Qonaq Kitabı
TOPAL TEYMUR

 

Olqa tə’zim edib çıqar.

 

T e y m u r. (əl çalar. Qaraquş gəlir). Qaraquş! Orxan nerdə?

Q a r a q u ş. Dəmin buradaydı, Olqa ilə görüşüyordu.

T e y m u r. Onu buraya çağır. Bir də Divan bəyi yaxud Aqbuğa gəlirsə xəbər ver... (Gedər.)

Q a r a q u ş (tə’zim ilə). Baş üstünə... (Çəkilmək istərkən ətrafa baqar.) İştə Elmas gəliyor, şimdicə qəlbinə bir qıvılcım atarım. (Gələn Elmasa.) Əfv edərsiniz, Orxan nerdə?

E l m a s. Bən də sana sormaq istərim, dəmin burada imiş...

Q a r a q u ş. Əvət, Olqa ilə bərabər idi, fəqət getdi.

 

Dilşad gəlir, duymazlar.

 

E l m a s. Nə qonuşuyorlardı?

Q a r a q u ş (azcıq sırıtaraq). Mə’lum a, eşq aləminə əğyarın qarışması eyi bir şey deyil...

E l m a s. Nasıl eşq, nasıl eşq!? (Ətrafa.) Ah, çıldıracayım...

Q a r a q u ş. Hər halda Orxan sizin ərinizdir. Onu siz bəndən daha eyi tanırsınız. Lakin bən yenə onda qüsur görmüyorum. Bütün qəbahətlər qızda... Çünki Orxana dəli kibi sarılıyor.

E l m a s (ətrafa). Ah, xain Orxan, dur, bən sana göstəririm.

Q a r a q u ş. O öylə bir bəla ki, beş gün sonra Əmiri də məftun edər.

D i l ş a d . Nasıl? Əmiri də mi?

Q a r a q u ş (şaşqın bir halda kəkələr). Xayır, xanım! Əmir...

D i l ş a d (həyəcanlı və qızğın). Qaraquş!

Q a r a q u ş. Əfv edərsiniz...

D i l ş a d . Düşün ki, bana Qəmərəddin qızı Dilşad derlər. (Ətrafa.) Ah, sayğısız Olqa!..

Q a r a q u ş. İştə Əmir gəliyor, bən Orxanı çağırmalıyım.

D i l ş a d . Get! (Gedər.) Elmas! Sən şimdi Əmirə bir söz söyləmə.

T e y m u r. (gəlir, əyilirlər). Dilşadı pək həyəcanlı görüyorum.

D i l ş a d . Xayır, həyəcana bir səbəb yoq...

T e y m u r. Gözlərin daha başqa mə’nalar anlatıyor.

D i l ş a d . Ətraf qəzalardan ixtiyar bir köylü gəlmiş, bana şikayət ediyordu. Pək sıqıldım da halım bir az dəyişdi.

T e y m u r. Əcəba köylünün şikayəti nə imiş?

D i l ş a d . Bu yılkı buğday məhsulu az olmuş, hökumətə vergi verəməmiş, onunçin qəza hakimi Mamay xan zavallını qırbacla döydürmüş.

T e y m u r. (heyrət və şiddətlə). Nasıl, nasıl!? İxtiyar köylüyü qırbacla döydürmüş ha!.. Ah, qudurğan, şaşqın!.. O düşünmüyor ki, əhaliyi incidən bir hakim yavrusunu parçalayan bir heyvan qadar şüursuzdur. Zərər yoq, yarın məsələ aydınlaşır, bu söz doğru çıqarsa, sayğısız hərifə ən şiddətli cəza verilir. (Kəskin) Əvət, qırbacı qadar nüfuz və idarəsi olmayan bir hakim, hökumət namına ən çirkin və silinməz bir ləkədir.

D i l ş a d . Köylünün dediyinə görə əkdiyi yer təcrübədən çıqmamış bir səhra imiş, onunçin də eyicə məhsul alamamış.

T e y m u r. Zavallı Mamay xan, zavallı!.. Bən yarın onun kor gözlərini açarım. Görünüyor ki, o məmləkət qanunlarını unutuyor.

D i l ş a d . Halbuki qanunca bir adam məhsulsuz bir səhrayı şənlətirsə, ya bir kəhriz çıqarırsa, yaxud yeni bir bağça salıb bir viranəyi abad edərsə, o şəxs birinci yıl büsbütün vergidən azad olur. İkinci yıl kəndi istəyilə bir şey verirsə verir, verməzsə məcbur deyil. Üçüncü yıl, yalnız üçüncü yıl qanuna müvafiq vergi verməlidir.

T e y m u r. Xayır, Mamay xan aldanıyor. O düşünəmiyor ki, rəncbərlər sıqıldıqca devlət xəzinəsi boşalır, xəzinə boşalınca ordunun halı pozulur. Və şu pozuqluq da məmləkətin pərişanlığına səbəb olur. Hiç məraq etmə! Yarın, əvət yarın haq yerini bulur.

D i l ş a d . Əskik olmayın... (Elmasa.) Gedəlim. (Getmək istərlər.)

T e y m u r. Bana baq, Dilşad! Daha dur, sözüm bitmədi. Səni pək sarsılmış və həyəcanlı görüyorum. Unutma ki, sən Teymur hərəmisin. Söylə, açıq söylə, yüz-gözünü saran şu fırtınalı bulutlar nədən iləri gəliyor?

D i l ş a d . Ah, şu aşiftə qız... Olqa!..

T e y m u r. Nə var, nə olmuş?

D i l ş a d . Zavallı Elmasa göz veriyor da, ışıq vermiyor. Hər gün yeni bir sevgi, hər gün yeni bir təranə. Bilməm ki, Orxandan nə istiyor?

E l m a s. Hətta, əvət hətta!.. (Sözünü bitirəməz.)

D i l ş a d . Ah, hər halda Olqa buradan dəf’ edilməli...

T e y m u r. Hiç sıqılma, Elmas, səni üzən düşüncələr pək çapuq gedər. Sən Divan bəyi qızı və Orxan hərəmisin. Bən onların hər ikisini sevərim. Hələ səndəki vəqar, səndəki vəqar və əzəmət!

E l m a s (xəfif baş əyintisilə). Təşəkkür edərim.

Q a r a q u ş (gəlir, əyilir). Orxan əmri-hümayuna müntəzirdir.

T e y m u r. Gəlsin. (Qadınlara). Siz çəkilin. (Gedərlər. Orxan gəlir, əyilir.) Orxan! Yaqın gəl... (Əlini onun omuzuna qoyar). Sən həm qəhrəman bir cəngavərsin, həm də siyasəti pək gözəl bilirsin. Səni bir işə təyin etdim, yarın yola çıqmalısın.

O r x a n. İtaət borcumdur.

T e y m u r. Osmanlı sultanı Yıldırım Bayazidə elçi göndərdik, hənuz ondan bir xəbər yoq. Hər halda bizim Bursada, Yıldırım paytaxtında bir gözçümüz bulunmalı; sarayın iç və dış yüzünü öyrənib hər ay bizə xəbər verməli. Divan bəyi lazım gələn vəzifəyi sana söylər. Ordumuz bir həftə sonra Mısır-Şam tərəflərinə hərəkət eyləyəcək. Sən də doğru, Bursaya gedərsin. Orada kəndini bana düşman göstərirsin, Yıldırıma məhəbbət bəslədiyin için buradan qovulduğunu söylərsin. Hətta bizimkilər də öylə bilməli... Çünki şəhrimizdə casus bulunur da tədbirimiz boşa çıqar.

O r x a n. Yıldırım sözlərimə inanmazsa?

T e y m u r. Hiç məraq etmə, inanır; çünki o çoq məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər. Diyorlar, o, gözdən pək zəifdir, məgərsə qəlbi və düşüncəsi də kor imiş... (Kəskin.) Əsla düşünmə, get, yarın için hazırlan, Dəmirqaya da səninlə bərabər bulunsun.

O r x a n. Lakin o, pək sadə adam... İşlərimə əngəl olur deyə ehtiyat ediyorum.

T e y m u r. Ehtiyat lazım deyil. O, təcrübədən çıqmış sadiq bir əskərdir. Haydı, oğlum! Vəzifə və ciddiyyət!

O r x a n. Böyük xaqanın əmri hər şeydən yüksəkdir. (Əyilir, çıqar.)

Q a r a q u ş (gəlir, əyilir). Divan bəyi, şair Kirmani, sərdar Aqbuğa hüzura izn istiyorlar.

T e y m u r. Buyursunlar. (Qaraquş gəldiyi tərəfə ehtiramkar bir işarət edər. Hər üçü gəlir, əyilirlər. Teymur nəvazişkar bir tevr ilə.) Divan bəyinin əhvalı?

D i v a n b ə y i. Təşəkkür edərim.

T e y m u r. Şair Kirmani nasıl?

Ş a i r. Əskik olmayın.

T e y m u r. Ordumuzun qəhrəman sərdarı Aqbuğa nə halda?

A q b u ğ a. Aqbuğa hər an yılmaz ordu ilə bərabər sarsılmaz xaqanın əmrini bəklər.

T e y m u r. Pək gözəl, oturun. (Otururlar). Aylarca Bingül dərəsində böyük şənliklər yapdıq, epeycə zevq və səfayə daldıq, bir qadar da müharibə şənliyi yapsaq eyi olmazmı?

A q b u ğ a. Bəncə müharibə meydanı dügün dərnəklərindən, eyşü-nuş məclislərindən daha xoş, daha ruhaşinadır.

T e y m u r. Buna sən nə dersin, şair? Bu gün gözümə pək nəş’əli görünüyorsun.

Ş a i r. (laübali və yarımsərxoş bir qəhqəhəylə). Şənlik... o da şənlik, bu da şənlik... Qavğa... o da qavğa, bu da qavğa... Yalnız, əvət yalnız arada bir fərq var ki, siz cəngavərlər insan qanına hərissiniz, biz şairlər gülgün şərabə... Onda vəhşət və dəhşət var, bunda zevq və şətarət. Sizin hərb nə’rələriniz yürəkləri qoparır, insanları parçalatır, anaları ağlatır. Şairlərin eyş-nuş təranələri isə kinləri, kədərləri öldürür. Yüzləri, gönülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılma qədəhləri bir-birinə vururuz. Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu. Fəqət bizim şu məğlubiyyətimiz o qalibiyyətdən daha üstündür.

T e y m u r. Bəxtiyar şair! Səni sərməst edən tatlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən pək böyüksün, əvət, sənin kibi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, bənim kibi topallar soldakı sıfır qadar mə’nasız qalırdı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey... Iştə şu qaba və miskin həşəratı uslandırmaq için, onların pas tutmuş kirli vicdanlarını yıqamaq için yalnız Teymur qılıcı lazım... Əvət sevgili şair! Insanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar. (Aqbuğaya). Demək, ordu tamamilə hərbə hazır, öyləmi?

A q b u ğ a. Əvət, həpsi bir fərd kibi əmrə müntəzirdir.

T e y m u r. Iştə kafi...

Ş a i r. Şimdi nerəyə, əcəba?

T e y m u r. Mısır və Şam üzərinə.

Ş a i r. Fəqət bu siyasəti əsla düşünəmiyorum.

T e y m u r. Sən “Teymurnamə” müəllifi ikən bənim siyasətimə yabançı görünmək tuhaf deyilmi ya? (Həyəcanlı.) Ah, Savə!.. Fazil Şeyx Savənin qətli nə çabuq unutuldu. Bən onu Ərəbistana elçi göndərdim. Mısır hökmdarı alçaqcasına öldürtdü. Əcəba elçi də öldürülürmü? Xayır, xayır, Şeyx Savənin qanı yerdə qalmaz.

Ş a i r. Fəqət azcıq istirahət də lazım. (Teymurun taxtı önünə sərilmiş qaplan dərisini göstərir.) İştə Hindistanda Qanq nəhri kənarında avladığın qaplanların dərisi hənuz qurumamış, Sultan Mahmud ölkəsində aqıtdığın qanların izi hənuz topraqdan silinməmiş...

T e y m u r. Bən məğrurları əzmək için yaradılmış bir allah bəlasıyım. Tökdüyüm qanlar da yalnız haq və ədalət namınadır.

Ş a i r. Açıq söyləmək lazım gəlirsə, bən qan tökülməkdə hiç bir haq və ədalət görəmiyorum.

T e y m u r. (məğrur təbəssümlə). Əvət haqlısın, çünki... şairsin.

A q b u ğ a. Şairlər də mənəvi həkimlərdir. Qan aqıtmaqdansa yara bağlamağı daha xoş görürlər.

T e y m u r. Baqalım Divan bəyi nə diyor?

D i v a n b ə y i. Bana qalırsa xeyir və şər ikizdir. Məhəbbətlə ədavət bir-birinə bağlıdır. Lüzumundan fəzlə məhəbbət nifrət doğurduğu kibi, həddən aşırı qan tökülməkdə də bir fəzilət yoq.

T e y m u r. Divan bəyi daha başqa düşünüyor, o daha etidalçı. Fəqət unutmamalı ki, hər səciyyə və şəxsiyyət birər qanun deməkdir. İştə bu gün şəxsiyyətim bana nə əmr edərsə, onu yapmaqdan çəkinməm. Bununla bərabər bən şimdiyə qadar qurultaysız, şurasız bir şey yapmadım, çünki şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər həp nədamət və fəlakət doğurur. Bən daima həkim və aqil şəxsləri dinlədim, böyük sərdarlar ilə müşavirə yapdım. Yalnız hərb ilə mübarizəyi deyil, sülh mə’nafeyini də düşündüm. Əvət, bən şu nihayətsiz ölkələri gah tədbir və siyasətlə, gah sülh və məhəbbətlə, gah təhdid və şiddətlə, gah əfv və mülayimətlə idarə etmək istərim. Bən hər işdə səbat və istiqaməti sevdiyim kibi, həzm və ehtiyatdan da xoşlanırım, lazım gəlirsə, bə’zən düşmanlarıma qarşı səbr və təhəmmül göstəririm, bə’zən də qafil və cahil görünməkdən zevq alırım.

D i v a n b ə y i. Baqalım, şura nə qərarə gəlir.

T e y m u r. Əminim ki, Ərəbistan səfərinə kimsə etiraz etməz. Çünki Bingül dərəsində devlət kişilərindən pək çoqunu dinlədim. Hər kəs bənim fikrimə iştirak ediyor. Bu xüsusda tərəddüd göstərən varsa, o da yalnız şair Kirmani ilə sənsin. Şübhəsiz ki, iki gün sonra siz də əksəriyyətə tabe olursunuz.

Q a r a q u ş (gəlir, əyilir). Sobutay hüzura izin istiyor.

T e y m u r. Hanki Sobutay?

Q a r a q u ş (Aqbuğaya işarətlə). Böyük sərdarın küçük qardaşı, Yıldırım Bayazidə göndərilən elçi...

T e y m u r. Gəlsin, baqalım nə cəvab gətirmiş. (Qaraquş kənara işarət edər. Sobutay gəlir, əyilir.) Xoş gəldin, oğlum, nasılsın?

S o b u t a y. Böyük xaqanın kölgəsi əskik olmasın.

T e y m u r. Osmanlı sultanından nə xəbər?

S o b u t a y. İştə göndərdiyi cəvab... (Məktubu təqdim edər.)

T e y m u r. (məktubu Divan bəyiyə verir, elçiyə.) Məktubu Divan bəyi oqur, söylə, baqalım qəhrəman Sobutay! Sən nə gördün, sən nə eşitdin?

S o b u t a y. Yıldırım daima eyş-işrət düşkünü... Götürdüyüm məktuba qarşı acı qəhqəhələrlə güldü; həm də son dərəcə saymazlıq, soğuqluq göstərdi.

T e y m u r. Demək bənim düşmanım Qaraqoyunlu əmiri Qara Yusifi yenə himayə etmək istiyor, öyləmi?

S o b u t a y. Yalnız Qara Yusifi himayə etmiyor, hətta Bağdad Sultanı Əhməd Cəlayiri də ittihadə cəlb etmiş, həm də bizim əleyhimizə...

T e y m u r. (acı qəhqəhəylə). Demək düşmanlarımız ilə itilaf yapıyor, bizi hiçə saymaq istiyor, öyləmi? (Başını məktubdan qaldıran Divan bəyiyə) Pəki nə yazıyor?

D i v a n b ə y i. Təkrarə nə hacət?! Iştə Sobutayın söylədiyi kibi: saymazlıq və soğuqluq... Başqa laf yoq.

T e y m u r. (kinli). Saymazlıq və soğuqluq... Nə gülünc həqarət! (Hiddətlə yerindən qalqar.) Ah, saymazlıq və soğuqluq... Nə böyük cəsarət!.. Bən ondan qardaşca məhəbbət bəklərkən iştə aldığım cəvab! Qara Yusiflə Əhməd Cəlayir bəni gözəl tanıyorlar, fəqət Yıldırım!.. Yıldırım isə şərab düşkünü... Zərər yoq, o da ayıldıqdan sonra tanır. Bən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşımda duramayıb Mazandaran çaqqalları kibi ormanlara qaçdılar. Moskofa hücum etdim, rus knyazları qorqudan şimal ayıları kibi ürküşüb dağılmağa başladılar. Hindistana yürüdüm. Sultan Mahmud ordusu Qanj nəhri kənarındakı qaplanlar kibi oqlarıma şikar olub diz çökdülər. Əvət bir gün gəlir ki, məğrur Yıldırım da paytaxtı Bursada Topal Teymuru qarşılar və o zaman... iştə o zaman sərxoşluğun nəticəsini və bənim kim olduğumu haqqilə anlar.

 

Pərdə

 

 

İKİNCİ PƏRDƏ

 

Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr... Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur.

 

Şair Kirmani yastığa yaslanaraq yazı ilə məşğul görünür. O l q a əlində böyük bir gül dəməti gəlir. Arqa tərəfdən qədəh içərisinə bir gül bıraqıb geri çəkilir.


Ş a i r. (başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə.) Əcəba bu gül nerdən? (Ətrafa baqar, Olqayı görüncə qələmi bıraqır.) Ah, nə böyük səadət!.. (Ahəngiməxsus ilə.) Badə, gül, bir də gül bənizli mələk!.. (Yerindən qalqıb sandaliyəyə oturur.)

O l q a. Sizi rahatsız etdim, deyilmi?

Ş a i r. Bil’əkis, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq bulunmaqdır.

O l q a. (əlindəki dəməti təqdim ilə). Iştə şu gülləri yalnız şair için topladım.

Ş a i r. (alır). O halda şair son dərəcə bəxtiyardır. (Olqaya işarətlə.) Müsaidənizlə şu qədəhi təbiətin ən canlı şe’ri şərəfinə içmək istərim. (İçər).

O l q a. Nuş olsun! Şu dəftərlər nə? Yoqsa yeni bir ilhammı var?

Ş a i r. Xayır, “Teymurnamə” yazıyorum.

O l q a. Pək gözəl. Böyük xaqanın tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz.

Ş a i r. Halbuki, eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir.

O l q a. (gedəcək olur). Müsaidənizlə...

Ş a i r. Gediyormusunuz?

O l q a. Əvət.

Ş a i r. Nədənsə bu gün sizi pək düşüncəli görüyorum. Səbəbini sora bilərmiyim?

O l q a. Səbəbi böyük bir haqsızlıq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info