Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Nəçərnik yəqin elədi ki, bu kişinin huşu başında deyil. Axırı laəlac qalıb, Məhəmmədhəsən əmini divanxanadan qovdu.

Məhəmmədhəsən əmi özünü belə itirmişdi ki, heç bilmirdi ki, haman bu dəqiqə ki, o, nəçərnikə şikayət edirdi, Xudayar bəy, Qasıməli, Kərbəlayı Səbzəli və Kərbəlayı Qafar durmuşdular onun dalında. Məhəmmədhəsən ortalıqdan çıxan kimi Xudayar bəy yeridi irəli və nəçərnikə şikayət elədi ki, onun övrəti – ki, adı olsun Zeynəb, - ona itaət eləmir. Dilmanc tərcümə elədi və nəçərnik cavab verdi: bu cür işlər onun ixtiyarında deyil, getsin şikayətini qazıya eləsin.

Xudayar bəy, Qasıməli, hər iki kərbəlayılar və Məhəmmədhəsən əmi onların dalınca çıxdılar eşiyə. Məhəmmədhəsən əmi üzünü Xudayar bəyə tutub dedi:

 - Ay Xudayar bəy, başına dönüm, axı eşşəyi neynədin? Axı sabah züvvar çıxır. Mən qaldım məəttəl. – Xudayar bəy ancaq bu cavabı verdi:

 - Yaxşı, Məhəmmədhəsən əmi, sənnən mənimki qalsın kəndə. Mən sənnən kənddə danışaram. Yaxşı, qalsın. İndi məndən şikayət edirdin da?

 - Ay Xudayar bəy, qurani-münzəl haqqı sənin adın yoxdu. Mənim heç şikayət xəyalım yox idi. Gəldim divanxanaya bəlkə səni görüm, nəçərnik məni gördü çağırdı. Amma nə qədər elədi, sənin adını çəkmədim.

Xudayar bəy genə hərbə-qadağa kəsib Qasıməli və hər iki kərbəlayı ilə üz qoydu gəlməkliyə qazıgilə. Məhəmmədhəsən əmi bir-iki qədəm onların dalınca gəlib durdu və mat-mat gözünü dikdi bu gedən ağalara. Bunlar döngəni dönüb gözdən itdilər. Amma yazıq Məhəmmədhəsən əmi vaqeən ağladı. Vallah, billah, ağladı. Yəni necə ağladı? Uşaq kimi ağladı.

İndi dəxi Məhəmmədhəsən əminin şəhərdə bir işi-gücü yoxdu; Hər bir işini qurtardı və lap arxayınladı. Dəxi nə qayıracaq? Başmaqlarını çıxarıb vurdu qoltuğuna və “allah, şükür sənin cəlalına” deyib, üz qoydu Danabaş kəndinə.

Xudayar bəy yoldaşları ilə qazının yanına gəlib şikayət elədi: onun övrəti – ki, Zeynəb olsun, - ona itaət göstərmir, onun evində oturmur, çıxıb gedib, əri evində qalır. Yoldaşlarını da şahid göstərdi. Qazı bir qədər gülüb dedi:

- Xa-xa-xa... Bəy, sənin işin lap dəstgah imiş. Xa...xa...xa... Siz buradan bedəli bir saat yoxdu, nə tez kəndə gedib qayıtdınız? Nə tez gedib bildiniz ki, övrətin sənə itaət eləmir. Xa...xa...xa... Lap dəstgah imiş sənin işlərin! Doğurudan nə çəp övrət imiş sənin övrətin. Qəribə bədxasiyyət övrətdi. Xa...xa...xa... Yaxşı, çox yaxşı. Mən onu indi belə yumuşaldaram ki, yumurta yükü aparar.

Bu sözləri deyəndən sonra qazı döşəkçənin altından bir kağız parası çıxartdı və qələmi götürüb başladı yazmağı.

“Bə xidməti qlava cəmaəti-Danabaş.

Əz qaziyi-uyezdi-“N”.

Bina be şikayət nümudən əhli-qəryeyi-Danabaş Xudayar bəy Nəcəfqulubəy oğlu be qəzavətxaneyi “N” ki, zövceyi-mənkuheyi-mən Zeynəb binti-Kərbəlayı Zeynal əz. 16 mahi-səfər əz xaneyi- mən xaric şüdə və məra təmkin nədadə; bina be şikayəti-şaki be xidməti-şüma xəvəqqe minümayəm ki, zövceyi-məzkurra be ixtiyari-müşarileyh dadə ki, bəd əzin dər xaneyi-u mütəməkkin şüdə, əz süxəni-u təcavüz nənümayəd.

Qaziyi-uyezdi-“N” hacı Molla Səfər Salib Sultan-zadə”[24]

Kağızı bükdü, qoydu paketə və Xudayar bəyə uzadıb dedi:

 - Bunu aparıb verərsən sizin qlavaya. Yazmışam ki, filankəsin övrəti ərinə itaət etməyə və gəlib evində oturmuya, onu zornan, it ölüsü kimi gətirtdirin!

 

                                                VII           

 

Bu gün səfər ayının on yeddinci günüdür. Danabaş kəndində bu gün guya ki, bir aşuradı. Bu gün Danabaş kəndinin züvvarı Kərbəla ziyarətinə çıxır.

Sübh olcaq çavuşun münacatı kəndi əhatə eləyib, gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən. Bütün kəndi dolanıb və hər züvvarın qapısının ağzında münacatını tamam edib və xələtini alıb, çavuş “Çaylax” məhəlləsinə daxil olub, əvvəl gəldi dayandı Kərbəlayı Zeynalabdının qapısında və başladı münacatı. Həyətdən on beş- on altı yaşında bir oğlan çıxıb bir əlində bir çanaq qəndab, o biri əlində bir cift corab. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. Zeynalabdının qapısından rədd olub, gəldi dayandı Məhəmmədhəsən əminin qapısında və başladı münacatı.

Çavuş münacatını qurtarmamışdı, həyətdən yazıq Məhəmmədhəsən əmi gözlərindən yaş tökə-tökə çıxdı küçəyə və ağlaya-ağlaya çavuşun yanına gəlib, düşdü çavuşun atının ayaqlarına. At sakit at imiş; heç yerindən hərəkət eləmədi. Məhəmmədhəsən əmi bir qədər atın dırnaqlarından öpüb durdu ayağa və sağ əlini qoltuq cibinə uzadıb, bükülmüş bir kağız çıxartdı və uzatdı çavuşa. Çavuş təəccüblü sual elədi:

- Kərbəlayı, bu nədir?

Ağlamaq qoymadı Məhəmmədhəsən əmini cavab versin. Bu heyndə həyətdən Məhəmmədhəsən əminin övrəti – çadirşəb başında – və oğlu Əhməd – hər ikisi ağlaya-ağlaya çıxıb, yeridilər çavuşun yanına. Məhəmmədhəsən əmi kağızı çavuşa verib, dübarə düşdü atın döşünə və başladı ayaqlarını öpməyə. Çavuş artıq təəccüblə üzünü tutdu Məhəmmədhəsən əminin övrətinə və soruşdu:

- Bacı, bu nədi? Pəs hanı Kərbəlayının xələti?

İzzət ağlaya-ağlaya cavab verdi:

- Qardaş, Məhəmmədhəsən əminin alnına yazılmamışdı Kərbəlayı olsun. Allah baisin balalarını mələr qoysun!

Məhəmmədhəsən durdu ayağa və güclə dayana-dayana dedi:

- Apar, qardaş, apar... O ərizəni apar... Apar həzrət Abbasa. Apar... Mən gedə bilmədim... Gedə bilmədim. Qoymadılar. Məni qoymadılar... Mənim eşşəyimi oğurladılar. Yedilər. Satdılar. Apar ərizəni, apar. Mən gedə bilmədim...

İzzət ağlaya-ağlaya başlayıb Məhəmmədhəsənin sözünü kəsdi:

- Çavuş, apararsan o ərizəni həzrət -Abbasa. Gərək mənim ərimi bu yoldan binəsib eləyənə həzrət-Abbas özü qənim ola. İmam özü qənim ola...

Çavuş qoltuq cibindən bir dəstə kağız çıxardıb, Məhəmmədhəsən əminin ərizəsini qoydu kağızların içinə, kağız dəstəsini qoydu qoltuğuna və atın başını çöndərib mehribanlıqla dedi:

- Əmi, bacı, heç ürəyinizi sıxmayın.

Dər dəfi-xədəngi-sitəmi-gərdişi-gərdun

Behtər zikifayati-ilahi sipərin nist.[25]

Heç qəm yeməyin, neylək, bu il olmadı, inşallah, allah salamatlıq versə, əcldən aman versə, inşallah, gələn il gedərik. Heç qüssə eləməyin. Söz yox, hər kəs ki, sizi bu mübarək yoldan, bu səvab yoldan qoyubdu, sizə mane olubdu, əlbəttə allah-taala ona qəzəb eliyəcək. Elər, elər. Olmaz ki, eləməsin. Necə ki, eləməz? Məgər bunlar hamısı zarafatdır?! Buna Kərbəla yolu deyərlər. Xeyr, xeyr, əbədən ürəyinizi sıxmayın. İnşallah, ərizənizi də yetirərəm. İnşallah, dərəceyi-qəbula da yetişər.

Çavuş atına bir qamçı vurub başladı münacatı, Məhəmmədhəsən və övrəti bir qədər də durub, ağlaya-ağlaya qayıtdılar evə.

Günorta vaxtı idi. Kərbəlayıların cəmisi dəstə-dəstə kəndin kənarına, qəbristanın yanına yığışıb, düzülmüşdülər yekə meydana ki,“imamzadanı”ziyarət eləyib çıxsınlar. Burada artıq cəmiyyət var idi. Övrət qarışmışdı kişiyə, kişi övrətə.Kimi piyada, kimi atlı. Bəzi ağlayırdı, bəzi gülürdü. Amma ağlayanların çoxusu övrətlər idi; çünki övrətin ürəyi yuxa olar. Bəzisinin qardaşı gedirdi, bəzisinin oğlu və bəzisinin əri. Atların kişnəməsi, eşşəklərin anqırtı səsi və övrət və uşaqların ağlamağı bir-birinə qarışıb ərşə qalxırdı.

Kərbəlayılar imamzada ziyarətini tamam edib yığışdılar meydana və qohum-əqrəba ilə qucaqlaşıb, öpüşüb və ağlaşıb mindilər atları və hazır oldular getməyə. Çavuş meydana çıxıb, axırıncı münacatını başladı ki, yəni çıxmaq vaxtıdır. Bu heyndə çavuşun yanına iki övrət yeridi. İkisi də ayaqyalın və qara çadralı. Bu övrətlərin birisi uca idi, birisi alçaq. Hər ikisi ağlayırdı. Bunlar çavuşun yanına yetişib, hər birisi çadrasının altından bir bükülü kağız çıxardıb uzatdılar çavuşa. Çavuş münacatını kəsib başını əydi aşağa və kağızları aldı. Çavuş soruşdu ki, bu kağız nə kağızdır? Övrətlərin hər ikisi cavab verdilər ki, bu ərizədir həzrət-Abbasa. Çavuş qoltuq cibindən kağız dəstəsini çıxardıb, övrətlərin ərizələrini həmçinin daxil elədi kağız dəstəsinə və dübarə qoltuq cibinə qoyub başladı münacatı.

Bu övrətlərin ikisini də biz tanıyırıq. Uca övrət Zeynəbdi; biri də Xudayar bəyin övrətidi. Yəni şəriətə baxsaq, ikisi də Xudayar bəyin övrətidi, biri köhnə övrətidi, biri də təzə övrətidi.

Kərbəlayılar üz qoydu Qıraxdın[26] yoluna və cammat yavaş-yavaş, dəstə-dəstə və tək-tək üz qoydu kəndə.

Zeynəb ağlaya-ağlaya gəldi evinə və qızlarını çağırıb, bunların hər ikisini aldı qucağına. Çünki özü ağlamaqdan sakit olmamışdı, uşaqlar da analarına baxıb ağlayırdılar. Fizzə ağlaya-ağlaya gözlərinin yaşını silib, mat-mat anasının üzünə baxıb axırı soruşdu:

- Ana, sən allah niyə ağlıyırsan?

Zeynəb cavab vermədi. Ancaq çarşovunun ucu ilə gözlərinin yaşını silib, lənət şeytana elədi. Fizzə dübarə soruşdu və Zeynəb axırı laəlac qalıb cavab verdi:

- Bala, vallah, heç zad yoxdu. Elə atan yadıma düşübdü, ağlıyıram.

Fizzə Zeynəbin sözünə inanmayıb, genə soruşdu. Bu dəfə Zeynəb doğru cavab verdi; amma ağlaya-ağlaya cavab verdi:

- Bala, axı necə ağlamıyım? Məni istiyirlər zornan ərə verələr. Gördün qardaşın səhər məni nə qədər döydü? Deyir elə zornan gərək gedəsən Xudayar bəyə. Bala, mən necə ağlamıyım?

Fizzə bir qədər fikir eləyib genə soruşdu:

- Yaxşı, ana, nə olu gedəndə? Get da! Niyə getmirsən ki?! Ərə getmək pis zaddı?

- Bala, mənə nə olub ərə gedim? Mən yekəlikdə arvadlar ərə getməzlər ki! Qızlar ərə gedərlər. Mənə nə olub ərə gedim?

- Yaxşı, ana Zəhra bibim səndən yekə arvaddı, bə niyə o, ərə getdi?

Zeynəb Fizzənin bu sualına heç bir söz tapmadı desin.

Bu heyndə evə atlı şəxs daxil oldu. Dördü bizim tanışlardandı: Qasıməli, Səbzəli, Kərbəlayı Qafar və Vəliqulu. Amma ikisini tanımırıq. Bunlardan biri qırx beş, bəlkə də əlli sində, qırmızı saqqal, qara papaq bir kişidir. Bu, Danabaş kəndinin qlavası Kərbəlayı İsmayıldır. O biri də elə bu sində köhnə qara papaq, qədək arxalıqlı, ağ tuman, qara saqqal kişidir. Bu da Ddanabaş kəndinin prixod mollası[27] Molla Məhəmmədquludur.

Zeynəb bunları görcək qalxıb çəkildi, durdu bucaqda. Qızlar da gedib soxuldular analarının yanına və təəccüblə gözlərini dikdilər qonaqlara. Qonaqlar cərgə ilə əyləşdilər. Molla yuxarı başda, onun sağ tərəfində Kərbəlayı İsmayıl, sol tərəfində Kərbəlayı Qafar; Kərbəlayı Səbzəli, Vəliqulu və Qasıməli divara dayanıb, durmuşdular ayaq üstə. Molla Məhəmmədqulu, Kərbəlayı İsmayıl və Kərbəlayı Səbzəli çubuqlarını çıxardıb başladılar doldurmağı. Molla çubuğunu alışdırıb, üzünü tutdu Zeynəbə səmt:

- Bacı, bilirsən nə var? Bilirsən biz nə mətləbə gəlmişik?

Zeynəb cavab vermədi. Molla Məmmədqulu dübarə başladı:

- Biz bura ondan ötrü gəlmişik ki, sənə nəsihət eləyək...

Zeynəb əlüstü cavab verdi:

- Allah atana rəhmət eləsin. Siz əgər nəsihət eləyənsiniz, əvvəl, bax, o ayaq üstə durana nəsihət eliyin ki, məni incitməsin. Bu gün məni döyməkdən öldürübdü. İndi bu saat qabırğalarım ağrıyır.

Molla genə başladı:

- Yaxşı, bacı, axı sən işi o yerə niyə gətirirsən ki, oğlun sənə ağ olsun?

- Niyə, mən neyləyirəm ki?

- Sən şəriətdən çıxırsan.

- Şəriətdən çıxana allah lənət eləsin!

- Lənət, lənət!

- Mən niyə şəriətdən çıxıram ki?

Molla cavab verdi:

- Sən o səbəbə şəriətdən çıxırsan ki, şəriətin ümuruna[28] mümaniət[29] qatırsan. İstəmirsən ki, şərti mənkuhəni[30] əmələ gətirəsən.

Zeynəb cavab vermədi; o səbəbə ki, molla dediyini əsla başa düşmədi. Molla genə başladı:

- Məgər sən məfhum deyilsən[31] ki, indi Xudayar bəyin zövceyi həlalısan? Məgər bu səda sənin huş-guşuna təbliğ olunmuyub?

Zeynəb cavab verdi:

- Yəni deyirsən ki, mən Xudayar bəyin arvadıyam? Yaxşı mən kimə Xudayar bəyə getmək razıçılığını verdim ki, mən onun arvadı olum?

Qasıməli cəld əlini sinəsinə vurub dedi:

- Bax, mənə vermisən. Sən məgər məni vəkil eləmədin bu kişilərin öz yanında? Sən məni vəkil elədin. Bu yekə şeyi danmaq olar?

Zeynəb bir ah çəkib dedi:

- Yaxşı, nə deyirəm ki, siz deyən olsun.

Molla başladı:

- Çox əcəb. İndi sən elə mənim öz yanımda iqrar elədin ki, Qasıməlini sən özün vəkil eləmisən. Pəs daxı sözün nədir?! Nə səbəbə gedib öz xahişinlə ərinin evinə daxil olmursan? Deyirsən gərək səni zornan aparalar? Bədnamlıqnan aparalar? Rüsvayçılığnan aparalar?

Qlava çubuğun külünü yerə boşaldıb, dübarə başladı doldurmağı və üzünü Zeynəbə sarı çöndərib, uca səslə və qeyznak dedi:

- Bax, ay arvad, gözünü aç, gözümün içinə bax. Qazı dünən mənə kağız yazıb. Xudayar bəy şikayət eliyib ki, mənim övrətim Zeynəb mənim evimi qoyub, gedib öz evində olur; mənə itaət eləmir. Qazı mənə kağız yazıb. Əgər sən öz xahişinnən gedib ərinin evində oturmasan, səni it ölüsü kimi sürüdüb apartdırram! Lap yəqin elə və ağlını yığ başına!

Zeynəb bir söz demədi. Amma qızları hər ikisi başladılar ağlamağı. Növbə yetişdi mollaya. Molla üzünü Zeynəbə sarı tutub, başladı genə nəsihəti:

- Yox, yox, bacı, allaha xoş getməz. Sən nahaq yerə özünü də məşəqqətə mübtəla eliyirsən, uşaqlarının daürəklərinin sıxılmağına bais olursan. Yox, yox, belə eləmə. Ağlını yığ başına və dinməz-söyləməz yığış, get otur ərinin evində. Yoxsa indi dəxi iş qurtarıbdı. Sən indi Xudayar bəyin zövcəsisən. Sənin heç ixtiyarın yoxdu bu barədə kəmetinalıq eləyəsən. Əgər istiyirsən ki, şəriətə əməl eliyəsən, işin həqiqəti budur ki, mən deyirəm. Əgər mənə etiqatın var, inan. Yoxsa etiqatın yoxdu, inanma. Özün bil. Əgər istiyirsən ki, səni sürüyə-sürüyə aparalar, qoy aparsınlar, dəxi sözüm yoxdu.

Bu sözləri deyib, Molla Məhəmmədqulu çubuğu uzatdı kisənin içinə və doldurub çıxartdı və Kərbəlayı İsmayıla səmt bir qov uzadıb alışdırdı, qoydu çubuğun üstə və başladı nəsihəti:

- Yox, bacı ağlını yığ başına. İndi sən görürsən ki, iş lap qurtarıbdı. Sən indi Xudayar bəyin övrətisən. Şəriət heç vədə övrətə o ixtiyar vermir ki, otursun öz evində və ərinin sözündən çıxsın. Söz yox, sən getməzsən, mən də yazaram nəçərnikə ki, filankəsin övrəti təcavüz edib şəraiti-zövciyyəni[32] əmələ gətirmir. Bilirsən onda nə olar? Onda o olar ki, nəçərnik pristavı göndərər, səni qolu-qıçı bağlı göndərərlər şəhərə ki, nəçərnikə cavab verəsən. Niyə sən işi o yerə yetirəsən ki, səni biabırçılıqnan aparalar şəhərə, dost görə qəmgin ola, düşmən görə sevinə?

Qlava başladı:

- İndi nə deyirsən, bizi məəttəl eləmə. Əgər gedirsən, öz xahişinlə get; yoxsa getmirsən, mən bildiyimi eliyim. Vallahi, billahi gözünü aç, gözümün içinə bax. Sonra peşman olarsan.

Zeynəb bir söz deməyib, irəliki halətdə durmuşdu ayaq üstə. Bir belə sözdür ki, sakitlik – razışılıq əlamətidir. Oturanlar da bir belə şeyi başa düşüb, durdular ayağa ki, getsinlər. Əvvəl Kərbəlayı İsmayıl durdu və qamçısını Zeynəbə səmt silkələyib, bu tövr hərbə-qadağa kəsdi:

- Bax, ay arvad, indi biz gedirik. Axşama kimi sənə möhlət verirəm. Axşam Qasıməlini göndərəcəyəm ki, səndən ya hə, ya yox cavabını alsın. And olsun o bizi yaradana, əgər naz-qəmzə eliyəsən, mən səni qoymaram ki, bu kətdə baş dolandırasan. Axırı heç olmasa götürüb nəçərnikə yazaram ki, filan arvad ərindən küsüb, gedib pis yola düşübdü. And olsun o pərvərdigara ki, yazaram!

Cəmisi çıxdı eşiyə Vəliquludan savay. Vəliqulu da şəhadət barmağını anasının üstə qovzayıb dedi:

- Bax, ay ana, mən sənə deyirəm ki, Qasıməliyə yox cavabı versən, mən elə bu gün ayrılıb gedəcəyəm qaynatamgildə qalacağam. Bir aydan da sonra özümə toy edib, dəxi sənə ana demiyəcəyəm. Vəssəlam. İndi hələ xudafiz.

Vəliqulu da çıxdı.

Zeynəbin işi çox pis yerə gəldi dayandı. Hər zad bir yana, Vəliqulunun acıq eliyib ayrılmağı və evə gəlməməyi bir yana. Yazıq övrət nə eləsin? Məgər ev kişisiz ötüşər? Onda da bu cür vilayətdə. Qərəz, bu müsibət böyük müsibətdi.

Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. Qıçları ağrayıb sızıldayırdılar. Kişilər çıxan kimi gəldi oturdu və uşaqlarını aldı qucağına. Binəva balalar ağlamaqdan lap yorulmuşdular. Qızların ikisi Zeynəbin qucağında şirin yuxuladılar. Zeynəb bir qədər ağlayıb, başını dayadı divara və cumdu fikrə.

Mən istərdim Zeynəbin indiki halını sizə məlum edim, onun dərdini söyləyim, onun fikir-xəyalını, qəmini, qüssəsini  və qəlbinin sıxılmağını açıb bəyana gətirim: o cəhətə istəmirəm ki, qorxuram sizi də ağlamaq tuta. Amma nə eləmək, mən genə gərək borcumu əda eləyim.

Zeynəb indi bu saat qalmışdı iki divarın arasında: biri o tərəfdən sıxırdı, biri də bu tərəfdən. Nə qədər çalışırdı bu iki divarın arasından bir tövr ilə, bir fənn ilə çıxıb qaçsın, əsla mümkün olmurdu. Bu divarların biri Xudayar bəyə getməkdi, biri də getməməkdi.

Xudayar bəyə getmək fikri Zeynəbi o cəhətə divar kimi sıxırdı ki, Zeynəb Xudayar bəydən elə irgənirdi, necə ki, insan qurbağadan irgənər. Pəs necə ki, insana qurbağanı elə alıb qoynuna qatmaq nagüvara gələr, elə də, bəlkə bundan artıq, Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş görünürdü.

Xudayar bəyə getməmək fikri də Zeynəbə o səbəbə divar kimi sıxırdı ki, Zeynəbə, sözün vazehi[33], artıcaq xof üz vermişdi. Hünər gərək bu guppultunun, bu əziyyətin, bu rüsvayçılığın, bu hərbə-qadağanın, qazının, nəçərnikin, mollanın, qlavanın, şahıdların, cammatın və Vəliqulunun qabağına çıxıb tap eləsin və kəllə-kəlləyə versin! Bu hünər nəinki Zeynəbin, bəlkə onun babasının da qüvvəsindən felə gəlməzdi.

Yəni insafən nə eləsin yazıq Zeynəb? Bir yandan Vəliqulu ayrılıb qoyub gedəcək. Pəs əkin necə olsun? Mallar necə olsun? Ev-eşik, zəmi, alver necə olsun? Bir yandan şəhərə getmək və nəçərnik yanında biabırçılıqla cavab vermək dərdi.

Ya xeyr, ola bilər ki, qlava Zeynəbi heç şəhərə də göndərməsin. Hazır qazı ona rəsmi izharnamə göndərib. İndi bu saat qlavanın külli ixtiyarı var Zeynəbi versin Qasıməlinin dalına  və aparıb salsın Xudayar bəyin evinə. Qlava da, söz yox, eləyəcək. Əvvəla ondan ötrü eləyəcək ki, bu işlər onun borcudur. İkinci də ki, bizə məlumdur ki, qlava Xudayar bəyin anasını siğə eləyibdi. Pəs Xudayar bəy olur onun ögey oğlu. Pəs elədə yəqin qlava bu işin üstünə düşüb. Hər yolnan olmuş olsa, bu işi aşıracaq. Zeynəb özü ağlı kəm övrət deyil, bunların hamısını çox yaxşı başa düşürdü.

İki saat tamam Zeynəb bu cür xəyalata məşğul idi ki, qapı açıldı. Qasıməli girdi içəri.

- Nə deyirsən indi, bacı? Sözün nədi? Mən indi gedim qlavaya nə deyim? Razısan, ya yox?

İndiki halında Zeynəb bənzəyirdi bir elə şəxsə, hansı ki, zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox? İçməsə dərd, qüssə və qəm onu öldürəcək, içsə zəhər öldürəcək. “Pəs məsləhət budur ki, içim” – deyib şüşəni çəkir başına.

Zeynəbə razıçılıq cavabı vermək zəhər içmək mənziləsində idi. Elə ki, Qasıməli sualını bir də təkrar elədi, Zeynəb hamı gücünü yığıb və üzünü qırışdırıb cavab verdi:

- Razıyam.

 

                                             XİTAMƏ[34]  

 

Əhvalatdan üç il keçib, dördüncü ilə ayaq qoyurdu. Qış fəsli idi. Kiçik çillənin çıxmağına on gün qalırdı. Günorta vaxtı idi. Hava xoş idi. Hərçənd havada bir az sazaq var idi, amma günün təsiri bilinirdi. Hava xoş olmaq cəhətə kəndlilər divarların dibinə düzülüb və yanlarını yerə verib, məşğul idilər söhbətə. Məhəmmədhəsən əminin damının dalında divarın dibində üç-dörd kişi oturub danışırdılar. Bu heyndə küçə ilə bir qəribə kəndli qabağında beş-on yüklü eşşək yolnan keçirdi. Eşşəklər yavıqlaşdılar və istəyirdilər keçsinlər, oturanların içində bir qoca kişi qaçıb və eşşəklərin içinə özün soxub bir çal eşşəyin başını qaytardı və durdu diqqətlə eşşəyin o üzünə-bu üzünə baxmağa. Eşşəklərin sahibi əlbət elə güman elədi ki, qoca kişi eşşək almaq istəyir, qaçdı qadağa və o biri eşşəklərin başını “çoçə” detə-deyə qaytarıb, saxladı yolun ortasında və gəldi çal eşşəyin yanına. Qoca kişi gah eşşəyin qabağına keçir, gah dalına keçir, başına baxır, qıçlarına baxır, quyruğuna baxır. Sonra da ağzını açdı, dişlərinə baxdı. Eşşək sahibi başladı eşşəyi tərifləməyə:

- And olsun allaha belə eşşək olmaz. Bu eşşəkdən hünər əskik deyil. Görürsən nə qədər yük çatmışam. Düz yeddi pud yükdü. Əgər almaq meylin olsa, sənə ucuz da verərəm.

Qoca kişi genə eşşəyin ağzını ayırıb, diqqətlə ağzına baxandan sonra başını qovzadı və üzünü tutdu eşşək sahibinə:

- Qardaş oğlu, bu eşşəyi sən kimdən almısan?

- Əmi, nə vecinə kimdən almışam! Həyə[35] alacaqsan, al, almayacaqsan qoy gedim, məni avara eləmə.

Qoca kişinin yoldaşları da bir zad başa düşüb durub gəldilər yavığa.

Qoca kişi üzünü onların birisinə tutub dedi:

- Məşədi Oruc əmoğlu, gəl bir sən də bu eşşəyə bax. Bu eşşək məni bir az şəkkə salır.

Görükür ki, eşşək sahibi özü də bir zad duydu çünki qoca kişi bu sözü deyən kimi eşşəyin dalına bir-iki dəyənək ilişdirib, istədi eşşəyi sürüb gedə. Amma qoca kişi qoymadı. Məşədi Oruc da qoca kişi kimi eşşəyi diqqətlə vəravürd eyləyib[36], üzünü tutdu qoca kişiyə:

- Məhəmmədhəsən əmi, mən bilirəm sənin şəkkə düşməyini. Sən eşşəyi öz eşşəyinə oxşadırsan.

Genə eşşək sahibi eşşəyə bir-iki dəyənək yendirib, istədi sürüb gedə, Məhəmmədhəsən əmi və Məşədi Oruc qoymadılar. Qalan kəndlilər də yığışdılar və eşşəyi əhatə edib, baxırdılar eşşəyin o üzünə-bu üzünə. Məhəmmədhəsən əmi üzünü eşşək sahibinə tutub dedi:

- Qardaş oğlu, səni and verirəm on iki imama doğrusunu de görüm bu eşşəyi kimdən almısan?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info