Qonaq Kitabı
TOPAL TEYMUR

 

Sandaliyəyə otururlar.

 

Q a r a q u ş (gəlir, əyilir). Azərbaycandan, oğlunuz Miranşahdan Divan bəyiyə məktub.

T e y m u r. Pəki, kəndisinə ver.

 

Məktubu verir çıqar. Divan bəyi açar oqur.

 

A q b u ğ a (şairə). Bu məktubda bir sirr var.

Ş a i r. Şübhəsiz.

T e y m u r. (ətrafa). Xayır, bu məktub uğurlu bir şeyə bənzəmiyor. Kim bilir yenə nə uyğunsuzluq var.

D i v a n b ə y i. Məktubun məalını ərz etməyə müsaidlə buyurulurmu?

T e y m u r. Söylə!

D i v a n b ə y i. Yenə isyan!.. Yenə azərbaycanlılar oğlunuz Miranşaha qarşı isyan etmişlər.

T e y m u r. Səbəb!?

D i v a n b ə y i. Səbəb Miranşahın gevşəkliyi... idarəsizliyi.

T e y m u r. (qızğınca). Ah, Miranşah, Miranşah! Əvət, onda azcıq tədbir və siyasət bulunsaydı, kimsə izindən çıqmazdı. Orasını idarə edəcək sağlam və düşüncəli bir baş lazım. Heyhat ki, Miranşah kibi şaşqınlar o düşüncədən pək uzaqdırlar.

Ş a i r. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət ocağıdır. Lakin əfsus, binlərcə əfsus ki, Miranşahlar oyuncağıdır.

D i v a n b ə y i. Bəncə Azərbaycan xalqı yabancılara kölgə olmaqdan pək zevq alır və xarici tə’sirə daha çabuq qapılırlar.

T e y m u r. Pəki, burada xarici tə’sir nə ola bilir?

D i v a n b ə y i. Bir taqım qara qüvvələr...

T e y m u r. Məsəla, nə kibi?

D i v a n b ə y i. Qaraqoyunlu əmiri Qara Yusif kibi...

T e y m u r. Nədən bəlli?

D i v a n b ə y i. Məktubda örtülü işarətlər var. Ətrafdan gələn bə’zi casuslar orada Teymur nüfuzunu qırmağa çalışıyor və xalqı Yıldırım dostu Qara Yusif tərəfinə çəkmək istiyormuş. Hətta bu da kafi deyilmiş kibi Qara Yusif çeteləri Türküstan ilə Ərəbistan arasındakı karvanların gediş-gəlişinə və ticarət işinə əngəllər çıxarırmış...

 

Teymur hiddətlə yerindən qalqır, yanındakılar da ona tabe olur.

 

T e y m u r. Ah, öyləmi, öyləmi!? Hiç zərər yoq, biz səfər üstündəyiz. Er-gec həpsinin halı sorulur, hər kəs kəndi azğınlığına görə cəza bulur. Xayır, Qara Yusifdə bir tilki qadar cəsarət yoq. Şübhəsiz ki, o həp Yıldırıma güvəndiyi için şu fitnələri qaldırıyor. (Divan bəyiyə). İkinci məktubu gecikdirmə. Hər halda Yıldırım onu bizə təslim etməli. (Qızğın). Ah, Yıldırım! Yıldırım! Bən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tilkiləri bənim üzərimə şımartıyorsun. Yoq, bən hər sərsəriyə qarşı əyləncə olamam. Qara Yusif təslim edilməlidir, təslim! Yoqsa ikinci məktubunda da saymazlıq və soğuqluq göstərirsə, o halda Yıldırımın kəndisilə hesablaşmalıyım. (Bir-iki adım yürür, təkrar dönər: kəskin və atəşli). Əvət, Topal Teymuru saymayanlar, kəndi əllərilə kəndilərinə məzar qazmış olurlar. (Gedər, onunla bərabər səhnədəkilər də çəkilir. Havanın ışığı bir qadar azalır).

D i l ş a d (Elmasla bərabər gəlir. Onun omuzunu oqşayaraq). Elmas! Sən uslu və düşüncəli bir qadınsın. Fəqət pək gənc, pək sinirlisin. İnan ki, çoq sürməz yenə Orxanı Bingül dərəsində zevqi səfa məclislərində görürsün.

E l m a s. Ah, bu gediş nə içinmiş? Yalnız onu bilsəydim.

D i l ş a d . Xayır, sən onu hiç bilmə! Hökumət sirrini bilənlər, yaxud bilib də açanlar Teymurun qəzəbindən əsla qurtulamazlar.

E l m a s. Orxan ləkələnməsin də, bən hər şeyə razıyım.

D i l ş a d . Hiç məraq etmə, sən Orxanı bəndən istə!

E l m a s (ona sarılaraq). Ah, nə qadar alicənab və böyük ruhlusunuz. Orxan (gəlir. Dilşada qarşı əyilir). Manemi oldum?

D i l ş a d . Xayır.

O r x a n. Elmas! Ümid edərim ki, bənim şu səfərimdən sıqılmazsın... Orxan xain deyil.

E l m a s. Xayır, artıq sıqılmam. Nəcib Dilşadın iki sözü bənim iztirablarımı susdurdu.

O r x a n (Dilşada işarətlə, ehtiramkar). O, daima pərəstişə layiq bir fəzilət heykəlidir.

D i l ş a d . Elmas da, sən də bənim gözümdə qardaş qadar əzizsiniz.

H ə r i k i s i (əyilir). Təşəkkür edəriz.

D i l ş a d . Saqın, çoq gecikmə. (Mə’nalı təbəssümlə). Həm də səndən bir şey istəriz.

O r x a n. Nə arzu buyurulur?

D i l ş a d . Elmas yalnızdır. Gönlünü ona bıraqıb da öylə getməlisin.

O r x a n. Onun əksini düşünsəniz, Orxanı təhqir etmiş olursunuz.

D i l ş a d (ətrafa). Nə yaldızlı yalan. (Orxana). Baqalım, təcrübə həqiqətlərin həqiqətidir.

Orxan. Hər halda vücud ayrılığı gönül ayrılığı demək deyildir. Artıq bana müsaidə...

D i l ş a d . Yalnız Elmas içinmi gəldin, minimini oğlunu görməyəcəkmisin?

O r x a n. Hiç onsuz olurmu? Buyurun gedəlim.

D i l ş a d . Gerçəkdən pək sevimli çocuq. Bənim də görəcəyim gəldi.

 

Gedərlər. Gün batar, ay ışığı ətrafı sarmağa başlar.

 

D ə m i r q a y a (gəlir; onların uzaqlaşdığım görüncə). Yahu, şu Orxan da hiç yol adamı deyil, sanki Elması hiç görməmiş. (Dışarı çıqıb da təkrar içəri girən Olqayı görür, heyrətlə). O kim? Nə gözəl də geyinmiş. Sanki gürcü knyazıdır, kim bilir, bəlkə Gürcüstandan Teymura yeni misafir gəlmiş. Nəmə lazım, kim olursa-olsun bən qarışmam.

O r x a n (çabuq geri dönər). Dəmirqaya!

D ə m i r q a y a. Buyur.

O r x a n . Burada erkək qiyafətində bir dəliqanlı görmədinmi?

D ə m i r q a y a. Əcayib şey! Dəliqanlı qadın qiyafətində olmaz a!.. Təbii erkək qiyafətində olur.

O r x a n . Nə isə şaşırdım. Gürcü qiyafətli bir şəxs görmədinmi?

D ə m i r q a y a. Əvət, şimdi buradan çıqdı.

O r x a n . Atlar hazırmı?

D ə m i r q a y a. Əlbəttə, hazır.

O r x a n . Haydı sən get, bən də gəliyorum.

D ə m i r q a y a. Pəki (Bir-iki adım yürür, ətrafa). Görünür yenə Elması bəkliyor. (Omuzlarını ataraq). Bəkləsin, nəmə lazım. (Gedər).

O l q a. (çıqar). Orxan! Getmiyəlimmi?

Orxan. Əvət, gedəlim. (Mütərəddid bir düşüncədən sonra, onun əlini yaqalar). Bana baq, Olqa! Sən qal... İstərsən qal...

O l q a. Peşimanmı oldun?

O r x a n. Xayır.

O l q a. Pəki, bu tərəddüd niçin?

O r x a n. Çünki yol pək uzaq, həm də təhlikəsiz deyil...

O l q a. Xayır bən nə yoldan qorquyorum, nə də sənin düşündüyün təhlikələrdən. Artıq qərar verdim, geçdi. Parça-parça doğrasalar da geri dönməm. Dilşad ağaclar arasında görünür.

O r x a n . O halda gedəlim.

O l q a. Ah, əvət, gedəlim. Sür’ətli adımlarla uzaqlaşırlar.

D i l ş a d (məğrur və məmnun). Zavallı Olqa! Kəndi əlinlə kəndini fəlakət uçurumlarına yuvarladın, iştə bənim aradığım da bu idi. (Şiddət və həyəcan ilə). Əvət get, get də, dəf’ ol! Fəqət heyhat, çoq sürməz ki, tatlı arzuların gözündə qalır. Qoca Teymurun dəmir pəncəsi köksünü didər, hiylə və xəyanətlə çarpan qəlbini Türküstan qartallarına yedirir.

 

Pərdə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar[i] gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarını yerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.

 

N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!

C ü c ə (qaçar, bir guşədə istehzalı qəhqəhələrlə hoplayaraq). Əfv edərsin, Nazim ağa! Bən Cücə, sən qara qurbağa...

N a z i m (daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkərək, qızğın bir tevr ilə). Allah, allah! Sən artıq hədyan ediyorsun.

C ü c ə. Rica edərim ağzını bozma! Qarşındakı Cücə deyil, bəlkə cihangir bir xaqandır.

N a z i m. İstər xaqan ol, istər şeytan. Ancaq həddini aşma, anladınmı?

C ü c ə (sırıtaraq). Bağışla, Nazim ağa, azcıq sapıtdım.

N a z i m. Allah, allah! Bir boyuna baq da, utan, adəta mətbəx davşanlarına bənziyorsun.

C ü c ə. Əfəndimiz həzrətləri də tam mə’nasilə kəlisa mərdivəni... Qamətinə qurban olayım, bir az da uzansan Allahdan xəbər gətirəcəksin.

N a z i m. Allah, allah! Sən nə zəvzək hərifsin, hiç Məhəmməd ümməti də kəlisa mərdivəninə bənzətilirmi?

C ü c ə. Bağışla, bilmədim. Sən müsəlman bir ərəbsin, minarəyə daha çoq bənzərsin; çünki başının boşluğu, boyunun yucalığı, qəlbinin əyriliyi minarədən seçilməz.

N a z i m. Allah, allah! Sən kafir oldun, dinə sataşdın.

C ü c ə (eyni ahənglə). Vallah-billah, ey ərəb qardaş, sən də pək şaşdın.

N a z i m. Vay, sərsəm hərif, vay, dur bir səni yaqalayım. (Yaqalamaq istər).

C ü c ə (qaçıb bir tərəfdə durur, qəhqəhəylə). O sənin işin deyil, çünki səni yaratırkən Tanrı əqlini boyunun üstünə qoymuş. Əvət, sən əqli topuğunda bir qazsın, qaz...

N a z i m. Sən nəsin, sən? Çoq bildiyindən yastılaşıb qalmış bir tilkiyə bənziyorsun.

C ü c ə (sırıtaraq). Bağışla, daha səninlə alay etməm. Ver əlini, barışalım. (Yaqlaşıb əlini uzatır).

N a z i m. İstəməm, rədd ol! (Ətrafa baqır, təlaş ilə). Ah, iştə Sultan əfəndimizlə hərəmi Meliça!..

C ü c ə (baqar, istehzalı gülüşlə). Əvət, Serb kralının həmşirəsilə itaətli qulu Yıldırım Bayazid!

N a z i m (şaşqın və qızğın). Allah, allah! Hiç Sultan əfəndimizə qul denirmi? Halbuki o, yer yüzündə zilli-allah sayılır.

C ü c ə. Əvət, sənin kibi uzunqulaqların bərəkətindən...

 

İstehzalı qəhqəhələrlə çəkilir. Nazim arqasınca heyrətlə baqıb durur. Şu halda Y ı l d ı r ı m l a  M e l i ç a gəlir. Nazim əyilir.

 

M e l i ç a. Aman əfəndim, yenə nə olmuş? Pək rahatsız görünüyorsun?

Y ı l d ı r ı m. Bu gün yemək yeyirkən fəzlə şərab içdim də qafam bir dağ qadar ağırlaşmış...

M e l i ç a. Başdakı şərab ağrısını yenə şərab çıqarır. (Ərəbə). Nazim ağa! Bir az şərab gətir. Hanı ya, Serbistandan bənim adıma göndərilmiş şərablardan olsun.

Y ı l d ı r ı m. Bir də sədri-əzəm paşa gəlmişsə, xəbər ver!

N a z i m. Baş üstünə. (Əyilir çıqar).

Y ı l d ı r ı m. Bən Serbistan şərabını pək sevərim, çünki səni bəsləyən abü hava ona da başqa bir lətafət vermiş.

M e l i ç a. Serbistan bana ana qucağı isə, Yıldırım məmləkəti də mə’şuq ağuşu qadar munis və ruhaşinadır.

Y ı l d ı r ı m. Sevgili Meliça! Sözlərin də vücudun kibi lətif və zərifdir.

N a z i m (gəlir). Sədri-ə’zəm Əli paşa hazır. Əmri-hümayuna müntəzir.

Y ı l d ı r ı m. Söylə, buyursunlar. (Nazim çıqar). Əli paşa gerçəkdən dəyərli bir zat. Həm dindar bir hökumət adamı, həm də bir ailə ə’zası kibi saraya məhrəm və bizimlə həmpiyalə...

M e l i ç a. Əvət, o pək eyi adam. Ona qarşı bir qardaş kibi hörmət bəslərim.

Ə l i p a ş a (gəlir, nəş’əli birp tevr ilə təmənna edərək). Səlam və ərzi-ehtiram!

Y ı l d ı r ı m. Əleykümsəlam! Buyurun, baqalım niçin gecikdiniz?

Ə l i p a ş a. Topal Teymurun dünkü məktubuna cavab yazıyordum.

Y ı l d ı r ı m. Nasıl yazdınız?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info