Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Vəliqulunun bu əhvalatdan heç xəbəri yox idi, çünki o günü Vəliqulu çöldə idi, zəmiyə toxum səpirdi. Çöldən evə qayıdıb və malları tövləyə qatıb girdi evə və anasını dilxor görüb, təəccüblə səbəbini soruşdu.

Zeynəb bucaqda diz üstə oturub, əlində corab toxuyurdu. Zahirən çox qəmgin görsənirdi. Zeynəbin sol səmtində Fəzzə qızı yanını verib yerə, diqqət ilə baxırdı anasının üzünə. Kənarda quru yerdə Ziba qızı öz-özünə bir zad oynayırdı. Vəliqulu içəri girən kimi Zeynəb bir baxdı oğlunun üzünə, genə başını saldı aşağı və sağ əli ilə çarğatını gözlərinin üstə aparan kimi Vəliqulu başa düşdü ki, anası ağlayır.

Vəliqulu gəlib oturdu bir səmtdən və qıçlarını uzadıb, yorğun adam kimi dayandı divara.

- Ana, nə qayırırsan, ağlayırsan?

Zeynəb başını qaldırdı oğluna səmt. Gözlərinin yaşı sübhün şehi kimi kipriklərini islatmışdı.

- Xeyr, bala, ağlamıram. Niyə ağlayıram?

Görükən bu idi ki, Zeynəb ciddi-cəhd eləyirdi ağlamağını büruzə verməsin ki, oğlunun ürəyi sıxılsın. Amma səsindən əlüstü duymaq olardı ki, Zeynəb çox ağlayıbdı

Fizzə dikəlib oturdu və üzünü tutub qardaşına və doluxsunub dedi:

- Dadaş, vallah, anam yalan deyir. Anam bayaqdandı elə ağlıyır. Elə biz hamımız ağlıyırıq. Bayaq...

Qızın görükür ki, genə sözü var idi desin, amma anası qoymadı.

- Yaxşı, yaxşı, bildilər ta. Yalan danışma. Yox, vallah, Vəliqulu, bir zad yoxdu. Elə tək qaldım, bir az ürəyim sıxıldı, ağlamağım tutdu; yoxsa bir şey yoxdu.

- Ana, mən deyirəm sənin yasın qiyamətə kimi qurtarmıyacaq. Rəhmətliyin qızı, bu qədər də ağlamaq olar sən ağlıyırsan? Bir bax gör dadaşım neçə ildi ölübdü.

- Dadaş, bir arvad gəldi, dedi əmin Gülsümü vermir sənə, onunçün ağladı.

Zeynəb bərk acıqlandı Fizzənin üstünə:

- Dur itil cəhənnəmə, Ayişə! Dur, dur get!

Fizzə ayaq üstə durub, genə oturdu yerə.

Vəliqulu çox təəccüb ilə üzünü tutdu anasına:

- Ana, vallah sənin sözün var, amma bilmirəm nə səbəbə demirsən. Bu nə sözdü ki, Fizzə deyir? Bura gələn arvad kim idi?

- Bura gələn arvad Səkinə xala idi; Xudayar bəy göndərmişdi. Deyir ki, Xudayar bəy deyir, əvvəla, qızımı vermirəm Vəliquluya və bir də guya Kərbəlayı Heydərin mənə iki yüz manat borcu var, versinlər ki, şikayət-zad olmasın.

On dəqiqə ana və oğul hər ikisi sakit oldular. Fizzə də irəliki yerində yanını yerə verib, təəccüb ilə baxırdı gah anasının və gah qardaşının üzünə. Ziba bucaqda bir zad oynadıb öz-özünə oxuyurdu. Vəliquluya Zibanın oxumağı çox naxoş gəldi; çünki elə onsuz da onun qaş-qabağı acıqlı görsənirdi. Ancaq bəhanə axtarırdı hirsini büruzə versin. Vəliqulu Zibanın üstə bu tövr acıqlandı.

- İtin qızı it, sən də vaxt tapdın oxumağa! Bizim kefimizə bax, bunun kefinə bax. Cəhənnəm ol qoy get eşiyə!

Ziba qardaşının səsini eşitcək dik qalxdı ayaq üstə və anasına səmt baxıb, hər iki əlini üzünə aparıb, başladı ağlamağı. Bu ağlamaqlığı ilə guya Ziba anasından kömək istəyirdi. Qız yəqin bilirmiş ki,anası köməyə gələcək.

- Bala, ağlama-ağlama, gəl yanıma, gəl. Bizim çırağımız o vədə keçdi ki, atanız öldü. Gəl, gəl, gəl otu yanımda...

Vəliqulu bir söx danışmayıb, başını salmışdı aşağı və əlində bir çöp oynadırdı. Fizzə bacısı Ziba kimi əllərini gözlərinin üstə qoyub, həmçinin ağlamağa başladı. Vəliqulu üzünü anasına çöndərib sual elədi:

- Ana, bəs sən Səkinə xalaya nə cavab verdin?

Anası bir cavab vermədi... Uşaqlar səslərini kəsib, yavıqlaşdılar analarının yanına. Ziba keçib otdu anasının qucağında. Fizzə də sağ tərəfdən anasını qucaqlayıb, təəccüblə baxırdı qardaşının üzünə. Zeynəb bir cavab vermədi; amma Vəliqulu dəxi bir səs ilə dübarə soruşdu:

- Axı mən səndən söz xəbər alıram. Qulaqların kardı, eşitmirsən?

- Nə deyəcəkdim?! Dedim ki, Kərbəlayı Heydərin əgər ona borcu var, qoy kağızını qoysun divana.

Zeynəb sakit oldu və Vəliqulu dübarə sual elədi:

- Elə bircə bu?

- Bə dəxi nə olacaq ki?

- İndi sən bilmirsən mən səndən nə soruşuram, ana?

- Bala, sən soruşdun, mən də cavab verdim. Ta dəxi məndən nə istəyirsən?

- Bə Gülsümdən yana nə cavab verdin?

- Mən nə cavab verəcəkdim?! Gülsümün mən vəkili deyiləm ki! Ata verməyəndən sonra dəxi mən nə deyəcəyəm? Dedim ki, əgər o qızını mənim oğluma vermək istəmir, mən də heç almıram. Daha nə deyəcəkdim?

Vəliqulu zahirən artıq qeyzləndi və bu cür anasına dedi:

- Yaxşı, bə sən bilirsən ki, Gülsümə vəkillik eliyə bilməzsən, pəs mənə necə vəkillik edirsən?

Zeynəb təəccüb ilə cavab verdi:

- Axı sən mənim oğlumsan. Gülsüm ki, mənim qızım deyil.

- Yaxşı deyirsən, ana. Amma oğul qədri bilən anıya, gəlin qızdan irəlidir. Sən bu sözləri nahaq yerə deyirsən.

Vəliqulu sözü belə gətirdi ki, Zeynəb cavab tapmadı desin. Büdarə Vəliqulu başladı:

- İndi ki, belədir, mən gərək ayrılam. Mən görürəm ki, səninlə yola gedə bilmiyəcəyəm. Allah atana rəhmət eləsin. Məni elə ayır. Qoyun gedim özgə yanda olum.

Zeynəb ağlaya-ağlaya üzünü tutdu Vəliquluya:

- Bala, Vəliqulu, yadındadı ki, atan öləndə sən mənə təsginlik verirdin ki, ana, ağlama, mən bir dəqiqə qoymaram sənin ürəyin sıxılsın? Pəs niyə sözünün üstə durmursan?

- Axı bir sən mənim ürəyimi sıxma ki, mən də sənin ürəyini sıxmıyım.

- Bala, qadan alım, mən niyə sənin ürəyini sıxıram? Xudayar bəy Gülsümü vermir, mən belə sənə Gülsümdən yaxşı qız alaram. Dəxi ürəyini niyə sıxırsan?

- Vallah, ana, mən onu-bunu bilmirəm; gərək kişinin pulunu verəsən, elə bu saat aparım verim. Kişinin sözü haqdır. Mənim yadımdadır atamın ondan borc eləməkliyi.

- Bala, çox da yadındadır. İndi mənim hanı iki yüz manatım ki, aparasan Xudayar bəyə?

Vəliqulu qeznən və çığıra-çığıra və sağ əlini ölçə-ölçə deyir:

- Yox, olmaz, gərək verəsən! Bu saat gərək verəsən!..

Vəliqulu sözünü deyib cavabını gözətdəmədi və ayağa durub, zoğal ağacını əlinə götürüb, qapıları çırpdı bir-birinə və çıxdı getdi.

Fizzə və Ziba səs-səsə verib, hər ikisi ağlamaqda idi; çünki heç olmaz ki, ana ağlasın, balaca balalar ağlamasınlar. Zeynəb də, söz yox ağlayırdı; nəinki məhz oğluynan sözə gəlmək üstə; xeyr, ancaq keçən günləri, gözəl günləri, xoş günləri yadına düşmüşdü. Vaqeən Kərbəlayı Heydər bir dəfə onun üstünə bu tövr qabarmamışdı. Əgər qabarmışdı da, döyüb söymüşdü də, yerində döyüb söymüşdü.

Zeynəbi işi çox çətin yerə gəldi dayandı. Ev qaranlıq, uşaqlar ac, bir tikə aşdan-zaddan bişirib, qaldı ocaqda soyudu. Mallar qaldı ac, susuz. Vəliqulu da ki, çıxdı qoydu getdi. Kim nə bilsin nə vaxt gələcək çörəyə?!

İnsafən Zeynəbin işi çox çətin yerə dayandı; çünki görürdü bu iş asanlıqnan qurtarmayacaq. Xudayar katda ordan o cür sifariş edib, Vəliqulu da bu tərəfdən başlayıb şıltağı və dava-mərəkəni. Zeynəb də haradan iki yüz manatı düzəlbib verəcək? Yəni, söz yox, istəsə verər. Hərçən indi bu saat onun o qədər nəqd pulu yoxdu amma, söz yox, istəsə mürurnan düzəldər. Allah Kərbəlayı Heydərə rəhmət eləsin, azdan-çoxdan qoyubdur. Amma söz burasındadır ki, Zeynəbin ətini kəsəsən, iki yüz qəpik də verməz Xudayr bəyə; çünki o çox yaxşı tanıyır Xudayar bəyi. Xeyr, verməz. Bir qəpik də verməz ki, gözünün oyuna qoysun

Zeynəb qaranlıq da oyurub, bu tövr fikrə cummuşdu. Qızları da ağlamaqdan bir az sakit olub, üzlərini qoymuşdular analarının dizinin üstə. Düz iki saat ana və balalar bu halətdə oturmuşdular. Axırı qapı açıldı. Zeynəb elə bildi Vəliquludu. Bir az ürəyi açıldı.

Ax ana, nə gözəl zadsan!

Görükür ki, qızlar da bu cür güman elədilər; çünki hər ikisi başlarını qalxızıb, baxdılar qapıya səmt. Amma evə girən şəxsin papağı Vəliqulunun papağından yekə görsənirdi. Zeynəb başa düşdü ki, bu oğlu deyil. Odur ki, bir az vahimə ilə xəbər aldı:

- Gələn, kimsən?

Evə girən şəxs qlavanın yasovulu Qasıməli idi. Qasıməli özünü nişan verməmiş təəccüblü soruşdu:

- Bu nədi, ev niyə belə qaranlıqdı? Yəqin ki, spiçkəniz yoxdu?

Zeynəb dübarə soruşdu:

- Dadaş, evin qaranlıq olmağında sənin nə işin var? Sözünü de, çıx get!

Qasıməli belə cavab verdi:

- Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub qatdı dama. Məni göndərdi sənə xəbər verim ki, sən Xudayar bəyi razı eləmiyincə oğlunu damdan çıxarmıyacaq. Vəssəlam.

Qasıməli hələ aözlərini deyib qurtarmamışdı, Fizzə ilə Ziba ağlamağa başladılar. Yasovul sözünü tamam eləyib və iki dəqiqə də dayanıb çıxıb getdi.

İndi pəs Zeynəb başına nə kül ələsin? İndi pəs Zeynəb başına haranın daşını salsın? Yazıq övrət gecəni səhərə kimi ağlamaqlıq ilə keçiribdi.

Səhər Səkinə xala xəbər verdi ki, Xudayar katda getdi şəhərə nəçərnikə də alacağından yana şikayət eləsin. Bu əhvalat haman gün olub ki, Xudayar bəy sübh tezdən gəlib, Məhəmmədhəsən əminin eşşəyini alıb apardı şəhərə.

                                                         

V

İndi, söz yox, kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Amma xeyr, burada əsla və qəta məzəmmət yeri yoxdu. Əgər duraq insafnan danışaq, haqqı itirməyək, gərək heç Xudayar bəyi günahkar tutmayaq.

Doğrudur, bu qiylü-qalın hamısına bais Xudayar bəydi; amma Xudayar bəyin qəsdi o deyil ki, xalqın evinə mərəkə salsın. Xudayar bəyin tək bircə qəsdi var. Onun qəsdi məhz Zeynəbi almaqdı; yoxsa bu kişi nə Zibanın və Fizzənin ağlamağına razıdır, nə də Zeynəbin ürəyinin sıxılmağını istəyir. Xudayar bəy Məhəmmədhəsən əminin eşşəyini qəsdnən satmadı ki, Məhəmmədhəsən əmi Kərbəla ziyarətindən qalsın. Xeyr, allah eləməsin. Xudayar bəyin Məhəmmədhəsən əmiynən düşmənçiliyi yoxdur ki! Xeyr, belə deyil. Xudayar bəy eşşəyi o səbəbə satdı ki, ona beş-altı manat pul lazım idi. Pul da ondan ötrü lazım idi ki, bir kəllə qənd və bir girvənkə çay alacaq idi. Qəndi və çayı da ondan ötəri alırdı ki, qazıya verəcək idi.

Pəs bunların hamısından belə məlum olur ki, Xudayar bəyin məhz bircə qəsdi var. Onun qəsdi ancaq evlənməkdir; yəni Zeynəbi almaqdır. Belə olan surətdə Xudayar bəyin bu tövr hərəkətinə heç vədə pis demək olmaz; çünki burada bir xilaf əməl yoxdu. Şəriət evlənməkliyə heç mane olmuyubdu.

Xudayar bəyə də evlənmək çox vacibdir. Əvvəla ondan ötrü vacibdir ki, evlənməklik səvab işlərin birisidir. İkinci ondan ötrü vacibdir ki, Xudayar bəyin övrəti belə çirkindir ki, heç kəs rəğbət eləməz onun əlindən su alıb içsin. Xudayar bəyin övrəti Zeynəbin əlinə su tökməyə yaramaz. Üçüncü Xudayar bəyə ondan ötrü evlənmək və məhz Zeynəbi almaq vacibdir ki, Xudayar bəy özü kasıbdır, nə qədər desən kasıbdır. Amma Zeynəbi alsa, daraşıb yetim-yesirin malını yeyib çıxacaq başa. Pəs bu cür mənfəətli sövdədən hansı axmaq qaçar?

Bəli, belədi.

Hələ siz Xudayar bəyi yaxşı tanımırsınız. Xudayar bəy çox ağıllı adamdı.

Xudayar bəy Zeynəbi almaqdan ötrü çox təlaş edir. Bu fikrə düşəndən, bir dəqiqə aramı yoxdu. Bir fənd qalmayıb ki, bu barədə eləməsin. Amma indiyə kimi hər nə eləyib, nə qədər çalışıbsa, heç bir nəticə bağışlamayıbdı. Axırıncı fəndi o oldu ki, qlava Vəliqulunu qatıb dama; bəlkə yazıq övrətin balasına ürəyi yana və razılq xəbərini göndərə.

Haman axşam ki, Vəliqulu anası ilə sözə gəldi, çıxıb üz qoydu qüz qayınatası Xudayar dəygilə.

Vəliqulu girdi içəri və salam verib durdu kənarda və dalını dayadı evin divarına. Vəliqulu oturmadı ondan ötrü (ki), o həmişə bu evə gələndə əlüstü ona ya qayınatası, ya qayınanası yer görsədib, xoş dil deyərdilər, amma indi bunların heç birisi olmadı.

Xudayar bəy namaz üstə idi. Xudayar bəyin iki oğlu- Heydərqulu altı yaşında və Muradqulu doqquz yaşında,- hər ikisi quru yerdə üzüüstə uzanıb və iki əllərini bir-biri üstə qoyub, qıçlarını göyə qalxızıb, bir-birini qıçlarından vururdular. Gülsüm, yəni Vəliqulunun nişanlısı, görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. Xudayar bəyin övrəti uşaqların sol səmtində oturub, üzünü qoymuşdu sağ dizinin üstə.

Vəliqulu içəri girən kimi övrət haman halətdə qalıb, üzünü dizinin üstündən götürmədi. Söz yox, kəmiltifatlığın əvvəlinci nişanəsi. Ancaq Muradqulu başını qaldırıb gülə-gülə dedi: “Buy, əmoğlum gəldi”.

Hərçənd Xudayar bəy namaz üstə idi, amma hər kəs onun sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. Namazı qurtarıb, üzünü tutdu Vəliquluya, amma surətinə təğyir[18] vermədi:

- Vəliqulu, bala, ayaq üstə niyə durursan? Gəlib otursana.

Vəliqulu kənardan çömbəlib, başladı çarıqları çıxarmağı.

Xudayar bəy canamazdan təsbehi götürüb, başladı çövürməyi və üzünü uşaqlarına çöndərib, onları məzəmmət elədi ki, biədəb olmasınlar; yəni durub otursunlar. Amma uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi və bir də Xudayar bəy bikar deyil idi, təsbeh çövürürdü. Bu özü elə bir işdi; ələlxüsus mömin müsəlmanlardan ötrü. Xudayar bəy də bişəkkü şübhə mömin müsəlmandır.

Xudayar bəy bu dəqiqə bu halətdə oturmuşdu diz üstə sağ əlinin kəfəsində, sağ əlində təsbeh, başını salmışdı dala; guya ki, ağzına su alıb, qarqara eləyir, gözünü evin səqfinə dirəyib, deyəsən pərdi sayırdı. Amma, söz yox, pərdi saymırdı, “qülhüvəllah” deyirdi.

Xudayar bəy təsbehin hər dənəsinə bir dəfə “qülhüvəllah” zikr eləyirdi. Beş dəqiqəyədək təsbehi çövürüb və alçaq səs ilə tez-tez bir-birinin dalınca “qülhüvəllah, qülhüvəllah, qülhüvəllah”- deyb axırı təsbehi qoydu yerə və üzünü tutdu Vəliquluya:

- Vəliqulu, bu gün bir az bikefə oxşayırsan?

Vəliqulu bir cavab vermədi. Xudayar bəy genə başladı:

- Neylək, ürəyini sıxma. Dünya işidi, elə də olar, belə də olar. Mən bilirəm niyə bikefsən. Amma neyləmək, allah ananın atasına nəhlət eləsin! O bizim hamımızı dilxor eləyibdi. Ax, ax, Vəliqulu! Allah Kərbəlayı Heydərə rəhmət eləsin! Vəliqulu, atanın qədrin hələ bundan sonra bilərsən. Deyirsən ana gəlib ata əvəzi olacaq? Xeyr, heç vədə olmaz. Anan arvaddı, amma atan kişi idi. Arvadın pirinə nəhlət! Arvadın dini, imanı, məzhəbi olmaz. Arvad nə bilir məzhəb nədir? Qardaş oğlu, mənim çalışmağım hamısı bundan ötrüdü ki, sizi və yetim bacılarını ananızın əlindən bir tövr qurtaram. Belə bilirsən, Vəliqulu, mən doğrudan yaxşılıq itirən adam deyiləm, namərd deyiləm. Kərbəlayı Heydərnən mən qardaş idim. Onun mənim boynumda çox haqqı var... Çox, çox. Niyə, sən özün də gərək biləsən ki, bu yalan deyil. İndi pəs necə ola bilər ki, mən bu yaxşılıqları itirim? Allah mənə qəzəb elər. Yox-yox, allah görsətməsin, allah eləməsin! Mən bir para namərdlərdən deyiləm, yaxamı çəkim kənara, deyim nə olacq olsun. Xeyr, belə olmaz. İndi, əzizim, Vəliqulu, qardaş oğlu, sən özün də görürsən ki, sizin məndən savayı bir özgə böyüyünüz, baş çəkəniniz yoxdu. Pəs belə olan surətdə mən necə durum kənarda baxım ki, anan getsin Xalıqverdi bəyə və gözəl atanın, rəhmətlik atanın o iki gözümün işığı atanın...

Bu söxləri Xudayar bəy bir halda deyirdi ki, deyəsən pəs ürəyi yanırdı. Sol əlilə geyməsinin ətəyini qalxızıb guya ki, gözünün yaşını silir. Amma bir xırdaca huşyar adam olsaydı, əlüstü duyardı ki, Xudayar bəyin gözünə bir tikə yaş gəlməyibdi.

- O rəhmətliyin mal-dövlətini aparıb lotular ilə yesin, çıxsın başa, və yetimlər necə olsun? Bə sən necə olasan? Ax, allah, allah sən yet fəryada! Aman günüdü, allah!

Vəlqulu əllərini cibinə qoyub, başı aşağı Xudayarın sözlərinə qulaq verirdi. Xudayar bəy sözlərini qurtarıb, çubuğunu doldurmağa məşğul oldu. Vəliqulu bir öskürüb başladı:

- Vallah, əmi, and olsun bizi yaradan məxluqa, mən gün olmaz ki, anamnan savaşmıyım. Elə indi bu saat bir yekə dava salıb buraya gəlmişəm.

Xudayar bəy çubuğu alışdırıb və tüstünü püflüyüb dedi:

- Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram! Mən hələ elə güman eliyirəm ki, anannan dilbirsən. Sən sən olsan, heç vədə ona ana deməzsən. Sən sən olsan, nə onun yanına gedərsən, nə onnan bir evdə qalarsan. Niyə, allaha şükür, sənin yerin yoxdu? Dax, bura elə sənin öz evindir. Nə qədər qalacaqsan, qal, ye, iç; ölən günə kimi qal mənim evimdə. Yox, bunlar hamısı sözdü. Vəliqulu, mən sözü əlüstü seçərəm. Sən istəsən, anan əlüstü rəyə gələr. Nə sözdü?

- Axı, əmi, başına dolanım, mən dəxi neyləyim? Elə sən nə deyirsən, mən də eliyim. Dəxi mənim əlimdən nə gələr ki?

- Yəni indi sən sözümə baxırsan da? Çox yaxşı, qal burada, getmə ananın yanına.

- Baş üstə. Getmə deyirsən, getmərəm. Mən nə deyirəm ki?

- Əlbəttə, getmə da! Nə səbəbə gedəsən? O ki, səni oğul yerində qoymur, sən ona ana deyib, qabağında durursan? Getmə, qal burda və xəbər ver ki, mən dəxi o evə üz çöndərmiyəcəyəm. Qurtardı getdi.

- Baş üstə, əmi. Mənim sözüm nədi ki? Mən elə bu saat acıq eliyib, çıxıb gəlmişəm. Gedəcəyəm əgər, dəxi niyə gəlirdim?

Xudayar bəy üzünü tutub Muradquluya dedi:

- Muradqulu, dur bu saat get Məşədi Əhməd dayına deyiləm dədəm deyir bir tez Qasıməlini göndərsin bura, vacib iş var.

Muradqulu ayağa durub getdi qapını açdı çıxsın eşiyə, amma cəld qapını örtüb qayıtdı gəldi öz yerinə və üzünü tutdu dədəsinə:

- Dədə, vallah, mən gedə bilmərəm. Eşik elə qaranlıqdı ki, göz-gözü görmür.

Xudayar bəy bu sözləri eşitcək cəld çubuğu atdı və Muradqulunun yanına sıçrayıb, yapışdı onun iki qulağından və öz boyunca qaldırdı. Bu heyndə bir qəribə iş oldu. Xudayar bəyin övrəti onun üstə tullanıb, iki əli ilə başladı onun saqqalını yolmağa. Muradqulu dədəsinin əlindən qurtulub, qaçdı bacısı oturan künçdə soxuldu Gülsümün dalına. Ər və övrət əlbəyaxa oldular. Muradqulu və Heydərqulunun nərələri, analarının çığırtı səsi, Xudayar bəyin anqırtısı evə bir elə vəlvələ saldılar ki, guya bu saat dünya və aləm dağılacaq.

Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən cansız bir şeydir. Vəliqulu da ancaq bir ayağa durub, heç bilmədi nə eləsin və kimə kömək çıxsın.

Xudayar bəy övrətinin saçlarını sağ əlinə doluyb, evi o yana sürüyürdü, bu yana sürüyürdü. Həmin dəqiqə allah öz qüdrətindən Qasıməlini yetirdi. Qasıməli tez qaçıb, övrəti Xudayar bəyin əlindən alıb, başladı onu, yəni övrəti məzəmmət eləməyi.

- Sənin ki, canın budur, axı düz tərpəş də, bacı. Axı sən niyə ərinin işlərinə qarışırsan ki, başına bu oyun gəlsin? Di get, aldın payını, çağır dayını!..

Övrət başına çırpa-çırpa evdən qaçıb çıxdı eşiyə. Xudayar bəy övrətinin dalınca yaman deyə-deyə çəkildi oturdu öz yerində və üzünü tutdu Qasıməliyə:

- Qasıməli, balam, bu dava sənin üstə olub. Mən Muradquluya dedim səni çağırsın, gəlmədi. Mən də durub onu döyəndə bu mərəkə başladı.

Qasıməli gəlib durdu Xudayar bəyin lap qabağında. Bir əlində zoğal ağacı, bir əlində çörək dürməyi Xudayar bəyin sözünə bu cür cavab verdi:

- Niyə, rəhmətliyin oğlu, əvvəla budur ki, sən axı özün bilirdin ki, mən gələcəyəm. Gündüz sənə demədim gecə gələrəm söhbət elərik? Və bir də ki, görək Muradqulunun vəkili sənsən, ya anasıdır? Uşağı ata döyər də, söyər də. Ananın nə borcudur ataynan övladın işinə qarışsın? Xeyr, sənin arvadın pis dolanır. Mən axı bilirəm onun dərdi nədir (bu sözdə Qasıməli baxdı Vəliqulunun üzünə). Mən bilirəm onun dərdi nədir.

Xudayar bəy indi başa düşdü ki, üzü bir neçə yerdən qanayıb. Arvadının cırnaqları görükür ki, çox iti imiş. Dəstmalnan üzünü silə-silə dedi:

- Qasıməli, yaxşı yerində gəlmisən. Elə bu saat get Vəliqulugilə, anasına de ki, Vəliqulunu qlava tutub qatdı dama. Desə, niyə, ya xeyr, bəlkə soruşmadı, elə belə deyinən ki, Xudayar bəyin şikayətinə görə qlava Vəliqulunu tutub qatdı dama və deyir ki, Xudayar bəyi razı eləməyincə ötürməyəcəyəm.

Qasıməli əlüstü üz qoydu qapıya səmt və gedə-gedə dedi:

- Baş üstə, əlbəttə belədi. Çox yaxşı, bu saat gedim deyim.

Qasıməli çıxıb getdi və Xudayar bəy götürdü çubuğu əlinə və Vəliquluya- ki, indiyə kimi ayaqüstə idi,- izin verdi otursun. Vəliqulu oyurdu və Xudayar bəy çubuğu alışdırıb başladı çəkməyi. Qapı yavaşca açıldı və yazıq övrət dinməz-söyləməz gəlib oturdu kənardan qızının yanında. Xudayar bəy üzünü tutdu övrətinə:

- Necədi, əzizim? Bir də məni təngə gətirərsən? Bir də cızığından çıxarsan?

Övrəti dinmədi. Xudayar bəy sağ əlini qaldırıb başladı:

- And olsun allahın birliyinə, sən birdə mənim işlərimə qarışasan, mənim sözümün qadağında söz danışasan, ta onda özünü ölmüş bil! And olsun allaha, qabıröalarını sındırram! Ayişənin qızı, mənim evlənməyimin sənə də dəxli var?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info