Qonaq Kitabı
TOPAL TEYMUR

 

Pərdə

 

 

BEŞİNCİ PƏRDƏ

 

Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz, yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar.

 

B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu Topal bir dürlü yorulmaq bilmiyor.

İ k i n c i n ö v b ə t ç i . Yenə şikayətmi? Nə çabuq usandın, əzizim?!

B i r i n c i n ö v b ə t ç i . Mısır və Şamda dökdüyümüz qanlar hənuz qurumamış. Şimdi də Anqara qavğası, Anqara bəlası!.. Nə demək? Beş gün rahatlanmaq yoqmu ya?

İ k i n c i n ö v b ə t ç i . Pəki, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət qadar gözəl ruhlu bir guşəsində sürdüyün zevq və səfalar yetişmədimi?

B i r i n c i n ö v b ə t ç i . Nə demək! Biri üç ay yaşayışdan zevq alırsa, altı ay da hərb etməlimi?

İ k i n c i n ö v b ə t ç i . Şuna baq, müharibə kəndisi də bir zevq deyilmi ya?

B i r i n c i n ö v b ə t ç i . Bıraq Allahı sevərsin. (Bir neçə adım aqsayaraq yürür.) Şam ətrafında vuruşurkən ayağıma bir ox dəydi də hala aqsıyorum, hala gecələr ağrıdan uyuyamıyorum.

İ k i n c i n ö v b ə t ç i (gülərək). Zərər yoq, saf mal sahibinə bənzər. Teymur da aqsaqdır, sən də... Yalnız aranızda bir fərq var ki, sən qarğasan, o qaraquş...

B i r i n c i n ö v b ə t ç i (qızğın). Sus bə, sərsəm hərif!

İ k i n c i n ö v b ə t ç i . Pək gözəl, o qarğa olsun, sən qaraquş.

B i r i n c i n ö v b ə t ç i . Xayır, onu da istəməm.

İ k i n c i n ö v b ə t ç i . Pəki, o halda nə istərsin?

B i r i n c i n ö v b ə t ç i . Nə istəyəcəyim, baq şu Anqara müharibəsi bənim hiç xoşuma getmiyor. Nə var, nə yoq, Teymur Yıldırımı yenəcəkmiş... Pəki, bənim xeyrim nə olur? Mısırda, Şamda hiç olmazsa əlimizə paradan-maldan bir şey keçdi. Burda qalib gəlirsək. (Əlini avucuna vuraraq.) Söylə, baqayım, şu avcuma nə girəcək? Anqaranın quru, boş səhrasımı?

İ k i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Vay, yəhudi dəllalı, vay! Sən müharibəyə yəğma içinmi gəldin?

B i r i n c i n ö v b ə t ç i . Nə demək! Topal ad qazansın da arada bənim canım getsin, öyləmi?

İ k i n c i n ö v b ə t ç i . Sus, artıq yetişir; şu sözlər bir türkə yaraşmadığı kibi, bir əskərə hiç yaraşmaz.

B i r i n c i n ö v b ə t ç i . Nə demək? Sanki əskər insan deyilmi ya? (Sinirli). Əvət, nə demək! Ölüb-öldürən biz, gülüb-əylənən onlar! Çarpışıb-vuruşan biz, ad-san qazanan onlar! Ac-çıplaq qalan biz, zevqü səfayə dalan yenə onlar!

İ k i n c i n ö v b ə t ç i (gülərək). Yahu, sayıqlıyormusun, onlar kimdir, əcəba?

B i r i n c i n ö v b ə t ç i . Onlar, iştə saraylarda keyf sürən azğın padşahlar, dəli xaqanlar... Sərvət və səadət içində gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər... Eyşü nuş ilə vəqt keçirən hoppa şahzadələr, çılğın dərəbəylər...

İ k i n c i n ö v b ə t ç i (məğrur qəhqəhəylə). Anlaşıldı, əvət anlaşıldı. Bu düşüncələr həp qorqaqlıqdan iləri gəliyor. (Əlilə onun omuzuna vuraraq.) Bana baq, hiç məraq etmə, bu gün-yarın Yıldırım basılır, yenə Səmərqəndə dönəriz.

B i r i n c i n ö v b ə t ç i . Xayır, bu qavğadan gözüm hiç su içmiyor. Yıldırımı pək qəhrəman diyorlar.

İ k i n c i n ö v b ə t ç i . Əcəba, onun nəsi qəhrəman imiş?

B i r i n c i n ö v b ə t ç i . Nə demək! İştə qaç gündür yüz-yüzə duruyoruz. Hərif müharibəyi bıraqıb da şikara çıqmış. Pəki, bundan nə çıqar? Demək o qadar məğrur ki, bizi saymaq belə istəmiyor.

İ k i n c i n ö v b ə t ç i . Zərər yoq, o bizi saymazsa biz onu sayarız. (Boru səsi eşidilir.) İştə Əmir gəliyor. (Baqar, heyrətlə). O nə? Sanki yüz-gözündən atəş saçılıyor.

 

T e y m u r müharibəyə məxsus qiyafətdə gəlir. D i v a n b ə y i, ş a i r K i r m a n i  və  A q b u ğ a onu izlər.

 

T e y m u r. (son dərəcə kinli və qızğın bir ahənglə). Teymur - kəlbi-əqur! Teymur - kəlbi-əqur! Öyləmi, ah, öyləmi?

Ş a i r. Ehtimal sərxoş imiş. Yoqsa qoca bir sultanın ağzından öylə söz çıqmaz.

D i v a n b ə y i. Əvət, ehtimal ki, sərsəm və xasta imiş, yoqsa şu hədyan əqli başında olan bir zata yaraşmaz.

T e y m u r. (çılğın). Əvət, ehtimal ki! Ehtimal ki?! Lakin bana da Turğay oğlu Teymur derlər. Onu sərxoşluqdan ayıltmaq, sayğısız qafasını uslandırmaq pək qolay... Ah, Yıldırım, Yıldırım! Nə qadar dəhşətli olsan, Hindistanda avladığım qaplanlardan müdhiş deyilsin.

Ş a i r. (ətrafa). Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır.

T e y m u r. Qaraqoyunlu əşirəti Isfahan civarında bizə şəbxun yapdılar, əskərlərimdən üç bin kişi öldürdülər. Kəllələrdən qüllələr yapdırdım. Zərər yoq, bir az sonra Yıldırım da bəni tanır. (Pək kinli və sinirli).. Ah, kəlbi-əqur! Kəlbi-əqur! Nə həzyan... nə cəsarət!..

Ş a i r. Əfsus ki, cəsurların həzyanı, həzyançıların cəsarəti qadar gülünc və mə’nasızdır.

T e y m u r. O həzyanlar hiç... hərifdəki azğınlığa baq ki, şimdi də bəni saymıyor, hərbə girişəcəyinə şikarə çıqıyor.

A q b u ğ a (istehzalı təbəssümlə). Əvət, gerçəkdən pək sayğısız... pək məğrur...

Ş a i r. Fəqət məğrurlar pək çabuq sərnigun olur.

 

S o b u t a y sür’ətli addımlarla gəlir, əyilir.

 

T e y m u r. Nə var, Sobutay?

S o b u t a y. Böyük xaqanın əmrilə ava çıxan on beş min nəfər Yıldırım əskəri bizimkilər tərəfindən ortaya alınmış və bir saldırışda həpsi əzilib dağılmış.

T e y m u r. Yıldırımdan nə xəbər?

S o b u t a y. Yalnız Yıldırım qəhrəmanca bir çevikliklə aradan çıqmış və beş-on nəfər məiyyətilə qaçıb qurtulmuş.

T e y m u r. Bən qəhrəmanları pək sevərim.

S o b u t a y. Bir də Yıldırım şikarda ikən su yollarını da kəsdik, təbii ordu susuz qalınca daha çabuq təslim olur.

T e y m u r. Pək gözəl tədbir. Bunu kim düşündü?

S o b u t a y. (Aqbuğayı göstərir). Böyük sərdar Aqbuğa.

T e y m u r. Zatən hərb zamanı hiylə də müvəffəqiyyət vasitələrindən biridir.

Ş a i r. (ətrafa). Bən yalnız Kərbəladakı ərəb Şimirini tanırdım, məgərsə türkdən də Şimir çıqarmış!

T e y m u r. Aqbuğa! Daha durmaq lazım deyil, ordu hücuma keçməli. Saqın Yıldırımı yaralamasınlar. Ona söyləyəcək sözlərim var. Yigid Sobutay! Sən də qafil olma! Hər kim onu diri yaqalarsa, kəndisini böyük mükafat bəkliyor.

A q b u ğ a. Xətti-hərəkətimiz nə yolda olacaq?

T e y m u r. Onların sağ cinahı açıqdır. İştə oradan bizim sol cinah mərkəzi əhatə etməli. Onların sol cinahı isə pək zəif. Əminəm ki, bizə qarşı duramayıb çabuq pozulur. Haydı, arslanım! Cəsarət və mətanət!.. Aqbuğa və Sobutay əskərcə təmənna edər, sür’ətli adımlarla gedərlər.

Ş a i r. (ətrafa). Qardaş qardaş qanı içiyor. Iştə siyasət və rəyasət bəlası!

T e y m u r. Orxan gəlmədi, bu bəni pək düşündürüyor. Hər halda o, bu gün bizim tərəfə keçməliydi.

D i v a n b ə y i. Kim bilir, bəlkə keçmiş də bizimkilər tərəfindən yaqalanmış...

T e y m u r. Hər tərəfə buyruq ver, ona ilişməsinlər. (Şair Kirmaniyə). Gəl, baqalım, şair! Sən də bir tərəfdə seyr et, müharibəyi yaqından tamaşa etmənin zevqi daha başqadır.

(Gedərlər.)

E l m a s şaşqın və müztərib adımlarla gəlir. Teymur getdiyi tərəfə baqar.

E l m a s (ətrafa). Orxan, ax, Orxan! Sən Elması unutdun, fəqət Elmas səni görmək için hərb səhnələrində dolaşır. (Teymur getdiyi yolu izlər).

B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Bu Divan bəyi qızı da pək tuhaf. Səmərqəndin gözəl köşklərini bıraqıb da Anqara çöllərindən nə istiyor, bilməm ki?

İ k i n c i n ö v b ə t ç i . Səncə qavğa meydanı yalnız erkəklərə məxsusmu?

B i r i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Nə demək! O da mı qavğa etməyə gəlmiş?

İ k i n c i n ö v b ə t ç i . Gülərsən ya... Hiç atalardan eşitmədinmi?! Çingizin anası bir qadın ola-ola at belinə bindi. Bütün qomşu ölkələri sıqışdırdı və qocaman bir səltənət qurdu.

B i r i n c i n ö v b ə t ç i . Nə demək, bu da Çingizin anasımı?

İ k i n c i n ö v b ə t ç i . Nə fərqi var, qadın qadındır. Bu da o cinsdən, bu da o nəsildən. Arslanın erkəyi, dişisi olur?

B i r i n c i n ö v b ə t ç i . Fəqət bana qalırsa, öydüyün şu dişi arslan müharibə için deyil, başqa bir av için gəlmiş olmalı... (Yola baqar.) Gözün aydın, iştə Dəmirqaya gəliyor.

İ k i n c i n ö v b ə t ç i . O ki, Orxanla bərabər Yıldırım yanına qaçmışdı.

B i r i n c i n ö v b ə t ç i . Nə demək! Orada yaşamamışlar da geri dönmüşlər.

E l m a s (Dəmirqaya ilə gəlir). Allah eşqinə söylə, Orxan nə oldu? Nerdə qaldı?

D ə m i r q a y a (qalın və yonulmamış səslə). Onun yanında...

E l m a s. O kimdir?

D ə m i r q a y a. Kim olur-olsun, nəmə lazım, bən qarışmam.

E l m a s. Ah, nasıl?! Orxan gəlmədimi? Səninlə bərabər deyilmi?

D ə m i r q a y a. Hiç Teymurun qorqusundan gələ bilirmi? Moskof qızını qaçırıb da Topala görünə bilirmi?

E l m a s. Yoq, Teymur onu bağışlar.

D ə m i r q a y a. Zənn etməm, hiç zənn etməm.

E l m a s. Sus, Allah eşqinə sus! Bütün qanım başıma toplanıyor, beynim alevlər içində yanıyor. Demək o buraya gəlmiyəcək, öyləmi?

D ə m i r q a y a. Bən ki onun qəyyumu deyilim, istər gəlsin, istər gəlməsin. Nəmə lazım, bən qarışmam.

E l m a s. Nasıl olursa-olsun bəni Orxanın yanına götür.

D ə m i r q a y a. Dedim ya, bən qarışmam.

E l m a s (ətrafa). Aman, ya Rəbbi. Şu hərifin qəlbi daşdanmı yapılmış. (Dəmirqayaya) Bən buraya yalnız Orxan için gəldim. Nerdə olsa onu bulmalıyım.

D ə m i r q a y a. Acım, bir az yemək yeyəlim də, sonra...

E l m a s. Zərər yoq, gəl ye-iç, saqın, yaqanı bıraqacaq deyilim.

D ə m i r q a y a. Nəmə lazım, hiç bıraqma! (Gedərlər). Bu sırada kənardan boru və çarpışma səsləri eşidilir.

B i r i n c i n ö v b ə t ç i . Demək müharibə qızışdı, iştə çarpışıb vuruşuyorlar.

İ k i n c i n ö v b ə t ç i . Əvət, gurultu getdikcə artıyor.

B i r i n c i n ö v b ə t ç i . Iştə, Orxan da Əmir ilə bərabər gəliyor.

İ k i n c i n ö v b ə t ç i . Görünür D ə m i r q a y a Elması aldatıyormuş.

 

Kənardan eşidilən gürültü, çarpışma səsi azalır. T e y m u r, D i v a n b ə y i , ş a i r Kirmani və O r x a n gəlirlər.

 

T e y m u r. Söylə, Orxan, nə yapdın?

O r x a n. Bənim ilk yapdığım böyük bir qəbahətdir.

T e y m u r. Hanki qəbahət?

O r x a n. Olqayı Türküstandan qaçırdım, ona görə boynum vurulmalıdır.

T e y m u r. Onu sonra mühakimə edəriz. Bana Yıldırımdan, Yıldırım ordusundan xəbər ver!

O r x a n. Bursadakı işlər mə’lum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr və’d etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əskəri bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əskərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çabuq şaşırırlar.

E l m a s (D ə m i r q a y a ilə bərabər gəlir. Orxanı görüncə, şaşqın bir sevinclə). Ah, Orxan!.. Divan bəyi əlilə sükut işarəti verir. Elmas çəkilib bir tərəfdə durur.

T e y m u r. (Orxana). Pək məmnun oldum; şimdi söylə baqalım, gözəl prenses nerdə?

O r x a n. Iştə qarşıda bəkliyor. Fəqət dəmin hüdudu keçərkən bizimkilər tərəfindən yaralanmış.

E l m a s (ətrafa). Əvət, bu da yeni bir hiylə.

T e y m u r. Orxan! Sən bir əskərsin, fəqət işlədiyin xəyanət bir əskərə yaqışmaz. Əcəba xəbərsiz olaraq qızı qaçırmaq və bəni saymamaq böyük bir nankorluq deyilmi? Bunu yaparkən Teymurun hiddət və qəzəbini düşünmədinmi? Orxan susur. Niçin susdun, söylə?

O r x a n . Böyük xaqanın mərhəməti bənim qəbahətimdən daha böyükdür.

T e y m u r. (sərt). Xayır, qəbahəti mə’zur görmək, fənalığı tərvic etməkdir.

B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Iştə Topal yenə çıldırıyor.

D i v a n b ə y i. (Teymura). Orxan gəncdir, yigitdir.

T e y m u r. (kəskin). Xayır, böylə bir qəbahət için ən böyük cəza ölümdür.

E l m a s. Ah, ölümmü?

T e y m u r. Əvət, Orxan yalnız e’dama layiqdir.

E l m a s. Mərhəmət, ah, mərhəmət!.. (Teymura yaqlaşır).

T e y m u r. (çılğın). Çəkil!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info