Qonaq Kitabı
TOPAL TEYMUR

D i v a n b ə y i. Ah, gerçəkdənmi e’dam?

T e y m u r. Əvət, e’dam, e’dam..! Bıraq, hər kəs için ibrət olsun!

 

Ətrafda böyük şaşqınlıq və qorqunc bir sükut...

 

O r x a n. Xayır, xaqanım, xayır... Ölüm hər kəsi qorqutsa da Orxanı qorqutmaz. Bən vəzifə uğrunda bin dəfə ölüb-dirildim. Yıldırım bəni öldürtmək istərkən belə qəhqəhələrlə güldüm. Şimdi isə gülmək deyil, yalnız heyrət edərim. Həm də başqa əlləri qanımla ləkələndirmək istəməm. (Belindəki xəncəri çıqarır. Kəndini vurmaq istər). Ah, sən bəni alçaltdın, fəqət bən... iştə!

T e y m u r. (gur və kəskin səslə). Orxan! Əcələ ediyorsun, bən səni alçaltmaq deyil, yalnız imtihan etmək istədim. (Şən qəhqəhəylə). Unutma ki, Teymur şahmat oynarkən belə, taxtadan yapılmış küçük bir piyadayı qeyb etmək istəməz. Halbuki sən cəsur və eşsiz bir qəhrəmansın. (Yaqlaşıb Orxanın omuzunu oqşar). Əvət, sənin məharət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq sana bağışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun.

 

Bu sırada O l q a gəlir və örtündüyü çarşaf omuzlarına sarqaraq baqıb durur.

 

E l m a s (çılğın bir tevr ilə Teymurun qarşısına keçərək). Xayır, xayır! Sən bunu əsla yapamazsın. Əvət, sən böyüksün, bütün dünyaya hökm edə bilirsin; fəqət Orxanın qəlbinə deyil! Unutma ki, bən anayam.

Ş a i r. (ətrafa). Əvət, ana qəlbi hər şeydən güclü və məhabətlidir.

O l q a. (köksünü sıqaraq, ətrafa). Ah, bu oq yarası bəni məhv edəcək...

T e y m u r. Elmas! Səbr və mətanət lazım.

E l m a s. Xayır, xayır. (Olqayı göstərir). Sən ona bütün aldığın ölkələri bağışlaya bilirsin, fəqət bana verilən bir qəlbi əsla! Əsla! (Orxana). Niçin susdun, Orxan, cəvab ver?!

Orxan. Xaqan hüzurunda ədəb gözətiyorum.

E l m a s. Halbuki həyat yoldaşına xəyanət eyləmək daha böyük ədəbsizlikdir.

O l q a. (Teymur qarşısında diz çökərək). Böyük xaqan! Bənim varlığım bir çoqlarının hissiyyatını zəhərliyor, bəni öldür də, hər kəs iztirabdan qurtulsun.

T e y m u r. (onun qolundan tutub qaldırır). Xayır Moskof çiçəyi, xayır... Bən yalnız qızğın arslanları, azğın qaplanları şikar edərim. Bənim oqum yalnız vəhşi qartalların qanilə boyanır. Sən şətarətli bir güvərçinsin, halbuki Teymur əsla güvərçin qanı tökmədi.

E l m a s. Güvərçinləri də şahinlər parçalar. (Qoynundan ufaq bir xəncər çıqarıb vurmaq istər).

D i v a n b ə y i. Elmas!

 

Orxan Elmasın biləklərini yaqalar, xəncər düşər.

 

O l q a. (qırıq səslə, acı təbəssümlə). Hiç təlaş etmə... Elmas!.. (Qanlı köksünü açaraq). Bən... iştə yaralanmışım... Artıq kimsəyə... zəhmət vermiyəcəyim. Ah, ah, ahh... (Bayılıb düşər).

T e y m u r. (növbətçilərə). Yardım edin! Olqayı qaldırırlar. Elmas çəkilir. Ətrafda gurultu və çarpışma səsləri yüksəlir. Teymur Divan bəyiyə. Baq gör nə var?

D i v a n b ə y i. (yola baqar). Iştə, Sobutay gəliyor.

S o b u t a y. (gəlir, əyilir). Böyük xaqana müжdələr.

T e y m u r. Nə olmuş?

S o b u t a y. Yıldırım ordusu bozuldu.

T e y m u r. Nasıl? Ətraflı söylə!

S o b u t a y. Onların sol cinahı az bir zaman bizə qarşı dura bildi. Sonra birdən-birə şaşırıb dağıldı. Şahzadə Məhəmməd də kəndi ehtiyat firqəsilə Amasya yolunu tutmuş.

T e y m u r. Yıldırım kəndisi nə halda?

S o b u t a y. Onu hiç sormayınız! Yıldırım gerçəkdən böyük qəhrəman. Hər kəsdən ziyadə çarpışıb vuruşdu. Ətrafındakı sipahilər və yeniçərilər də son dərəcə yigit... Bununla bərabər həpsi əsir. Həpsi təslimə məcbur oldu.

T e y m u r. (Divan bəyiyə). Əmr et, qaçanları qovmasınlar. Saqın, Yıldırıma bir şey olmasın. Həm də ehtiramda qüsur edilməsin.

D i v a n b ə y i. Itaət, xaqanım. (Sobutayla bərabər gedər).

Ş a i r. (ətrafa). Qəhrəmanlardakı fəzilət dəhşətləri qadar böyükdür.

T e y m u r. (volta vurur, qızğın və sinirli). Kəlbi-əqur!.. Kəlbiəqur! Nə böyük cəsarət! Ah, məğrur!.. Idraksız! Teymurun təhəmmül və nəzakəti sənin kibi çoqlarını aldatmış. Lakin atəşli bir toqat həpsini sərxoşluqdan ayıltmış. (Çılğın). Yıldırım, ah, Yıldırım! Kəndini dev aynasında görüb də şımardın. Fəqət düşünmədin ki, sirkə nə qadar tünd olursa, qabı daha çabuq çatlar.

Ş a i r. Əcəba böyük xaqanın bir-iki sözlə əsəbiləşməsi tuhaf deyilmi?

T e y m u r. İki sözmü? Iki sözmü? Ah, şu həzyan zəhərli bir oq kibi rö’yada da beynimi dəliyor. Kəlbi-əqur! Kəlbi-əqur! Ah, nə sayğısızlıq! Xayır, böyük nəhrləri yataqlarından çıqaran, sarsılmaz və keçilməz dağları yaran Teymur hər acıyı unutur da, fəqət şu iki sözü əsla! Əsla!

Ş a i r. Hər-halda Yıldırım sənin can qardaşın, qan qardaşındır.

T e y m u r. Əfsus ki, qardaş yarası daha acı, daha qorqunc olur.

S o b u t a y. (gəlir, əyilir). Yıldırım hüzurunuza gəliyor.

T e y m u r. Buyursunlar.

 

Y ı l d ı r ı m iki nəfər Teymur əskəriylə gəlir. A q b u ğ a  ilə  D i v a n b ə y i də bərabər bulunur.

 

D i v a n b ə y i. İştə, Osmanlı sultanı Yıldırım Bayazid!

A q b u ğ a. Yalnız sultan deyil, həm də cəsur bir komandan!

T e y m u r. (yer göstərir, təvazölə). Buyurun, şevkətli Sultanım! Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz. Yorğunsunuz, rica edərim oturun. (Oturmaz, Teymur ona cibindən bir kağız çıqarıb verir). Lütfən şu məktubu oqurmusunuz?

Y ı l d ı r ı m. (məktubu alır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır və Teymura iadə edər). Zatən yazıldığı zaman oqunmuş.

T e y m u r. İştə, bən şu məktubdakı sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərim. Əvət, məhəbbətinizi də qazanmaq istərim. (Mə’nalı və məğrur bir tevr ilə şair Kirmaniyə baqar). Əcəba, buna şair nə söylər?

Ş a i r. (səmimi və coşqun bir ahənglə). Məhəbbət! Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun.

T e y m u r. Əcəba, məğrur Yıldırım nə düşünüyor?

Y ı l d ı r ı m. Düşünəcək bir şey yoq. Əvət, sən qalibsin. Lakin bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökumətləri məmnun etdi. (Acı bir köküs keçirdikdən sonra, çoq mütəəssir və şiddətli). Ah, daha doğrusu, Islam aləmini başsız qoydu.

T e y m u r. (iki-üç adım aqsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə). Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir kor, bənim kimi bir topal müsəllət olmazdı.

 

Pərdə

 

SON

 



[i] Həmişəbahar.

[ii] Yaxud Hanri.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info