Qonaq Kitabı
TOPAL TEYMUR

Y ı l d ı r ı m. (rəqqasələrə, hiddətlə). Kafi! (Qızlar çəkilir. Nazim ağaya). Bunları al da, söylə, hər üçünü gətirsinlər.

 

Nazim kəndisini bəkləyən xidmətçilə bərabər dərhal işrət masasını alıb götürür.

 

Ə l i p a ş a. Gələn kimdir əcəba?

Y ı l d ı r ı m. Teymurun adamlarından üç nəfər casus yaqalamışlar.

Ə l i p a ş a. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur.

Y ı l d ı r ı m. Zənn etməm, hiç zənn etməm. (Qızğın.) Ah, azğın hərif, bir tərəfdən elçi göndəriyor, bir tərəfdən casus...

 

Bu sırada iki silahlı yeniçəri mühafizəsi altında Orxan, O l q a və D ə m i r q a y a daxil olur.

 

Y ı l d ı r ı m. Teymur casusları sizmisiniz?

O r x a n. Əvət, öylə diyorlar.

Y ı l d ı r ı m. Buraya niçin göndərildiniz?

O r x a n. Göndərilmədik, kəndi arzumuzla gəldik.

Y ı l d ı r ı m. Bu gəlişdən məqsəd?

O r x a n. Məqsəd Topal Teymuru atmaq, ulu cultanı tutmaq.

Y ı l d ı r ı m. Unutma ki, yalançıların cəzası ölümdür.

O r x a n. Bizcə yalançılıq ləkəsi ölümdən daha çirkindir.

Y ı l d ı r ı m. (Olqaya). Pəki, sən söylə, yavrum, Teymurdan niçin qaçdınız?

O r x a n. Çünki Teymur xudkamdır.

Y ı l d ı r ı m. Bıraq kəndisi söyləsin.

O r x a n. O, dilsizdir.

Y ı l d ı r ı m. (D ə m i r q a y aya). Adın nədir?

D ə m i r q a y a (qalın səslə). D ə m i r q a y a.

Y ı l d ı r ı m. Sən söylə baqalım, niçin gəldiniz?

D ə m i r q a y a (laübali, Orxana işarətlə). Orxan gəl, dedi, gəldik.

Y ı l d ı r ı m. Bir səbəb yoqmu ya?

D ə m i r q a y a. Əlbəttə var, fəqət gizli bir səbəbdir.

Y ı l d ı r ı m. (məraqlı). Gizli səbəbmi? O nə imiş?

D ə m i r q a y a. Onu Orxan bilir. Nəmə lazım, bən qarışmam.

Y ı l d ı r ı m. Ya! Qarışmazsın, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad! (Nazim çıqarkən). Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı!

Ə l i p a ş a. Aman, Sultanım, əcələ ediyorsunuz?

Y ı l d ı r ı m. Xayır, həpsinin boynu vurulmalı! Artıq Topal həddini keçiyor.

Ə l i p a ş a. Rica edərim, hiç elçi boynu vurulurmu?

Y ı l d ı r ı m. (qızğın). Əvət vurulur, bən əmr edərsəm vurulur.

Ə l i p a ş a. Hiç olmasa bu hökmün icrasını yarına bıraqmal.

Y ı l d ı r ı m. (daha qızğın). Yetişir, iltimasa hacət yoq...

 

Bu sırada N a z i m gəlir, c ə l l a d və i k i y e n i ç ə r i l ə bərabər S o b u t a y daxil olur.

 

Y ı l d ı r ı m. (Sobutaya). Bana baq, bunları tanıyormusun? Doğru söylə, yoqsa ən yüngül cəza ölümdür.

S o b u t a y. Sobutay nə yalan söylər, nə də ölümdən qorqar.

Y ı l d ı r ı m. (sinirli və qızğın). Sözümə cəvab ver, bunları tanıyormusun?

S o b u t a y. (kinli və əzəmətli bir baqışla Orxanı süzərək). Türküstanda tanırdım, fəqət osmanlı paytaxtında xayır...

Y ı l d ı r ı m. Niçin?

S o b u t a y. (Orxana işarətlə). Çünki şu hərif vətən xaini. Bunlar da onun kölgəsi...

O l q a. (qalpağını qaldırır, saçları dağılır). Aman, Sultanım! Mərhəmət! Orxan xain deyil, yalnız Teymur gözündə ləkəlidir; çünki sizə qarşı məhəbbət bəslərdi, onunçün də Türküstanı tərk etdi.

O r x a n. Olqa! Sən sus!

Y ı l d ı r ı m. Şu qadın kimdir?

O r x a n. Moskof tərəflərinə hücum edərkən ölümdən qurtardığım bir qızcığaz.

S o b u t a y. (acı və istehzalı təbəssümlə). Daha doğrusu Teymur sarayını süsləyən bir çiçək və sənin qandırıb da uçurduğun şux bir kələbək... (Kəskin.) Lakin nerdə olursaolsun xəyanət cəzasız qalmaz.

Y ı l d ı r ı m. (Sobutaya). Sən sus! (Yeniçərilərə.) Şunu kəndi odasına götürün. (Əli paşaya.) Dəminki məktubu da ver, Teymura götürsün.

 

Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıqar.

 

Ə l i p a ş a. Artıq məsələ aydınlaşdı.

Y ı l d ı r ı m. Xayır, daha var. (D ə m i r q a y aya.) Sən söylə! Dəmin gizli səbəb diyordun, o nə imiş?

Dəmirqaya. Daha gizli bir şey qaldımı ya? (Olqaya işarətlə.) Zatən həpsini açıb dökdü.

Y ı l d ı r ı m. Gizli səbəb yalnız onun dediklərimi?

D ə m i r q a y a. Daha nə olacaq, hiç qadınla səfərə çıqılırmı? Nəmə lazım, kəndi işləri...

Y ı l d ı r ı m. (qızğın). Nəmə lazım, nəmə lazım! Südəmər çocuqlar kibi iki sözdən fəzlə bir şey bilməz. (Cəllada.) Haydı, ilk öncə bunu dəf’ et. (Cəllad hazırlanır.)

O l q a. Ah!..

O r x a n (kəskin). Xayır. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz bir zavallıdır. Əsil e’dam ediləcək bənim, bən...

Y ı l d ı r ı m. Cəsarət səni məğrur ediyor (Cəllada.) Pəki, əvvəl onu susdur.

O l q a. Aman, əfəndim, mərhəmət, mərhəmət! (Şiddətli ıçqırıqlarla ağlar, Sultanın ayaqlarına qapanır.)

O r x a n (şiddətli və istehzalı qəhqəhələrlə gülərək). Zavallı qızcığaz! Sən həqli imişsin. Ah, Teymur, Teymur!..

Y ı l d ı r ı m. (vəzifəsini bitirmək istəyən cəllada). Dur, əl saqla! (Orxana). Niçin güldün, niçin Teymuru xatırladın?

O r x a n . O bənim biləcəyim iş, sən yalnız e’dam etdirə bilirsin.

Ə l i p a ş a. Xayır, bu səbəbsiz deyil.

O l q a. (başını qaldırır. Göz yaşını silərək.) Ah, səbəbini bən söylərim.

O r x a n Qalq! Hiç bir şeyə ehtiyac yoq. Söyləmək lazımsa kəndim söylərim. (Olqa qalqar).

Y ı l d ı r ı m. Pəki, kəndin söylə! Şu qəhqəhələr niçindir, əcəba?

O r x a n . Şu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli Teymura səcdə edərkən, yalnız bən isyan etdim. Halbuki onun küçük bir təhqirinə dayansaydım, şimdi e’dama layiq görülməzdim.

 

Sükut...

 

Y ı l d ı r ı m. (mülayim). Bu sözlərin nə dərəcə doğru olduğunu bilmək istəməm. Bən hər ikinizi şu qızın göz yaşlarına bağışladım.

O l q a. Ah, kölgəniz əskik olmasın.

Ə l i p a ş a. Əvət, göz yaşları mə’sumiyyəti isbat için ən parlaq şahiddir...

O r x a n. Lakin, bir rica etmək istərdik.

Y ı l d ı r ı m. Söylə.

O r x a n. Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə dönəməyiz, sədaqətimizə qarşı şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli. Əgər müsaidə buyurulursa Mısır-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər bulunur.

Y ı l d ı r ı m. (məmnun təbəssümlərlə yerindən qalqar). Xayır, hiç bir yerə getməyəcəksiniz. Siz bənim oğlum, bu da qızımdır. Hər üçünüzün sədaqətinə şübhəm qalmadı. Haydı, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, misafirlərə ehtiram lazım.

 

Nazim cəllad ilə bərabər çıqar.

 

O r x a n (arqadaşlarilə bərabər əyilir). Təşəkkür edəriz.

Y ı l d ı r ı m. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Əli paşa ilə məclisi tərk edir).

O r x a n (ətrafa). İştə ilk fəlakəti atladıq.

O l q a. Ah, pək qorquyorum. Sobutay Səmərqənddə işlərin üstünü açacaq. Teymurun qəhrü qəzəbi bəla yıldırımı kibi üzərimizdə patlayacaq. Ah, o bəni niçin gördü?

O r x a n . Hiç məraq etmə, bən Sobutayı görürüm.. O pək nəcib qəhrəman. Kimsəyə bir şey söyləməz. Hətta Teymur duysa belə əhəmiyyət verməz.

D ə m i r q a y a (bir tərəfdə). Nəmə lazım, bən qarışmam. Ölürlər ölürüm, qalırlar qalırım.

O l q a. (Saqsıda gördüyü yeşil fidancığazı göstərir). Ah, o nə xoş, nə təravətli gül fidanı.

O r x a n. İştə həmişəbahar gülü, baq, hənuz yeni-yeni qönçə verməyə başlıyor.

O l q a. Əvət, pək gözəl...

O r x a n. Bir gün gəlir ki, şu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər çiçəklənməyə başlar.

N a z i m (gəlir, əyilir). Buyursunlar. (Önlərincə gedər).

Orxan. Gedəlim. (Nazimi göstərir.) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və parlaq bir sabaha də’vət edir. (Gedirlər).

 

Pərdə

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.

 

O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!

O r x a n . Sənmisin, Olqa?

O l q a. Nə düşünüyorsun, mane oldum, deyilmi?

O r x a n. Xayır...

O l q a. Niçin böylə dalıb gediyorsun?

O r x a n (gül fidanını göstərir). İştə hər tərəfə gözəl qoqu və nur saçan şu gülləri görüyormusun? Baq, nə qadar dəyişmiş. Bunlar bir zaman yemyeşil tumurcuq halında idilər.

O l q a. Əvət, xatırlıyorum, casus deyə tam bizi yaqaladıqları gecəydi.

O r x a n. Bən o gecə, açmamış qönçələri gönlümüzdəki arzulara bənzətmişdim, deyilmi? İştə bu gün bütün istədiklərimiz yerini buluyor, onlar kibi çiçəklənməyə başlıyor.

O l q a. Pəki, o halda bu düşüncələr nə?

O r x a n. Olqa! Biz artıq burayı tərk etməliyiz.

O l q a. Niçin? Halbuki burada səadət var.

O r x a n. Xayır, bil’əkis səadət bizi başqa aləmdə gözlüyor.

O l q a. Fikrini hiç anlıyamıyorum. Sən Yıldırım kibi böyük bir padşah sarayında... Kəndin də ən sevgili yavərlərdən birisin. Daha nə istiyorsun? (Gül fidanına yaqlaşır, qoqlamağa başlar.)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info