Qonaq Kitabı
MARAL

Bəypolad (kəskin və hiddətli bir tevr ilə Bayrama). Gəl buraya, oğlum!

 

Bayram ona yaqlaşır və donuq bir vəziyyətlə baqıb dururkən Bəypolad sərt və atəşli bir sillə eşq edər, məclisdəkiləri dərin bir heyrət alır, Bayram da durduğu yerdə dona qalır.

 

Bəypolad (Bayrama). Qeyb etdiyin para nə qadardi?

Bayram (titrək səslə). İki altın, əfəndim...

 

Bəypolad cibindən iki altın çıqarıb Bayrama vermək istər.

 

Turxan bəy (mane olaraq). Aman, rica edərim! Nə yapıyorsunuz? (Çantasını

çıqarır).

Bəypolad. Xayır, əfəndim, bənimlə Bayramın arasına kimsənin girməsini istəməm. (Bayram əllərilə göz yaşını silər. Turxan bəyə baqaraq verilən parayı qəbul etmək istəməzsə də, Bəypolad zorla avcuna sıqışdırır və əlini onun omuzuna qoyaraq sərt və kəskin bir ahəng ilə). Bayram! Oğlum, Qulaqlarını eyicə aç! Sözümü, nəsihətimi dinlə!.. Sən bir baba yigitsən, bu hal sana yaraşmaz. Sən bir türk oğlusun, mərd oğul kökünü unutmaz. Ər oğlu ər ol, qəlbini dar tutma!.. Baq nə diyorum sana, sözlərimi unutma!.. (Qayət şiddətli və ağır bir ahəng ilə).

Heysiyyətli bir baba yigit, nə oynar... nə gülər... nə də ağlar... Çünki oynamaq çingənələrin işidir, gülmək çocuqların payıdır, ağlamaq da dul qadınlara yaraşır... Anladınmı? İştə bu qadar! Haydı, get!..

 

Bayram qədəhləri alıb çıqar.

 

Bəypolad. Əfəndilər! Cəsarətimin əfv ediləcəyinə əminim, çünki səmimiyyətdən iləri gələn qüsurlar daima əfv edilir. Bir də bənim təbiətim bu!.. Nerdə boynu bükük və miskin bir erkəyə rast gəlsəm, dərhal sinirlərimə toqunur, baxüsus o adam türk qevminə mənsub olursa!..

Çingiz bəy (Bəypolada). Zatən bu böyük bir məziyyət, böyük bir fəzilətdir, əfəndim!

Bəypolad  (Ümuma). Nə isə, təkrar əfvinizi istirham edər, Allaha ısmarlarım, qardaşlar! (Ağır adımlarla çıqar, məclisdəkilər də onu tə’qib edər).

Turxan bəy (çıqdıqları sırada Bəypolada). Gəlişiniz bizi nə qadar məmnun etdisə... əmin olunuz ki, gedişiniz də bir o qadar məhzun ediyor. Bəypolad (qapı arasında). İnşallah, yenə görüşürüz.

 

Artıq görünməz olurlar. Sonra Maral daxil olur, misafirlərin çıqdığı qapıya doğru

iləriləyərək baqınıb düşünür.

 

Nazlı (gələrək). Getdilərmi?

Maral. Əvət, getdilər. (Yerdə sarı bir gül görüb alır. Nazlıya göstərərək yarı məhzun, yarı mütəbəssim bir halda). Baq!.. Bir baq, Nazlı bacı!.. Ayaqlar altında əzilən bu bədbəxt gülü, bu vərəmli çiçəyi

görüyormusun?! Beş gün sonra, İştə bən də bunun kibi təvərrüm edərim!

Nazlı (mütəəssir və nəvazişkar bir səslə). Ah, yavrum!..

Maral. Əvət, beş gün sonra, bən də bunun kibi sönüb gedərim.

Nazlı (masa üzərində bir cığara qutusu görüb alaraq). Bu nə? Bu gümüş qutuyu kim unutmuş?

Maral. Kim bilir!.. Bəlkə yeni gələn misafirindir.

Nazlı. Baqınız, İştə, yazısı da var.

Maral (alıb oquyaraq). Bunu Arslan bəyə yadigar vermişlər...

 

(Dərin bir ah çəkər).

 

Nazlı. Öylə isə Bayramı çağırayım da, tez qoşub kəndisinə versin.

Maral (dərin bir sükutla düşünür).

Nazlı. Çağırayımmı?..

Maral. Pəki, çağır!

 

Nazlı sağ qapıdan çıqar. Maral məhzun bir nəzərlə qutuya baqıb düşünür. Bu sırada Arslan bəy sol qapıdan əcələ içəri girər.

 

Maral. Ah!.. (deyə şaşırır, qutu əlindən düşü verir).

Arslan bəy. Aman, əfv edərsiniz... Qaliba sizi rahatsız etdim?

Maral (məhcub). Xayır, xayır... (Qutuyu yerdən almaq istər).

Arslan bəy (çapucaq kəndisi alaraq). Aman, zəhmət etməyiniz!..

Maral (yarı naz, yarı məhcubiyyətlə). Xayır, nə zəhməti var.

Arslan bəy. Müsaidənizlə, sizə küçük bir rica etmək istərim, amma...

Maral (sükut edər).

Arslan bəy. Şu əlinizdəki gülü bana verirmisiniz?

Maral (süzgün bir baqışla uzataraq). Alınız!..

Arslan bəy (gülü alıb qoqlayaraq). Ah, bilsəniz bu yadigara... əvət, əllərinizi öpmüş olan bu munis gülə, ömrüm olduqca pərəstiş edəcəyim. Həm də son nəfəsimdə bunu qoqulayaraq dünyadan gedəcəyim. (Pərəstişkaranə və məftunanə baqışlardan sonra, haman dışarı fırlar).

Maral (qapıya doğru ilərilər, məhzun və yaralı bir səslə). Ah, Arslan, Arslan, Arslan!.. (deyə əli alnında, boynu bükük və dalğın bir halda qapıya dayanır).

 

Pərdə

 

 

İKİNCİ PƏRDƏ

 

Səhnə iki həftə sonra Barjomda səhər vaxtı, pək kənarda açıq və mənzərəli bir

guşə ərz edər. Tək-tük sərv ağacları və iki-üç danə də bıçqı ilə kəsilmiş ağac kötüyü

görünür. Cəmil bəy əlində bir kitab olduğu halda, Bəypolad ilə bərabər, ağır adımlarla

yürüyərək gəlirlər. Uzaqda çoban düdüyü çalınır və bülbül şaqırtısı eşidilir.

 

Bəypolad. İştə, hər zamankı yerimiz!.. Buracıqda oturub yorğunluğumuzu alsaq eyi olmazmı ya?..

Cəmil bəy. Oturalım, əfəndim, burası qadar gözəl, baqımlı bir yer bu civarda pək

az bulunur. (Hər ikisi ağac kötükləri üzərində otururlar).

Bəypolad (kötükləri göstərərək). İştə, böylə təbii yerlərin sandaliyələri də kəndinə

məxsus!..

Cəmil bəy. Allah eşqinə bir baqınız!.. Ormanları inlətən şu vəhşi musiqi, ruhumuzu güldürən şu bülbül nəğmələri nə qadar munis! Nə qadar dilbər! Hələ nəzərimizi oqşamaqda olan şu lətif mənzərələrə, şu təbii gözəlliklərə nerdə rast gələ biliriz?!

Bəypolad. Öylə ya... Cənnəti bu qadar tə’rif, tevsif edərlər, İştə burası da cənnətdən bir parça deməkdir.

Cəmil bəy. Şübhəmi var?!

Bəypolad (təqdiramiz). Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! Turxan bəydən ayrıldığım gecə gözəl bir mehtab var idi, gözlərim bağçayı şənlətən çiçəklərə ilişdi, doğrusu, ailənizdəki hüsnitəbiətə heyran oldum.

Cəmil bəy. Xayır, əfəndim, o bağçayı keçən sənə görməliydiniz. Divarlarına varıncaya qadar rəngarəng çiçəklərlə bəzənmişdi. Tavus tükləri kibi hər baqışda insana başqa bir gözəllik ərz edərdi.

 

(Məhzunanə).

 

Fəqət zavallı anacığım vəfat edəli pək çoq deyil... onunçin bu yıl bağçaya eyi baqmadıq. Doğrusu, könül açıqlığı olmayınca, insandakı nəş’ə də alt-üst oluyor. Artıq hiç bir şeyə həvəs qalmıyor.

Bəypolad. E...yy, cavanlıqda insanın hissiyyatı pək daşğın, pək həyəcanlı olur. Baq, siz bu dərəcə məhzun olduğunuz halda, Turxan bəydə hiç öylə bir hal görünmüyordu.

Cəmil bəy. Onun qayğı ilə, sıqıntı ilə nə işi!? O, yalnız kəndini düşünür, kəndi keyfinə baqar. Hələ yazıyorlar ki, bu günlərdə evinə on altı yaşında bir gəlin də gətirmiş!..

Bəypolad. Gəlin dedin də eyi xatirimə gəldi. Turxan bəydən ayrıldığım zaman, bəni bir tərəfə çəkib dedi ki: “Qomşumuzda milyonçu bir bəy var, kəndisi bənimlə əhbab... həm də gözünün ağıqarası bir danəcik qızı var. Şimdi Cəmili bəkliyorlar, söylə çocuqluq etməsin! Fürsət əldən çıqar, sonra peşiman olur. Çoq geciksə bir məktub yazsın, nişan yüzüyünü göndərəlim də, iş bitsin, getsin...”

Cəmil bəy (yarım qəhqəhə ilə). Amma da nə gözəl fürsət. Nə xoş xəbər!.. Demək

ki, taleyimizin yıldızı doğmağa başlamış da, xəbərimiz yoq... (heyrətlə) Allah, Allah! Dünyada nə əcayib mühakimələr var imiş!.. Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hanki divanənin xəyalından keçər!.. (Qızğın və sinirli). Demək ki, bir qızı və ya bir oğlanı məhv etmək için yalnız ana-babasının rizası kafi imiş!..

Bəypolad. Bu nə demək!.. Şükür Allaha, əqlin, kəmalın hər kəsdən ziyadə... Eyicə düşünüb daşınırsın, kəndi hissiyyatını dinlərsin... Sana zor edəcək deyillər, a!?

Cəmil bəy. Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoq... Zor etmək deyil, insanı qəhr etmək belə onlarca əhəmiyyətsiz bir iş.

Bəypolad. Sən bu xüsusda hiç məraq etmə!.. Sizin yerin adətini bilməsəm də Turxan bəyi görüb tanıdım... Zənnimcə o, böylə bir haqsızlığı əsla rəva görməz.

Cəmil bəy. Bəlkə bən yanılıyorum!.. Allah ağzınızdan eşitsin! (Ətrafa baqaraq). İştə, Səltənət xanım da gəldi.

Bəypolad. Pək gözəl, gəlsin baqalım, həmşirə xanımda nə xəbər var...

Səltənət (gələrək). Yenə bir guşəyə çəkilib də nə həsb-hal ediyorsunuz? Cəmil bəy (yerindən qalqaraq tə’zim ilə). Hiç... Öylə bir şey deyil; təbiətin gözəlliyindən, insanlardakı eyi-fəna hallardan bəhs ediyoruz.

Səltənət (Cəmil bəyə). Otur, əzizim, otur!..

Cəmil bəy (bir ağaca dayanaraq). Böylə daha eyi...

Bəypolad (Səltənətə). Humay nerdə... həmşirə?

Səltənət. Nişanlısı Şahmar bəydən məktub almış. (Cəmil bəyin halı dəyişir). Zənn edərsəm ona cavab yazıyor.

Bəypolad. Pəki, Şahmardan nə xəbər?

Səltənət. Bu günlərdə Qazandan Peterburqa getmiş...

Bəypolad. Amma bu zabit qısmı də pək tuhaf şey!.. Əqillisi gerçəkdən böyük bir fəzilətə malik olur, Şahmar kibilər də əsil timarxanədən başqa bir yerə yaramaz. Şimdi kim bilir, yenə hanki meyxanə bucağında sızıb qalmış...

Səltənət. Hənuz gəncdir, qardaşım, yavaş-yavaş yumuşar, uslanır.

Bəypolad (heyrətlə). Kim!.. Şahmarmı?.. Yazıqlar olsun! Adam tanımaqda eyi məharətiniz var!.. Dünyanın bütün dəliləri uslanır da, inan ki, o yenə uslanmaz. Onun

adı gəlincə, sanki Humayı qarşımda ağlar görüyorum.

Səltənət. Nə yapalım? Şimdi hər hansı qıza baqsanız, ən birinci arzusu evlənəcəyi adamın zabit olmasıdır.

Bəypolad (acı qəhqəhə ilə). Ona şübhəmi var!.. Hər kəs bilir ki, zabit həyatı ən məs’ud bir həyatdır! Baxüsus, Şahmar kibi bir abdalın işi nə ola bilir?.. Qılıcını şaqırdataraq vaqtında maaş almaq, gecə-gündüz klublarda, teatrolarda boşboğazlıq etmək... Nerəyə getsə rəfiqəsi xanım əfəndi də bərabər... Böylə qayğısız bir həyatı əcəba hanki qız sevməz?!

 

Bu halda yaqında bir tüfəng açılır. S ə l t ə n ə t diksinir. Bəypolad və C ə m i l

səsgələn tərəfə baqarlar.

 

Cəmil bəy (titrək və sinirli). Əcəba insanlıqda bu cəlladlıq, bu xunxarlıq nə vaqta qadar dəvam edəcək! (Əlilə işarə edərək). Bir şu avcıya, şu vicdansız hərifə deyən  yoq ki, o günahsız quşcığazı məhvetməkdə nə mə’na var? Bir az əvvəl, zavallı daldan-dala qonaraq şaqırşaqır ötüyordu. Ah, mərhəmətsiz cəllad! Mədəni canavar!

Səltənət (Cəmil bəyə). Tuhaf şey!.. Sən bunu birinci dəfəmi görüyorsun?

Bəypolad (Cəmilin qolundan tutaraq). Bilirmisin, Cəmil! Sən bu əsr için deyil, bəlkə başqa bir zaman için yaradılmışsın. Hissiyyatın o qadar nəcib, o qadar ali ki, şu

mühit sənin için pək dar, pək qaranlıqdır... (Əlilə göstərərək). Haydı gəl, bu tərəfdən şu qarşıkı təpəyə çıqalım; orası pək mənzərəli bir yer...

Səltənət. Əvət, orası pək gözəl... Ətrafı gözdən keçirdikcə insanın könlü açılır. Fəqət Cəmil bəy azacıq zəif, fəzləcə yorğunluq vücudunu üzər deyə qorquyorum.

Cəmil bəy. Əvət, doktor da öylə diyor. Hələ yoquş çıqıb kəndimi yormaqdan büsbütün mən’ ediyor.

Səltənət (Cəmilə). Humay gəlib bizi soracaq olursa, yerimizi söylərsin. Arzu edərsə o da gəlir; istəməzsə buracıqda səninlə bərabər qonuşub gəzinir.

Cəmil bəy. Pəki, əfəndim, söylərim...

 

Bəypolad ilə S ə l t ə n ə t Cəmil bəyə yünül bir təmənna edərək yavaş-yavaş

gedərlər.

 

Cəmil bəy (bir-iki gəzinərək məhzun bir halda). Humay, Humay! Ah, o gözəl xilqəti düşündükcə bütün ruhum, bütün vücudum sarsılıyor. Yaşadığım müddətdə yalnız onun gül yüzünü görmək, onun lətif səsini eşitmək istərim. (Təbdili-tevrilə). Əvət, o bənim, yalnız bənim olacaq. (Azacıq düşünərək mə’yusanə). Ah, fəqət Şahmardan keçməzsə?

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info