Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

 

Gərək deyəsiniz: bu məktəb taxtasıdır.

 

K ə r b ə l a y ı   Q u l a m a l ı.   Qoy bizim Mustafa da desin. Ədə, Mustafa, sən də de ki, yadından çıxmasın.

 

U ç i t e l   (Kərbəlayı Qulamalıya). Mən sizdən xahiş edirəm ki, uşaqları danışığa tutmayasınız.

 

Qasım əmi çubuğunu çıxardıb doldurur.

 

U ç i t e l   (şagirdlərə). Hamınız bir yerdə: bu məktəb taxtasıdır.

 

Ş a g i r d l ə r  c ə m ə n.   Bu məktəb taxtasıdır.

 

U ç i t e l.  Kim dünənki dərsi deyər? Süleyman!

 

S ü l e y m a n   (durur ayağa). Qoyun, it, pişik, at, keçi, camuş, inək.

 

C ə f ə r. Uçitel, birini demədi.

 

U ç i t e l. Hansını?

 

C ə f ə r. Dana.

 

Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa.

 

U ç i t e l   (Qasım kişiyə). Qasım kişi, klas otağında çubuq çəkmək olmaz; heç olmaz.

 

Qasım kişi bir söz demir və çubuğu əlində saxlayıb çəkmir.

 

U ç i t e l  (şagirdlərə). Çox əcəb, gözünüz məndə olsun; bu nədi? (Atın şəklini göstərir, şagirdlər hamısı barmaqlarını qalxızır).

 

U ç i t e l. Zülfəli, sən de.

 

Z ü l f ə l i. Bu atdı.

 

U ç i t e l. Yox, dürüst fikir elə.

 

Q a s ı m   k i ş i.  Dəxi nə fikir eləsin? Doğru deyir, atdı da!

 

U ç i t e l   (Qasım kişiyə baxıb bir söz demir). Səbzalı, sən de.

 

S ə b z a l ı. Bu at şəklidi.

 

U ç i t e l. Yox, elə deyil.

 

Kişlər başlarını bulayır.

 

Elə deyil. Kim düzəldər?

 

Şagirdlər fikirləşir və bir kəs barmağını qalxızır.

 

Qulaq asın: bu atın şəklidi.

 

Ş a g i r d l ə r d ə n   b i r   n e ç ə s i.   Bu atın şəklidi.

 

U ç i t e l. Xorom: bu atın şəklidi.

 

Ş a g i r d l ə r  c ə m  ə n.  Bu atın şəklidi.

 

U ç i t e l. Bir də!

 

Ş a g i r d l ə r   c ə m’ ə n. Bu atın şəklidi.

 

U ç i t e l. Həsənqulu, sən de.

 

H ə s ə n q u l u. Bu atın şəklidi.

 

U ç i t e l. Novruz, get atın şəklini göstər.

 

Novruz gedib atın şəklini göstərir.

 

U ç i t e l. De!

 

N o v r u z. Bu at şəklidi.

 

U ç i t el. Yox, belə deyil. Mustafa, düzəlt.

 

M u s t a f a. Bu atın şəklidi.

 

U ç i t e l.   Novruz, otur yerinə. (Novruz gedib oturur, uçitel atın başını göstərir). Bu atın nəyidi? Həsən, de.

 

H ə s ə n. Bu atın şəklidi.

 

U ç i t e l.  Yox. (Öz başını göstərir) Bax, bu mənim nəyimdi?

 

H ə s ə n. Başındı.

 

U ç i t e l. Yox, belə deyil.

 

Kişilər təəccüb eləyirlər.

 

Bu mənim başımdı.

 

 Ş a g i r d l ə r d ə n   b i r   n e ç ə s i.   Bu mənim başımdı.

 

U ç i t e l   (Əlini qoyub atın başına). Bu atın nəyidi?

 

H ə s ə n.  Bu atın başıdı.

 

U ç i t e l. Bir də.

 

H ə s ə n. Bu atın başıdı.

 

U ç i t e l. Xorom.

 

Ş a g i r d l ə r  c ə m ə n. Bu atın başıdı.

 

U ç i t e l. Əsəd, sən de?

 

Ə s ə d. Bu atın başıdı.

 

U ç i t e l.   Malades. Bu atın başıdı. Bir də de.

 

Ə s ə d.  Bu atın başıdı.

 

U ç i t e l. Xorom.

 

Ş a g i r d l ə r  c ə m ə n. Bu atın başıdı.

 

U ç i t e l.  Çox əcəb. (Əlini qoyur atın qulağına) Bu atın nəyidi?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info