Qonaq Kitabı
TOPAL TEYMUR

Ə l i p a ş a. Əmr etdiyiniz kibi. Əvvəlki məktubumuza nisbətlə daha soyuq, daha qızğın. (Qoltuq cibindən çıqarır, təqdim edər). Mütaliəsi arzu buyurulursa, iştə!

Y ı l d ı r ı m. (məktubu açır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır). Əvət, pək gözəl.

Ə l i p a ş a (ətrafa). Hərif gerçəkdən kor. Az qalır ki, məktubu gözlərinə yapışdırsın. (Yıldırıma). İnsaf eyi bir şeydir, əfəndim, gör bizdən kimi istiyor. Hiç Qaraqoyunlu əmiri kibi xeyirxah bir şəxs ona təslim edilirmi? Halbuki Qara Yusif, yaxud Sultan Əhməd Cəlayir bizim ən yaqın dostlarımızdır.

M e l i ç a (heyrətlə). Aman, ya rəbbi! Şu Teymur da pək şımarıq hərif.

Y ı l d ı r ı m. (mütaliəyə dəvam ilə). Zərər yoq, nə qadar şımarırsa o qadar ağır cavablar alır.

M e l i ç a (ətrafa). Zavallı Yıldırım! Kor olduğunu bütün cihana e’lan edəcək. (Yıldırıma). Aman, əfəndim, gözlərinizi mə’nasız şeylərlə yormayınız.

Y ı l d ı r ı m. (Əli paşaya). Pək xoşuma getdi, əvət Teymura layiq bir cəvab.

 

Bu sırada N a z i m digər bir xidmətçiylə bərabər üzəri şərab, məzə və gül dəməti ilə süslü bir masa gətirir. Xidmətçi çıqar.

 

Ə l i p a ş a. Rica edərim Teymuru bıraqınız, bunları buraya niçin gətirdilər?

Y ı l d ı r ı m. Təbii, içilmək için.

Ə l i p a ş a (qədəhləri doldurur, Meliçaya). Müsaidənizlə, yarım sərxoş isəm də, şövkətli Sultanımın ən sevgili hərəmi şərəfinə bir qədəh içmək istərim. Var olsun Meliça həzrətləri!

 

İçərlər.

 

M e l i ç a. Doğrusu səmimiyyət və nəzakətiniz bəni heyran ediyor.

Y ı l d ı r ı m. Əvət, Əli paşa əmsalsız bir vücuddur. (Əli paşaya). İşrət xüsusunda sevgili Meliça bana ilk rəhbər isə, sən də ikinci müəllimsin. Nə yapalım, şərab dinimizcə günah isə də, amma nəş’əli bir günahdır.

Ə l i p a ş a. Bəncə ibadət də lazım, işrət də. Tövbə qapısı daima açıqdır. (Təkrar qədəhləri doldurur).

M e l i ç a. Siz diplomatlar şərabı da şəriətə uydurub öylə içərsiniz.. Bana qalırsa şərabda hiç bir günah yoq; baxüsus Serbistan şərabı olursa!

Ə l i p a ş a (nəş’əli və mə’nalı bir tevr ilə). Əvət, baxüsus Serbistan şərabı olursa. (Qədəhi qaldırır). Yaşasın şanlı Yıldırım Bayazid!..

Y ı l d ı r ı m. Var ol, paşa həzrətləri! (İçərlər. Meliça bir yutum içər, qədəh dolu qalır).

Ə l i p a şa. Hanı ya, bizim Cücə nerdə? O hər aqşam məşhur bir hökmdar qiyafətində çıqardı.

Y ı l d ı r ı m. Nazim ağa! Cücə nerdə?

N a z i m. Bu saət. (Əyilir, çıqar).

Y ı l d ı r ı m. Gəlsin, baqalım, nə oyun çıqarır.

Ə l i p a ş a. Bən istərdim ki, İspaniya kralı Üçüncü Genrix[ii] qiyafətində gəlsin, çünki o Teymura qarşı pək yaltaqlıq ediyor. Hətta elçilər göndəriyor, onunla ticarət müahidələri yapıyor.

Y ı l d ı r ı m. Zənnimcə Teymurun kəndisini yansılarsa daha xoş, daha məqbul...

 

C ü c ə kəndisini izləyən iki masqara qiyafətli a r q a d a ş ilə bərabər  Teymur qiyafətində daxil olur. Ağır və komikcə adımlarla aqsayaraq onlara doğru ilərilər və bir heykəl kibi qarşılarında dikilib durur.

 

M e l i ç a (gülməkdən kəndini alamıyaraq, heyrətlə). Ah, qorqdum, nə əcayib şey! Əcəba bu kim, bu nə qiyafətdir?

Y ı l d ı r ı m. Dur, kəndisinə soralım.

Ə l i p a ş a. Topal Cücə? Sən kimsin və nəçisin?

C ü c ə (məğrur və əzəmətli). Bana xaqanlar xaqanı, Turğay oğlu Teymur derlər. Bən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü nüma buldum. Babam Barlas qəbiləsinin hökmranı, kəndim Gürkan nəslinin baş qəhrəmanı... (Yanındakı masqaralarda sürəkli qəhqəhələr...)

Y ı l d ı r ı m. (istehzalı təbəssümlə). Eşq olsun, eşq olsun!

C ü c ə. Bən on iki yaşında ikən kəndimdə bir fərasət və böyüklük duymağa başladım. Bənimlə görüşənləri ciddi bir vəqar və hörmətlə qəbul edərdim. On səkiz yaşımda binicilik və avçılığa həvəs etdim. Vəqtimin çoqunu Qur’an oqumaqda, şahmat oynamaqda və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Kürd ilə savaşdım. İlyas Xocaya qoşdum, vəzirilə pozuşdum. Oradan uzaqlaşdım, türkmanlara əsir düşdüm. Sonra bir çoq arqadaşla buluşdum. Bəlucistanla vuruşdum. Gah qalib gəldim, gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə aqsaq qaldım. (Aqsayaraq yürür, kəskin bir ahənglə) Əvət bənim yaralı arslan, bənim Topal Qaplan.

 

Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə gülər.

 

N a z i m (heyrətlə, sözləri çəkərək, ətrafa). Allah, Allah!..

M e l i ç a. Aman, nə gözəl natiq!..

Ə l i p a ş a. Əvət, dəhşət, dəhşət!

Y ı l d ı r ı m. Sonra nə oldu? Söylə, baqalım, sonra?

C ü c ə. Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhrinə vardım, Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir e’lan olundum. Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu. Ermənistan və Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular isyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. (Son dərəcə məğrur). Əvət bənim cihangiri dahi!.. Bənim hərb allahi!..

 

Masqaralarda istehzalı qəhqəhələr.

 

N a z i m (şaşqın, ətrafa). Allah, Allah!

Y ı l d ı r ı m. Əvət, iştə Cücə bir dahi!

Ə l i p a ş a. Daha doğrusu dahi bir Cücə.

Y ı l d ı r ı m. Sonra... Daha sonra?

C ü c ə. Bən devlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xəlqi ümid ilə qorqu arasında tutdum. Bir çoq nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və töhmətlər eşitdim. Fəqət bəni tənqid edən şımarıq, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım. Daima məiyyətimdə əsalət və nəcabət, əqil və kəyasət aradım. Daima ordu və rəiyyətin əhvalını eyiləşdirməyə çalışdım.

Y ı l d ı r ı m. Ya şu tökdüyün qanlara, şu qopardığın tufanlara nə mə’na verəlim?

C ü c ə. Bən həqq və ədalət nümayəndəsiyim. Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə, kənardan baqıb duramam. Xəlqin əmniyyəti için zülmün kökünü qazımaq və o məmləkəti uslandırmaq istərim. Iştə buna görədir ki, Xorasana girdim, bütün Iranı devirdim, Moskof tərəflərini sardım, Hindistana vardım. Əvət, bənim böyük Teymur... Bənim sarsılmaz imperator!..

 

Masqaralarda istehzalı qəhqəhələr.

 

N a z i m (ətrafa). Allah, Allah!

Ə l i p a ş a. Dəhşət, dəhşət!

M e l i ç a (qalqar). Artıq bən gediyorum.

Y ı l d ı r ı m. Niçin? Cücənin sözləri səni qorqutdumu?

M e l i ç a. Xayır! Lakin bu masqaralıqlardan içimə fənalıq gəliyor. Saydıqları yalan olsa belə, acı və dikənlidir.

Y ı l d ı r ı m. (Cücəyə). Haydı, rədd ol, həmən şu biçimdə qiyafətini də dəyişdir.

 

Cücə və arqadaşları məclisi tərk edərlər.

 

Ə l i p a ş a. Aman, əfəndim! Cücə bu aqşam dəhşətdir, dəhşət!

M e l i ç a (oturur). Bıraq, dəf’ olsun, insanın sinirlərinə doqunuyor.

Y ı l d ı r ı m. Pəki, şimdi nə istərsiniz?

Ə l i p a ş a. Müsaidə edilirsə, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəyi seyr edəlim.

M e l i ç a. Bən də eşitdim, hənuz görmədim.

Y ı l d ı r ı m. Nazim ağa! Şamlı qızı...

N a z i m. Hazır! (Əyilir, çıqar).

Ə l i p a ş a. Pək mədh ediyorlar. Ərəblərin rəqsləri də iqlimləri kibi atəşlidir.

Y ı l d ı r ı m. Əvət, gerçəkdən pək atəşli.

M e l i ç a (istehzalı təbəssümlə). Saqın, Paşa həzrətlərini yaqmasın! Doğrusu, pək şaşırıyorum. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən bir də şamlı qızına nə ehtiyac vardı?

Y ı l d ı r ı m. Sənət və gözəllik hər kəsin kəndi zevqilə ölçülür. Saray rəqqasələri başqa, şamlı qızı isə daha başqadır.

Ə l i p a ş a. Əvət, gönül nəyi sevərsə, o, gözəldir. (Ərəb musiqisilə ərəb rəqsi başlanır, şamlı qızının gəldiyini görüncə.) İştə atəşli baqışlar!

N a z i m (rəqs bitdikdə rəqqasənin süzülüb getdiyini görüncə kəndini alamıyaraq şaşqın və coşqun bir səslə.) Allah, Allah! Bu nə məlahət! Bu nə lətafət!

Y ı l d ı r ı m. (mültəfit olaraq gülər). Nə oluyorsun, yahu! Pəkmi xoşuna getdi?

N a z i m (niyazkar). Aman, sultanım, qüsurə baqmayınız.

M e l i ç a (yarımqəhqəhəylə). Zavallı adəta kəndindən keçmiş.

Ə l i p a ş a. Nə yapsın? Iştə ərəb ruhu, ərəb zevqi! Yalnız o deyil, bən belə bayıldım.

M e l i ç a. Ya, öyləmi? (Incə və nəş’əli qəhqəhədən sonra). Aman, doktor çağıralım.

Y ı l d ı r ı m. Xayır, doktora hacət yoq, o getdiyi kibi Paşa həzrətləri ayıldı.

Ə l i p a ş a. Əvət, gerçəkdən öylədir. (Meliça qalqır.) Nə oldu, niçin qalqdınız?

M e l i ç a. Artıq gedirim.

Y ı l d ı r ı m. Əli paşa da yeməkdə bərabər bulunacaq.

M e l i ç a. Pək məmnun olurum. (Gedir).

Ə l i p a ş a. Əfəndimizin şu dərin səmimiyyətləri, bana bəxtiyarlıqdan daha yüksək bir nəş’ə verir.

 

Bu sırada C ü c ə hoplayaraq, mayallaq vuraraq əsil masqara qiyafətində girər.

 

Y ı l d ı r ı m. Yenəmi sən?

C ü c ə. Nə yapayım, məclis boş qalmaz a... Bu yerdən mələk çəkilincə şeytan girməli.

Ə l i p a ş a. Əhsən, əhsən! Cücə bu aqşam dəhşətdir, dəhşət!

Y ı l d ı r ı m. Haydı, al, mələyin içdiyi şu qədəhi yuvarla!

C ü c ə (qədəhi alır). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (Şərabı burnunun üzərindən dökü verir.)

Y ı l d ı r ı m. Nə yapıyorsun şaşqın hərif! Sən hənuz şərab içməsinidəmi öyrənəmədin?

C ü c ə (Yıldırımı mə’nalı baqışlarla süzərək). Bən əşirətdən yetişmə bir çoban oğluyum. Nə etməli, şimdiyə qadar ancaq qımız və ayran içməsini öyrənə bildim.

Y ı l d ı r ı m. (ətrafa). Acı bir kinayə!

C ü c ə. Şu yaqınlarda bir serb qızı alacayım, iştə o zaman şərab içməsini də ondan öyrənirim. (Əli paşayı mə’nalı bir baqışla gözdən keçirir.) Hətta bir taqım siyasilər kibi, namaz qılarkən belə sərxoşluqdan vaz keçməm.

Ə l i p a ş a (ətrafa). Ah, bəni təhqir ha? (Cücəyə, sinirli) Şımarıq hərif, sən artıq həddini aşıyorsun.

Y ı l d ı r ı m. Zərər yoq, o bu gün pək nəş’əlidir, xatirini qırma! Yalnız səninlə deyil, bənimlə də əyləniyor (Cücəyə.) Bana baq, Cücə! Bənmi eyi hökmdarım, Teymurmu?

C ü c ə. Aman verilirmi?

Y ı l d ı r ı m. Söylə!

C ü c ə (sırıtaraq Yıldırımın qucağına). O, dəlidir, sən də abdal! (Qəhqəhəylə gülər).

Y ı l d ı r ı m. Sus, ədəbsiz! O halda sən nə olursun?

C ü c ə (sədri-ə’zəmə işarətlə). Bən də sənin quyruğunun quyruğu...

(Qəhqəhə)

Y ı l d ı r ı m. Pəki, sənin quyruğun?

C ü cə (Nazimi göstərir). Iştə! Seyr edə bilirsiniz.

(Qəhqəhə)

N a z i m (ətrafa). Allah, Allah! Şu hərif çıldırmış. (Salonu tərk edər.)

Y ı l d ı r ı m. Haydı, yetişir, dəf’ ol! Sən bu aqşam zəhərli bir dikən, sərsəm bir eşək arısı, quduz bir köpəksin.

C ü c ə (bayılırcasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəyi göstərir və açar). Əvət, bən zəhərli bir dikənim, iştə mayıs çiçəkləri! Bən bir eşək arısıyım, iştə serb və macar kələbəkləri! Bən quduz bir köpəyim, iştə rum və bolqar mələkləri!

 

Qəhqəhələrlə çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi sırada N a z i m a ğ a sür’ətli adımlarla gəlir, Yıldırımın qulağına bir-iki söz söylər.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info