Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Eşşəyi qatıb karvansaraya Xudayar bəy üz qoydu bazara. Yeddi girvənlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına və bazardan çıxıb Buzxana məhəlləsini tutub başladı getməyi. Bir qədər gedib, çöndü sol küçəyə. Bu küçəni başa kimi gedib, genə çöndü sol səmtə. Bir dar küçəynən gedib və arxı tullanıb, bir alçaq qapının yanında durub qəndi qoydu yerə və başladı üst-başının toz-torpağını təmizləməyi. Sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini çırpıb qoydu başına. Qəndi vurdu qoltuğuna, bir öskürüb dəqqülbab elədi. Həyətdən bir övrət səsi gəldi:

-O kimdi?

Xudayar bəy bir də qapını döydü. Bir az keçdi, dörd-beş yaşında bir qız uşağı qapını açıb və Xudayar bəyi görən kimi qapını örtüb qaçdı həyətə. Həyətdən qızın bu cür səsi gəldi:

-Buy ana, qapıda bir yekə kişi durub!

Xudayar bəy qızın sözlərinə bir qədər gülüb çağırdı qızı:

-Ay qız, qazı ağa evdədi?

Qız o qədər Xudayar bəydən qorxdu ki, cürət eləmədi cavab versin. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlayıb təəccüb ilə gözlərini  dirədi Xudayar bəyin gözünə.

-Qazı ağa evdədi?

-Evdədi sözünü de.

-Qazı ağanı görmək istəyirəm.

Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu; sonra gəldi, qapını açdı və dedi:

-Gəl.

Xudayar bəy başını əyib, qapıdan içəri girib, iki pillə yendi həyətə. Görükən budur ki, qazının övrəti həyətdə paltar yuyurdu; çünki oğlan qapını açmamış xəbərdarlıq verdi:

- Xanım, kənar ol, adam gəlir.

Həyətin bir səmtində var idi əngənək[11], yanında çoxluca yuyulmuş paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib, qapının yanında göl durmuşdu. Xudayar bəy girdiyi yer əsla həyətə oxşamırdı; çünki burda dörd divardan savayı bir şey yox idi. Həyətin eni on addım və uzunu on beş addım ancaq olardı. Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic. Vəssəlam. Bəlkə bura qazının dal həyətidir; çünki bu şəhərdə ev yoxdur ki, onun bağçası olmasın. Qərəz, əgər qazının bağı-bağçası olmuş-olsa, Xudayar bəy bu girdiyi dal həyətdən savayı qeyri bir şey görmədi.

Oğlan həyətin sağ səmtindən girdi bir dar yola, yox oldu. Bir az keçdi, bir qoca kişi, beli bükülmüş, haman dar yoldan çıxıb, sol əli cibində və sağ əli gözlərinin üstə, bir qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə:

- Sözün nədir, dadaş?

- Əmi, qazı ağanı görəcəyəm, işim var.

- Sən haralısan, əzizim?

- Mən Danabaş katdası Xudayar bəyəm, qazı ağanı görmək istəyirəm.

- Geymənin altındakı nədir, qadan alım?

- Qənddir, gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var onda, bu da ağız şirinliyidir.

Qoca kişi gəldiyi yol ilə qayıtdı getdi. Bir neçə dəqiqədən sonra cavan oğlan dar yoldan çıxıb, əli ilə Xudayara işarə elədi gəlsin. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib, girdi qəhvəxanaya və başmaqlarını çıxardıb, oğlanın dalısınca girdi qazının otağına.

Xudayar bəy içəri girən kimi belə döyükdü ki, salamı da yadından çıxardı. O çox təəccüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. Söz yox, əlüstü başa düşdü ki, qoca kişi elə qazının özüdür. Qazı çoxdan duymuşdu ki, bu kişi xam düşübdür. Bu səbəbə nəinki Xudayar bəyin salam verməməsindən rəncidə olmadı, hələ bəlkə özü ayağa durub salam verib, bəyə yuxarı başda yer görsətdi.

Xudayar bəy dübarə salam verib, keçdi yuxarı başa və oturub qəndi qoydu yerə.

Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdür bir neçə samovar, sandıqça, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən. Beş on taxta doludur boxça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb pürbaha qalı və qalçalar.[12]

Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyuca qalanıbdı çox qalça, keçə, kilim və palaz. Bir tərəfdən çadirşəbə bükülü qoyulub cərgə ilə dörd-beş dəst yorğan-döşək. Qazı məxmər döşək üstə oturub dayanmışdı cüt yastığa.

Elə ki, Xudayar bəy qəndi çıxardıb qoydu yerə, qazı gülə-gülə üzün tutub Xudayar bəyə dedi:

- Bəy, bu qənd nədi, bu nə işdi?

Xudayar bəy gülə-gülə cavab verdi:

- Qazı ağa, bir xeyir işimiz var. Bu qəndi gətirdim ağız şirinliyi olsun.

- Ay şirin kam olasan, mənim qardaşım. Yəqin ki, kəbin kəsdirəcəksən.

- Xeyr, qazı ağa, kəbin deyil, siğədir.

- Nə eybi var, siğə dəxi yaxşı... Çox gözəl, çox gözəl. Allah mübarək eləsin. Siğəni sən özün eləyirsən, ya özgəsi eləyir?

- Xeyr, qazı ağa, özüm eləyirəm əgər iş düzəlsə.

Qazı üzünü qapıya səmt tutub, nökərini çağırıb ona buyurdu ki, qəndi ortalıqdan götürsün, qəlyan doldursun və çay gətirsin. Sonra genə üzünü tutdu Xudayar bəyə:

- Necə buyurdun, iş düzəlsə?

- Bəli, qazı ağa, əgər işi bir tövrnən yoluna qoysanız, biz sizə duaçı olarıq.

- Dəxi nə tövrü var ki! Siğədi, oxuyaram qurtarıb gedər da.

- Yaxşı buyurursan,qazı ağa, amma lazımdı ki, övrət tərəfindən bir vəkil olsun.

- Əlbəttə, mən demirəm ki, vəkil olmasın. Vəkil də gərək olsun. Vəkilsiz, şahıdsız siğə oxunmaz ki.

Xudayar başını saldı aşağı, bir qədər fikir eləyib cavab verdi:

- Bəli, belədi.

Qazı dübarə üzünü tutdu Xudayar bəyə:

- Pəs hansı sənin vəkilin və şahıdların?

- Hələ ki, nə vəkil var, nə şahıd. Görək necə olacaq.

Qazı çox təəccüb elədi:

- Bə sənin nə vəkilin var, nə şahıdın var, haradan mən siğə oxuyacağam?

- Bəli, belədi, qazı ağa, belədi.

- Vallah, mən sənin sözlərindən baş açanmıram. Əgər siğə oxutmaq istəyirsən, gərək övrət tərəfindən vəkil gələ, mən də siğəni oxuyam. Əgər vəkillər və şahıdlar burda deyil, qalsın sonraya. Onlar da gəlsin, o vaxt siğə oxuyum. Ya xeyr, burda özgə bir maneçilik var, ta orasını da özün bilərsən.

Xudayar bəy qazının sözlərindən sonra bir qədər də xamuş olub və sonra dikılib və qapıya səmt baxıb alçaq səs ilə dedi:

- Doğrudan doğrusu, qazı ağa, mənim bir mətləbim var. Allahdan gizlin deyil, dəxi səndən niyə gizlin olsun.

- De, de görək. Əlbəttə, məndən dəxi niyə gizlədəsən?!

Qapı açıldı, cavan oğlan padnos içində iki stəkan çay gətirib, birini qoydu qazının və birini də Xudayar bəyin qabağına. Qazı oğlana işarı elədi durmasın otaqda. Oğlan çıxıb gedəndən sonra Xudayar bəy alçaq səs ilə başladı:

-Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandı fikrimdədi onu siğə eləyim; amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə bəlkə bir çarə tapasınız.

Bu heyndə haman qız uşağı başını qapıdan soxdu içəri və dedi:

- Dədə, anam burdadı?

Qazı qızın üstünə çığıran kimi qız rədd oldu. Sonra cavan oğlan qəlyanı gətirib qoydu qazının qabağına. Oğlan istədi dursun, qazı getməyi işarə elədi. Qazı qəlyanı damağına salıb, üzünü tutdu qonağa.

- İndi pəs nə tövr deyirsən eləyək?

-  Başına dönüb, qazı ağa, hər necə olmuş-olsa, gərək düzəldəsən bu işi.

Qazı qəlyana bir bərk qullab vurub, başını bulaya-bulaya deyir:

- Bəli, gətdiyin iki girvənkə qənddir, zornan övrəti gətirib qatarıq sənin qoynuna. Get, ay həpənd!

Xudayar bəy qazının sözünün cavabına bir qədər dikəlib və sağ əlinin şəhadət barmağını yuxarı qalxızıb dedi:

- Bax, ey qazı ağa, and olsun o bizi yaradan allaha, sən əgər mənim bu işimi  aşırsan, mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyəm.

- Bəradərim, mənə sənin başın lazım deyil, allah sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu.

Qazı bu sözləri deyəndə sağ əlini də yerdən böyük kəllə qəndin boyuca qaldırmışdı yuxarı.Sözünü deyib qurtardı, amma əlini çəkmədi. Bu halətdə saxlayıb diqqət ilə baxırdı Xudayar bəyin üzünə. Əlini o vaxt yendirdi ki, Xudayar bəy razılıq cavabı verdi.Xudayar bəyin cavabı bu oldu:   

- Qazı ağa, fikrini hara dağıdırsan? Mən bir para adamlardan deyiləm ki, söz deyil, vədə verim, dalısında durmuyum. Kişi börkü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. Pəs şəxsi ki, üzdə bir söz dedi, çıxdı eşikdə özgə söz danışdı, dəxi onda kişilik sifəti qalmadı ki! Sən bir kəllə rus qəndi deyirsən, mən on bir kəllə gətirim. Ürəyini niyə sıxırsan. Pulum yoxdu mənim? Xeyr, dövlətindən oqədər varımdır, heç sənin təki ağaların yanında xəcalət qalmaram. Heç fikrini özgə yana dağıtma.

Xudayar bəy sakit oldu. Qazı başladı:

- Allah səni xəcalət eləməsin öz birliyi xatirinə. Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdır. Mən indi müsinn[13] adamam. Mənim olar həştad və bəlkə dəxi də artıq yaşım. Özümə görə də təcrübə hasil eləmişəm. Mən şəxsin üzünə baxan kimi bilirəm ki, nə tövr adamdır. Və bir də zahir batinin aynasıdır. Mən sənin üzünə baxan kimi yəqin elədim ki, sən necə adamsan. Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən... Amma xeyr, maşallah artıq ləyaqətli  adamsan. Mən də səninlə elə rəftar eləmərəm ki, axırda sənin yanında xəcalət olum. Mənə nə lazımdır on bir kəllə qənd. Sən mənə iki kəllə qənd gətirsən, birini doğrayıb paylaram füqərayə, ancaq, ağız şirinliyindən öyrü,- necə ki, özün də buyurdun,- bir kəllə rus qəndi səndən alacağam. Vəssalam. Mənim yoxsa artıq təməim yoxdur. Söz yox, əgər qəndin yanındaca bir girvənkə çay gətirsən, nə sözüm var?

- Bax bu gözüm üstə, bax bu gözüm, bax gözüm üstə, üstə, bax bu gözüm üstə...

Bu sözləri deyirdi və sol əlini qoyurdu gah sağ gözünün, gah sol gözünün üstə. Axır sözünü bu cür taman elədi:

- Dəxi sözün nədi, qazı ağa? Bunlar hamısı baş üstə. İndi bəs sən mənim  işimi nə tövr sazlayacaqsan?

Qazı başını saldı aşağı, bir qədər təsbeh çevirib “ya allah” dedi və durdu ayağa, getdi kitabları eşib, bir qara cildli kitab gətirib açdı. Gözlüyü taxdı gözünə və başladı alçaqdan oxumağı. Qazının səsi çıxmırdı, ancaq dodaqları tərpəşirdi. On dəqiqə çəkdi qazının oxumağı. Sol əlinin şəhadət barmağını kitabın bir yerində saxlayıb, üzünü tutdu Xudayar bəyə:

- Bilirsən, bəy, bu məsələ şətin məsələdir. Belə işlər az-az ittifaq düşər. Kitaba ondan ötrü baxıram ki, görək şəriət bu xüsusda nə buyurur.

Qazı bu sözü deyib genə cumdu kitaba, bir qədər oxuyub sevincək kitsbı bükdü qoydu qabağına.

- İnşallah kəşf edəcəyəm bu məsələni, kəşf edəcəyəm. Bəy, buyur görək qənd və çay nə vaxt gələcək?

- Qazı ağa, elə bu saat, elə deyirsən durum bu saat gedim alım gətirim. Mənim əlimdə çətindir?

- Əzizim, qəndi və çayı gətirərsən qoyarsan buraya, sonra gedib üç-dörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. Amma gərək o şəxslər hamısı sənin rəfiqlərindən ola. Onların birisi gəlib mənə deyər ki, həmin övrət mənim anamdır. Bu şəxsə, yəni sənə gəlmək istəyir və məni bu xüsusda vəkil eləyibdi. Qeyriləri də şəhadət verərlər. Vəssəlam. Mən də siğəni oxuram, qurtarıb gedər.

- Qazı ağa, əgər iş bu cür qurtaracaq, bu lap asan işdi. Üç-dörd nədi, yüz adam kəndimizdən tökərəm bura. Hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər. Kimin ağzıdı mənim sözümdən çıxsın?

Bu sözləri deyib Xudayar bəy durdu ayağa.

- Gedim görüm kəndimizin adamlarından şəhərdə kimi tapa biləcəyəm.

Xudayar bəy qapıdan çıxmaq istəyirdi, qazı çağırıb dedi:

- Bəy, içəri zəhmət çək, sənə iki vəsiyyətim var. Əvvəla budur ki, qənd-çaya, söz yox, pul verəcəksən. O pulları sən çöldən tapmamısan ki... Əlbəttə alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun.

Xudayar bəy:

- Baş üstə,- deyib istədi çıxıb getsin. Qazı genə çağırıb qaytardı otağa.

- Əzizim, mən ərz elədim iki vəsiyyətim vər; birini dedim, birini də deyim, ondan sonra azadsan.

- Buyur, qazı ağa.

- İkinci vəsiyyətim budur ki, bizim bu işimiz gərək ölən günə kimi öz yanımızda qalsın.

- Ay, qazı ağa, uşaqsan? Məni elə nadan bilmə.

- Qulaq as, sözümü qurtarım. Bəli, bu iş gərək məxfi qala.

- Necə gərək qala?

- Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi şər, əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlararının arasında qala. Vəssəlam. İndi gedə bilərsən.

- Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə belədi..

Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb, üz qoydu getməkliyə.

 

III

 

 Xudayar bəy sevincək tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb, üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub, getdi girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı. Karapet ağa qələmi qoydu yerə və təəccüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb, tutdu Karapet ağanın qabağına.

- Zəhmət olmasa bir ispiçkə çək, bu qovu yandırım.

Karapet ağa qeyznən cavab verdi:

- Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil! 

Bu sözləri deyə-deyə Karapet ağa ayaq üstə durub deyəsən ki, istəyirdi qəfəsənin dalısından sıçrayıb, Xudayar bəyi alıb yatsın.

Xudayar bəy bir az sinib çəkildi kənara. Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O haradan güman eləyərdi ki, Karapet ağa od verməyəcək, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb Danabaş kəndində. Burada ki şəhərdi. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz.

Xudayar bəy üzünü bir az turşudub və qaş-qabağını töküb, bu cür Karapet ağanın cavabını verdi:

- Xozeyin, sən nahaq yerə çığırırsan. Mən gəlməmişəm ki, sənin dükanını çapıb talıyam. Mən gəlmişəm səninlə sövdə eləyim. Dəxi sənin mənim üstümə çığırmağın lap artıqdı. Mən gəlmişəm səndən qənd alam.

- Bəli, sən məndən yarım girvənkə qənd alacaqsan, mən duraram sənin əllərindən öpərəm.

Xudayar bəy çubuğun tənbəkisini doldurdu kisəsinə və çubuğunu taxdı belinə və cavab verdi:

- Xozeyin, əvvəl sən tanı gör mən kiməm, sonra mənim üstümə çığır. Mən sən deyəm adamlardan deyiləm ki, gəlib yarım girvənkə qənddən ötrü sənə baş ağrısı verim. Mən Danabaş kəndinin katdası Xudayar bəyəm. Mən gəlmişəm nəinki yarım girvənkə qənd alam, mən səndən bir kəllə qənd alacağam, yekə kəllələrdən.

Karapet ağa bir az yavaşıdı:

- Mənim gözüm üstə. Mən nə deyirəm ki! Mən demirəm ki, sən niyə məndən bir kəllə qənd almırsan. Mən onu deyirəm ki, sən yaxşı eləmədin mən yazı yazan vaxtda qovu uzatdın mənim qabağıma. Mənim indi yazıda qələt düşdüm. Mənim indi zəhmətim lap çox oldu. Gərək sən gedəndən sonra bu yazdığımı bir də yazam.

- Qərəz, ta indi keçib. Hər nə olub, olubdu. Qəndi indi neçəyə verəcəksən mənə?

Karapet ağa qəfəsənin taxtasını qovzayıb çıxdı kənara və gəldi qalanmış qəndin yanına və əlini kəllələrin birinin üstünə qoyub başladı:

- Bax, qardaşım bəy, bu qənd lap elə yaxşı qənddi. Bu qəndi sənə verəcəyəm yeddi manat iki şahıya. Bu lap yaxşı qənddi.

- A kişi, zarafat eləyirsən? Qəndi indi yeddiyə hər yanda verirlər da. Gözün məni gördü?

- Harda yeddiyə verirlər? Həç belə şey olmaz, məzhəb haqqı. Yeddi iki şahıdan bir qəpik əskiyə verməzlər.

Xudayar bəy bir az dinməyib, genə həmin çubuğu çıxardıb başladı doldurmağı. Karapet ağa cibindən bir spiçka çıxardıb yandırdı. Xudayar bəy çubuğu alışdırdı və dedi:

- Yaxşı-yaxşı! Mən çoxdan bilirdim ki, sən bahacılsan. Heç sənnən bacarmaq olmaz. Yaxşı-yaxşı! Götür bir kəllə çək, görək nə qədər gələr.

Karapet ağa yekə kəllələrin birini çubuqlayıb qoydu tərəziyə.

- Bu on, bu da on-iyirmi. Bu beş, bu üç, bu iki bu da yarım. Bəli, düz otuz girvənkə yarım. Otuz girvənkəsi otuz abbası, bu altı manat, çıxaq doqquz şahısını, qalar beş manat on bir şahısını.

Karapet ağa qəndi tərəzidən götürüb qoydu yerə.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info