Qonaq Kitabı
MARAL

Faciə – 4 pərdə

 

ƏŞXAS

 

Turxan bəy – Ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında.

Maral – Turxan bəyin hərəmi; həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz, 16 yaşında.

Cəmil bəy – Turxan bəyin oğlu. Zəif əndamlı bir gənc, 27 yaşında.

Bəypolad – Yücə boylu, qartal baqışlı bir texnik (mühəndis), milli (dağıstanlı) qiyafətində, 45 yaşında.

Səltənət – Bəypoladın həmşirəsi, əski dağıstanlı qiyafətində, 42 yaşında.

Humay – Bəypoladın həmşirəzadəsi... Olduqca gözəl və mə’lumatlı bir qız, 22 yaşında.

Nadir bəy – Dava vəkili, 36 yaşında.

Çingiz bəy – Topçu alayına mənsub bir zabit, 32 yaşında.

Arslan bəy – Turxan bəyin əqrəbasından; gözəl simalı, mirasxor bir bəyzadə; milli qiyafətdə, 25 yaşında.

Qazı – Əbus çöhrəli bir ixtiyar, 70 yaşında.

Doktor – Orta yaşlı bir rus.

Aşıq Sultan – Haqq aşığı; köylü qiyafətində.

Nazlı – Eyi ruhlu, dindar bir qadın, əski qiyafətdə.

Bayram – Turxan bəyin xidmətçisi, 30 yaşında.

Cavan bir ləzgi – Bəypoladın xidmətçisi.

 

 

BİRİNCİ PƏRDƏ

 

Vəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur.

Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar və sairə...

Maral sol tərəfdəki – açıq bıraqılmış qapıdan içəri girər, kəndi halından məmnun olmadığı yüz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçayı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər.

 

Nazlı (sağ qapıdan daxil olaraq). Maral! Mələyim, nə düşünüyorsun?

Maral. Hiç, Nazlı bacı, hiç...

Nazlı. Bən sana ana yerindəyim, yavrum! Nə dərdin varsa, aç, söylə!

Maral. Allah qızcığazını sana çoq görməsin! Bu evdə yenə azçoq səninlə təsəlli

bulurum.

Nazlı (bağçayı göstərərək). Baq, şu bahar çiçəkləri, şu bülbül nəğmələri nə qadar gözəl!.. Azacıq gedib gəz də, könlün açılsın.

Maral. Ah, bu gözəl bahar hər kəsin könlünü açdığı halda, nədənsə bəni sıqıyor. O rəngarəng çiçəklərin lətif rayihələri sanki bəni boğuyor. O şətarətli bülbüllərin sevimli nəğmələri guya bana gülüyor, yaxud bənim talesizliyimə ağlıyor.

Nazlı (yapma bir gülüşlə). Allah eşqinə, hiç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi?

Maral. Haqqın var, Nazlı bacı!.. Lakin bu geniş dairə, bu müzəyyən və gözəl odalar bana dar və qaranlıq məzarlardan daha sıqıntılı gəliyor. Off, bəxtiyarlıq içində ölmək – kədərlər, üzüntülər içində yaşamaqdan bin qat xeyirli imiş. İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu.

Nazlı. Yaradana qurban olayım, hər şey onun əlində... Bir gün insanı həm bədbaxt edər, həm xoşbaxt...

Maral. Ah... Nazlı bacı, insan o vaqt xoşbaxt olardı ki, dünyaya hiç gəlməyəydi!..

 

Hər ikisi məhzunanə və düşüncəli bir sükut ilə baqışıb dururlar. Bu sırada Bayram

ə s g ə r v a r i qollarını sallayaraq, ayaqlarını yerə vura-vura qalın və mühib bir səslə:

 

“Bən bir türküm, dinim, cinsim uludur;

Sinəm, özüm atəş ilə doludur.

Doludur, doludur,

Dur! Dur! Dur...”

 

deyə sol tərəfdəki qapıdan içəri girər, başıaşağı olaraq odanın o biri başına qadar adımlar. N a z l ı və M a r a l onun şu sərsəm və çocuqca hərəkətini heyrətlə seyr edib dururlar.

 

Bayram (başını qaldırıb onları görüncə şaşırır. Marala itiraz ilə). Ah, əfv edərsiniz, hiç sizin burada olduğunuzu bilmiyordum.

Maral (nazikanə). Bayram, Allah ağıl payladıqda sən nerədə idin? Bayram (sırıtaraq). Göygöz mollanın yanında “şəkkiyyat” öyrəniyordum.

Nazlı. Vay, səni yoq olasan! Hələ utanmadan cavab da veriyor.

(Bayram mə’nasız qəhqəhələrlə digər odaya keçər.)

Turxan bəy (saqalını tıraş etdirmiş olduğu halda daxil olaraq). Aqşamlar xeyir olsun, Maral! Nasılsın, iki gözüm? Keyflər eyimi?

Maral (məhzunanə). Təşəkkür edərim.

Turxan bəy (Maralın əlini əlləri içinə alaraq). Lakin səni azacıq düşüncəli görüyorum. Hər duruşunda, hər baqışında bir darğınlıq, bir küskünlük var. Bilirmisin, Maralım!.. Bu mə’sum çöhrəyi bir dəqiqə belə məhzun görmək istəməm. Burada sıqılacaq bir şey yoq! Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələyim! Bənim varım-yoxum, mülküm-malım, başım-canım sənin ən küçük bir arzun için fəda edilməyə hazırdır. (Nazlı lampaları yaqıb çıqar.) Söylə, Maralım, söylə! Niçin bu qadar düşünüyorsun?

Maral (yapma bir nəzakətlə). Doğrusu, yalnızlıq, arqadaşsızlıq bana çox tə’sir ediyor.

Turxan bəy (onun sözlərindən bir mə’na çıqarmış kibi qəhqəhə ilə gülərək). E...yy, anlaşıldı, gülüm, anlaşıldı... İnşallah bir-iki ay sonra oğlum Cəmil Barjomdan gəlir. Çapucaq ona da bir qız nişanlarız, vur-patlasın, çal-oynasın, əyləncəli bir toy məclisi qurulur. İştə o zaman, sana da, sənin kibi gözəl, mini-mini bir arqadaş bulunmuş olur. Həm də istədiyin qadar gülərsin, oynarsın.

Bayram (əcələ içəri soqulur). Əfəndim, dostunuz, dava vəkili Nadir bəy gəlmək istiyor.

T u r x a n b ə y. Haydı, söylə buyursunlar. (Bayram çıqar, Turxan bəy Maralı öpərək mütəhəssiranə.) Get, Maralım, sən də get... İştə misafir gəliyor.

 

(Maral gedəcək olur.)

 

Turxan bəy (arqasınca). Maral!

Maral (dönüb baqaraq). Əmriniz?

Turxan bəy (onun gözlərinə diqqət edərək). Hiç, yavrum, get! (Maral çıqar, Nazlı daxil olub masa üzərinə iki-üç kül qabı qoyub gedər, Turxan bəy, Nazlıya eşitdirəcək bir ahənglə.) Sanki anası doğardoğmaz qızcığazın gözlərinə baqıb da ona görə ad qoymuş. Gerçəkdən Maral deyil, adəta maral baqışlı bir mələk!..

Nadir bəy (daxil olaraq). Əssəlamü-əleyküm...

Turxan bəy. Vəəleyküm-əssəlam, əfəndim, buyurun baqalım. (Əl verib qarşıqarşıya otururlar.)

Nadir bəy (Turxan bəyin saqalını tıraş etdirmiş olduğuna heyrət edərək). Bu nə hal, bu nə qiyafət, canım? Maşallah, büsbütün dəyişmişsiniz!

Turxan bəy (əlilə bıyıqlarını oqşayaraq). Doğrusu, bu son vaqtlarda saqaldan o

dərəcə nifrət ediyorum ki, əsla görməyə gözüm yoq.

Nadir bəy. Gerçəkdən Maral xanımın üzərinizdə pək böyük tə’siri varimiş! Sizi bir yıl əvvəl görmüş olanlar, əmin olunuz ki, şimdi tanıyamazlar.

Turxan bəy (laübali). E...y, nə yapalım, əzizim, ömür keçdikcə eşqin, sevdanın keçəcəyini də hər kəs söylər, durur! Fəqət yalan!.. Həm də pək böyük bir yanlış... Bir şam yanıb, əriyib də sönmək üzrə ikən nasıl şiddətli bir nur saçarsa, İştə qoca bir könül də eşqə, məhəbbətə qarşı o dərəcə böhranlı bir hərarət, xəyala sığmaz bir şiddət göstərir.

Nadir bəy (təbəssümlə). Lakin hər nasıl olsa, yenə azacıq ağır davranmalısınız. Doğrusu, sizin yerinizə bən Cəmil bəydən utanıyorum. Yarın gəlib də bu yaşda bir qız aldığınızı görürsə nə der, əcəba?!

Turxan bəy. Bıraq Allah eşqinə, çoluq-çocuq ağzına baqacaq deyiliz, a!..

Nadir bəy. Pəki Cəmil nə yazıyor? Hala gəlmiyormu?

Turxan bəy. “Hüquq”dan diplomasını alıb da Barjoma gəlmiş, yorğunluğunu çıqarmaq için yazı orada keçirəcəkmiş.

Nadir bəy. Barjomun nerəsində ev kiralamış?

Turxan bəy. Yazdığına görə Bəypolad ismində dağıstanlı bir mühəndislə buluşmuş, onun ailəsilə bir yerdə yaşıyormuş...

Nadir bəy. Çoq ehtimal var ki, bir az sonra bən də gedərim.

Turxan bəy. Sizi görür-görməz, inan ki, Cəmil sevincindən çıldırır.

Nadir bəy. Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım.

Turxan bəy. Eyi xatirimə gəldi, bir xoş xəbər daha...

Nadir bəy (məraqla). Nasıl? Nə imiş, əcəba?

Turxan bəy. Cəmili evləndirmək istiyorum, yalnız gəlib çıqmasını bəkliyorum.

Nadir bəy. Kim bilir! Bəlkə o, şimdiyə qadar birilə sevişib evlənmiş də, yalnız bizim xəbərimiz yoq...

Turxan bəy. Xayır, oğul bənimsə, xəbərsiz iş tutmaz. Onun için bir qız bulmuşum ki, röyasında belə görəməz. Həm gözəl, həm anababasının bir danəsi, həm

də son dərəcə zəngin.

Nadir bəy. Bəncə gözəllik zevqə aid bir şeydir. Sərvət isə, düşündüyünüz kibi, insanı pək da məs’ud edəməz. Bir də bir qızı sərvəti için deyil, dilxah və tərbiyəli olduğu için alırlar.

Turxan bəy. Nadir! Nadir! Hiç bir hiss, hiç bir qüvvət, hiç bir yer yoq ki, orada altın, gümüş rol oynamasın. Əmin olunuz ki, dünyanın bütün İzzəti bütün səadəti ancaq para ilə əldə edilə bilir.

Nadir bəy (yerindən qalqaraq). Əvət, hər şey para ilə əldə edilir; illa fəzilət və

insaniyyət!..

Turxan bəy. Xayır! Xayır... Fəzilət də paradadır, insaniyyət də...

Nadir bəy. Yanılıyorsunuz, əfəndim, sizə insan qılığında öylə çulsuz-palansız uzunqulaqlar göstərə bilirim ki, yalnız altından yapılmış bir palanları əskikdir.

 

Turxan bəy istehzalı qəhqəhələrlə gülər.

 

Bayram (əcələ içəri girər). Əfəndim, aşıq Sultan gəlmiş.

Nadir bəy. Hanki Sultan? Bizim köy işlərinə baqanmı? Bayram. Əvət, əfəndim.

Turxan bəy (Nadir bəyə). Nə eyi təsadüf!.. Onun saz çalmasını və dəyərli aşıq sözlərini çoqdan bəri eşitdiyim yoq.

Nadir bəy (Bayrama). Söylə, içəri gəlsin.

Bayram. Kəndisi yalnız deyil, əfəndim, yanında dağıstanlı bir bəy də var.

Turxan bəy. Pəki, adını öyrənəmədinmi?

Bayram. Adı Bəypoladdır, əfəndim.

Turxan bəy. Haydı, söylə buyursunlar.

 

(Bayram çıqar)

 

Nadir bəy. Əcəba bu hanki Bəypoladdır?

Turxan bəy. Zənnimcə Cəmilin arqadaşı olmalı...

Nadir bəy. Pəki, onun burada nə işi?..

Turxan bəy. O, mühəndisdir, ehtimal ki, dəmiryola baqmaq için gəlmiş.

Nadir bəy. Ehtimal ki...

Turxan bəy. O olsa fəna olmaz, Cəmildən eyi bir xəbər bilmiş oluruz.

 

Bu sırada Bəypolad ilə aşıq Sultan içəri girər, salamlaşaraq adlarını bir-birinə söylərlər. Hər üçü oturur, yalnız aşıq ayaqda durur.

 

Turxan bəy (Bəypolada). Təşrifiniz Barjomdanmı, əfəndim?

Bəypolad. Əvət...

Nadir bəy. Cəmil bəyin keyfi nasıl?

Bəypolad. Əvvəllər azacıq yorğun kibi idi, lakin şimdi eyidir. Həm də sizə məxsusi salamı var.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info