Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

 

Ə s ə d. Uşqol, acam, gedirəm evimizə.

 

U ç i t e l.   Otu yerinə! Dərs qurtarmamış getmək olmaz.

 

Əsəd gedir qapıya tərəf, uçitel gəlib yapışır onun çiynindən.

 

Sən ki, mənim sözümdən çıxdın, get dur bucaqda; özünü də tənbeh üçün bezabed qoyacağam. (Saatını çıxardıb baxır) Kimdi dejurni? Cəfər, sənsən? Get zəngi çal.

 

Cəfər qaçır çöldə zəngi çalır, şagirdlər səs-küy  ilə tökülürlər eşiyə.

 

 Ə s ə d (Mustafaya alçaqdan). Mustafa, qaç nənəmə de ki, uşqol məni bezabed qoydu, özümü də qoyub bucağa. (Şagirdlər çıxır, qalır uçitel və Əsəd).  

 

U ç i t e l  (var-gəl eləyə-eləyə). Sən lap heyvan imişsən. İndidən sən müəllimin sözünə baxmayanda, dəxi yekə kişi olanda nə eləyəcəksən? Yəqin ki, quldur olmaq istəyirsən, razboynik olmaq istəyirsən. Elə belə tərbiyə tapmışsınız ki, Danabaş kəndinin kişiləri lap vəhşi heyvan kimi olub, insanlıqdan bilmərrə bixəbərdirlər. Odur, yekə kişiləriniz. Odur Qasım kişi kimi ağsaqqalınız. Onun bir öz işlərinə bax, dərsə gülməklərinə bax!

 

Şagirdlərin bir neçəsi girir içəri.

 

 Söz yox, avam adama mənim dərsim xoş gəlməz. Onlar nə bilir Uşinski kimdi, Piroqov kimdi, Pestalotsi  kimdi? Onlarınkı odur ki, nadan mollalar[la] illər uzunu diz üstə oturub yırğalana-yırğalana (özü də yırğalanır) əlif-zəbər-ə, bey-zəbər be, tey-zir te ....  Nə var, nə var, yekə kişi olanda bir "Gülüstan" kitabını oxuyub qurtaracaq!

 

 

 

S ü l e y m a n.   Uşqol, mən "Gülüstan"ın babi-pəncümunə kimi oxumuşam.

 

Ş a g i r d   Z ü l f ə l i   (qaçıb soxulur içəri). Uçitel, Əsədin nənəsi əlində ağ şey, söyə-söyə gəlir.

 

U ç i t e l  (acıqlı). Cəhənnəm ol!

 

Zülfəli çıxır. Şaban nənənin bağırtısı gəldikcə yavuqlaşır. Arvad əlində bir dəyənək, o biri əlində bir neçə daş, mərəkə və föhş ilə daxil olur içəri.

 

Ş a b a n   n ə n ə. Hanı mənim balam? (Əsədi görür, uçitelə). Bunu niyə burada dussax eləmisən? A sənin atan-anan tünbətün düşsün! A səni uşqol açdığın yerdə quruyub daşa dönə idin! A səni belə əkib doğanuvun atasına nəhlət! (Əsədə) Bala, gəl gedək.

 

U ç i t e l  (acıqlı yeriyir qabağa). Olmaz, o gedə bilməz; sən özün buradan rədd ol, get!

 

Ş a b a n   n ə n ə. Ədə, buna bax ey! Məni hələ qovmağına bax ey! A sənin belə .... (Əlindəki daşın birini tullayır. Daş müəllimin başının üstündən gedib dəyir divara).

 

 

Məşədi Ağakişi, Kərbəlayı Qulamalı, Kərbəlayı  Heydər, Hacı Namazalı və bir neçə  qeyri kəndli tökülürlər içəri. Məşədi Ağakişi  Şaban  nənəni çəkir qapıya tərəf.

 

 M ə ş ə d i   A ğ a k i ş i. Ay arvad, çıx qoy get! Az bihəyalıq elə!

 

            Kişilər təəccüblü durub baxırlar. Şaban nənə Əsədi qabağına salıb, yaman deyə-deyə gedir. Şagirdlər məyus tamaşa edirlər.

 

U ç i t e l. Aman allah, bunlar, necə vəhşi tayfadırlar! Mən dəxi burada necəəllimlik eləyə bilərəm? Qardaş, mənim abrım töküldü, belə də rəftar olar? Beləliknən dərs demək olar? Proqram keçmək olar?

 

M ə ş ə d i   A ğ a k i ş i. Ay uşqol, sən allah, axı sən bu dəli qarıya niyə baş qoşursan? Qoy itilsin getsin cəhənnəmə. O özü nədi ki, sözü nə ola?

 

U ç i t e l. A kişi, səni tarı, sən də əl çək get işinə! Bu camaat deyilmiş, dəlixana imiş. Yox, yox, mən burada nə qala bilərəm, nə dərs verə bilərəm. (Oyza-buyza baxıb, bir qələmnən bir kağız tapıb, oturur yazmağa) Hanı, hardadı yüzbaşı? Ədə, Sadıq, hanı bizim storoj? Qoy getsin yüzbaşını çağırsın. Kağız yazacağam naçalnikə.

 

Camaat içindən səs gəlir: "Bəli, buradayam, bax, bu saat gedim çağırım". Məşədi Ağakişi və kəndlilər təşvişə düşür. Uçitel kağız yazır.

 

M ə ş ə d i   A ğ a k i ş i (uçitelə). Ay uşqol, aman günüdü, o kağızı yazma; bizi bədbəxt eləmə. Hər nə tənbehin varsa, özün elə. Qoy mən bu sahat o arvadı da gətirim bura. Əsədi də gətirim; nə tənbehin varsa, özün elə, ta nəçərnikə-zada şikayət yazma. Yoxsa yazığıq biz, bədbəxt olarıq. Aman günüdü, yazma!

 

 

Yüzbaşı Pirverdi bəy daldan yetişir. Məşədi Ağakişinin kürəyindən bir şallaq yendirir.    

 

P i r v e r d i   b ə y. Ədə, Nəzərəli, apar bunu sal dama. (Uçitelə) Yazma, yazma! Mən özüm bunların yaxşıca haqqına fikir çəkərəm. Mən bunları qəzəmətdə çürütməsəm, məndən əskik adam yoxdu. Yazma, yazma. (Gedir uçitelin əlindən qələmi alır).

 

B i r   n e ç ə   k ə n d l i.  Ay allah atana rəhmət eləsin, yüzbaşı.

 

Y ü z b a ş ı (uçitelə). Bilirsən mən niyə deyirəm bu əhvalat nəçərnikə yazılmasın? Ondan ötrü deyirəm ki, nəçərnik sənin kağızını oxuyanda elə xəyal eləyəcək ki, yüzbaşı camaatın öhdəsindən gələ bilmədi; yəqin elə güman eləyəcək ki, bəlkə genə Danabaş camaatı uşaqlarını uşqola verməmək dərdindən, aparıb kərmə qalağında gizlədirlər. Mən ölüm o kağızı cır, at.

 

Uçitel başını salır aşağı və dinmir.

 

 C a m a a t d a n   b i r   n e ç ə s i.  Mən ölüm o kağızı cır at.

 

U ç n t e l   (durur ayağa). Bunu bilməli olasınız ki, müəllimlik özü bir müqəddəs və habelə ağır bir vəzifədir. Hətta biz seminariyanı qurtaranda, qubernator gəlmişdi bizlər ilə görüşməyə. Qubernator bizə bir neçə gözəl nəsihət elədi və bu da yadımdadı ki, dedi ki, kənd müəllimliyi bir ali məqamdır; yəni o qədər ali məqamdır ki, qubernator özü bizə həsəd aparırdı və hətta bir neçə dəfə ah çəkib dedi: ax, kaş mən də o yol ilə gedə idim və belə bir ali vəzifədən belə bir nemətdən məhrum olmaya idim. Elə həqiqətdə bu özü bir müqəddəs vəzifədir; çünki avam camaatı qaranlıqdan işıqlıq aləminə çıxardırsan. Götürək  məşhur Lomonosovu8. O özü əvvəllər nə idi ki? Elmin sayəsində nə dərəcəyə qalxdı! Mən yüzbaşının iltimasına görə bu kağızı cırıram. (Cırır).

 

Y ü z b a ş ı. Çox sağ ol!

 

C a m a a t. Çox sağ ol!

 

U ç i t e l. Və ümidvaram ki, siz mənim bu nəsihətimə əməl edib bundan sonralıqda məktəbin qədrini biləcəksiniz və razı olmayacaqsınız ki, məktəbdə bugünkü şuluqlar bir də təkrar olunsun. Çünki məktəb küçə deyil; qiylü qal küçədə olar, məktəbdə olmaz. Küçədə olar qiylü qal, məktəbdə də olar dərs; küçədə olar föhş və biədəblik, məktəbdə olar nəsihət və elm. Küçə camaatı həmişə qaranlıqda qalacaq; çünki küçədə elm yoxdur. Amma məktəbdə hər bir kəs işıqlıq tapacaq; çünki məktəbdə elm var; necə ki, deyiblər, uçenie svet, neuçenie tma; yəni oxumaqlıq işıqlıqdı, oxumamaqlıq qaranlıqdı.

 

C a m a a t.  Bəli, bəli, başa düşdük.

 

Camaat dağılır və gedə-gedə əllərini ağızlarına basıb xəlvətcə gülüşür.

 

K ə r b ə l a y ı   H e y d ə r  (yavaşca camaata). A kişi, gəl gedək, bu sarsağın yaxasından uzaqlaşaq.

 

U ç i t e l  (camaatın dalınca). Amma yadınızdan çıxmasın ha , elm, elm və genə də elm! (Camaat bunu eşidəndən sonra dəxi də bərk gülə-gülə uzaqlaşır. Və uçitel yenə onların dalınca ucadan haraylayır). Uçenie svet, neuçenie tma.

 

 

 

P ə r d ə    s a l ı n ı r.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info