Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Karapet ağa,indi allaha şükür, məni tanıdın ki?

- Necə yəni tanıdım?

- İndi bildin mən kiməm da?

- Sən kimsən?

- Mən Danabaş kəndinin katdası Xudayar bəyəm.

- Mən də ikinci gild kupets Karapet ağayam.

- Ay atana allah rəhmət eləsin. Bu sözləri mən ondan ötrü ərz edirəm, indi dünyada qəlp adam çoxalıbdır. Birisi gəlib nisyə sövdə elər, and içər allaha, peyğəmbərə ki, üç gündən sonra pulunu gətirərəm. Üç gün olur ay, bəlkə üç il. Amma allah mənə bir ölüm göndərsin, bu cür qəlp işlər tutmuyum. Sözün doğrusu, bugün iş belə gətirdi, yanımca şəhərə pul gətirməmişəm. İndi mən qəndi aparıram, inşallah sübh tüzdən sənin beş on bir şahını burda hazır elərəm.

Karapet ağa bu sözləri eşidcək cəld qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını görsətdi.

- Di get, çıx get! Tez ol get burdan! Elə bu saat çıx get.

Xudayar bəy dinməz-söyləməz dükandan çıxıb üz qoydu getməyə. Axşam azanına ancaq yarım saat qalırdı ki, Xudayar bəy gəldi çıxdı haman karvansaraya ki, eşşəyi qatmışdı.

Xudayar bəy karvansaranın qapısına yetişcək içəridən bir alçaq qədək arxalıqlı, boz papaq, ağ tuman kişi çıxıb qaş-qabaq ilə üz tutdu Xudayar bəyə:

- A kişi, allah atana rəhmət eləsin, gəl bu xatanı bizim başımızdan sovud! A kişi, bu bəlanı gətirib qatmısan tövləyə, biz təngə doyduq ki! Sən allah, gedim ulağı çıxardım, götür apar.

Bu sözləri deyib güdək kişi, - ki karvansaranın odabaşısı olsun,- istədi qayıda ksrvansaranın həyətinə. Xudayar bəy onu çağırıb saxladı:

- Yavaş görüm, hara gedirsən? Necə bəlanı gətirib qatmışam tövləyə? Yəqin ki, ulağ mallarnan yola getmir. Axı mənim ulağım sakit ulağdı. Sən niyə bu sözü deyirsən?

Odabaşı əlini ölçə-ölçə qayım səslə başladı:

- A kişi, sən allah zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. Eşşəyini çıxardım, götür apar.

Xudayar bəy qayım səslə cavab verdi:

- Rəhmətliyin oğlu, bir sözünü mənə de görüm ki, axı nə olubdu?

- Nə olacaq, yekə kişi! Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyə? Görək mənnən qəsd-qərəzin var?

- Ə, dəli olmamısan ki! Ya keflisən? Mən niyə xalqın eşşəyini oğurluyuram? Vallah heç artıq-əskik danışma ki, peşman olarsan.

- Yaxşı, rəhmətliyin oğlu, özgə eşşək tapa bilmirdin, getdin Məmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqala?

- Necə qalmaqala qoymuşam mən səni?

- Necə qalmaqal olacaq? Sən elə eşşəyi tövləyə qatıb oyza[14] cummuşdun, Məhəmmədhəsən əminin xırda oğlu ox kimi özünü soxdu karvansaraya ki, eşşəyi aparacağam. Mən də nə tövr verəydim? Dəxi nə deyim, başına dönüm! Bu oğlan özünü çırpır yerdən yerə ki, ya özümü gərək öldürüm, ya da bu saat gərək eşşəyi aparam. Axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə.

- Heyf, heyf, heyf ki, mən burda olmamışam! Vallahi ki, ölüsünü qoyardım oğlanın burda! Onu mən sağ ötürərdim kəndə? Sən pəs niyə məni gəlib çağırmadın?.. Qərəz, keçib. İndi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. Mən özüm də gərək qalam, eşşək də gərək qala. Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi.

- Qonaqsan, gözüm üstə yerin var. Əlbəttə, indi da getmək olmaz. Hava lap qaranlıqlayır. Di burda niyə durubsan? Buyur gedək mənzilə.

Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Kərbəlayı Cəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi. Hücrənin fərşi ibarətdi bir palazdan. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüleyin və süpürgə, çirkli divarların nə tağları var idi, nə taxçası. Xudayar bəy palaz üstə oturub dalını dayadı yükə və çubuğunu cibindən çıxardıb başladı doldurmağı. Sonra üzünü Kərbəlayı Cəfər əmiyə tutub dedi:

- Gəl otur görək, Kərbəlayı Cəfər əmi. Gəl mənə bir od da zəhmət çək ver. Gəl, gəl otur söhbət edək bir az.

Kərbəlayı Cəfər əmi də hə çənin başmaqlarını çıxardıb, keçdi oturdu bir tərəfdən və bir spiçka çəkib tutdu Xudayar bəyin çubuğuna. Xudayar bəy çubuğu alışdırdı.

- Kərbəlayı Cəfər əmi, sən gərək bu əhvalatı mənə deməyəydin. Sən mənim ürəyimə bir ox vurdun. Allah görüm Məmmədhəsən əminin atasına lənət eləsin! O məni xalq içində rüsvay elədi. Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım.

Xudayar bəy sözünü deyib və dikəlib çubuğu uzatdı verdi Kərbəlayı Cəfər əmiyə. O da “ya allah”- deyib çubuğu aldı və bir sümürüb dedi:

- Yaxşı buyurursan, Xudayar bəy. Axır Məhəmmədhəsən əmi neyləsin? Onun nə günahı var? Sən eşşəyi gətirəndə ona xəbər versəydin, heç belə olmazdı. Onda bilərdilər ki, eşşəyi sən gətirmisən, da oğlunu göndərməzdi.

- A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi. A kişi, niyə inanmırsan?

- Niyə də inanmıram? Xeyr, inanıram.

- Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulaq da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirərəm?

- Xeyr, inanıram da! Niyə inanmıram?

Kərbəlayı Cəfər dikəlib çubuğu verdi Xudayar bəyə. Xudayar bəy bir-iki sümürüb genə başladı:

- İndi sən görərsən, Kərbəlayı Cəfər əmi, mən qisasımı Məhəmmədhəsən əmidən almasam, mən bu saqqalımı qırxdırram.

Kərbəlayı Cəfər əmi bir az gülümsündü və bir qədər dikəlib sual etdi:

- Yaxşı, sən nə eliyə bilərsən, ona?

- Mən onun gözünə ağ sallam! Nə eliyəcəyəm ona? Mən onun böyüyü deyiləm? Gün olmaz ki, onun mənə işi düşməsin. Basaram palçığa, çıxaram üstə,ayaqlaram. Nə eliyəcəyəm?

On-on iki yaşında bir oğlan sol əlində bir çölmək sallaya-sallaya girdi içəri, çölməyi qoydu yerə və üzünü tutdu Kərbəlayı Cəfərə:

- Dadaş bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

Kərbəlayı Cəfər qeyznən cavab verdi:

- Ay ananın dədəsinin gorunu... Allahu əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

Oğlan başını aşağı əyib dedi:

- Yox, dadaş, vallah anamın heç günahı yoxdu. Bu gün getmişdi hamama. Qonçaya da tapşırmışdı hərdən-birdən ətə baxsın. Qonçanın da başı nə bilim nəyə məşğul olubdu, əti yandırıb.

- Niyə, hamam ananın başına uçsun! Elə gərək bu gün anan gedəydi hamama?

Oğlan təəccüblü cavab verdi:

- Pəs havaxt gərək gedəydi?

Xudayar katdaya aclıq çox kar eləmişdi; çünki səhərdən kənddən çıxandan bir tikə çörək yeməmişdi, savay qazının bir stəkan çayından. Oğlan çölməyi içəri gətirən kimi bozbaşın qoxusu Xudayar bəyə belə xoş gəldi ki, könlündə Kərbəlayı Cəfərin övrətinə iki min yaman dedi. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkəcək, amma onun ürəyi də gedir acından; bu səbəbə ortalığa söz atdı ki, bəlkə söhbət qurtara. Çölməyi dığırladaraq:

- Kərbəlayı Cəfər əmi, vallah hər nə deyirsən de, amma deyirəm ki, oğlanın xəbəri yoxdu. Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir.

Kərbəlayı Cəfər durub bucaqdan bir sarı qaşıq tapıb, gəldi çömbəldi şölməyin başında. Çölməyin qapağını götürüb, bir qaşıq ətin suyundan götürüb içdi və ağzını marçıldadıb, qaş-qabağını yurşudub, üzünü tutdu Xudayar bəyə:

- Xeyr, bu əti yemək olmaz.

Qərəz, Kərbəlayı Cəfər bir qədər də övrətindən gilay elədi, bir qədər də söyüşdən, lənətdən dedi. Axırı laəlac qalıb, getdi süfrəni açdı ortalığa, bir az quru çörək doğradı siniyə və sağ qolunu çərməyib çölməyi üzüquylu elədi sininin üstə, sonra ətləri bir-bir seçdi qoydu çölməyə. Hər iki əli ilə çörəyi qarışdırıb Xudayar bəyə təklif elədi:

- Bismallah, Xudayar bəy, irəli çəkil görək. Hərçənd ət də yanıbdı, amma baxtından küs, xa-xa-xa...

Xudayar bəy irəli çəkilib əlini uzatdı. Bir neçə tikə götürüb dedi:

- Kərbəlayı Cəfər əmi, and olsun allaha, sən lap nainsaf adamsan. Kişi kim deyir ki, bu ət yanıb? Vallah əgər bu tikə da yanıbdı. Ta bundan yaxşı ət bişməz.

Xudayar bəy lap yalan deyirdi. Əvvəla ondan ötrü ki, çox acmışdı. Ac adama yanmış ət də xoş gələr. Və bir də ki, bura şəhərdi, genə necə olsa, şəhər bozbaşı ilə kənd bozbaşı bir olmaz. Genə şəhər bozbaşının yanmışı kənd bozbaşının lap yaxşısından ləzzətdi olar.

Bəli, Kərbəlayı Cəfər və Xudayar bəy hər ikisi məşğul oldular yeməyə. Oğlan bir az durdu, sonra çıxıb getdi. Xudayar bəy sol qıçını qabağına uzadıb, sağ qıçını dikəltmişdi. Belə ki, sağ qıçı süfrənin içində idi. Amma Kərbəlayı Cəfər diz üstə oturub, üzüquylu düşmüşdü çörəyin üstə. Belə ki, az qalırdı burnu dəyə siniyə.

Çörəyi yeyib qurtardılar. Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. Hər ikisi əllərini silib çəkildilər kənara. Xudayar bəy bir kəhildəyib, götürdü çubuğunu və doldurub alışdırdı və bir qədər çəkib, uzatdı Kərbəlayı Cəfərə səmt.

- Kərbəlayı Cəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər necə olmuş olsa, tapıb mənim işimi düzəldəsən.

Kərbəlayı Cəfər əlüstü cavab verdi:

- Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?

- Özündə yoxdu, özgədən tap. Qərəz, onu-bunu bilmirəm, gərək nə yolnan olsa, tapıb verəsən.

Kərbəlayı Cəfər bir az fikirdən sonra dedi:

- Vallah yaxşı deyirsən. Amma indi əsr çox xarabdı. Hanı indi elə bir allah bəndəsi ki, adamın əlini tutsun? İndi hər kəsə gedim deyim mənə bir yeddi manat lazımdır, deyəcək gətir yanımda on yeddi manatlıq bir şey zaloq qoy.[15]

- Heç zərər yoxdu, nə eybi var. Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum. Genə sözün var?

Kərbəlayı Cəfər genə bir qədər fikir eləyib cavab verdi:

- İndi sənin yanında nəyin var ki, zaloq qoyasan?

- O sənə borc deyil. Sən pulu tap, gör qoyaram, ya yox.

- Axır necə ola bilər ki, mən bilmiyim, sən necə şey girov qoyacaqsan?! Bəlkə pul sahibi sən qoyduğun şeyi qəbula götürmədi.

Xudayar bəy bir qədər duruxdu. Çubuğu götürüb başladı doldurmağa. Üzünü Kərbəlayı Cəfərə tutub alçaqdan dedi:

- Kərbəlayı Cəfər əmi, sən hər kəsdən olmuş olsa, mənə yeddi manat tap, gətirdiyim eşşək olsun zaloq. Nə vaxt mən sənin pulunu gətirib verdim, sən də mənim eşşəyimi qaytarıb verərsən özümə.

- Xa, xa, xa! Xa, xa, xa!.. Xudayar bəy sənin dəstgahın varmış... xa, xa, xa! A kişi, sən zarafat eləyirmişsən... xa, xa, xa...

- Qardaş, daxı niyə gülürsən? Hansı məlun zarafat eləyir?!

- Xa, xa, xa... A kişi, eşşək sənin deyil ki, onu girov qoyasan! Söz yox, qoyarsan. Amma sabah olcaq üşşəyin sahibi gəlib eşşəyi aparacaq da!.. xa- xa- xa...

- Yavaş, qoy görək, a kişi, bir az [yavaş] gül, qoy sözümü deyim. And olsun allaha, mən zarafat eləmirəm. Yaxşı, eşşəyin sahibi nə deyib səndən eşşəyi istəyəcək? Eşşəyin sahibisənə kimin yanında eşşək tapşırıb? Bəli, gəldi dedi “mənim eşşəyim burdadı, üşşəyimi ver”. Deyərsən “kimin yanında sən mənim karvansarama eşşək qatmısan?” Ya xeyr, sənə dedi “pəs eşşək necə oldu?”, sən də de ki, “eşşəyi hər kəs gətirib bura qatmışdı, haman adam da eşşəyi çıxardıb apardı”. Onnan sonra mən bilərəm, eşşəyin sahibi bilər. Dəxi sənə nə dəxli var?..

Bu sözləri deyəndən sonra Xudayar bəy çubuğu uzatdı Kərbəlayı Cəfərə. O da çubuğu alıb, məşğul oldu çəkməyə. Bunların söhbəti çox uzun çəkdi. O, belə dedi, bu belə dedi. Axırı bu cür şərt bağladılar: Kərbəlayı Cəfər Xudayar bəyə yeddi manat versin və eşşək qalsın onun ixtiyarında. Hər nə eləyir eləsin: ya satsın, ya gizlətsin, ya nə eləyir eləsin. Xudayar bəy də kəndə qayıdıb xəbər versin ki, karvansaradan oğurlanıb. Hərgah Məhəmmədhəsən əmi çox atılıb düşsə və şıltaq eləsə, Xudayar and-aman içsin ki, mirovoy suda ərizə verib, karvansaraçıdan eşşəyi istəyər. Əgər Məhəmmədhəsən əmi şəhərə gəlib, Kərbəlayı Cəfərdən əhvalatı soruşsa, Kərbəlayı Cəfər and içsin, aman eləsin ki, həqiqətdə eşşək oğurlanıb; yəni Xudayar bəyin bu işdə heç günahı yoxdu.

Bu cür tədbiri tökən kimi Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına. Xudayar pulu götürüb qoydu cibinə, bir qədər dikəldi. Sağ əlini Kərbəlayı Cəfərin qabağına uzadıb dedi:

- Ver əlini mənə.

Kərbəlayı Cəfər həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə.

- Kərbəlayı Cəfər əmi, allah sənin oğlunu saxlasın və səni səlamət eləsin. Allah öz birliyi xatirinə sənə bu sövdədə xeyir versin.

 

                                                           IV

Xudayar bəy yeyib qarnı çox və yeddi manatı cibinə qoyub, arxayın və rahat uzanıb yatdı. Yəqin ki, çoxdandı onun yuxusu bu gecəki kimi şirin olmamışdı.

Amma dünyada bəzi vaxt, bəlkə də çox vaxt çox təəccüblü işlər ittifaq düşür. Məsəla, indi bu saat burada Xudayar katda ləzzətnən yıxılıb yatdı. Amma elə bu saat Danabaş kəndində üç yerdə matəm qurulubdu. Üçünə də Xudayar bəy özü bais olubdur. Doğrudan çox gülməli əhvəlatdı və çox qəşəng əhvalatdı. Ondan ötrü qəşəng əhvalatdı ki, adam gülür, ürəyi açılır. Yoxsa nəyə lazımdır qəm və qüssə gətirən hekayət?!

Bəli, bu saat, elə bu dəqiqə, bu gecə səhərə kimi Danabaş kəndində üç evdə matəm qurulubdur. Biri Məhəmmədhəsən əminin evində,- necə ki, məlumdu,- biri Xudayar bəyin öz evində və biri də Xudayar bəy istəyən övrətin, yəni Zeynəbin evində. Hələ Xudayar bəy şəhərdə qalmalı olsun, keçək Danabaş kəndinə və Zeynəbin matəmindən başlayıb, deyə-deyə gələk çıxaq başa.

Zeynəb qırx-qırx iki yaşında, kök, dolu və qarabuğdayı bir övrətdir. İki il bundan irəli əri Kərbəlayı Heydər ölüb. Qalıb bir oğlu Vəliqulu, on yeddi yaşında, iki də qızı: Fizzə yeddi yaşında və Ziba dörd yaşında.

Zeynəb nə Zeynəb!

Hanı irəliki Zeynəb? Onu iki il bundan əqdəm[16] görən indi heç tanımaz. Zeynəbi görəydiniz əri Kərbəlayı Heydərin sağlığında. Danabaş kəndində Zeynəbin adı tək idi gözəllikdə.

Zeynəb uşaqlıqda bir yetim qız idi. Amma çox gözəlliyi səbəbə bibisi aparıb öz evində saxladı, bu qəsd ilə ki, alsın öz oğluna. Qərəz, bibisinin oğlu öldü və Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi-elçi üstən tökü[lüb] gələrdi. And içirlər ki, bir ilin içində Zeynəbin on dörd müştərisi var idi. Hamısı da ağıllı-başlı yerlərdən. Axırı qismət belə gətirdi ki, Zeynəbi verdilər Heydərə; yəni çox yaxşı elədilər ki, verdilər Heydərə. Ondan ötrü ki, Heydərin atası Kərbəlayı İsmayıl kəndin mötəbər şəxslərindən biri idi və Zeynəbin qeyri müştərilərindən nə dövlətdə əskik idi, nə də hörmətdə

Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib, doqquz ulağ, dörd-beş baş qaramal, iyirmi üç qoyun və yeddi keçi və iki xalvar zəmi qoyub getdi. Söz yox, dövlətin yarısı çatdı Heydərə və yarısı da qardaşı Rzaya.

Bir ildən sonra Rza öldü və Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikcə başladı tərəqqi eləməyə. Ama bununla belə, söz yox, xərci də az deyildi. Əvvəla, atasının və qardaşının ehsan və Kərbəlaya göndərmək xərci; sonra özü də Kərbəlaya gedib qayıdıb, genə dalı düşdü. Necə də dalı düşməsin? Hesab eləyirdi ki, atasının və qardaşının nəşlərini Kərbəlaya göndərməkliyə və öz Kərbəlaya getməkliyə düz iki yüz manat xərci çıxıb. Amma allah-taala rəhim allahdır. Çünki bu pulları Kərbəlayı Heydər mübarək yolda xərcləmişdi, genə axırdı allah-taala öz qüdrət əli ilə Kərbəlayi Heydərin işini düzəltdi. Belə düzəltdi ki, Kərbəlayı Heydər öləndə özünə yetmiş manat xərc çıxdı və bundan əlavə övrəti Zeynəbə iki yüz əlli manat, oğluna yüz qırx və hər qızına yüz manat pul çıxmışdı. Qalan zəmilərini vəsiyyət elədi övrətinə və qızlarına. Amma həyəti də verdi oğlu Vəliquluya.

Kərbəlayı Heydərin ölməyi övrəti Zeynəb üçün yekə müsibət oldu. Artıq qəm və qüssə elədi yazıq övrət ərinin ölməyinə. İndi bu saat hər cümə axşamı ərinin qəbrinin üstə gedib, bir yekə mərəkə qurar. Vaqeən az-az tapılar bu cür istəkli övrət. Amma bununla belə Zeynəb bir tikə naşükürlük eləmir. Qəm və qüssə içində genə həmişə allaha şükür və səna eləyir ki, allah-taala ona bir parça çörək verib, özgələrə möhtac eləməyib. Və bir də ki, evlənməli oğlu və iki qızı... Genə allah bərəkət versin, bunların hamısının şükrünü yerinə yetirmək lazımdır.

Zeynəb oğlundan yerdən-göyə kimi razıdır. Ondan ötrü ki, Vəliqulu o itaəti ki, anasına eləyir, bəlkə atasına eləməzdi. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. Yəqin ki, anası desə öl- öləcək, qal- qalacaq. Atası ölən gündən bugünkü günə kimi bir elə vaxt olmayıb ki, Vəliqulu işini-gücünü boşluyub, müsahiblərinə qoşulub gəzməyə və kefə məşğul olsun.

İnsafən Vəliqulu çox məzlum oğlandı. İndiyədək Zeynəb Vəliquludan bir tük qədəri də inciməmişdi. Amma axır vaxtda iş belə gətdi ki, Vəliquluynan anasının arası bərk dəydi.

İş bu cür oldu.

Gərək əhvalatı başdan başlayaq. Mərhum Kərbəlayı Heydər ilə Xudayar katda bərk rəfiqdilər. Əvvəl cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. Can deyib can eşidərdilər. Gecə və gündüz gəzməkləri bir, yeməkləri bir, oturmaqları bir, durmaqları bir. Bunların dostluğu ta o yerə çatdı ki, xalq bunlardan lap güman oldu. Belə ki, bunların dostluğunu hərə bir tövr başa düşürdü. Biri deyirdi ki, bunlar xəlvətcə o taydan[17] kandrobat malı keçirib satırlar. Amma xeyr, belə deyildi. Bu xəyal xam xəyaldı. O səbəbə ki, Xudayar bəyi bilmirəm, amma Heydər əslən ata minməyi bacarmazdı. Xeyr, bu deyildi.

Bəzi də deyirdi ki, bunlar qəlp pul qayırırlar. Vaqeən çox təəccüblü şeydir. Danabaş kəndi, qəlp pul?! Aya, görək Danabaş kəndində heç sağ pulnan qəlp pula təfavüt qoyarlar? Heç tanırlar qəlp pul nədir və saf pul nədir? Xeyr, belə deyil.

Vəssəlam ki, hərə bir cür güman edirdi.

Qərəz, xalq nə güman eləyir-eləsin, amma zahirən Kərbəlayı Heydərnən Xudayar bəyin dostluğu möhkəm dostluğa oxşayırdı.

Keçmiş günlərin bir günü, qış fəsli idi. Gecədən üç-dörd saat keçmişdi. Hər iki rəfiq, yəni mərhum Kərbəlayı Heydər və Xudayar bəy və bunlardan savayı Kərbəlayı Heydərin qonşularından bir neçə kəndli Kərbəlayı Heydərgilin tövlə otağında oyurub məşğul idilər söhbətə. Məlumdur, qışın uzun gecələrini yatmaqnan qurtarmaq olmaz. Odur ki, Danabaş kəndində atadan-babadan qalma bu bir adətdi, hər məhəllənin adamları,- çünki indi dəxi bir iş-güc yox,- bir tövlə otağına yığışıb, ta gecədən altı saat gedənə kimi, danışmaqnan, deməknən, gülməknən keçirirlər. Çox vaxt belə olur ki, bu oturanların birisi yaxşı əhvalatdan, hekayətdən nağıl edir, xalq da qulaq asır.

Bəli, Xudayar bəy bir tərəfdə və Kərbəlayı Heydər bir tərəfdə oturub, hekayətə qulaq asırdılar.

Danabaş kəndinin mollası Molla Pirqulu “Bəxtiyarnamə” kitabından bir əhvalat oxuyurdu. Oturanların hamısının fikri mollada idi. İttifaq da belə düşdü ki, haman iki rəfiqlərin ikisinin övrətləri hamilə idi. Həmin gecə ikisinin də ağrısı tutmuşdu. Hekayənin şirin yeri idi. Tövlənin qapısı cırıltı ilə açıldı. Tövləyə iki oğlan uşağı, bir qız uşağı soxulub, gəldilər kəndlilərin yanına. Çünki tövlə o qədər işıq deyildi, uşaqlar axtardıqları adamı girən kimi görmədilər. Axırı adamların içindən Kərbəlayı Heydərin başına doluşub, başladılar bundan muştuluq istəməyə.

- Əmi, muştuluğumu ver, bir oğlun oldu. Ver, ver, muştuluğumu ver.

Kərbəlayı Heydər əlini uzatdı cibinə və uşaqların hərəsinin ovcuna bir az iydə qoyub yola saldı. Molla Pirqulu və kəndlilər Kərbəlayı Heydərə göz aydınlığı verdilər və molla genə başladı nağlını. Xudayar bəy həmçinin rəfiqinə mübarəkdablıq verib, bir qədər cumdu fikrə, sonra üzünü tutub Kərbəlayı Heydərə səmt və əlini ona tərəf uzadıb çağırdı. Molla səsini kəsdi ki, görsün nə deyir Xudayar bəy.

- Qardaş, Kərbəlayı Heydər, əlini ver mənə.

Kərbəlayı Heydər əlin uzatdı Xudayar bəyə. Çünki hər iki rəfiq bir-birindən az uzaq oturmuşdular, əl-ələ verəndə hər ikisi bir qədər dikəlmişdi. Əl-ələ verən kimi Xudayar bəy başladı:

- Qardaş, Kərbəlayı Heydər, mənim əzizim və iki gözümün işığı! Sənin oğlun oldu, allah onu sənə çox görməsin öz birliyi xatirəsinə. Qardaş, indi bu saat elə mənim də övrətim ayaq üstədi. Gərək ki, özün də bilirsən. Qardaş, gəl elə oturanların yanında əhd bağlayaq. Əgər indi xəbər xəbər gətirdilər ki, mənim də oğlum olubdu, onda bunların hər ikisinin qardaşlıq siğəsini oxuruq. Onlar da bizim kimi qardaş olsunlar. Ya xeyr, mənim qızım oldu, siğəsini oxudub verək sənin oğluna.

Molla hamıdan qabaq öz razıçılığını izah edib və Xudayar bəyin bu təklifini artıq bəyənib dedi:

- Zi hər tərəf ki şəvəd küşdə sudi-islaməst. Çox gözəl, çox yaxşı. Hər tərəf, yəni hər necə olmuş-olsa, islamın məsləhətidir. Çox gözəl, çox gözəl.

Molla Pirqulu bildi ki, dediyi fərdi heç kəs başa düşməyəcək; əgər düşsələr də yaxşı mənada başa düşəcəklər. Yəni bu sövdənin hər bir tərəfi islamın məsləhətidir.

Molla, islamdan murad özünü nəzərdə tuturdu; çünki o görürdü ki, elə də olsa siğə oxudub ona ağız şirinliyi verəcəklər, belə də olsa verəcəklər. Söz yox, hər necə olmuş-olsa, axunda xeyirdi.

Bəli, əhd bağlandı və xəbər gəldi ki, Xudayar bəyin qızı oldu. Kərbəlayı Heydər oğlunun adını qoydu Vəliqulu, Xudayar bəy qızının adını qoydu Gülsüm. Haman gecə molla Pirqulu Gülsümün siğəsini oxudu Vəliquluya.

Bu əhvalatdan sonra Kərbəlayı Heydərnən Xudayar bəyin arasında olan mehribançılıq dəxi də artdı.  Belə ki, bunlar oldular lap sədaqətli dost və lap yavıq qohum. Bu onun evində, o bunun evində. Yəqin ki, doğma qardaş da bu tövr rəftar eləməzdi, necə ki, bunlar edirdilər. Ta Kərbəlayı Heydər ölən günə kimi bu rəfiqlərin məhəbbəti və rəfaqəti bir tük qədəri də pozulmadı.

Bunların bu cür dostluqlarının müqabilində camaat yəqin eləmişdi ki, Kərbəlayı Heydərin ölməkliyi gərək Xudayar bəyə artıq təsir eləsin. Amma Xudayar bəy gözünə döndüyüm belə rəftar elədi ki, xalq lap heyran qaldı. Belə ki, Kərbəlayı Heydərin canı ağzından çıxan kimi Xudayar bəy Zeynəbin yanına adam göndərdi ki, məbada-məbada özgəsinə dil verə və özgəsinə ərə gedə. Niyə? Ondan ötrü ki, guya Kərbəlayı Heydər ona, yəni Xudayar bəyə vəsiyyət edib ki, Zeynəbi o özü alsın, qoymasın özgə namərdə ərə getsin.

Elə ki, bu səda kənd arasında şöhrət tapdı, xalq hamı başa düşdü ki, mərhum Kərbəlayı Heydərnən Xudayar bəy nə qəlp pul qayırırmışlar, nə də kandrabat malı o taydan-bu taya keçirirmişlər. Hamı başa düşdü ki, bu rəfiqlərin məhəbbəti nəinki bir-birinə imiş, bəlkə bir-birinin övrətinə imiş. kim nə bilsin, bəlkə Xudayar bəy ölsəydi, Kərbəlayı Heydər də onun övrətini istəyəcəkdi.

Zeynəb Xudayar bəyin elçisinə cavab verdi ki, qoy Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz. Zeynəb Xudayar bəyə ondan ötrü bu cavabı verdi ki, əvvəla, ərinin bədəni qəbrin içində bəlkə heç soyumamışdı. Ona nə lazım olmuşdu yasdan çıxmamış, ər dalınca düşsün? Ikinci, ondan ötrü bu cavabı verdi ki, Kərbəlayı Hedər ölən kimi Zeynəbə iki ləyaqətli yerdən müştəri çıxdı. Biri Danabaş kəndinin mötəbəri və sayılanı Hacı Həmzə və biri də Çərçiboğan kəndinin qlavası Xalıqverdi bəy. Bunların hər ikisinə Zeynəb cavab verdi ki, onun ərə getmək xahişi yoxdur. Üçüncü də Zeynəb ondan ötrü Xudayar bəyə bu cavabı verdi ki, necə övrət ola,- ya kasıb, ya dövlətli, ya cavan, ya qoca, ya göyçək, ya çirkin,- razı olar yüz il ərsiz qalsın, amma üzünü Xudayar bəyin adama oxşamaz üzünə və iri burnuna sürtməsin. Bu sözlər Zeynəbin öz sözləri idi ki, Xudayar katdanın elçisinə demişdi.

Xudayar bəy Zeynəbdən hələ ümidini lap kəsmədi: genə güman eləyirdi ki, bəlkə bir tövrnən yumşala və ipə-sapa gələ. Və bir də artıq ümid Vəliquluya bağlamışdı. O bilirdi ki, Vəliqulu çoxdandır Gülsümün oduna alışıb; hələ axır vaxta toy fikrinə düşübdür. Pəs belə olan surətdə genə ümid var idi, yəni Xudayar bəyin ümidi var idi ki, Vəliqulu anasını bir tövrnən, bir fəndnən yola gətirə. Zeynəbin ərə getməklik fəqərəsi Vəliqulunun əvvəllər, heç vecinə gəlməzdi. Onda nə dəxli var? Anası kimə gedəcək getsin; ancaq onun yarı Gülsüm sağ olsun.

Vaqeən Vəliqulu nişanlısına lap aşiq olmuşdu, artıq məhəbbəti var idi. Amma işlər belə gətirdi ki, Zeynəbin Xudayar bəyə yox cavabı gedən kimi Xudayar bəy xəbər verdi ki, əvvəla, dəxi qızını vermək istəmir Vəliquluya və bir də Zeynəbə və Vəliquluya sifariş göndərdi ki, mərhum Kərbəlayı Hedərin ona, yəni Xudayar bəyə iki yüz manat höccətli borcu var, tezliknən düzəldib versinlər ki, dəxi şikayət-mikayət olmasın. Zeynəb Xudayar bəyə cavab göndərdi ki, əgər o qızını Vəliquluya, vermək istəmir, heç o da onun qızını almır oğluna. Və bir də ki, əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana, divandan da pulunu alsın.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info