Qonaq Kitabı
MARAL

Nadir bəy. Təşəkkür edərim.

B a y r a m (daxil olur, Turxan bəyə). Əfəndim, Çingiz bəy adam göndərmiş, diyor ki, bəy əfəndi evdə isə buyursunlar, bir az vaqt keçirəlim.

Turxan bəy. Söylə ki, misafirimiz var, əgər arzu edərsə kəndisi buyura bilir.

 

Bayram çıqar.

 

Aşıq Sultan (Turxan bəyə). Bəndəniz gedəyimmi, əfəndim?

Turxan bəy. Gedə bilirsin, əzizim, fəqət sazını alıb geri dönmək şərtilə.

 

Aşıq Nadir bəyə baqar.

 

Nadir bəy. Zərər yoq, madam ki, arzu ediyorlar, sazını al da, gəl, fəqət çoq gecikmə!

Aşıq Sultan. Baş üstünə, əfəndim... (Çıqar.)

Turxan bəy (Bəypolada). Doğrusu, böylə birdən-birə təşrif etməniz bəni o qadar sevindirdi ki!.. Nasıl təşəkkür edəcəyimi bilmiyorum.

Bəypolad. Əskik olmayın, əfəndim...

Nadir bəy (Bəypolada). Nasıl? Cəmil kəndinə eyi arqadaşlar bulmuşmu?

Bəypolad. Xayır, o kimsəyə qarışmaz.

Nadir bəy. Pəki, yalnız başına sıqılmıyormu?

Bəypolad. Niçin sıqılsın! Səhər-aqşam həmşirəmin qızı Humay ilə bərabər seyrə çıqarlar.

Nadir bəy. Zənn edərsəm, Cəmil təbiətdəki gözəlliklərə pək məftun olmalı!

Bəypolad. Onu hiç sormayınız!.. Ya o, ya Humay xanım küçücük bir şəlalə qarşısında saatlarca dalıb gedərlər.

Turxan bəy (Nadir bəyə). Ey, təbiətdəki gözəlliyə onlar məftun olmayıb da, bənmi olacayım? Gənclik öylə bir ne’mət ki, onunla hər şey insana xoş görünür. Ömür artdıqca həyatdakı nəş’ə də o nisbətdə əksilir; nəş’ə əksildikcə qeydi-həyat artar, qeyd artdıqca binlərcə sıqıntı-üzüntü insanı sarmağa başlar. (Divardakı saatı göstərərək). İştə bu saatın hər vuruşu həyatımız için ən müdhiş bir zərbə deməkdir...

 

Bu sırada Ç i n g i z bəylə A r s l a n bəy daxil olurlar.

 

Çingiz bəy (ciddi və məğrur bir ahənglə). Canım, biz alçaq könüllü peyğəmbərlərdəniz; dağ bizə gəlməzsə, biz dağın ətəyinə gedəriz.

Turxan bəy (qəhqəhə ilə). Hiç Çingiz adında peyğəmbər eşitdinizmi?

Çingiz bəy (Turxan bəyə). Allah eşqinə, sən... sən hələ bəni tanımadınmı? (Məclisdəkilər ilə görüşürlər).

Turxan bəy (təkrar gülərək). Otur baqalım, əzizim, otur. Səninlə sonra qonuşacayım (Çingiz bəy və Arslan bəy otururlar).

Çingiz bəy (Bəypoladı diqqətlə süzərək). Əfsus ki, bəy əfəndiyi tanıyamıyorum.

Turxan bəy (Çingizə). Nasıl!? Ha, ha, ha... İştə, Bəypolad həzrətləri; Cəmilin Barjom arqadaşı, həm də pək alicənab və möhtərəm bir zat!

Çingiz bəy (böyük bir heyrətlə yerindən qalqaraq). Aman, nə diyorsunuz!

Turxan bəy. Əvət, əzizim!

Çingiz bəy (təkrar Bəypoladın əlini sıqaraq səmimi bir ciddiyyətlə). Şübhəsiz, Dağıstan tərəfindənsiniz, deyilmi?

Bəypolad. Əvət, qardaşım!.. Dağıstan türklərindənim.

Çingiz bəy. Ah, bu görüşdən nə qadar məmnun oldum, bilirmisiniz?

Bəypolad. Əskik olmayın.

Turxan bəy (Bəypolada). Əfəndim, Çingiz bəy Dağıstan xalqına qarşı pək başqa hörmət, pək başqa bir məhəbbət bəslər; dağıstanlı adı eşitdimi, büsbütün çıldırır.

Çingiz bəy. Fəqət haqsızmıyım? Onu söyləyiniz!.. (Şeyx Şamilin divarda asılmış rəsminə yaqlaşaraq kəskin bir ahəng ilə). İştə həm fazil, həm cəngavər bir dağıstanlı! İştə Şeyx Şamil!.. Baqınız, yalnız şu heykəli-cəladət, şu qoca qəhrəman, ilələbəd dağıstanlı adını yaşatmaq için kafidir! Ah, nədənsə bilməm, daima şu böyük simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss edərim. Şu parlaq nasiyədə, şu düşüncəli gözlərdə öylə mə’nalı bir əzəmət, öylə əzəmətli bir məhabət var ki, yalnız dostları deyil, düşmanları belə bir baqışda heyran olub qalırlar.

Turxan bəy (yerindən qalqaraq). Yaşa, Çingiz, yaşa!.. Doğrusu, sözlərinizin hər biri birər elmas parçasından daha dəyərlidir. (Bu sırada aşıq Sultan içəri girər). Otur, aşıq, otur, baqalım. (Qapıya) Bayram!

Bayram! (Bayramdan cavab gəlməz, Arslan bəy onu çağırmaq için qalqar).

Turxan bəy (Arslan bəyə). Rica edərim, söylə çay gətirsinlər...

Arslan bəy. Bu saat, əfəndim. (Sağ qapıdan çıqar).

Turxan bəy. Haydı, Sultan, söylə baqalım!..

Aşıq Sultan. Bəylər, əfəndilər nə əmr edər?

Çingiz bəy. Sənin keyfin nə istərsə, onu...

Arslan bəy (daxil olub Turxan bəyə). İştə gəliyor, əfəndim...

Turxan bəy. Allah onun bəlasını versin. Bayram çay gətirir. Payladıqdan sonra çıqar.

Arslan bəy (Çingizin qulağına heyrətlə). Ah, Maral, nə Maral!.. Maral demə, bir cənnət pərisi...

Çingiz bəy (hiddətli, fəqət alçaqdan). Arslan! Gözlərimin içinə bir eyi baq!..

Arslan bəy (təlaş ilə). Aman! Rica edərim.

Çingiz bəy (eyni ahənglə). Sən vicdanını nerdə qayb etdin?

Arslan bəy (şaşqın). Çingiz!..

Nadir bəy. Haydı, Sultan, söylə baqalım... (Çingizlə Arslan bəyə təbəssümlə). Gizli söhbət yasaqdır, əfəndilər!..

Aşıq Sultan (başlar) E...yyy...

Vicdanları parlaq tutan sevgidir,

Sevgisiz könül ya daşdır, ya dəmir...

Bir könülə iki sevgi yaraşmaz,

Könül bir, sevgi bir, böyük Tanrı bir...

(Mükərrər.)

 

Turxan bəy (başını sallayaraq mütəfəlsəfanə təkrar edər).

Könül bir, sevgi bir, böyük Tanrı bir...

Aşıq Sultan. Əfəndilər!..

Sevgidədir ancaq Allah rizası,

Sevgisiz bir gönül şeytan yuvası...

Qardaşım! Bu dünya kimsəyə qalmaz,

Aldanma! Çürükdür əsli, əsası...

(Mükərrər.)

 

Çingiz bəy. Yaşa, Sultan, yaşa!

 

Aşıq bir-iki öksürür. Bu sırada Bayram, bənzi uçmuş bir halda içəri girib döşəməyi gözdən keçirir, ciblərini araşdıraraq şaşqın və mütəcəssis bir halda çıqıb gedər.)

 

Aşıq Sultan. Aaxx...

İnsan bir gün dikən, bir gün çiçəkdir,

İnsan gah bir şeytan, gah bir mələkdir.

Fənalıq, eyilik bil nə deməkdir!

Yarın adın dastan olur dillərdə...

 

(Mükərrər)

 

Hər tərəfdən Sağ ol! Var ol! – deyə aşığı alqışlarlar.

 

Aşıq (yenə dəvam edər). Ağalar!..

Nə buldular İsgəndərlər, Çingizlər!?

Qanlar döküb, canlar yaqıb getdilər!..

Cihanı titrədib alt-üst etdilər,

Qanlı bir iz bıraqdılar ellərdə...

(Mükərrər)

Çingiz bəy (nifrətlə). Aşıq!..

Aşıq. Əfəndim...

Çingiz bəy (qapıyı göstərərək hiddətli). Artıq yetişir, haydı dəf’ ol!..

Turxan bəy (heyrətlə). Niyə, canım!? Nə oldu ki?

Nadir bəy (mə’nalı bir qəhqəhədən sonra). Zərər yoq, Sultan, sən get. (Aşıq gedər).

Turxan bəy (Çingizə). Yazıq deyilmi ya!.. Niçin könlünü qırdın?

Çingiz bəy (sinirli). Allah eşqinə, söylətmə bəni...

Turxan bəy. Pəki, nə oldu ki?! Söyləsənə!..

Çingiz bəy (qızğın). Daha nə olacaq!.. Böyük Çingiz, o sarsılmaz hökmdar tariximizin ən şanlı bir qəhrəmanı olduğu halda, təhqir ediliyor da kimsə əhəmiyyət vermiyor.

Turxan bəy (Çingiz bəyə). Bu, təhqir deyil, əzizim, bəlkə tarixlərdə görünmüş bir həqiqətdir.

Çingiz bəy (ayaqda gəzinərək qayət sinirli). Əfv edərsiniz, əfəndim! Öylə çürük həqiqətlər bir taqım boş qafalara yerləşə bilir. Mühakiməli bir adam, öylə iftiralara əsla qulaq verməz. (Daha şiddətli). Azacıq insaf etməli, İştə hər millətin tarixi meydanda... Əcnəbilər böyük İsgəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırıyor,heykəllər dikdiriyorlar. Fəqət bizlər!.. Bizlər isə Çingiz kibi cihangirlərə, Teymur kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istiyoruz!

Bəypolad (Çingiz bəyə). Doğrusu, bu xüsusda bən də səninlə həmfikirim. Gerçəkdən, millətimiz pək sönük, pək mühakiməsiz... Daima düşman ağzından eşitdiyi iftiraları bir həqiqət zənn edib də, ona görə söz söylər. Həm də bu iftiralar, bu həqarətlər ən ziyadə Şərq kitablarına məxsus bir haqsızlıqdır.

Turxan bəy (Nadir bəyə). Pəki, bu xüsusda sən nasıl düşünüyorsun?

Nadir bəy (sandaliyədən qalqaraq məharətli bir natiq tevrilə). Hər kəs eyi bilir ki, bən əsla qan dökülməsini sevməm. Deyil ki, məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanınbelə qanına girmək, bəncə, əfv edilməz bir cinayətdir. Fəqət, tarixialəm bir dəfə gözdən keçirilsin... Şimdiyə qadar qansız, müharibəsiz hanki vəq’əyə rast gələ bilirsiniz? Birinci olaraq tarixi-müqəddəsi alın. Nə bulursunuz?.. İlk səhifədə Qabil kibi xain cəllad bir qardaş siyah nasiyəsilə qarşınızda dikilib durur. Sonra yapraqları çevirin! Dinisiyasi binlərcə qanlı səhifələr gözlərinizi qamaşdırır. Din və məzhəb bayrağı altında dökülən qanlar bir yana, siyasət naminə edilən məzalimi sayıb bitirmək için binlərcə, milyonlarca kitab lazım... Yalnız Çingizi, yaxud onun kibi bir-iki cihangiri haqsız görüb də başqalarını haqlı göstərmək, zənnimcə pək böyük bir haqsızlıqdır.

Bəypolad. Əvət, doğru, həm də pək doğru...

Nadir bəy. Lakin yenə təkrar edərim, bəncə, əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. Yoqsa həmcinsinə qıymaqdan, yaqıb-yıqmaqdan zevq alanlar, başqasının fəlakətində səadət arayanlar, birər adi cəlladdan başqa bir şey deyildir.

Çingiz bəy (şiddətli qəhqəhələrlə). Öylə isə bütün insanlar, bütün təbiət, bütün kainat birər cəllad deməkdir.

Bəypolad (saatına baqaraq ümuma). Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum olmaq zamanı yetişdi (Turxan bəyə). Müsaidə buyurulsa...

Turxan bəy. Nə əcələ ediyorsunuz, canım!..

Bəypolad. Vəzifəm, rəsmi vəzifədir əfəndim, bir az daha geciksəm boynuma məs’uliyyət gəlir. Çünki şura bana müntəzirdir.

Turxan bəy. Bu şura niçindir, əcəba?

Bəypolad. Dəmiryol məsələsinə aiddir, əfəndim!

Turxan bəy. Pəki, bu gəlib-getməkdən biz nə anladıq?!

Bəypolad. Inşallah, yenə görüşürüz.

 

Bu sırada Bayram şaşqın bir halda daxil olur, yenə ətrafı gözdən keçirir, bir daha

ciblərini yoqlar. Boş qədəhləri toplayıb götürmək üzrə ikən bir-ikisini düşürür.

 

Turxan bəy. Nə olursun, bə!? Çıldırdınmı?!

Bayram. Əfəndim, əfv edərsiniz... (Yaşarmış gözlərini silərək). Ah, bilməm çaldılarmı? Kəndimmi düşürdüm? Iki aylıq maaşım qoltuq cibimdə idi... (Hönkür-hönkür ağlayaraq). Getdi, əvət, getdi... Bütün əməyim hədər oldu, getdi...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info