Qonaq Kitabı
TOPAL TEYMUR

Ş a i r. Nasıl haqsızlıq!?

O l q a. Allah eşqinə, söyləyin, Orxan gerçəkdənmi Yıldırım mühibbi? Sizcə o, Teymura xəyanət edərmi?

Ş a i r. Hiç ümid etməm.

O l q a. Iştə Orxanın xəyanəti hər ağızda söyləniyor. Ah, nə qadar böyük bir iftira, nə qadar fəna yanlış... Aman, əfəndim, Teymur sizə qarşı böyük hörmət bəslər. Lütfən Orxanı müdafiə ediniz.

Ş a i r. Hiç təlaş etməyin, əlimdən gəldiyi qadar çalışırım.

O l q a. Əskik olmayınız. (Xəfif baş əyintisilə çəkilir).

Ş a i r. İzzət və şərəflə... (Ətrafa). Bəxtiyar Orxan! Səadət pərisi üzərində qanat çalıyor da əsla xəbəri yoq. (Qədəhi şərabla doldurur. Bu sırada Teymurla Divan bəyi gəlir).

T e y m u r. Yenəmi şərab, möhtərəm şair? Yenəmi şərab?

Ş a i r. Böyük cihangirin qanlı müharibələri ancaq qanlı şərabla yazıla bilir.

T e y m u r. Kinayəmi, yenə kinayəmi? Əylənmək istədiyin cihangirin qəzəbi səni qorqutmuyormu?

Ş a i r. (laübali və tatlı təbəssümlə). Hökmdarların hiddət və qəzəbi böyük bir məmləkəti alt-üst edər, fəqət küçük bir şairi qorqutamaz. Əvət, bən yalnız gözəllərin itab və sərzənişlərindən mütəəssir olurum. Bəncə işvəkar bir qaşın çatılması, parlaq bir qılıcın çəkilməsindən daha mə’nalı, daha kəskindir.

T e y m u r. Sən çoq içiyorsun, halbuki məmləkət qanunu və türk adəti bunu şiddətlə mə’n edər.

Ş a i r. Şairlər isə, adət və qanun çərçivəsini qırıb parçalamaqdan daha çoq zevq alırlar.

T e y m u r. (məmnun qəhqəhəylə). İştə səni bana sevdirən də şu rindanə xislət, şu qürur və əzəmətdir.

D i v a n b ə y i. Şair Kirmani böyük ruhşinasdır. O, pək gözəl biliyor ki, Teymur hökumətləri yıqar, məmləkətləri yaqar; ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o nisbətdə hörmət və məhəbbət bəslər. Iştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyinəfisə ərbabına kafi gəlmiyor. Yalnız Şərq devlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət nümayəndələri göndərməkdən geri durmuyorlar.

T e y m u r. Tüccar və sənətkarlara daha çoq sühulət və hörmət göstərməli. Çünki cihan, ancaq ticarət və sənaət sayəsində rifah bulur.

D i v a n b ə y i. Əvət dün Ispaniya səfiri də bu nöqtəni qeyd ediyordu və böyük xaqanın fəzilət və məharətlərini saydıqca dili ağzına sığmıyordu.

T e y m u r. Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək için bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir.

D i v a n b ə y i. (yazılan dəftərə baqaraq). Əcəba şair imdi hanki vəq’əni qələmə alıyor?

Ş a i r. İştə son səfərlər... Türküstan ordusunun Kişmir səhrasındakı müvəffəqiyyətləri və sarsılmaz xaqanın Hindistanı fəth etməsi...

T e y m u r. Ümidvaram, bu gün-yarın Mısır və Şam zəfərlərimiz də yazdığın tarixin ilavələri sırasına keçər. Məğrur Yıldırım inadında dəvam edərsə, o da tariximizə yeni bir fəsil artırmış olur.

D i v a n b ə y i. Fəqət bən bil’əkis, Yıldırım məsələsinə əsla tərəfdar olmaq istəməm. Çünki hər ikiniz Turan aləminin birər qütbüsünüz. Şu iki qütb bir-birilə çarpışırsa, ortada fəlakətli bir uçurum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi devlətlər türk dünyasına saldırmağa fürsət bulur. Bir də ordumuz bütün cihanı saracaq deyil a... Alınan ölkələri haqqilə idarə etsək daha böyük müvəffəqiyyətdir.

T e y m u r. (məğrur qəhqəhəylə). Allah bir olduğu kibi, padşah da bir olmalı, şan və şöhrət izləyən bir hökmdar qarşısında cihan... nədir?

E l m a s (müztərib adımlarla gəlir). Böyük xaqan! Sana şikayətim var.

T e y m u r. Kimdən?

E l m a s. Ədalətdən dəm vuran Teymurdan.

T e y m u r. Niçin, yavrum, Teymur bir xətamı işləmiş?

E l m a s. Əvət! Teymurun xətası kəndisi qadar böyükdür.

T e y m u r. Nə imiş əcəba?

E l m a s. Sən qəhrəman bir mücahidi məhv ediyorsun.

D i v a n b ə y i. (Elmasın qolundan tutaraq). Şaşırdınmı, qızım, nə söylüyorsun?

T e y m u r. Söylə, Elmas, hiç çəkinmə, o qəhrəman kimdir?

E l m a s. Bəni söylətməkmi istiyorsunuz? Əcəba Orxan nə yapmış ki, Səmərqənddən sürgün ediliyor.

T e y m u r. O asılmalıydı, yalnız sənin ərin olduğu için sürgünə qərar verildi.

E l m a s (həyəcanlı). Niçin, ah, niçin?

T e y m u r. Çünki hökumətə xaindir. Yıldırıma qarşı məhəbbət bəsliyormuş...

E l m a s. Yalan, iftira!..

D i v a n b ə y i. Elmas!

T e y m u r. (Elmasa). Bən qürur və cəsarəti pək sevərim, hər halda hörmətə layiqsin.

E l m a s. Xayır, bən hiç bir nəvaziş istəməm. Yalnız ədalət istərim, ədalət!

Ş a i r. (acı təbəssümlə, ətrafa). Mə’sum bir maral yırtıcı qaplandan ədalət umuyor. (Teymura). Əfəndim, Elmas bəyimə mərhəmət ediniz. Orxan xain olamaz.

T e y m u r. Siyasət başqa, mərhəmət daha başqa bir şeydir. Siyasətdə mərhəmət yoq! Əvət, Orxan sürgün edilməli.

E l m a s. Ya bən! Ya qucağımdakı yavrucığaz nə olur? Ah, qəlbiniz daşdanmı yapılmış?

D i v a n b ə y i. (qolundan tutaraq). Qızım, sus!

T e y m u r. (kəskin). Orxan asılmalıdır.

E l m a s (çılğınca). O halda bəni də asdır, bəni də... (Bihal olurcasına Divan bəyiyə sarılır). Ah, babacığım!..

D i v a n b ə y i. Üzülmə, yavrum, Əmir əfv edər.

D i l ş a d (gəlir. Mənzərəyi görüncə, heyrətlə). Elmas! Bu nə hal? Ah, səni pək müztərib görüyorum.

E l m a s (mə’yus). Xayır, hiç bir şey yoq...

T e y m u r. Dilşad! Elmas təsəlliyə möhtacdır.

E l m a s. Təsəllilərin ən gözəli ölümdür.

Q a r a q u ş sür’ətlə gəlir, əyilir.

T e y m u r. Nə xəbər?

Q a r a q u ş. Sərdar Aqbuğa orduya rəsm-keçid yapdırıyor. Bütün ə’yan, əşraf hazır. Əcnəbi elçi və nümayəndələri də təşrifinizə müntəzirdir.

T e y m u r. (Divan bəyi ilə şair Kirmaniyə). Əvət, gedəlim, beş dəqiqə bulunsaq, kafi.

Ş a i r. Qaraquş! Bunları topla, kütübxanəmə götür. Qaraquş kitab və dəftərləri toplar, onları izlər.

D i l ş a d . Elmas! Çocuqmu oldun, niçin kəndini üzüyorsun?

E l m a s. Ah, Orxan məhv oluyor, ona xain deniliyor...

D i l ş a d . Xayır, o xain deyil. Ona hiç bir şey olmaz. Burada yalnız bir anlaşılmaz bir səbəb var.

E l m a s. Iştə bu anlaşılmaz səbəblər bəni bəhr ediyor.

D i l ş a d . İnan, burada bir sirr var. Bən Teymuru eyi tanıyorum, o böylə qaranlıq bilməcələrdən pək xoşlanıyor. Sən Orxandan əmin ol və əsla düşünmə!..

E l m a s (ona sarılaraq). Ah, nəcib ruhlu Dilşad! Bən yalnız sana inanıyorum.

 

Bu sırada “Yaşasın Teymur! Yaşasın Teymur!” deyə Teymur uzaqlaşdığı tərəfdən gurultu və alqış sədaları eşidilir. O l q a qarşıdakı evdən çıqar. Dilşada doğru gəlir.

 

E l m a s (onu görüncə sarsılır, sinirli bir tevr ilə) İştə!.. İştə bütün fəlakətlərə səbəb şu aşüftə prenses, şu xain afətdir.

D i l ş a d . Elmas! Onu bıraq.

E l m a s. Rica edərim bəni qınama. Ah, keçən gün Qaraquşun söylədiklərini unutdunmu? (Olqaya yaqlaşır, çılğınca). Bana baq, Olqa! Sən bizdən nə istiyorsun? Artıq yetişir, dəf’ ol! Türküstan ovalarında, Səmərqənd bağçalarında yabancılara yer yoq... Eşidiyormusun? (Daha kinli). Ah, bən bu sayğısız fitnəyi kəndi əlimlə boğmaq istiyorum. (Boğazına sarılmaq istər).

D i l ş a d (mane olur). Elmas, düşün ki, bu hal Əmirin sönməmiş qəzəbini daha ziyadə alevləndirir.

E l m a s. Alevləndirsin, kimsədən qorqum yoq...

O l q a. Rica edərim, Elmas, bəni təhqir etmə! Bən də sənin kibi əsil bir ailəyə mənsubim. Həm də buraya kəndi ixtiyarımla gəlmədim, sevgili ərin gətirdi. Bu sözləri bana söyləməkdənsə ona və Əmir Teymura söylə.

E l m a s. Ah, sən getdikcə şımarıyorsun. (Sinirli və qızğın). Xayır, bən kimsəyə söz söyləməm. Sən Teymurun da, Orxanın da əqlini çalmışsın. Bən sana kəndim cəza veririm, kəndim... Bana baq, ya ana yurduna getməlisin, ya məzaristana... Eşitdinmi? Ah, sərsəri məxluq!

D i l ş a d . Elmas! Artıq yetişir, gedəlim. (Qolundan tutub götürür).

O l q a. (yalnız). Gedərim, əvət gedərim, fəqət yürəyində sağalmaz bir yara açıb da öylə gedərim. (Sinirli adımlarla köşkə doğru yürür. Bu sırada Orxan qarşısına çıqar.)

O r x a n. Olqa!

O l q a. Ah!

O r x a n. Nə oldun, səni qorqutdummu?

O l q a. Xayır, qorqutmadın. Sən bəni öldürdün, bəni məhv etdin...

O r x a n. Olqa! Nə demək istiyorsun?

O l q a. Ah, Elmas bəni rüsvay etdi, o bəni rəzil etdi.

O r x a n. Fəqət niçin?

O l q a. Səni sevdiyim için...

D i l ş a d ağaclar arasında görünür, dinlər.

O r x a n. Olqa! Bən şimdi Səmərqəndi tərk ediyorum. İstərsən hazırlan bərabər gedəlim.

O l q a. Xayır, istəməm.

O r x a n. Niçin?

O l q a. Çünki sən də məhv olursun, bən də...

O r x a n. Teymurdanmı ehtiyat ediyorsun.

O l q a. Ah, əvət.

O r x a n. Təlaş istəməz, sən bəni dinlə; Gürcüstandan gətirdiyim ağ əlbisəyi geyərsin, kim görürsə erkək zənn edər. Daha durma. Şimdi gəlirim, bərabər çıqarız.

D i l ş a d (ətrafa). İştə ən gözəl fürsət! (çəkilir)

O l q a. (mütərəddid). Ah, Teymurun qəzəbi bəni pək qorqutuyor. Yenə kənardan gurultu və alqış sədaları eşidilir.

O r x a n. Hiç məraq etmə, qiyafətini dəyişdir də, ötəsi qolay...

D ə m i r q a y a (gəlir). Əmir təşrif ediyor.

O r x a n (Olqanın qulağına). Daha durma, çabuq ol.

O l q a. (müztərib). Ah, Orxan!

O r x a n. Haydı, çəkil... Bəkliyorum. (Olqa çəkilir. Dəmirqayaya).

D ə m i r q a y a! Yol hazırlığı nasıl?

D ə m i r q a y a (alnının tərini silərək). Hər şey yolunda... Bu saət çıqa biləriz.

O r x a n. Gündüz pək sıcaq. Bəncə mehtablı gecədə səfər etmək daha xoş. Çünki hava bir qadar sərinləmiş olur.

D ə m i r q a y a. Nasıl istərsən öylə yaparız.

O r x a n (yola baqar). Haydı, sən azcıq kənarda dur.

D ə m i r q a y a. “Dur” dersin dururum, nəmə lazım... (Çəkilir).

 

T e y m u r l a  D i v a n b ə y i  gəlir. 

 

T e y m u r. Oğlum, sən buradamısın, işlər nə halda? Orxan (tə’zim ilə). Bir az sonra çıqmaq istiyorum.

T e y m u r. Saqın xəbərlər gecikməsin. Para lazım olduqca bildir və Yıldırım ölkəsinin hər tərəfində casuslar bulundur. Haydı, eyi yol, uğurlar olsun!

Or x a n . Hər xüsusda əmin olunuz. (Tə’zim ilə çəkilir).

D i v a n b ə y i. Sağlıqla, oğlum, Elmas için məraq etmə!

T e y m u r. (Divan bəyiyə). Yıldırıma bir məktub daha yaz, yarın Sobutay götürsün. Fəqət onun məktubu nə qadar qaba isə, bizimki də bir o qadar nəzakətli olsun.

D i v a n b ə y i. Bən də öylə düşünüyorum. (Yola baqar). İştə Sobutay kəndisi də gəliyor.

 

Şair Kirmani, A q b u ğ a  və  S o b u t a y gəlir, əyilirlər.

 

T e y m u r. Qəhrəman Sobutay! Yarın bir məktub daha götürməlisin. Qoy Yıldırım anlasın ki, biz hər şeydən əvvəl barışıq və məhəbbət tərəfdarıyız.

S o b u t a y. Xayır, o pək məğrur, pək inadçı adam.

T e y m u r. Bizim borcumuz itmami höcətdir. İnad edərsə, kəndisi zərər görür. Şimdi get, hazırlan, yarın həm məktubu, həm də lazım gələn tə’limatı Divan bəyidən alırsın.

S o b u t a y. (tə’zim ilə). Itaət, xaqanım! (Gedər).

T e y m u r. (Aqbuğaya). Cəsur Aqbuğa! Ordudan pək məmnun oldum. Biz də bir qaç gün sonra Mısıra doğru hərəkətə başlarız. Oğullarımızdan Pir Məhəmməd Mirza Hindistanı, Şahrux Mirza Xarəzm və Türküstanı, Miranşah isə Azərbaycan və Gürcüstanı idarə edər. Digər sərdarlar da hökumətimizə tabe olan başqa ölkələrə baqar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info