Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Məhəmmədhəsən əmi bir söz demədi. Əhməd də divara dayanıb, gah “vay” deyir, gah “ox” deyir. Axırı güclə və artıq yalvarmaqlıq ilə və o üzündən-bu üzündən öpməklik ilə İzzət Əhmədin qolundan yapışıb, gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın.

Bir qədər dincəlib Əhməd, Məhəmmədhəsən əminin və İzzətin təvəqqəsinə görə başladı şəhərə gedib gəlməkliyinin əhvalatını nağıl eləməkliyi. Başladı əvvəl torulub yol üstə neçə yerlərdə oturmaqlığından və sonra necə gəldi şəhərə və karvansaraçı ilə dava eləməkliyindən. Sonra genə şəhərdə o yanı-bu yanı gəzib, Xudayar bəyi axtarmaqlığından və axırı genə yorula-yorula, yolun üstə bəlkə on-on beş yerdə otura-otura gəlib Danabaş kəndinə çıxmaqlığından.

Əhməd nağıl eliyə-eliyə hər bir söz arasında bir and içirdi. Bir söz deyirdi, bir deyirdi “vallah”; bir söz deyirdi, bir deyirdi: “imam Hüseyn haqqı”; bir söz deyirdi, bir deyirdi: “imam Rza haqqı”, “cənab əmirin Zülfüqarı haqqı”. Əhmədin nağlı qurtardı və üzünü tutdu anasına:

- Ana, nə bişirmisən?

- Bala, bir zad yoxdu, elə yavan çörəkdi... Əgər istiyirsən, qatəq da var, gətirim.

- Hi, hi, hi, mən qatıq yemirəm. Niyə, bir az aş bişirəydin da!

- Bala, nə bilim, elə bu qalmaqal lap başımızı qatdı. Qoydu ki, görək nə qayırırıq? Neylək, bu gün qatıq ye, sabah işallah, əlbəttə sənə aş bişirərəm.

İzzət bir qədər çörək və qatıq gətirib, qoydu oğlunun qabağına. Oğlan başladı yeməyə. Ər və övrət durdular namaza.

Məhəmmədhəsən əmi namazı övrətindən tez qurtarıb, gəldi oturdu oğlunun yanında və başladı onun kefini və halını soruşmağı. Oğlan başını aşağı salıb, ancaq yeməyə məşğul idi. Məhəmmədhəsən əmi oğlandan cavab almayıb genə soruşdu.

- Bala, şəhrdə nə var, nə yox?

Əhməd deyəsən istədi bir söz desin, amma çünki ordları dolu idi xörəknən, mümkün eliyə bilmədi cavab versin. İzzət namazdan qurtarıb üzünü tutdu ərinə səmt və tərhnən[22] ona başladı nəsihət eləməyi ki, uşağa əziyyət verməsin.

Məhəmmədhəsən əmi nəsihət qəbul edib, çəkildi kənara və təsbehi götürüb başladı çevirməyi. Çevirə-çevirə alçaqdan dua vird eləyirdi. İzzət durdu ayağa və yavaş-yavaş çadirşəbini atıb kürsünün üstə, bir neçə sulanmış çörək də gətirib qoydu ortalığa və ərini çağırdı ki, yavıq çəkilib çörək yesin. Məhəmmədhəsən əmi genə övrətinin sözünə baxıb, çəkildi dəstərxananın başına. Əhməd qatığı yeyib, qabı lap təmizləmişdi. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa. Əhməd başladı hırıldamağa. Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyi. Amma İzzət üzünü turşudub yapışdı məzəmmətin ucundan:

- Ay yazıq, səndə ar-namus harda idi? Mən sənin yerinə olsam, ağlaram ey, nəinki hırıldaram!

- Axı mənə niyə deyirsən, oğluna de da. Mən gülürəm, ya o gülür?

- Niyə, oğluma niyə deyirəm? Sən sabah yox biri gün ziyarətə gedirsən, ya oğlun gedir? Oğlumun nə vecinə?! Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb gedib kərbəlayı olacaqlar, amma sən arvad kimi oturacaqsan evdə.

- İnşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki, mən qalım, onlar getsinlər.

İzzət dinmədi, başını saldı aşağı və başladı yeməyə. Əhməd yorğunluq cəhətə oturduğu yerdə yıxıldı yan üstə, atası ona diqqət tutdu ki, çörək ortalıqda olan vaxt adam yatmaz. Əhməd qulaq asmadı.

Məhəmmədhəsən bəy və övrəti çörək üstə idilər. Birdən Əhməd üzüquylu yıxılıb başladı ağlamağı.

- Bala, niyə ağlıyırsan?- Atası bu cür soruşdu. Əhməd bir cavab verməyib ovunmadı. İzzət Əhmədin yanına sürüşüb, əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə.

- Bala, Əhməd, niyə ağlıyırsan?

Əhməd ağlaya-ağlaya bu cür cavab verdi:

- Mənim eşşəyimi... Vay, vay, vay!... Mənim eşşəyimi! Mənim eşşəyimi! Mənim eşşəyimi!.. E...e...e... Mənim eşşəyimi!.. İzzət genə başını əyib, oğlunu başladı dilə tutmağa.

- Bala, ağlama, ağlama, bala... Eşşək yiyəsinin atası tünbətün düşsün! Niyə eşşəyi verirdi ki, indiyə kimi eşşək çöldə-bacada qaleydi.

- E...e...e... mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi!

İzzət lap hirslənib, üzünü tutdu Məhəmmədhəsən əmiyə səmt və çığıra-çığıra başladı:

- Dur axı get, dur get gör axı eşşək necə oldu? Eşşək gəlməsə, mənim balam yuxu yuxuluyacaq? Dur get gör axı eşşək necə oldu? Gör o Ömər oğlu Ömər eşşəyi neylədi?

- Mən indi hara gedim?

- Sən indi cəhənnəmə get, gora get! Hara gedəcəksən? Get gör bəlkə o köpək gəlib, oturub evində? Bəlkə eşşəyi gətirib? Kim bilsin gətirib ötürüb həyətlərinə. Yəni olar deyirsən elə millətdilər ki, xalqın malını gətirib genə sahibinə tuşralar?[23]

Məhəmmədhəsən əmi “ya allah” deyib durdu ayağa və Əhməd səsini kəsdi. Müxtəsər, Məhəmmədhəsən əmi getdi. Xudayar bəyi evlərindən soruşdu. Dedilər ki, gəlməyib. Genə şəhər yoluna səmt çıxdı, bir şey görmədi. Kor-peşman qayıtdı gəldi evinə və bilmədi ki, necə evə girib desin ki, hələ eşşək gəlməyib. Bir qədər durdu küçə qapısının ağzında, sonra girdi tövləyə. Tövlə qaranlıq idi. Bir şaqqıltı gəldi. Məhəmmədhəsən sevincək “çöçə” elədi; guya eşşəyi çağırır.

Bu heyndə İzzət həyətdə imiş; Məhəmmədhəsən əminin tövlədə “çöçə” səsini eşidib, elə bildi ki, eşşək gəlib; sevincək uca səs ilə oğlunu çağırdı ki, ona müjdə xəbəri versin.

- Əhməd, muştuluğumu ver, eşşək gəldi.

Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə və ləhliyə-ləhliyə gəldi anasının yanına.

- Ana, hanı eşşək? Buy-buy, mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi! Ana, hanı eşşək?

- Bala, gəl, gəl gedək. Dədən eşşəyi qatdı pəyəyə.

Ana və oğul tələsik qaçdılar tövləyə səmt. İzzət bəlkə otuz ildir ki, belə zirək qaçmamışdı. Pəyəyin qapısına yetişcək Əhməd özünü soxdu içəri və əvvəl dədəsini çağırdı.

- Dədə!

- Nədi, bala?

- Mənim eşşəyimi! E...e...e... Mənim eşşəyimi! Dədə, hanı mənim eşşəyim?

- Bala, hələ ki, eşşək gəlmiyib. Bilmirəm o köpək oğlu niyə indiyə kimi gəlib çıxmadı?

Əhmədə ta bu söz bəs idi. “Vay” deyib tövlənin qapısının ağzında özünü çırpdı yerə. İzzət qüssədən və Məhəmmədhəsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağı.

Ta sübhədək nə Əhməd yuxuluyub, nə İzzət, nə də Məhəmmədhəsən əmi.

 

VII

 

Əl-həmdü lillahil-ləzi əhəllət nikahə və təzvicə və hərrəməz-zina və sifahə və səlatu və səlamu əla xeyri xəlqihi Məhəmmədin və alihi-əcməinə əlləzi əz-həbəllahü ənhümür-ricsə və təhhərəüm təthirən. Əmma bədu əl-həmdü və səna... fəqət çaləllahu təbarəkə və təalafi kitabihil-Kərim və fürqani-əzim. Əzzə mən qailin əuzü billahis-səmiil-əlim minəşşeytanirrəcim və ənkihül-əyama min kum vəs-salehin min ibadikum və əsaikum ənyəkunu füqaraə yuğnihümü-lahü min fəzlihi vəllahü vasiün əlim: ənkəhtül-mərətəl-məlumətə lirəcülil-məlumi ələs-südaqil-məlumi qəbültün-nikahə lirrəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi-qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlum. Zəvvəctül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlum, Qəbiltül-təzvicə lir-ricülil-məlumi ələs-südaqil-məlum.

Ənkəhtü-və zəvvəctü-mərətəl-məlumətə li-rəcülil-məlumi ələs-südaqil-məlum. Qəbiltü-nikahə vəttəzvicə li-rəcülil-məlumi ələs-südaqil-məlum.

Ənkəhtü Zeynəbə li Xudayar bəy ələs-südaqil-məlum qəbiltü-nigahə li-Xudayar bəy ələs-südaqil-məlum. Zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-təzvicə li-Xudayar ələs-südaqil-məlum. Ənkəhtü və zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-nigahə və təzvicə li-Xudayar ələs-sədaqil-məlumi.

Bəzəni daimi dadəm Zeynəbra bər Xudayar. Bər mehri-məlum bəzəni dili qəbul nəmudəm bər Xudayar bər mehri-məlum.

Daimi övrətliyə verdim Zeynəbi Xudayara 50 manat mehr üzərinə. Daimi övrətliyi qəbul elədim Xudayara 50 manat mehr üzərinə.

Allahhümmə! Əllif beynəhüma bihəqqi Məhəmmədin və alihi və bihürməti surətil- “fatihə”!

Qazı fatihə surəsini oxuyub, “allah mübarək eləsin”- deyib, əlindəki kəbin kağızını qoydu qabağına və üzünü tutdu oturanlara.

- Di gəlin, qol çəkin.

Oturanların biri Xudayar bəy idi. Xudayar bəy oturmuşdu yuxarı başda diz üstə. Xudayar bəydən aşağı oturmuşdu iyirmi iki-iyirmi üç sinndə bir cavan oğlan. Bu, Danabaş (kəndinin) qlavasının yasovulu və Xudayar bəyin rəfiqi Qasıməlidir ki, biz tanıyırıq. Qasıməlidən aşağı oturmuşdu genə iki şəxs; birinin sinni olardı otuz-otuz iki, o birinin sinni qırxdan yuxarı olmazdı. Bunlar həmçinin danabaşlıdırlar. Əvvəlkinin adı Kərbəlayı Qafar və ikincisinin adı Kərbəlayı Səbzəlidir. Bunlar hər ikisi Xudayar bəyin sədaqətdi və köhnə rəfiqləridir.

Söz yoxdur ki, bizə məlumdu ki, bu ağalar nə səbəbə indi gəlib, burada əyləşiblər. Bunları Xudayar bəy gətirib: Qasıməli Zeynəb tərəfindən vəkildi və qalanları şahiddilər.

Əlbəttə, biz bunu da bilirik ki, bunların vəkillikləri və şahidlikləri saxtadı. Bu səbəbə Xudayar bəyin tədbirinə görə bunlar üçü də qazıya özlərini özgə cür nişan verib, adlarını dəyişdilər. Qasıməli adını qoymuşdu Vəliqulu ki, olsun Zeynəbin oğlu. Qazıya dedi ki, anam Zeynəb məni bu xüsusda vəkil edib; yəni Xudayar bəyə getmək rizasını veribdi. Kərbəlayı Qafar adını qodu Kərbəlayı Baxşalı. Kərbəlayı Səbzəli də adını qoydu Məşədi Orucəli. Bunlar hər ikisi Qasıməlinin vəkilliyinə şəhadət verdilər.

Bəli qazı fatihə surəsini oxuyub, “allah mübarək eləsin”- deyib, əlindəki kəbin kağızını qoydu qabağına və üzünü tutdu oturanlara, hansılarını ki, sizə tanıtdım:

- Di, gəlin, qol çəkin.

Qasıməli cəld cavab verdi:

- Qazı ağa, mən qol çəkə bilmirəm.

Qasıməli verən cavabı Kərbəlayı Qafar da və Kərbəlayı Səbzəli də dedilər.

Qazı təəccüblə soruşdu ki, yəni necə qol çəkə bilməzlər? Üçü də cavab verdilər ki, dəst-xətləri yoxdu; yəni bisavad adamdılar. Qazı onlara dübarə dedi ki, elədə pəs gərək gedib elə adam gətirələr ki, onların əvəzindən qol çəksin. Bunlar qazıdan təvəqqə elədilər ki, elə qazı özü onların əvəzindən qol çəksin. Qazı bir qədər duruxdu və bu əmrə razı olmadı. Qasıməli durdu ayağa ki, gedib bir adam gətirsin. Qapının ağzında durub, bir fikir elədi və üzünü tutdu qazıya səmt:

- Axı, qazı ağa, mən bu qürbət vilayətdə kimi tanıram ki, gedim tapım gətirim? Gəl elə sən özün qol çək bizim əvəzimizdən.

Qazı əgər əvvəl razı olsaydı da bunların əvəzindən qol çəkməyə, indi dəxi heç vəch ilə olmaz. Ondan ötrü ki, bunların danışmağından və Qasıməlinin bu axırıncı sözündən bir az bədgüman oldu ki, məbada bunlar hiylə eləyələr. Qazı təcrübəli adamdı. Bu cəhətə Qasıməliyə təkidnən dedi:

- Dəxi çox danışmağın mənası yoxdur. Bayaq getsəydin, indi adam gətirmişdin.

Yarım saat keçmədi ki, kəbin məsələsi tamam oldu. Qazı dübarə xeyr-dua elədi və Xudayar bəy, Qasıməli və hər iki kərbəlayılar durdular ayağa ki, getsinlər Xudayar bəy üzünü tutdu qazıya:

- Qazı ağa, bir məsələm var. Söz yox, indi o arvad oldu mənim kəbinli arvadım. Amma söz burasındadır ki, qazı ağa, o arvad bir az bədxasiyyətdi. Yəni o qədər də bədxasiyyət deyil, bir az belə dəlisodur. Yəni dəliso da deyil, belə bir az huşu başında deyil, dəliyə oxşayır. Söz yox, indi siz özünüz də görürsünüz ki, onun mənə gəlmək xahişi var. Vəliqulu, belə deyilmi? Bəli, bu kişi özü heç danmır ki, anası bir az dəlisodu; yəni bir az huşu başında deyil. İndi işdi, biz gerdik kəndə və gördük ki, arvadın, yəni Zeynəb arvadın dəliliyi tutub, onda pəs mənim təklifim nədi?

Qazı istəyirdi ki, ağzını açıb bir söz desin, amma Qasıməli qabaqladı:

- Doğrudu, qazı ağa. Başın üçün mənim anamın bir az huşu başında deyil, elə rəhmətlik atam Kərbəlayı Heydər öləndən anam gün olmaz ki, ağlamasın. Elə o qədər ağladı ki, qüssədən axırda dəli oldu. Doğrudan, qazı, mənim anamın bir tutması var. Tutması tutanda da allah görsətməsin, öhdəsindən öhdəsindən gəlmək olmur.

Qazı təsbehi çevirə-çevirə dedi:

- Niyə, olan, məgər sizin kəndinizdə ağsaqqal yoxdu? Məgər sizin kəndinizdə dəlilər, divanələr öz başınadılar? Gərək belə zad olmuya. Şəhərdə ki, belə zad yoxdu. Şəhərdə birisi dəli oldu. Onu tutub qatırlar dama. O qədər kötək vururlar, o qədər ac-susuz saxlayırlar ki, ağlı başına gəlir.

Qazı sözünü qurtardı və Xudayar bəy dübarə soruşdu:

- İndi işdi, qazı ağa, nə bilmək olur, indi işdi biz getdik gördük ki, Zeynəb arvadın tutması tutub, deyir ki, mən filankəsə getmirəm, onda pəs mənim təklifim nədi? Çünki o arvad o qədər dəlidi ki, o qədər huşsuzdu ki, qorxuram ki, lap dana, deyə ki, mən oğlumu heç vəkil eləməmişəm.

Kərbəlayı Qafar Xudayar bəyin sözünü möhkəmləndirməkdən ötrü dedi:

- A kişi, ağzı nədi desin ki, mən oğlumu vəkil eləməmişəm?! Pəs burada nəçiyik? Bizim hər ikimizin yanında vəkil eliyibdi. O deməyə kim baxar?

Qazı sağ əlini Xudayar bəyin çiyninə uzadıb, mehriban-mehriban dedi:

Əzizim, sənin heç işin yoxdu. Sən get kəndə, Zeynəb övrətə xəbər ver ki, yığışıb gəlib sənə övrət olsun; necə ki, özü razıçılıq veribdi və oğlunu vəkil eliyibdi. Əgər dursa çəm-xəm eləməyə, əgər dedi ki, xeyr, mən gəlmirəm, ya oğlumu vəkil eləməmişəm, onda sən əlüstü gəl mənə xəbər gətir, ya xeyr, bir ərizə yazdır gətir mənə. Mən də yazım nəçərnikə ki, filankəsin övrəti ərinin evindən qaçıb, ərinə itaət eləmir. Onda onu it ölüsü kimi sürüyüb, salarlar sənin evinə. Lap arxayın olun və gedin.

Xudayar bəy, Qasıməli, Kərbəlayı Qafar və Kərbəlayı Səbzəli danışa-danışa Buzxana məhəlləsinin uzun küçəsini gəlib çıxdılar başa. Hamamın yanına yetişcək Xudayar bəy dayandı və “ox, yoruldum” – deyib çökdü hamamın səkisinə və çubuğuna çıxardıb başladı doldurmağı. Hamamdan çıxan övrətlər təəccüblə bunlara baxıb, bəziləri gülə-gülə, bəziləri mırtdana-mırtdana kəndlilərin yanından keçıb gedirdilər. Axırı kəndlilər başa düşdülər ki, bura oturmalı yer deyil. Əvvəl Xudayar bəy durdu ayağa və dedi:

- Balam, burdan gedək. Arvaddan xata gələr, gəlin gedək.

Ağalar bir qədər də gedib, oturdular çayın kənarında bir uçuq divarın üstə. Xudayar bəy əlində çubuq çömbəlib, dirsəklərini dizlərinin üstünə dayayıb, başını əymişdi aşağa və dinmirdi. Qalanları durmuşdular ayaq üstə. Xudayar bəy çubuğu bir-iki sümürüb püflədi və üzünü heç yana çöndərməyib başladı:

- Nə deyirsiz, indi hara gedək?

Qasıməli cavab verdi:

- Hara gedəcəyik, gedək kəndə da.

Xudayar bəy bir qədər fikirləşəndən sonra başını qaldırmayıb dedi:

- Yaxşı, gedirsiniz gedək.

Xudayar bəy qalxdı ki, dursun ayağa, Qasıməli və Kərbəlayı Səbzəli həmçinin durdu ayağa. Amma Kərbəlayı Qafar hərəkət eləməyib, üzünü Xudayar bəyə tutub başladı:

- Xudayar bəy, mən istəyirəm indi bir söz deyim. Qardaş, mən təcrübəli adamam, hərçənd sinnim cavandı. Qardaş, mən and içirəm ki, o arvad heç vəchlə öz xoşuna gəlib sənə arvad olmuyacaq. Xetr, olmuyacaq. Mən ki, onu tanıyıram, heç vaxt olmaz.Əgər doğrudan onu öz xoşuna qoysan, heç vaxt gəlməz. Demirəm, bəlkə divan gücü ilə ola. Mən məsləhət görürəm elə indi ki, burdasan, dəxi təxirə salmıyasan, elə indi bu saat, elə bu gün gedib nəçərnikə şikayət edəsən ki, mənim arvadım mənə itaət eləmir, mənim evimdə oturmur. Bunu lap məsləhətli iş görürəm. Ta bilmirəm indi siz nə məsləhət görürsüz...

Xudayar bəy dübarə oturub, irəliki kimi başını saldı aşağa. Bi oturan kimi Qasıməli ilə Kərbəlayı Səbzəli də oturdular. Kərbəlayı Səbzəli bu əmrə razı olmadı və bu cür dedi:

- Xeyr, bu iş yaxşı iş deyil, allaha xoş getməz. Bəlkə elə arvad bir söz demiyəcək;bəlkə elə razı olacaq. Niyə dəxi nahaq yerə nəçərnikə deyəsən, nəçərnik da yazıb, arvadı gətirtsin divanxanaya. Xeyr, arvad yazıqdı, yazıqdı arvad. Allaha xoş getməz!

Bir qədər mübahisədən sonra məsləhət belə görüldü ki, elə indi bu saat Xudayar bəy gedib nəçərnikə şikayət eləsin.

 

*        *        *

 

Bu gün Məhəmmədhəsən əmi də gəlmişdi şəhərə. Yazıq qoca kişi piyada və ayaqyalın, başmaqlarını alıb əlinə və cibinə bir-iki çörək qoyub, gəldi şıxdı şəhərə və üz qoydu qabaqca deyilən karvansaraya.

Haman vaxt Kərbəlayı Cəfər darvazanın səkisində oturub, pendir-çörək yeyirdi. Məhəmmədhəsən əmi yeridi Kərbəlayı Cəfərin yanına və salam verib dedi:

- Atan rəhmətdə Kərbəlayı, zəhmət çək ulağı çıxart aparım. And olsun allha, sabah züvvar çıxacaq, eşşəkdən ötrü lap məəttələm. Dur, dur, allah atana rəhmət eləsin...

Məhəmmədhəsən əmi sözlərini deyəndən sonra yəqin elədi ki, bu odabaşı kardı, qulaqları eşitmir. Yəni Məhəmmədhəsən əminin yerinə özgəsi də olsa idi, belə güman elərdi. O səbəbə ki, Məhəmmədhəsən əmi bu sözləri deyib qurtardı, amma Kərbəlayı Cəfər nəinki bir cavab vermədi, bəlkə üzünü də çöndərib baxmadı ki, görüm bu sözləri deyən kimdi, bəlkə hərəkət də eləmədi. Ancaq şirin-şirin çörək yeməkdə idi. Məhəmmədhəsən əmi doğrudan onu kar hesab eləyib irəli yeridi və başını aşağı əyib, uca səslə dedi:

- Ay Kərbəlayı, allah atana rəhmət eləsin, zəhmət çək o eşşəyi çıxart aparım. And olsun allaha, sabah züvvar çıxacaq, eşşəkdən ötrü lap məəttələm...

Bu heyndə Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmmədhəsən əmini lap qorxutdu:

- Cəhənnəmə məəttəlsən! Gora məəttəlsən! Da neylim məəttəlsən? Pəh, dəng olduq. Axı mənə sən eşşək tapşırmısan? Dəli-divana deyilsən ki! Yoxsa keflənmisən?

Məhəmmədhəsən əmi hər iki əllərinin kəfəsini Kərbəlayı Cəfər əminin qabağına uzadıb yalvarır:

- Ay Kərbəlayı, gəl sən allaha bax, mənim ulağımı ver qoyum gedim işimə. Allah xatırına məni avara eləmə.

- Əzizim, sən kimin yanında mənə eşşək tapşırmısan? Əvvəla budur ki, sənin eşşəyin tövlədə də olsa, sənə heç vaxt verə bilmərəm. O səbəbə ki, eşşəyi mənə sən tapşırmamısan ki! Və bir də ki, eşşək burda deyil. Eşşəyi hər kəs gətirmişdi, o da apardı. Yoxsa burda eşşək harda idi.

- Yəni Xudayar bəy apardı?

- Nə bilim hansı bəy apardı. Sizin kəndin katdası apardı.

- Pəs bilmirsən hara apardı?

- Nə bilim? Cəhənnəmə apardı.

- Bəlkə apardı Hedərxan körpüsünə daş daşısınlar?

Kərbəlayı Cəfər heç cavab vermədi. Məhəmmədhəsən əminin suallarından təngə gəlib durdu ayağa və üz qoydu bazara səmt getməyə. Genə Məhəmmədhəsən onu çağırıb təvəqqə elədi ki, barı desin görək Xudayar bəy eşşəyi hara aparıbdı. Kərbəlayı Cəfərin görükür ki, Məhəmmədhəsən əmiyə rəhmi gəldi, qayıdıb gəldi onun yanına, bir az yumşaqlıqnan dedi və and içdi ki, doğrudu, Xudayar bəy eşşəyi çatmışdı karvansaraya, amma genə çıxarıb apardı. Məhəmmədhəsən dübarə soruşdu ki, pəs hara apardı? Kərbəlayı Cəfər “cəhənnəmə apardı” cavabını verib, üz qoydu bazara səmt getməkliyə.

Məhəmmədhəsən əmi çox yorulmuşdu. Danabaş kəndindən şəhərə iki ağac yarım yoldu. Bu qədər yolu piyada gələsən, özün də qoca kişi olasan, əlbəttə, yorulacaqsan. Məhəmmədhəsən əmi darvazanın səkisində Kərbəlayı Cəfər oturan yerdə oturub, dalını dayadı divara və dizlərini qucaqlayıb cumdu fikrə. Vaqeən Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu.

Bəli, xəyalət yazıq qoca kişini hər yandan bürüdü. Əvvəl keçən günləri yadına düşdü; yəni uşaqlığı. “Heyf, heyf sənə uşaqlıq! Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir”. Sonra uşaqlıqdan keçdi cavan vaxtlarını saldı yada. Əvvəl bir qədər əmilərindən giley elədi ki, onun mal-dövlətini yeyib, onu kasıblıq dərdinə düçar elədilər. Sonra qürbətə gedib əliboş qayıtmağı yadına düşdü. Genə bir ah çəkib, şükür elədi.

Müxtəsər, sinninin hər guşəsinə əl uzatdı, baxdı gördü onun alnına məhz bir qaragünçülük yazılıbdı. Amma hamıdan artıq Məhəmmədhəsən əminin ürəyi bir zaddan sarı sıxılırdı. Məhəmmədhəsən əminin ürəyi ona sıxılırdı ki, söz yox, bu işlərin hamısı allah-taalanın öz işidi, heç bir şey yoxdu ki, xudavəndi-aləm ondan bixəbər olmasın. Pəs bunun indi ulağının başına bu iş gəldi, axı aşkar şeydir bu eşşəyin başına bir şey gəlsə, axı o, Kərbəlaya ziyarətindən qalacaq. Pəs indi bunu nə tövr başa düşmək? Bu yol mübarək yoldu. Bu yol Kərbəla yoludu. Bu yol gözəl yoldu. Birisi ki, bu mətləbə düşdü, Kərbəlaya getmək niyyəti elədi, lazımdır ki, allah-taala ona hər işdə kömək olsun. Pəs bir surətdə ki, indi onun eşşəyini gətirib burada istəyirlər batıralar, pəs nə səbəbə görəsən xudavəndi-aləm öz qüdrət əli ilə bu işləri düzəltmir və günahkarlara, baislərə qəzəb eləmir? Pəs görükən budu ki, heç allah-taalanın vecinə deyil Məhəmmədhəsən əmi ziyarətə getdi, ya yox; yəni allah-taalanın ona, yəni Məhəmmədhəsən əmiyə iltifatı yoxdu.

 Bu cür xəyalat Məhəmmədhəsən əminin artıcaq ürəyini sıxırdı. Bir qədər də fikir eləyəndən sonra Məhəmmədhəsən lap yəqin elədi ki, allah-taala ola bilər ki, onun ziyarətə getməkliyinə əslən razı deyil ki, onun başına bu işlər gəlir.

İki saata yavıq Məhəmmədəhəsən əmi burada oturub, bu cür xəyalatnan keçirdi. Sonra genə “şükür” deyib durdu ayağa. Və bir saata yavıq şəhəri o üzə-bu üzə dolandı ki, bəlkə Xudayar bəyi tapa. Axırda üz qoydu nəçərnik divanxanasına səmt. Məhəmmədhəsən əmi o səbəbə nəçərnik divanxanasına gəlmir ki, şikayət eləsin Xudayar bəydən, ya karvansaraçıdan. Xeyr, allah eləməsin. Məhəmmədhəsən əmi dinc adamdı. Şər ilə, şıltaq ilə arası yoxdu. Və bir də ki, indiki əsrdə şikayət eləməkliyin özzü də elə bir çətin  işdi. Ondan ötrü ki, şikayətçi gərək yəqin eləyə ki, şikayəti möhkəm eləyə biləcək. Şikayət də şahidnən möhkəm olar. Amma Məhəmmədhəsən əminin şahidi yoxdu. Ondan ötrü ki, pulu yoxdu. Söz yox, Xudayar bəyin də pulu yoxdu. Söz orasındadır ki, Xudayar bəyin əlində yekə dəyənək var. Nə vaxt kefi istəyir qaldırır, nə vaxt kefi istəyir yendirir.

Danabaş kəndində bu yekəlildə zoğal dəyənəyinin hörməti heç pulun hörmətindən az deyil. O ixtiyar ki, dəyənəkdə var, bəlkə pulda yoxdu. Bu səbəblərin hamısına görə və bir də o səbəbə görə ki, Məhəmmədhəsən əmi əslində fəqir  adamdı, bu səbəblərin hamısına görə, Məhəmmədhəsən əmi heç vaxt Xudayar bəydən çikayət eləməzdi.

Məhəmmədhəsən əmi divanxanaya girməkdə, nəçərnik də divanxananın balkonuna çıxmaqda. Nəçərnik əli ilə işarə elədi, Məhəmmədhəsən əmi pilləkəni çıxıb, gəldi nəçərnikin yanına. Bəlkonda üç-dörd atlı əllərini yanlarına salıb, cərgə ilə durmuşdular. Nəçərnik bunların birisini çağırıb, üzünü tutdu Məhəmmədhəsən əmiyə və rusca bir zad dedi. Yavuğa gələn atlı tərcümə elədi ki, ağa deyir bura gəlməkdə nə mətləbi var desin. Məhəmmədhəsən əmi lap karıxdı və əvvəl bilmədi ki, nə desin, sonra qızara-qızara, utana-utana, titrəyə-titrəyə üzünü tutdu atlıya:

- Ağa, doğrusu, mənim eşşəyimi bilmirəm Heydərxan körpüsünə daş daşımağa aparıblar, ya da ki, karvansaraçı məni aldadır, deyir ki, burda deyil.

Atlı Məhəmmədhəsən əmi dediyindən bir zad başa düşmədi. Nəçərnik onun üstünə çığırıb qovdu kənara və rusca atlılara dedi ki, içəridən dilmancı çağırsınlar. Bu heyndə bir uca boylu oğlan əlləri yanında qaçıb gəldi nəşərnikin yanına. Nəçərnik genə dilmanca bir söz dedi və dilmanc üzünü tutdu Məhəmmədhəsən əmiyə:

- Kişi, nə deyirsən?

- Vallah, ağa bilmirəm mənim eşşəyimi ya Hedərxan körpüsünə aparıblar, ya da ki, karvansaraçı saxlayıb. Bilmirəm nə səbəbə vermir. Sabah züvvar çıxır. Mən lap məəttəl qaldım.

Bu danışıq çox uxun çəkdi. Məhəmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki, nəçərnik başa düşə bilmədilər. Nə qədər dilmanc təkid elədi ki, Məhəmmədhəsən əmi əhvalatı aşkar və açıq desin ki, bir zad başa düşmək olsun, amma heç başa gəlmədi. Ancaq  Məhəmmədhəsən əminin sözü bu oldu: “Vallah mənim eşşəyimi, ağa, bilmirəm Hedərxan körpüsünə aparıblar, ya da ki, karvansaraçı saxlayıb vermir”.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info