Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

- Əmi, and olsun allaha, mən bu eşşəyi indi düz beş ildi qarabağlıdan almışam on bir manata.

Bir az vaxtdan eşşəyin başına bəlkə əlli adam cəm oldu. Hər yetişən – ki, Məhəmmədhəsən əminin itən eşşəyini tanıyırdı,- təsdiq elədi ki bu eşşək Məhəmmədhəsən əminin öz eşşəyidir. Məhəmmədhəsən əmi yapışdı eşşək sahibinin yaxasından və çəkə-çəkə çıxardı adamların içindən ki aparsın qlavanın yanına. Qlava haman Kərbelayı İsmayıl idi.

Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə apardı. Bu heyndə Xudayar bəyin başında şikarə papaq, əynində mahut çuxa, ağ tuman və əlində zoğal ağacı döngədən çıxıb və cəmiyyəti görüb yavıqlaşdı adamların içinə. Məhəmmədhəsən əhvalatı nağıl elədi və şikayətini eləyəndən sonra Xudayar bəy adamları aralayıb, gəldi eşşəyin yanına və diqqətlə o tərəf-bu tərəfinə baxıb eşşəyi tanıdı.

- Bəli, bu Məhəmmədhəsən əminin eşşəyidir. – Sonra üzünü eşşəkçiyə tutub soruşdu:

- Ədə, bu eşşəyi sən hardan almısan?

Eşşəkçi Məhəmmədhəsən əmiyə verdiyi cavabı Xudayar bəyə də verdi. Amma gözünə döndüyüm Xudayar bəy dəyənəyi qaldırdı göyə. Nə yemisən, turşulu aş. Eşşəkçiyə bir ağac, iki ağac, üç ağac... Ta o qədər vurdu ki, yazıq kişi düşdü Xudayar bəyin ayaqlarına, başladı yalvarmağa ki, eşşəyi alsın, dəxi onu döyməsin.

Bu cür eşşək tapıldı.

Xudayar bəy Qasıməlini qoşdu eşşəkçinin yanında ki, aparıb onu kəndin kanarından ötürsün qırağa və bərkən-bərk eşşəkçiyə tapşırdı ki, bir də buralara üzü dəyməsin.

Məhəmmədhəsən əmi Xudayar bəyə dua eyləyə-eyləyə eşşəyi sürdü və aparıb qatdı tövləsinə. Amma təəccüblü şey budur ki, indiyə kimi Məhəmmədhəsən əminin oğlu Əhməd görükmür. İndiyə kimi bu qədər qışqırığa bu qədər cəmiyyət yığışıb, nə Əhməd adamların içinə gəldi, nə də Məhəmmədhəsən əminin övrəti başını qapıdan eşiyə uzatdı ki, görsün bu nə mərəkədi.

Əhməd də ölübdü, Məhəmmədhəsən əminin övrəti də ölübdü. Əhmədi bildir boğaz ağrısı tutub öldü. Anası onun iki ay qüssəsini eyləyib, axırı bir dərdə mübtəla oldu və ömrünü bağışladı Məhəmmədhəsən əmiyə. Amma Məhəmmədhəsən əmi indiyədək and içir ki, Əhmədi də, övrətini də eşşəyin dərdi öldürdü.

Qərəz, eşşək tapıldı.

Eşşəyi Məhəmmədhəsən əmiyə tapşırıb, Xudayar bəy adamların içindən çıxdı və gəldiyi dar küçə ilə gedib, bir yekə darvazadan girdi böyük həyətə. həyətin sol tərəfində Vəliqulu əynində cındır qədək arxalıq və başında köhnə boz papaq, kürəklə peyin sərirdi. Xudayar bəy Vəliqulunun yanından düz keçdi və sağ səmtə səkinin yanında durub çığırdı:

- Ay qız, Ziba, o lüleyini bir gətir mənə.

Ev qapısı açıldı. Yeddi-səkkiz yaşında bir göyçək qız uşağı əlində lüleyin eşiyə çıxıb, gətirdi lüleyini Xudayar bəyin yanına qoyub, titrəyə-titrəyə qayıtdı evə. Xudayar bəy başladı dəstəmazı.

Bu qızı biz tanıyırıq. Bu qız Zeynəbin qızı Zibadır. Zibanın üst-başına baxan kimi görsənirdi ki, bu qız yetim qızdı. Əvvəla budur ki, paltarlarının hamısının köhnəliyindən başqa, özgə əynindən çıxma paltara oxşayırdı. Solmuş qırmızı çitdən dizlik Zibanın ayaqlarının üstünə düşmüşdü. Amma özününkü olsa idi gərək gödək olaydı. Köhnə qara laskirddən arxalıq gen və uzun olmaq cəhətə həmçinin özgə arxalığa oxşayırdı. Başında var idi köhnə qara çarğat, ayaqlarında yekə kişi başmağı.

Xudayar bəy dəstəmazı alıb girdi içəri.

Xudayar bəy girən bir xırda ağ otaqdı. Yuxarı başda kürsü qoyulubdu. Kürsünün üstə salınıb rəğbətli yekə yorğan, yorğan üstündən rəğbətli cecim. Otağın işıq gələn yeri iki xırda akuşkadır. Akuşkalar təzə akuşkaya oxşayırlar. Qalan üç divarın hərəsində iki taxça; taxçalarda düzülüb mücrü, mis və çini qab, boğça. Bir taxçada var bir qəlyan. Sol səmtdən divara iki-üç mis məcməyi dayanıbdı. Fərşə salınıb üç-dörd tikə palaz və kobud kənd xəlçəsi. Kürsünün üstə nimçə və üstə qoyulub samavar. Samavar təzə dəmə qoyulubdu. Xulaseyi-kəlam, bu ev kəndə görə çox səliqəli evdir.

Xudayar bəy otağa girəndə yuxarı başda kürsüyə bir cavan övrət oturmuşdu. Bu övrətin olar on dörd, on beş sinni, artıq olmaz. Bu övrətin göyçəkliyi və çirkinliyi barəsində heç bir söz demək olmaz. Səbəbi odur ki, bu övrət indiki halətdə üzünə o qədər ənlik, kirşan, rasıx və gözlərinə o qədər sürmə çəkib ki, əsl surəti bəzəklərin içində lap gizlənibdi. Qərəz, bu cavan övrət özünə kəndə layiq bəzək veribdi.

Xudayar bəy keçdi oturdu kürsünün yuxarı başından. Cavan övrət kürsünün üstə qabağına iki stəkan qoyub, məşğul idi onları yuyub dəstmallamağa.

Qapıdan girən yerdə, sağ tərəfdə durmuşdu Ziba qucağında uşaq yorğançasına bükülmüş qız uşağı. Uşaq ağlayırdı. Ziba onu ovutmaqdan ötrü atılıb düşürdü və öz-özünə mıqqıldaya-mıqqıldaya uşağın ağlamağının dəmini tuturdu.

Cavan övrət bir stəkan çay töküb, qoydu Xudayar bəyin qabağına, bir stəkan töküb qoydu öz qabağına; sonra Zibanı çağırıb uşağı aldı və saldı döşünə. Uşaq ovundu. Ziba çəkildi durdu kənarda və divara dayanıb, əllərini saldı yanına.

Xudayar bəy stəkanı çəkdi qabağına və dalını genə yükə təkyə eyləyib, üzünü tutdu Zibaya.

- Qız, anan genə ağlıyır?

- Anam elə ha ağlıyır. Ağlamaqdan gözləri lap tutulubdu.

Xudayar bəy ucadan xa...xa...xa... çəkib genə dedi:

- Xa...xa...xa... Niyə ağlıyır? Əri Kərbəlayı Heydər yadına düşüb?

Qız cavab verdi:

- Yox, dadaşımdan ötrü ağlamır, səndən ötrü ağlıyır.

- Xa...xa...xa... Məni yəni o qədər istiyir?

- Yox istəməkdən ötrü ağlamır. Deyir məni boşasın.

Qız bu sözü deyən kimi guya ki, Xudayar bəyi bir ilan sancdı. Xudayar bəy cəld ayağa durub, hücum çəkdi Zibanın üstə. Qız övdən çıxıb qaçan vaxtda ayağı ilişdi astanaya, üzü üstə dəydi yerə. Xudayar bəy yetişdi. Zibanın başına-gözünə bir-iki yumruq vurub, baxdı gördü ki, qızın burnundan qan gəlir. Həyətdən Vəliqulunu çağırdı ki, bacısını götürüb aparsın evlərinə və özü də töyşüyə-töyşüyə, rəng-ruhu qaçmış gəldi oturdu yerinə.

Cavan övrət oturduğu yerdə oturub, dinməz-söyləməz vaqeəyə tamaşa eləyirdi. Vəliqulu yapışdı Zibanın əlindən və hər ikisi üz qoydular evlərinə səmt.

 Xudayar bəy bu sözdən ötrü hal-təbdən çıxdı; Xudayar bəy həmin dəqiqə hal-təbdən çıxdı ki, Ziba dedi:

- Anam deyir məni boşasın.

Lazımdır əhvalatı təfsilən nağıl eləmək

                                    

*        *        *

 

Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. Zeynəbi incitməklikdə onun tək bircə məramı var idi, Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin[37] var-yoxuna, puluna və mülkünə sahib olub, Zeynəbi çölə ötürmək idi. Zeynəb özü bunu çoxdan başa düşmüşdü. Amma nə qədər Xudayar bəy onu bu xüsusda incidib dara qısnayırdı, döyürdü, söyürdü, amma Zeynəb hər bir əziyyətə tablaşıb, Xudayar bəyin təkliflərinə əbədən razı olmurdu.

Axırı iş p yerə çatdı ki, Xudayar bəy Zeynəbi soyundurdu və bir qaranlıq dama qatıb onu ac və susuz saxladı ki, bəlkə yumşala. Amma daşı da bu tövr sıxsan yumşalar. Zeynəb axırı yumşaldı. Xudayar bəyin nə qədər ki, arzusu var idi, hamısı bəravürdə oldu[38].

Amma Zeynəb də bu əmrə bir şərtlə razı oldu. Şərt bu oldu ki, Xudayar bəy pullara sahib olan kimi, Zeynəbi boşasın. Xudayar bəy razı oldu. Zeynəb dəxi arxayın olmaqdan ötrü Xudayar bəyi qurana and verdi. Xudayar bəy əlini qurana basıb and içdi.

O pullar ki, Zeynəbin ixtiyarında idi, bəzisini Zeynəb yerə quyuluyub gizlətmişdi, bəzisi özgədə idi. Bunların hamısı yetişdi Xudayar bəyin təhvilinə. Və dundan əlavə Xudayar bəyə genə çox zad yetişdi: qızıl, gümüş, paltar, fərş, mis qab-qaşıq və bu cür şeylər.

Xülaseyi-kəlam, Zeynəb mürurnan əri Kərbəlayı Heydərin evini daşıyıb, tökdü Xudayar bəyin evinə. Vəliqulunun bu barədə heç bir sözü yox idi. Vəliqulu deyirdi ki, hər nə olur-olsun ancaq onun yarı səlamət olsun. Vəliqulu nəinki bu işlərə mane olmurdu, bəlkə hələ Xudayar bəyə köməklik verirdi.

Xudayar bəy Zeynəbin, səğirlərin və Vəliqulunun dövlətinə malik olan kimi, Zeynəb axırı arzusuna yetişdi; yəni Xudayar bəyin evindən yığışıb gəldi öz evinə.

Hərçənd indi Zeynəbin evində iki həsirdən başqa bir şeyi yox idi; amma Zeynəb elə bildi onu məlaikələr cəhənnəmdən çıxardıb behiştə daxil elədilər.

Zeynəb Xudayar bəydən ayrılan kimi xalq elə bildi ki, Zeynəbi Xudayar bəy boşayıbdır. Nəinki xalq, bəlkə Zeynəb özü də, Vəliqulu da, qərəz, hamı Zeynəbi boşanmış bilirdi. Amma Zeynəbi Xudayar bəy boşamamışdı və əbədən boşamazdı. Səbəbini indi üç-dörd sətirdən sonra ərz edərik.

Amma söz burasındadır ki, indi Zeynəbin işi dəxi pis yerə gəlib çatdı. Bahar açılan kimi Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyi. Əkilmiş zəmiləri özü öz malı kimi biçirdi, döyürdü və mədaxili öz babasından qalan malı kimi götürüb tökürdü evinə. Zeynəb qaldı ac-çılpaq və sahibsiz. Bu övqat Fizzə qızı öldü. Zeynəbin dərdi dəxi də artdı. Kim bilsin, bəlkə yazıq qız acından öldü?! Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi. Vəliqulunu özünə cütçü, Zibanı qarabaş tutdu ki, Zeynəbin işi bir az yüngülləşsin. Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət[39] təyin elədi ki, Zeynəb acından ölməsin.

Xudayar bəy iki səbəbdən ötrü Zeynəbi boşamadı və boşamazdı. Xeyr, boşamazdı. Xudayar bəy çox ağıllıdı. Əvvəla ondan ötrü boşamazdı ki, hələ Zeynəbin vaxtı lap keçməmişdi ki, Xudayar bəy ondan əl üzə idi. Əgər Zeynəbin Xudayar bəyə bir tikə məhəbbəti olaydı, Xudayar bəy onu evindən kənar eləməzdi. Gərək insafnan danışmaq, Zeynəbin kənar olmaqlığına Zeynəb özü bais oldu. Ondan ötrü ki, Xudayar bəyin evinə gələndən, Zeynəbin üzü əsla, qətiyyən gülmədi. İkincisi o səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu şərir adamların birisi Zeynəbi ala və başlaya Xudayar bəydən səğirlərin mal-mülkünü iddia eləyə. Bu ikinci səbəbə görə boşamaq ortalığa gələndə Xudayar bəy az qalırdı dəli-divanə olsun. Hər kəs onun yanında boşamaq söhbəti salsaydı, gərək doyunca kötək yeyəydi.

Pəs Zibanı Xudayar bəy bu səbəb qovladı və döyüb burnunu qanatdı.

Zeynəb Xudayar bəyin evindən gedəndən iki ay sonra övrəti öldü və Xudayar bəyə evlənmək lap vacib oldu. Xudayar bəy çoxdan Qasıməlinin bacısını gözaltı eləmişdi. Müxtəsər, Qasıməli bu şərtlə razı oldu ki, Xudayar bəy də öz qızını versin Qasıməliyə. Xudayar bəy xoşhallıqnan razı oldu.

Əvvəl Vəliqulu çox atılıb düşdü, ağladı sızladı, bir az qüssə elədi. Amma Xudayar bəyin qorxusundan əhvalını əsla büruzə vermədi. Bir az keçdi, hər bir şey yaddan çıxdı. Sonra Vəliqulu özü də başa düşdü ki, ona hələ hamısından vacib çörək qazanmaqdır.

Pəs indi kürsünün başında oturan ənnikli-kirşanlı cavan övrət Qasıməlinin bacısı və Xudayar bəyin təzə övrətidir. İndi üç aydır bu övrətdən Xudayar bəyin bir qızı olubdu. Adını qoyublar Xoşqədəm. Haman qız Zibanın qucağında ağlayan uşaqdı.

Vəliqulu və Ziba ağlaya-ağlaya gəldilər evlərinə. Zeynəb haman biz gördüyümüz evdə - ki, indi heç bir şey qalmayıbdı, - köhnə palaz üstə oturub dizlərini qucaqlayıb, gözlərini dikmişdi səqfə; guya ki, pərdiləri sayır. Zeynəbin libası lap halına müvafiq gəlirdi; yəni lap mündər[40] idi. Sifəti də biz gördüyümüz sifət deyil. Bu dörd ilin ərzində lap qocalıbdır.

Ziba ağlaya-ağlaya girdi içəri. Vəliqulu onun dalınca. Zeynəb cəld və hövlnak durub qaçdı qızının qabağına və əhvalatı soruşdu. Vəliqulu nağıl elədi. Ziba ağlaya-ağlaya girdi anasının qucağına. Ev qaranlıq olmaq cəhətə Zibanın burnunun qanı seçilmirdi. Vəliqulunun ancaq indi yadına düşdü ki, Ziba anasının üst-başını qana batıracaq; üzünü tutdu Zeynəbə:

- Ana, Zibanın burnu qanıyıbdı, qoyma sürtsün üstünə.

Zeynəb Zibanı qucaqlayanda gördü ki, qızının üst-başı yaşdı. Amma elə xəyal elədi ki, göz yaşıdır. Vəliqulu bir də xəbərdarlıq elədi:

- Ana, axı Ziba səni buladı qana.

Zeynəb cavab vermədi. Vəliqulu çıxdı eşiyə. Çünki axşama az qalırdı gərək gedib malları suvara idi; yubansa Xudayar bəy mərəkə qalxızar.

Ziba anasının qucağında bir az ağlayıb yuxuladı.

 

 

  



[1] Yolu düşdü

[2] Qardaşoğlu

[3] Şərəli adına

[4] Oğlan

[5] Qardaşım

[6] Vaxtlar, zaman

[7] Dindar müsəlmanların ziyarətə getdikləri şəhərlər.

[8] Ziyarətə gedən.

[9] Uzaq, burada; ağla batmayan

[10] Tez, cəld, əlüstü

[11] Saxsı ləyən, paltar yumaq üçün təknə.

[12]Xalı və xalçalar.

[13] Yaşlı.

[14] O üzə, o tərəfə.

[15] Girov.

[16] Qabaq, əvvəl

[17] Arazın o tayı nəzərdə tutulur.

[18] Dəyişiklik.

[19] Böyük, yastı daş layı.

[20] Nazik çubuq.

[21] “İzzət” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür.

[22] Acıqla küskün.

[23] Tapşıralar.

[24] “Danabaş qlavasının hüzuruna. “H” uyezdi qazısından. Danabaş kəndinin əhli Xudayar bəy Nəcəfqulubəy oğlu “N” qəzavat xanasına şikayət etmişdir ki, mənim kəbinli arvadım Zeynəb Kərbəlayi Zeynal qızı səfər ayının 16-da mənim evimdən çıxmış və mənə tabe olmur; şikayətçinin şikayətinə əsasən sizdən təvəqqə edirəm ki, adı yuxarıda zikr olunan şəxsin arvadını onun ixtiyarına verəsiniz ki, bundan sonra ərinin evində otursun və onun sözündən çıxmasın.

“N” uyezdinin qazısı Hacı Molla Səfər Salib Sultanzadə”.

[25] Fələkin zülm oxunu dəf etmək üçün allahın iradəsindən yaxşı qalxan (vasitə) yoxdur.

[26] Culfa.

[27] Məhəllə mollası.

[28] Əmrlərinə.

[29] Maneən.

[30] Nigah şərtlərini.

[31] Bilmirsən.

[32] Evlənmək şərtlərini.

[33] Sözün açığı; sözün düzü.

[34] Son.

[35] Əgər.

[36] Gözdən keçirib, yoxlayıb.

[37]Uşaqların; burada: yetimlərin.

[38] Yerinə yetdi.

[39] Haqq.

[40] Cın-cındır, köhnə.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info