Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Övrət bir cavab vermədi. Xudayar bəy genə başladı:

- Dədən evindən mənə çox dövlətlər gətirmisən, bir az da şaxlan mənim üstümə. Nə deyirsən, sözün nədir? Mən əgər evlənirəm, özüm bilirəm ki, nə səbəbə evlənirəm. Bunu hamı başa düşür ki, mənim fikrim özgədir. Mən ondan ötrü evlənmirəm ki, mənim göylüm arvad xahiş edir. Yox, belə deyil. Bə niyə bu neçə ildə bi cür fikirlərə düşməmişəm? Əgər evlənmək istəsəydim, indiyə kimi evlənmişdim da! Səndən qorxurdum, alaşa, ya sənin qohum-qardaşlarından? Eh, öz dərdimiz özümüzə bəs deyil, sən də gəlib dərdimizi artırırsan, məlun qızı məlun!

Övrət indiyə kimi bir söz deməyib, sakit və samit qulaq asırdı. Belə məlum oldu Xudayar bəyin “məlun qızı” deməkliyi arvada kar elədi, sağ əlini uzadıb barnğmaqlarının ucunu yerə qoyub cavab verdi:

- Belə məlun oğlu özünsən! Belə it oğlu özünsən! Belə köpək oğlu özünsən! Belə qurumsaq oğlu özünsən! Nə səsini atmısan başına? Ağzına it başı almısan? Ağzını təmiz saxla! Vallahi ki, vaqiəni pis görürsən! Evlənirsən evlən, kim sənə deyir evlənmə? Amma məni də boşa! Dəxi mən gəlib sinnimin bu vaxtında günü davası çəkməyəcəyəm! Yox, məni boşa! Mən dəxi heç vaxt səndə oyura bilmərəm!

- Başım üstə, gözüm üstə, sözüm nədir. Ba bu yaxşı sözdü. Elə sabah səni boşaram. Heç ürəyini sıxma. Qoy səhər açılsın, səni boşuyum. Baş üstə, baş üstə.

Xudayar bəy sözünü deyib qurtardı, amma övrəti bir cavab vermədi; nə dedi boşa, nə də dedi boşama. Övrətin bu cür sakit olmağından elə başa düşmək olardı ki, özü dediyinə peşman oldu. Həqiqətdə övrət artıq peşman oldu. Xudayar bəyə boşa sözü deməkdə; çünki indiyə kimi, yəni Xudayar bəy evlənmək fikrinə düşəndən bəlkə yüz dəfə övrəti ona deyib məni boşa. Amma indiyədək Xudayar bəy övrətinə heç belə cavab verməmişdi. Həmişə boşanmaq sözü ortalığa gələndə Xudayar bəy övrətinə hər nə eləsəydi,- ya döyəydi, ya söyəydi,- heç vaxt deməzdi ki, boşaram. Ancaq bunu deyərdi ki, “ölsən də boşamaram səni. Boşuyum, pəs uşaqların necə olsun?” Pəs indi ki, Xudayar bəy bu cür cavab verdi, övrətin qəlbinə belə gəldi ki, “ey dili-qafil, bəlkə də elə doğrudan sabah bu kişi məni boşadı. Onda pəs mən başıma nə gün ağlıyım?”.

Xudayar bəyin övrəti elə xoşbəxt övrətlərdən deyil ki, ərlərinə cürət ilə desinlər “məni boşa”. Bu sözü elə övrət ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına arxalana, ya qardaşlarını nəzərdə tuta, ya ki, öz dövləti və puluna qürrələnə. Xudayar bəyin övrəti bu nemətlərin hamısından binəsibdi.

Xudayar dəyin övrətinin adı Şərəfdir. Şərəf ortabab, qara və arıq övrətdi; yəni göyçək övrət deyil. Yaşı olar qırx, bəlkə də bir az artıq; bəlkə ki, sinndə Xudayar bəydən böyükdü. Şərəf Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bətin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzgar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayar bəyin ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda; yəni hörməti artdı və övrətinə nisbət oldu ağa, övrəti oldu qarabaş. Amma bunilə belə Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. Elə olub ki, bir ağac Xudayar bəy vuranda birini də Şərəf vurubdu, iki yumruq Xudayar bəy vuranda birini  də övrəti vurub. Amma bunilə belə genə Xudayar bəydən qorxar; çünki necə olmuş-olsa, genə Xudayar bəy kişidir. Kişi məlum zaddı ki, övrətdən güclü olar. Və bir də ki, Xudayar bəyin əlində çətin deyil ki, övrətini boşasın!

Xudayar bəy də indiyə kimi ondan ötrü övrətinin çirkinliyinə, bəddavalığına dözüb ki, kasıblığı cəhətə mümkün eləyib xərc çəkib bir özgə övrət alsın. Şərəf bunu çoxdan başa düşüb. Odur ki, əvvəllər evlənmək söhbəti düşəndə Şərəf bir tikə narahat olub şivən eləməzdi; çünki bilirdi ki, ərinin bir qəpiyi yoxdu ki, versin saqqıza, çeynəsin. Amma indi iş özgə cürdü. İş indi bu cürdü ki, Xudayar bəy istəyir Zeynəbi alsın. Əgər Zeynəb Xudayar bəyə gəlmək xahiş eləsə, dəxi Xudayar bəyə pul lazım deyil. Zeynəbin bu saat dörd-beş dəst əcəri paltarı boxçadadı; həmçinin özünə görə pulu və malı. Şərəf də bundan qorxur ki, Zeynəb istəsə ona, yəni Şərəfə, lap yaxşı hərif ola bilər. Söz yoxdur ki, Xudayar bəy Zeynəbi də alandan sonra Zeynəb olacaq xanım, Şərəf olacaq ona qarabaş. Bu da Şərəfə ölümdən bədtərdi.

Bu səbəblərin hamısına görə, Xudayar bəy ki, övrətinə dedi sabah səni boşaram. Şərəf artıq peşmən oldu ki, ortalığa boşanmaq söhbəti saldı. Pəs bu cəhətə ərinin sözünün qadağında bir söz danışmadı. Xudayar bəy durdu ayağa. Bir gərnəşdi, əsnədi və Gülsümə dedi ki, gətirib yerini salsın və Vəliqulunun yanına yeriyib, ona alçaq səs ilə bu cür nəsihət elədi. Vəliqulu da durdu ayaq üstə. Xudayar bəy ağzını tutdu onun qulağına:

- Qulaq as, Vəliqulu. Ağlını yığ başına və mən nə deyirəm, ona əməl elə. Əgər istəyirsən ki, mən səndən razı olam və səni qohumluqdan kənar eləmiyim, mən sənə hər nə deyirəm, hamısını bir-bir yadında saxla və hamısına əməl elə. İndi bu saat durub gedərsən Qasıməligilə. Gecə yat orda. Amma heç kəs sənin orda qalmağını bilməsin. Qasıməliyə sabah mən özüm də tapşırram hər kəs soruşsa, desin səni qlava dama qatıbdı. Sən qalarsan orda və heç yana çıxmazsan, ta ki, mən özüm genə hər vaxt lazım olsa, səni çağırram, danışarıq. Bəlkə bir tövrnən o bədyolu yola gətirək. Di indi get, get.

Vəliqulu çömbəldi çarıqlarını geysin. Gülsüm də bir tərəfdən bir köhnə döşək salıb bir-iki köhnə yorğan açdı və köhnə yasdıqları gətirib düzüb çəkildi kənara. Vəliqulu çarıqlarını geyib çıxdı getdi. Xudayar bəy soyunub, məşğul oldu bitlənməyə çiraq işığına. Bir-iki bit dırnaqları ilə öldürüb uzandı və yorğanı çəkdi üstünə. Qalanlar da hərə bir yanda çəkilib yatdılar.

Nə Xudayar bəyin, nə də Şərəfin yuxusu gəlir. Xudayar bəy bir saat qədəri oyaq qalıb və sabahkı günün tədbirini töküb ancaq yuxuladı. Xudayar bəy bu cür tədbir tökdü.

Xudayar bəy Zeynəbin xasiyyətinə bələd idi. Yəqin elədi beləliknən ipə-sapa gəlməyəcək. Oyza çöndü, buyza çöndü və axırı bir mətləbdə gəldi dayandı. Xudayar bəyin yadına bir əhvalat düşdü. Bu əhvalat da bu yavıqlarda olmuşdu.

Əhvalat bu idi ki, bir-iki ay bundan əqdəm bir şəxs gəlir qazının yanına, deyir ki:

- Qazı ağa, sənə iki kəllə qənd verrəm, əgər filan övrətin kəbinini kəsəsən mənə.

Qazı bir az fikirləçib cavab verir ki:

- Axı o övrət xalqın kəbinli övrətidir. Nə tövr xalqın övrətinin kəbinini özgəyə kəsmək olar?!

Haman şəxs cavab verir ki:

- Qazı ağa, mən özüm də bilirəm ki, belədir. Pəs niyə mən iki kəllə qənd verirəm? Ondan ötrü iki kəllə qəndi verirəm ki, kəbinli övrəti mənə alasan da! Yoxsa dul övrətin kəbinini cicim də kəsər. Və bir də, qazı ağa, indi o övrətin əri gedib Kərbəlaya. Kim nə bilsin gələ, gəlmiyə. Gələndən sonra, genə əlinə bir düdük vermək çətin deyil.

Bu mətləb Xudayar bəyin yadına düşən kimi öz-özünə dedi ki, “çox əcəb, hələ o övrət kəbinli övrət idi. Qazı iki kəllə qənd alıb haman şəxsin işini düzəltdi. Hələ Zeynəb, allaha şükür, dul övrətdir. Heç kəbinli də deyil. Pəs belə olan surətdə mən niyə gedib ərzimi qazıya deyə bilmərəm? Xeyr, yəqin ki, bu iş bundan savayı özgə cür baş tutmayacaq. Görükür ki, qazı lotudu və yaxşı adamdı. Allah onun atasına rəhmət eləsin. Görükür ki, dərdmənddi. Pəs elə sabah gedim qazının yanına”.

Bu tövr tədbir töküb Xudayar katda genə bir yerdə duruxdu və fikrə cumdu. Onun qabağını bir şey kəsirdi. Xudayar bəyin bu saat cibində yeddi abbası pulu var idi. Onu da töycü hesabından vermişdilər ona, versin qlavaya. Xudayar bəy bu yeddi abbasını indi şəhərə gedib xərcləsə də, o qədər ziyan yoxdu; qlavaya sonra düzəldib verə bilər. Və bir də qlava nə deyəcək? Qlava onun dədəliyi deyil?

Çox yaxşı, qoy bu belə olsun. Amma yeddi abbası ilə iş düzəlməz. Qərəz, bir qədər də fikirləşib, bunun çarəsini tapdı ki, qabaqca bizə məlum olubdu.

Səhər Xudayar bəy yerindən durub, boxçadakı geyməsini geyib, təzə börkünü qoyub, istədi çıxsın eşiyə.

Xudayar bəyin bu tövr getməyindən əlüstü övrət-uşağı başa düşdü ki, Xudayar bəy şəhərə hazırlaşır. Gülsüm Xudayar bəyin yavığına gəlib soruşdu:

- Dədə, hara gedirsən?

Xudayar bəy qaşqabaq ilə cavab verdi:

- Gedirəm şəhərə, qazının yanına. Gedirəm ananı boşuyam.

Xudayar bəy eşiyə çıxan kimi, ana və balalar bir elə ağlaşma qalxızdılar ki, guya Xudayar bəyə yas qurublar.

O məhəllədə binəva Zeynəbin və uşaqlarının matəmi, bu məhəllədə yazıq Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən əminin eşşəyini alıb getsin şəhərə. O məhəllədə də fəqir Məhəmmədhəsən əminin və bütün külfətin matəmi.

 

VI

 

Məhəmmədhəsən əmi Xudayar bəyi yola salıb, gəldi girdi evinə.

Məhəmmədhəsənin evi yekə qış evidir. Çünki qışda bu evdə təndir yanar, o səbəbə evin tirləri qapqara qaralıbdı. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır; çünki tirlərin çoxusu əyilibdir. Səqfin ortalığından bir “hammal” verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. “Hammalı” altdan iki sütun saxlayır. Hər sütunun altına bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü, üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. Kürsünün altında var üzüquylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə bir iki dəstə yorğan-döşək. Bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki mücrü.

Vəssəlam ki, Məhəmmədhəsən əminin evinə girən əlüstü görər ki, bu kişi kasıb adamdır.

Məhəmmədhəsən əmi içəri girən kimi gördü ki, oğlu Əhməd üzüquylu sərilib quru yerə və ağlaya-ağlaya gah bu yanı üstə çönür, gah o yanı üstə çönür. Yazıq oğlanı güya ki, bir zəhərli ilan vurubdu. Ağlaya-ağlaya gah başına vurur, gah başını döyür yerə.

Bir az kənarda qırx beş-əlli sinndə bir övrət çömbəlib, dalını dayayıb kürsüyə və çənəsini hər iki əlinin kəfəsinə qoyub, qaşqabaqnan Əhmədin ağlamağına tamaşa edirdi. Köhnə çarğat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik- övrətin libası ancaq budur. Əgər deyək ki, bu övrətin ayaqlarında heç başmaq da yoxdu, yəqin eləmək lazımdır ki, bu övrət kasıb bəndənin övrətidir.

Bəli, bu övrət Məhəmmədhəsən əminin övrəti İzzətdi.

Məhəmmədhəsən əmi girdi içəri və oğlunu dediyimiz halətdə görüb, gəldi onun yanına. Bir qədər əyilib, yapışdı oğlunun qolundan ki, bəlkə durğuzub ovutsun. Oğlan dəxi də şiddət elədi. Məhəmmədhəsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi.

- Dur, bala, dur. Ağlama, niyə ağlıyırsan, dəli oğlu dəli? Axşam olcaq katda eşşəyi genə gətirəcək da! Eşşəyi öldürməyəcək ki! Dur, bala, dur. Ağlama.

Məhəmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. Birdən Əhməd bir söz deməyib, durub qaçdı eşiyə. Ancaq Məhəmmədhəsən əmi daldan çağırdı oğlanı ki, bilsin hara gedir. Oğlan cavab vermədi. Sonra üzünü tutdu övrətinə səmt:

- A kişi, bu səfik oğlu səfik, hardan şeytan kimi çıxıb gəlib eşşəyi apardı, bizi mərəkəyə saldı?! Lap, vallah belə mərəkə olmaz. Əhmədi heç təpərnən ovutmaq olmuyacaq. Allah-əkbər, belə də şey olardı?!

Övrəti cavab verdi:

- Yaxşı-yaxşı. Bildilər, bildilər. Bu sözləri indi sən mənə deyirsən, ta mən neyliyim? Eşşəyi verməmiş bu sözləri mənə deyəydin da! İndi eşşəyi vermisən, mənə məsləhətə gəlmisən?

- Axı, ay arvad, vallah necə eləyim? Üz üzdən utanır. Gəlir istəyir, adamın üzündən gəlmir ki, desin vermirəm. Və bir də bu bir elə şey deyil ki, itsin batsın. Eşşəkdi da! Aparıb, genə gətirəcək verəcək özümüzə. Eşşəyin ki, ətini yemiyəcək!

Bu sözləri deyəndə Məhəmmədhəsən əmi əllərini yanına salıb durmuşdu övrətinin qabağında, guya ki, divanbəyiyə cavab verir. Divanbəyi əllərini ölçə-ölçə səsini atdı başına:

- Kişi, vallah, billah, səndə bir tük qədəri ağıl yoxdu. Yaxşı, a kişi, axı sabah yox, birigün züvvarlar çıxırlar. Axı o yazıq heyvanı qoy bir gün rahat qalıb dincəlsin, əmələ gəlsin ki, səni buradan altı aylıq yola aparsın, gətirsin. Yaxşı, yekə kişi, srağa günü eşşək getmişdi Uzun ağaca, dünən aparmışdın dəyirmana, bu gün də ki, getdi şəhərə. Pəs havaxt o heyvan evdə qalıb kökələcək ki, sən onu minəsən, ziyarətə gedəsən. Ay vay, qadam o pis sifətinə!

- Arvad, allah xatirinə əl çək mənim yaxamdan! Mənim öz fikrim özümə bəsdi. İndi ta indi necə edək? Eşşəyi Xudayar bəy aparalı yarım saat olar. Mən indi ta gedib, eşşəyi ondan alıb, kişini yarı yolda qoya bilmərəm ki! Kişi, genə necə olsa, ağsaqqaldı. Adamın genə işi düşər. Necə əla bilər ki, bir eşşəkdən ötrü hakimi özündən incidəsən? Aparıb eşşəyi, genə axşam qaytarıb gətirəcək da!

- İndi pəs mən neyliyim? Gəl indi Əhmədi ovut, görək necə ovudacaqsan. Mən balamın ürəyini sıxım? Axö görək nədən ötrü? Görək Xudayar bəynən sənin nə alıb verəfəyin var? Katdadı, özünə katdadı da! Görək onun katdalığının sənə bir nəfi var?

Əhmədin eşikdən ağlamaq səsini eşidib, İzzət səsini kəsdi. Əhməd ağlaya-ağlaya içəri soxulub, genə özünü çırpdı quru yerə və ağlaya-ağlaya, “vay, vay” deyə-deyə başladı:

- Vay-vay! Mənim eşşəyimi, mənim eşşəyimi! Vallah, ana, Xudayar bəy eşşəyi aparıb şəhərə, ordan eşşəyin üstə sal[19] yüklüyüb, aparacaqlar körpü qayırmağa. Vay-vay-vay!.. Ana, mənim eşşəyimi!

Genə bir qədər ağlayıb, oğlan irəliki kimi cəld durub qaçdı eşiyə.

Məhəmmədhəsən əmi oğlanın dalınca şıxdı həyətə görsün oğlu hara qaçır; amma Əhməd çoxdan göxdən itmişdi. Məhəmmədhəsən genə evə qayıdıb, övrətinə dedi ki, görə bilmədi oğlanı. Bu axırıncı fəqərə İzzətin qeyzini dəxi artıq cuşə gətirdi:

- A kişi, allah görüm sənin evini bərbad eləsin! Bir ayaq qoy gör axı uşaq hara qaçdı getdi? Buy, allah, mən necə eliyim? A kişi, vallah, Əhməd dəlidir. Özünü aparıb quyuya-zada salar.

- Ay arvad, axı mən başıma nə daş salım? Mən nə bilim o hara qaçdı, qoydu getdi?

İzzət durdu ayağa və köhnə göy çadirşəbi başına salıb, çıxa-çıxa bu sözləri dedi:

- Atana ləhnət, Xudayar bəy! Anana nəhlət, Xudayar bəy! Dədən tünbətün düşsün, Xudayar bəy! Babanın həşri Ömərin həşrilə qopsun, Xudayar bəy!

İzzət uzaqlaşdı və səsi gəlmədi. Məhəmmədhəsn əmi bir ah çəkib, gəldi oturdu palazın üstə, dalını dayadı divara. Qeyzindən yazıq kişinin alnından tər axırdı. Məhəmmədhəsəm əmi papağını çıxardı qoydu yerə və başladı bu cür öz-özünə şikayətlənməyi:

- Allah, dərgahına çox şükür! Bəndənin başına bu qədər iş gələr ki, mənim başıma gəlir? Bu Yezid oğlu Yezid elə mənim eşşəyimi gərək gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin? Kənddə iki min eşşək var. Get birini min, apar da! Elə məni gözün görür? Allahu-əkbər! Elə arvad yalan demir ki! Doğru deyir də! Yazıq heyvan bir gün rahat qalmır ki, bir az əmələ gəlsin... Eh, vallah, mən bir qəpik pula dəymərəm. Mən doğrudan kişi deyiləm ki! Arvad məndən yaxşıdır. Əlbəttə, arvad məndən yaxşıdır. İndi Xudayar bəy eşşəyi İzzətdən istəsəydi, İzzət eşşək verərdi? Hələ İzzət arvaddı. Allahu-əkbər! Lap işlərim şətin yerə dayandı. Vallah, bilmirəm kasıblıq dərdi çəkim, arvad-uşaq dərdi çəkim, eşşək dərdi çəkim. Yəni eşşəyi də verməmək olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsən, onda dəxi kənddə baş gəzdirmək olar? Genə necə olsa, hakimdi, katdadı. Günün gün orta çağı gəldi, nahaq yerdən yaxaladı ki, bu qədər iştrafındı ver, onda pəs necə olsun? Xeyr, olmazdı ki, vermiyeydim. Hələ mən bilmirəm ki, vallah, bu arvad-uşaq nə deyir? Hələ bu küçük niyə belə özünü yerdən yerə çırpır?! Deyin görək axı mənnən bir yerdə alnınızın tərini silib pul qazanmısınız? Verdim, çox yaxşı elədim verdim. Öz eşşəyimdir, özüm də verdim da! Dəxi sizə nə dəxli var? A kişi, yəni insafən onların da günahı yoxdur. Onlar da elə məndən ötrü qalmaqal eləyirlər da. İzzət yaxşı deyir da. Eşşək bir gün bikar qalmır ki, bari bir az kökəlsin. Xeyr, onların da günahı yoxdur...

Məhəmmədhəsən əmi bu fikirdə idi, həyətdən İzzətin qayım səsi gəlib, Məhəmmədhəsən əminin fikrini dağıtdı:

- Apar da, apar! Bu köpəyin eşşəyini də apar öldür də! Ay əlinə dönüm, Xudayar bəy, apar öldür də! Allaha qurban olum. Çox əcəb oldu, çox yaxşı oldu...- Bu sözləri deyə-deyə İzzət ox kimi soxuldu evə və üzünü Məhəmmədhəsən əmiyə yutub genə başladı:

- Necədir? Di get, raht oldun? Dincəldin, ya yox? Ay o pis sifətinə qusum! Xudayar bəy eşşəyi bilirsən hara apardı? Aparıbdı şəhərə, üstə sal daşıyacaqlar. Heydərxan körpüsünü qayırırlar. Hər kənddən bir eşşək istəyiblər. Niyə, gərək bütün Danabaş kəndində elə bircə sənin eşşəyin məşhur idi? Di get, dincəldin?

Bu sözləri deyib, İzzət çarşovu başından kürsünün üstə atıb, genə oturdu öz yerində. Məhəmmədhəsən əmi cəld bürkünü başına qoyub, durdu ayağa və gəldi arvadının yanına.

- Arvad, necə eşşəyi aparıblar daş daşısınlar? Bunu kim deyir?

- Kim deyəcək? Xudayar bəyin arvadı özü deyir. Mən elə ora getmişdim. Getdim ki, görüm bəlkə hələ Xudayar şəhərə getməyibdi, bəlkə eşşəyi alam gətirəm. Xudayar bəy çoxdan qoyub gedib. Arvad özü mənə dedi. Mən hələ çox soruşmadım eşşəyi nədən ötrü Xudayar bəy aparıb şəhərə. A kişi, hələ arvad məni bir aləm məzəmmət eliyib ey! Mənə deyir ki, siz məgər malınızdan keçmisiniz? Siz bilmirdiniz ki, Xudayar bəy eşşəyi nədən ötrü apardı şəhərə? Apardı Heydərxan körpüsündən ötrü sal daşısınlar. Mənə bərk-bərk tapşırdı ki, Əhmədi yolluyaq eşşəyi alıb gətirsin.

Məhəmmədhəsən əmi bu sözləri eşitcək üz qoydu qapıya səmt çıxıb getsin.

- Gedim elədə Əhmədi bu saat göndərim. Gedim görüm hardadı Əhməd.

Bu heyndə Əhmədin ağlamaq səsi gəldi. Bir az keçdi, Əhməd də, Məhəmmədhəsən əmi də girdilər içəri. Məhəmmədhəsən əmi oğluna genə eşşəkdən yana bir az arxayınlıq verib dedi ki, gedib eşşəyi Xudayar bəydən alıb gətirsin. Oğlan əvvəl cavab verdi ki, indi Xudayar bəy az qalıb şəhərə yetişsin. Məhəmmədhəsən əmi dübarə ona dedi: zərəri yoxdur, elə şəhərdə də yetişmiş olsa, eşşəyi alıb gətirsin.

Əhməd ağlamaqdan sakit olub, bir qədər anasına baxdı bir qədər sağa və sola baxdı, şəhərə getməyə razı olub evdən çıxdı.

     

*        *        *

 

Axşama az qalanlarda Məhəmmədhəsən əmi qəmgin kəndin qırağında, şəhər yolunun üstə, yolun kənarında oturub, gözünü dikmişdi şəhər yoluna. Yollnan yeddi yaşında bir oğlan, ağ təskülah başında, göy gədək arxalıq əyində və ağ tuman, ayaq yalın, qabağına bir dəstə quzu qatıb və əlindəki şökə[20] ilə bu quzuları vura-vura gəlir kəndə. Bu quzu sürüsü otlamaqdan gəlirdi. Oğlan Məmmədhəsən əminin müqabilinə yetib dik-dik Məhəmmədhəsən əminin üzünə baxıb dayandı. Sonra bir-iki qədəm də Məhəmmədhəsən əminin tərəfinə yeriyib soruşdu:

- Məhəmmədhəsən əmi, bu vaxt burada niyə oturmusan?

Məhəmmədhəsən əmi oğlana çox yumşaqlıqla cavab verdi:

- Bala, adam var şəhərdə, gözətdiyirəm.

Oğlan gördü ki, quzuları xeylək aralanıbdır, dəxi bir zad deməyib, qaçdı sürüsünün dalınca. Oğlan getcək Məhəmmədhəsən əminin qabağında genə bir on-oniki yaşında bir oğlan cındır paltarda hazır olub, Məhəmmədhəsən əminin bu vaxtda burada oturmağının səbəbini soruşdu. Məhəmmədhəsən əmi əvvəlinci oğlana verdiyi cavabı buna da verdi. Bu oğlan rədd olandan sonra Məhəmmədhəsən əmi gördü ki, daldan genə bir dəstə qaramal gəlir. Mallar gəlib yetişdi və malların dalından bir kişi hazır oldu otuz beş-otuz altı sinnidə, qara çuxa, ağ tuman və ayaq yalın.

- Məhəmmədhəsən əmi, bu vaxt niyə burda oturmusan?

- Dadaş, şəhərdə adam var, gözətdiyirəm. İndilərdə gərək gələ.

- Yaxşı, gələn gələcək da. Bəli, görükür ki, çox vacib adamdı.

- Xeyr, Xudayar bəy bu gün eşşəyi minib aparıb şəhərə. Eşşəyi də göndərəcəyəm dəyirmana. Odu ki, oğlanı göndərmişəm. Hələ ki, nə eşşək gəlib, nə oğlan.

Məhəmmədhəsən əmi, söz yoz, eliyə bilərdi ki, bu kişiyə qısaca cavab verib, heç ortalığa eşşək fəqərəsi gətirib söhbəti uzadmasın. Amma Məmmədhəsən əmi qəsdən bu cür cavab verdi.

Məmmədhəsən əmi eşşəyin söhbətini saldı ki, görsün bu kişi nə deyəcək. Aya bu da bilirmi ki, Xudayar bəy eşşəyi işlətməkdən ötrü aparıb, ya yox? Bu kişinin cavabı Məhəmmədhəsən əminin halına lap müvafiq oldu. Kişi cavab verdi ki:

- Çox yaxşı. Xudayar katda eşşəyi yemiyəcəkdi ki, dübarə eşşəkdən ötrü şəhərə adam getsin.

Məhəmmədhəsən əmi lap işin əslini bilməkdən ötrü söhbəti lap açdı və belə başladı:

- Doğrusu, bu gün Xudayar bəy eşşəyi apardı şəhərə, amma sonra mən belə eşitdim.- Yəni övrət sözüdü, heç inanmaq da olmaz.- Mən, yəni belə eşitdim ki, guya yəni Danabaş kəndindən bir eşşək istiyiblər ki, aparıb şəhərə, oradan Heydərxan körpüsünə sal daşısınlar. Odur ki, bir az xofə düşdüm. Çünki eşşək dəyirmana gedəcəkdi, o səbəbə mən də Əhmədi göndərdim ki, əlbəttə eşşəyi gətirsin. Bundan ötrü oturmuşam...

Kişi çox təəccüblə qulaq verirdi. Məhəmmədhəsən əmi sözünü qurtaran kimi bir az gülümsünüb cavab verdi:

- A kişi, bu nə sözdü? Necə Hedərxan körpüsünə sal daşıyacaqlar? Xa-xa-xa... A kişi, doğrudu, Heydərxan körpüsünü qayıtdırırlar, amma dəxi bir eşşək istəmirlər ki! Hedərxan körpüsünə Danabaş kəndindən yüz manat xərc istəyirlər. O sözləri hər kəs sənə deyib, lap yalan deyib. Başını divara döyüb! Dur gedək, a kişi, heç nahaq yerə burda mətəl olma. İndi bu saat elə Xudayar bəy də gələr, eşşəyini də gətirər. Dur, dur gedək.

Məmmədhəsən əmi genə bir yola səmt baxıb, “ya allah” dedi, durdu ayağa. Və haman şəxs ilə düşdülər yola və üz qoydular kəndin içinə.

Küçə dolu idi qaramal və qoyun-quzu sürüsü ilə, hava yavaş-yavaş istəyirdi qaranlıqlamağı.

- Məhəmmədhəsən əmi, sən allah, o sözü hələ sənə kim deyib?

- Xeyr, yalan sözdü. Mən özüm bilirəm yalan sözdü. Niyə, mən axmaq deyiləm ki! Bir eşşək ilə körpü tikilər? Bu sözü də yəni özgəsi demiyibdi, elə Xudayar bəyin övrəti deyibdi. Xeyr, yalandı. Mən özüm də bilirəm ki, yalandı...

- A kişi, belədi da! Xa-xa-xa... Bunu bayaqdan deyəydin da, rəhmətliyin oğlu! Mən indi mətləbi başa düşdüm. Belə bilirsən nə var, Məhəmmədhəsən əmi? Mən axı, özün də bilirsən ki, Xudayar bəygilin qonşusuyam. Xudayar bəy mən bilirəm niyə bu gün şəhərə gedib. O, iki mətləbdən ötrü gedib. Axı bilmirəm bilirsən, ya yox? Axı Xudayar bəy Zeynəbi istəyir.

- Necə Zeynəbi?

- A kişi, niyə tanımırsan? Kərbəlayı Heydərin övrətini da! Bə, istiyir! Sən bilmirsən çoxdan istiyir! Elə Kətbəlayı Hedər ölən gündən. Bəli, Xudayar bəy Zeynəbi istiyir. Amma nə Zeynəb gəlir, nə də ki, Xudayar bəyin arvadı razı olur. Bu gecə qışqırıqları göyə qalxmışdı. Odu ki, səhər Xudayar bəy durub arvadına deyib ki, gedirəm səni boşuyam. İndi Xudayar bəy də Zeynəbi almaqdan ötrü gedib, ya da ki, arvadını boşamaqdan ötrü. Yox, sözüm orda deyil... Sözüm orasındadır ki, Xudayar bəyin arvadı şeytanın birisidir. O qəsdnən elə deyib ki, Xudayar bəy eşşəyi apardı Heydərxan körpüsünə sal daşısınlar. Hələ deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyib. Yəqin belədir.

Məhəmmədhəsən əmi qapını açdı ki, girsin evə. Gördü ki, ev qaranlıqdı. Övrətini çağırıb, bir səs eşitmədi. Genə çağırdı, genə cavab eşitmədi. Qapını örtüb, qayıtdı həyətə və elə bildi ki, övrəti gedib görəsən hansı qonşuların evinə, bir az söhbət eliyib ürəyi açılsın. Məhəmmədhəsən əmi həyəti bir qədər dolaşıb, çıxdı küçə qapısının ağzına. Çünki tövləsinin ağzı küçə qapısına yavıq idi, gördü ki, tövlədən bir ağlamaq səsi gəlir. Gəldi tövlənin qapısını açıb, görsün ağlamaq səsi haradan gəlir. Qapını açan kimi aşkar arvadının səsini tanıdı. Başını içəri uzadıb çağırdı:

- İzəd![21]

Ağlamaq səsi kəsildi, amma cavab dəlmədi. Məhəmmədhəsən bir də çağırdı. Genə səs gəlmədi. Məhəmmədhəsən əmi bir də çağırdı. Övrəti İzzət acıqlanmış cavab verdi:

- Nə var, nə deyirsən? Gözün kordu, görmürsən ki, mənəm?!

- İzzət, ağlıyırsan? Deyəsən mənim qulağıma ağlamaq səsi gəldi.

İzzət cavab vermədi.

- Elə səm indi ağlıyan. Nahaq yerə ağlıyırsan və ürəyini sıxırsan;çünki mən bu saat yol üstə idim. Şəhərdən gələn var idi. And içirdi ki, Xudayar bəy eşşəyi bu saat gətirəcək. And içirdi deyirdi ki, doğrudu Heydərxan körpüsünü qatıtdırırlar, amma nəinki Danabaş kəndindən bir eşşək istəyiblər, bəlkə Danabaş kəndindən yüz manat pul istiyirlər. O kişi ki, mənə bu sözləri deyirdi, and içirdi ki, elə bu saat Xudayar katda eşşəyi gətirəcək. Deyirdi elə öxüm gördüm. Vallah, doöru deyirəm.

- Cəhənnəmə gələcək, gora gələcək! Mənim oğlumun ayaqları indi qabar olubdu. Mənim nə vecimə eşşək gəldi, ya gəlmədi. Cəhənnəmə gəlsin, gora gəlsin! Əhməd tez gəleydi. Mən elə Əhmədin fikrinə qalmışam, yoxsa eşşək cəhənnəmə gəlsin, gora gəlsin!

- Arvad, vallah o kişi deyirdi ki, elə bu saat gələcəklər. Axı o kişiyə nə olubdu durub yalandan desin? Olmasa deməz ki! And içirdi deyirdi mən onları özüm ikisini də bazarda gördüm; yəni Xudayar bəyi də, Əhmədi də. Deyirdi elə mən çıxdım gələm, onlardan soruşdum bə siz nə vaxt gedirsiniz? Mənə dedilər ki, elə indi biz də gəlirik. Mən gəldim, onlar da qaldılar ki, gəlsinlər.

Övrət bir söz demədi. Durdu ayağa, bir ah çəkdi, genə bir fınxırdı və dizliyinin qırağıynan burnunu silib, gəldi kürsünün yanına, bir neçə quru lavaş götürüb, yığdı sol əlinin üstə və aparıb çömbəldi qpının ağzında və başladı çörəkləri sulamağa.

Məhəmmədhəsən əmi:

- İnşallah, indi gələrlər,- deyib durdu ayağa və başmaqlarını geyib, gəldi durdu arvadının yanında.

İzzət çörək sulamaqdan qurtaran kimi Məhəmmədhəsən kürkünü götürüb çıxdı eşiyə və bir az keçdi, gəldi və qapının ağzında çömbəlib, başladı dəstəmaz almaqlığı. Əvvəl əllərini yudu, sonra üzünü və sonra qollarını. Hər bir suyu tökəndə deyirdi: “Bismillah”. Dəstəmazı qurtarıb və məs çəkib, gəldi bir taxçadan möhür tapıb, qoydu palazın üstə və başladı namazı.

İzzət də genə gedib bucaqda oturub, çənəsini qoymuşdu dizlərinin üstə. Məhəmmədhəsən azanı və iqaməni oxuyub, keçdi həmdə və qülhüvallahı zikir eləyib, istəyirdi əyilsin rükua, birdən qapı açıldı və Əhməd zəif və naxoş kimi girdi içəri. Məhəmmədhəsən əmi əvvəl hər iki əllərini göyə qalxızıb, bərk “allah-əkbər”- dedi. İzzət sevincək qalxdı yerindən və çağırdı:

- Əhməd!

Əhməd evə girən kimi naxoş adamlar kimi divara dayanıb alçaq səs ilə dedi:

- Vay, ana!

Məhəmmədhəsən əmi səbr eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. Ər və övrət hərəsi Əhmədin bir qolundan yapışıb, biri ddeyir: “Bala, niyə elə eliyirsən?”, o birisi deyir: “Bala, haran ağrıyır?”.

İzzət deyir:

- Qadan alım, Əhməd, niyə oturmursan?

Məhəmmədhəsən deyir:

- Bala, bə eşşək necə oldu?

Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi, İzzət uca səs ilə onun üstə çığırıb başladı yamanı:

- Ay eşşək verənin atası tünbətün düşsün! Ay eşşək satanın atasına lənət! Ay o eşşəyi görüm ilan vursun? Mənim balam burda az qalır ki, ölsün, hələ durub eşşək əhvalatı salır ortalığa.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info