Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

Z ə r b ə l i   (divarın çatdağından deyir, amma üzü görükmür). Məşədi Ağakişi, uşaqları niyə kərmə qalağında gizlədirsən? Sən öləsən bu saat gedib uşqola xəbər verdim. (Kiişlərin üçü də hövlnak ayağa qalxıb təəccüb ilə baxırlar). Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu saldat yazdırın, öz uşaqlarınızı da kərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu? Neylək, heç eybi yoxdu.

 

M ə ş ə d i   A ğ a k i ş i   (yalvarır). Ədə, Zərbəli, mən ölüm ucadan danışma. Hansı həpənd sənin oğlunu yazdırıb? Ədə, mən ölüm yavaş danış, aman günüdü.

 

Q a s ı m   k i ş i   (Zərbəliyə). A balam, Zərbəli, boşla qoysun getsin.

 

Z ə r b ə l i  (çatdaqdan). Bə siz yazdırmamısınız, nəçərnik mənim oğlumun olmağını haradan bilirdi? Heylədi, elə biz bədbəxt musurmana quyu qazan elə öz musurmanımız olur. Bir deyin görək, mənim oğlum saldat gedəndə, görək sizin cibinizə bir şey girəcək, ya döşünüzə medal asacaqlar?

 

K ə r b ə l a y ı   Q u l a m a l ı  (Zərbəliyə). Ədə, dəli olma. Balam, xalqa baiskarlıq eləmə. Hansı atasından xəbəri olmayan, anasının əmcəyini kəsən sənin oğlunu yazdırıb? Mən ölüm, Zərbəli, bu danışıqları boşla, get işinə!

 

N ə z ə r ə l i   ç a v u ş  (qabaqca küçə qapısını döyür, sonra divarın üstündən yavaşca deyir). Məşədi Ağakişi, Məşədi Ağakişi! Durma uşaqları bu saat göndər xirmənə, yoxsa yüzbaşı uşkolnan bir yerdə evləri gəzirlər. (Nəzərəli bu sözləri deyib, yox olur).

 

Məşədi Ağakişi,   K ə r b ə l a y ı    Q u l a m a l ı  və  K ə r b ə l a y ı  H e y d ə r  qaçıb qalağın ağzından daşı götürüb uşaqları çıxardırlar və deyirlər:  "qaçın  xirmənə!  qaçın  xirmənə!". Uşaqların üçü də çıxıb qaçırlar.

 

Q a s ı m   k i ş i   (uşaqların dalınca).  Bala, bir az qıvraq qaçın, əldən çıxın....

 

Ş a b a n   n ə n ə   (Əsədin dalınca). Nənə sənə qurban, Əsəd bala.

 

Küçə qapısı döyülür, Nəzərəli çavuş qapının dalından səslənir.

 

N ə z ə r ə l i.   Məşədn Ağakişi! Aç  qapını, yüzbaşıynan uşqol sizə gəlirlər.

 

Məşədi Ağakişi gedib qapını açır, həyətə daxil olurlar: y ü z b a ş ı  P i r v e d i   b ə y,  əlində şallaq,   u ç i t e l    H ə s ə n o v,  M o l l a    M o v l a m v e r d i,  Nəzərəli çavuş  əində şallaq və bir neçə  k ə n d l i. Camaat gəlib düzülür həyətin ortasına.

 

P i r v e r d i   b ə y   (Məşədi Ağakşiyə). Məşədi Ağakişi, yaxşı qulaq as, gör nə deyirəm. Sizə məlumdu ki, mən on yeddi ildi ki, istəkli padşahımıza ixlas ilə qulluq eləyirəm. Və bir dəfə də olmayıb ki, mən dövlət yanında başı aşağı olum. Və bunu siz yaxşı bilirsiniz. Mən indi də razı olmanam ki, hər yanda danışalar ki, nəçərnik ağa gəlib Danabaş kəndində bir uşqol açdı, amma danabaşlılar yüzbaşı Pirverdi bəydən (özünü əli ilə nişan verir) qorxmadılar, uşaqlarını uşqoldan qaçırdıb kərmə qalağında gizlətdilər.

 

Camaatdan bir neçəsi gülüşür.

 

M ə ş ə d i   A ğ a k i ş i. Yüzbaşı, sənin başın üçün kərmə qalağında uşaq yoxdu; bax, bu mənim kərmə qalağım. (Gedir kərmə qalağının yanına).

 

Q a s ı m   k i ş i.   Nə eybi var, qoy zəhmət çəkib baxsınlar da! Bəlkə inanmırlar.

 

N ə z ə r ə l i   ç a v u ş (gedib başını uzadır qalağın içinə). Yüzbaşı, başın üçün qalağın içində uşaq yoxdu.

 

Q a s ı m   k i ş i.  Yoxdu, yoxdu. Hər kəs deyibsə, yalan deyib.

 

Ş a b a n   n ə n ə   (üzü örtülü, dalı camaata tərəf, çarşovlu). Yoxdu, yoxdu.

 

M o l l a   M o v l a m v e r d i  (Şaban nənəyə acıqlı və ucadan). Kəs səsini, bihəya! Övrət xəlayiqinin kişilər içində danışmağı qəbihdir. Həya lazımdır, həya!

 

U ç i t e l   H ə s ə n o v  (cibindən bir kaqız çıxardır). Camaat, mən cənab inspektorun hökmünə görə ki, direktorun predpisanyası ilə avqustun birindən Danabaş uşqolasına smatritel olmuşam, inspektorun və naçalnikin hüzurunda həmin siyahidəki uşaqların adları və atalarının adları burada  yazılıb, iki həftədən sonra uşaqların atalarından xahiş edirəm ki, bir surətdə ki, sizə də bir belə xoşbəxtlik üz verib ki, uşaqlarınız oxuyub adam olacaqlar, mən də fəxr edirəm ki, millətpərəstlik vəzifəmi yerinə yetirib padşahi-mehribanımızın xidmətində qulluq yarıdacağam. Yaşasın padşahımız! Yaşasın inspektorumuz! Yaşasın Danabaş kəndinin camaatı!

 

Q a s ı m   k i ş i .(uçitelə). Ay uşqol, axı mən də bir qoca kişiyəm; dünyada mən də azdan-çoxdan yaxşı ilə yamanı seçirəm. Axı, qurban olum sənə, bir məni başa sal görüm, o ki deyirsən uşaqlar oxuyub adam olacaqlar, bir mənə de görüm, necə yəni adam olacaqlar? Axı bu gün yığıncaqda spextırdı-nədi danışırdı, başa düşmədim; amma axı spextır söz arasında ağzından qaçırtdı ki, uşaqlar saldat olacaqlar.

 

P i r v e r d i   b ə y. Qasım kişi, bu sözlər bir qəpiyə dəyməz və mən saldat-zad qanmıram; mən buyruq quluyam. Mənə buyurublar: Sür dərəyə, sür dərəyə. Əgər siyahidəki uşaqlar uşqola gəlməsələr, mən siznən, bax, bu şallağnan danışacağam! (əlindəki şallağı nişan verir).

 

U ç i t e l   (yüzbaşıya).  Xeyr, yüzbaşı, məni bağışlayasınız, mən şallaqnan uşaq yığmağın tərəfdarı deyiləm. Pedaqogiya aləminə şallaq yaraşmaz və şallaq gücü ilə verilən dərslərdən bir fayda hasil olmaz. Mən elə qanıram ki, çətini ikicə aydı; elə ki, uşaqlar ikicə ay dərsə gəldilər, onda ataları təzə metodun nəticəsini öz gözlərilə görüb dəxi məktəbdən qaçmayacaqlar.

 

Q a s ı m   k i ş i   (uçitelə). Bax, çox əcəb danışırsan, ay uşqol. Allah atana rəhmət eləsin. İndi belə fərz edək ki, mən nəvəmi qoydum gəldi uşqola; sən iki ay deyirsən, mən sənə bir il möhlət verirəm. İndi bir mənə de görüm, bir ildən sonra mənim uşağım nə olacaq?

 

U ç i t e l.  Nə olacaq, tərbiyə tapıb adam olacaq.

 

Q a s ı m   k i ş i.  Axı, necə adam olacaq? Mən indi yetmiş ildən artıqdı ki, ömrüm var, indi sənin sözündən belə başa düşək ki, bu burnu fırtıqlı corma-çoçuqlar bir ildən sonra adam olacaqlar? Yəni nə zərəri var ki, bizi başa salasan, görək necə adam olacaqlar?

 

U ç i t e l.  Qasım kişi, bağışla, axı uşaqlar bir ildən sonra yazıb oxumaq öyrənəcəklər.

 

Q a s ı m   k i ş i.   Nə oxuyacaqlar? Nə yazacaqlar?

 

U ç i t e l.  Çernyayevskinin "Russki reç"ini də oxuyacaqlar, "Vətən dilini" də zvukovoy metodnan oxuyacaqlar.

 

Q a s ı m   k i ş i  (o tərəf-bu tərəfə baxıb, gözü sataşır Kərbəlayı Heydərə). A balam, Kabla Heydər, o hansı kitabdı? Bilmirəm "Gülüstan"dı nədi ki, uşaqlara dərs deyirdin. İndi mən bu mətləbləri başa düşmürəm. Sən ki, oxumusan, gəl cavab ver da! Niyə lal-kar kimi durub baxırsan?

 

U ç i t e l.  Yaxşı, Qasım kişi, söhbət bir "Gülüstan"da deyil. Tək bir "Gülüstan" oxumaqnan obrazovannı olmaq olmaz. Məsələ, indi götürək Kabla Heydəri, görək indi məsələ üçün Kabla Heydər tablitsa ümnajenini bilir? Və halonki, sizin uşaqlar bir ildən sonra biləcəklər.

 

K ə r b ə l a y ı   H e y d ə r   (uçitelə).  Cənab uşqol, üsuliddin çəndəst? (uçitel gülür, kəndlilər də gülürlər).

 

[Tərcüməsi: Günəşdən də aydındır.]

 

M o l l a   M o v l a m v e r d i  (uçitelə). Dəxi burada gülməyin mənası yoxdur. Sözdü o kişi soruşdu; əgər bilirsən, cavab ver; əgər bilmirsən, de ki, mən urus dərsindən savayı bir özgə elm oxumamışam. Zira ki, hər bir elm, hər bir təlim və tərbiyə əzhəri minəşşəmsdir ki, insanı öz tərəfinə çəkəcək. Şəriət elmini təhsil edən daim özünü islam bilib, müsəlmançılıq təriqətində saxlayacaq. Xaricilər ilə üns tutanlar, onların dilini oxuyanlar, onların içində tərbiyə, tapanlar, başlarına şapqa qoyub üsuliddindən də, füruiddindən də bixəbər və bibəhrə olacaqlar. Dəxi niyə gülürsüz? Yaxşı deyilmi ki, etiraf edəsiniz?

 

U ç i t e l.  Cənab Molla Movlamverdi, doğrudur, mən şəriət elmlərini oxumamışam, amma güman edirəm ki, mən oxuduğum və bildiyim elmləri də, nəinki Kabla Heydər və bəlkə bağışlayınız, siz özünüz də oxumayıb və bilmirsiniz.

 

M o l l a   M o v l a m v e r d i.   O hansı elmlərdi?

 

U ç i t e l.  Məsəla, götürək, zoologiyanı. Çəyirtgənin qulaqları bədəninin harasındadır?

 

Kərbəlayı Heydər və kəndlilər gülüşür.

 

M o l l a   M o v l a m v e r d i.  Pəh, pəh! Bu da mənə elm oldu!

 

Q a s ı m   k i ş i  (uçitelə). Ay uşqol, ay uşqol, axı mənim uşağıma çəyirtgənin qulağını bilmək nə lazım və nəyinə lazım olacaq? Sən bu zəhrimar çəyirtgəyə bir çarə tap ki, qırılsın rədd olsun; hər il bir dəfə gəlib taxılımızı yeməsin və bizi ac qoymasın. Sən buna çarə tap; yoxsa tapmacaların mənim uşağıma nə mənfəəti ola bilər? (Öz-özünə mırtdanır). Çəyirtgənin qulaqları nəyimə laz?md?r ?.... Qadam onun qulaqlrına da, gözlərinə də, qaşlarına da! Çox matah şeydi, hələ durub onu tutub qulaqlarını da axtaracağam ki, görüm haradadı. (Uçitelə). Ay uşqol, bəlkə sən biznən zarafat eləyirsən?....

 

K ə r b ə l a y ı   H e y d ə r   (gülə-gülə uçitelə).  Xub, cənab mirzə, çəyirtgənin qulaqları bədəninin harasındadır?

 

U ç i t e l.  Çəyirtgənin qulaqları dizlərindədi.

 

Camaat gülüşür.

 

P i r v e r d i   b ə y  (bir az güləndən sonra uçitelə). Ay uşqol, mənə nəçərnik, doğrudur, hökm edib ki, sənə camaat hörmət eləsin, amma mən, doğrusu, razı deyiləm ki, çəyirtgə söhbətləri ilə kəndliləri üstünüzə güldürəsiniz. Əgər sən uşaqlardan ötrü bu qədər başını ağrıdırsansa, heç qorxma və ürəyini gen saxla, bunlara moizə-zad lazım deyil, bunlarınkı, bax, bu şallaqdı. (Əlindəki şallağı nişan verir).

M o l l a   M o v l a m v e r d i  (yüzbaşıya). Yüzbaşı, heç eybi yoxdu. Uşaqları, söz yox, allahın məsləhəti ilə cəm edərik; amma nə eybi var, qoy cənab uşqol oxuduğu elmlərdən bəhs eləsin, qulaq asaq. (Uçitelə). Cənab uşqol, qoy bir söz də mən səndən soruşum: mən şəkk elədim iki ilə üç arasından; indi mənim təklifim nədi?

 

U ç i t e l  (Mollaya). Axund Molla Movlamverdi, mən ərz elədim ki, mənim vəzifəm uşqolanın proqramını oxudub şagirdlərə attestat verməkdir ki, Danabaş məktəbinin kursunu qurtarandan sonra, xahiş edənlər gedib qorodskoy şkolaya girsinlər və oradan da əgər nəhayət qabiliyyətli və zehinli olsalar, seminariyaya keçib və oranın da elmlərini əxz edib alim olsunlar. İndi, məsələn, bax, bir kəndlidən soruşsan ki, məsələn, iki ilə iki neçə elər, söz yox ki, bilməyəcək; amma, mənim kimi gedib seminariyanı qurtarsalar, onda, məsələn, bir qarpızın içini arşın ilə ölçə biləcəklər ki, indi, söz yox, heç birinizin xəyalına gəlmir.

 

Kəndlilər gülüşür.

 

K ə r b ə l a y ı   H e y d ə r.  Uşqol, doğrusu, biz bunu da başa düşmədik; necə yəni qarpızın içini arşın ilə ölçmək?

 

U ç i t e l.  Kərbəlayı, doğrusu budur ki, mən səni başa sala bilmənəm. Səbəb bu ki, sən mən oxuduğum dili və elmləri bilmirsən; sən seminariya qurtarmamısan.

 

Q a s ı m   k i ş i. Ay uşqol, axı bir insafnan danış. Axı qarpızın içini arşınnan ölçməyin bizə nə mənfəəti? Biz əkinçi rəşbərik. Biz elə həmişə qarpız da əkirik, onu satanda, ya alanda saynan, ya ədədnən alıb satarıq, yainki tarazıya qoyarıq; arşınnan da çiti, bezi ölçərik. Sən yəqin bizim vilayətə nabələdsən, bilmirsən; amma yaxşı olardı, sən bizim kəndə təşrif gətirəndə Şahtaxtından bizə qarpız toxumu gətirə idin. Çünki oraların qarpızı cinslikdə adnandı; yoxsa bizim toxumlar nacinsdi. Əgər bir belə iş eləmiş olsa idin, bizlərə böyük bir yaxşılıq eləmiş olardın; yoxsa, doğrusu, sənin bu qarpız ölçündən də ağlım bir şey kəsmədi.

 

M o l l a   M o v l a m v e r d i.   Cənab uşqol, sənin təbiri-xab məsailinə etiqadın var?

 

U ç i t e l. Xeyr, yoxdu.

 

M o l l a   M o v l a m v e r d i.   Bəli, bəli, işin əsl həqiqəti budur ki, qara ləkə ağ ləkəni basmasın. Yoxsa iş-işdən keçəndən sonra, bədən qartalır, ruh süstləşir, etiqad təğyir tapır və dəxi nicata bir ümid yolu qalmır; o səbəbdəndir ki, həqqi-sübhanə və taala insanı faili-muxtar yaradıbdır və xilqətdə bir hikməti-nabina, bir sirri-yəzdani əlaqədar olubdur ki, məsələn təbiri-xab əsrarında nə qədər icti-hadlar vücuda gəlib ki, bunların inkişafı az bir xoşsəadət bəndələrə müyəssər olur. Srağa gecə bir qatma-qarışıq yuxu gördüm. Hövlnak ayıldım. Belə ... təqribən (göyə baxır) nisfi-şəbdən yarım saat keçmiş olardı. Ulduzlara zənn elədim, gördüm ki, səncəncəli-əər ulduzları sünbülə bürcünün, bax, bu tərəfindədirlər. (Əlini yumruq şəklində tutub baş barmağını göyə qalxızır).  Sonra məni yuxu tutdu. Bir az keçdi, ayıldım baxdım ki, (göyə baxır) haman səncəncəli-əər ulduzları indi də sünbülə bürcünün, bax, bu tərəfindədirlər. Siz elə güman etməyin ki, əflakın hərəkatı səbəbsiz və mənasız bir hadisatdır? Xeyr, nəüzi-billah!

 

K ə r b ə l a y ı   H e y d ə r  (uçitelə). Hə, uşqol, di cavab ver, nə deyirsən? Niyə dinmirsən? Hanı bəs çəyirtgənin qulaqları?

 

Adamlar gülüşürlər.

 

P i r v e r d i   b ə y  (Kərbəlayı Heydərə). Sən hər nə eləyirsən elə, amma bu şallağı yadından çıxartma. Mən bura sizi uşqolnan deyişməyə çağırmamışam; mənə uşaq lazımdı, uşaq!

 

Q a s ı m   k i ş i. Ay uşqol, bu sözlər hamısı keçəndən sonra, bir de görüm, axır bizim uşaqlara nə oxudacaqsan? Deyirsən axı "Gülüstan" oxumayacaqlar?

 

U ç i t e l.  Xeyr, "Gülüstan" oxumayacaqlar. Yazıq deyillərmi, uşaqlarınız illər uzunu gözlərini zaye eləsinlər ki, nə var, nə var, biz "Gülüstan" oxumuşuq? Amma təzə zvukovoy metod ilə, yəni üsuli-sövti ilə Çernyayevskinin "Vətən dili" kitabını bir neçə ayın müddətində oxuyub qurtaracaqlar və əlləri qələm tutacaq.

 

Kərbəlayı Heydər gülür.

 

M o l l a    M o v l a m v e r d i.   Cəvab uşqol, bax, bunu mən başa düşmədim.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info