

Çal”çağırlı səhnədir, oynayan kəs hardadır?

İnci dolu dəryadır, qəvvası bəs hardadır?

Sərvət onda, zər onda, qılınc onda, tac onda,

Öc almağa ucalsan, xərac onda, bac onda.

Nə paxıldır, nə xəsis, qəza sənə darılmaz,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info