Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

 

Ş a g i r d l ə r i n   b i r   n e ç ə s i   (yerindən). Qulağı.

 

U ç i t e l.  Hər kəs bilir, barmağını qalxızsın.

 

Şagirdlər barmağını qalxızır.

 

Tarqulu, sən de.

 

T a r q u l u. Qulağı.

 

U ç i t e l Yox.

 

            Kişilər təəccüblü baxırlar bir-birinin üzünə.

 

Qulamhüseyn, sən de.

 

Q u l a m h ü s e y n. Qulağıdı.

 

U ç i t e l. Yox, Cəfər, sən de.

 

C ə f ə r. Atın qulağıdı.

 

U ç i t e l. Yox.

 

C ə f ə r. Qulaqlarıdı.

 

U ç i t e l. Yox.

 

Q a s ı m  k i ş i  (uçitelə). Yaxşı, sən de görək qulağı deyil, bəs nəyidi?

 

U ç i t e l  (Qasım kişiyə). Qasım kişi, danışsanız, mən gərək sizdən xahiş edəm çıxıb gedəsiniz.

 

Q a s ı m   k i ş i.  Baş üstə.

 

            Kişilər yavaş-yavaş dururlar ayağa.

 

S ü l e y m a n. Uçitel, bizim də atımız var.

 

U ç i t e l   (Süleymana).    Mən səndən soruşmadım  atınız var, ya yox. Zeynal, soruşdum?

 

Z e y n a l. Yox, soruşmadın.

 

U ç i t e l. Tarqulu, soruşdum?

 

T a r q u l u. Yox, soruşmadın.

 

U ç i t e l. Hamınız bir yerdə deyin: yox, soruşmadın.

 

Ş a g i r d l ə r   c ə m ə n. Yox, soruşmadın.

 

Ə s ə d. Uçitel, bizim də atımız var.

 

Q a s ı m  k i ş i  (Əsədə). Ədə, Əsəd, bala, bu uçitel yəqin at-zad görməyib. Gəl gedək, atını min, gəti baxsın; həmi başını görsün, həmi də qulaqlarını görsün.

 

U ç i t e l  (acıqlı Qasım kişiyə). Qasım kişi, allah xatırına, çıx qoy get, dərsimizə məşğul olaq.

 

Q a s ı m   k i ş i.   Vallah, yaxşı deyirəm. Özü də minməli  atdı, yorğadı; kefin gələndə minərsən, gəzərsən; başını da görərsən, qulaqlarını da görərsən. Əsəd, bala, gəl gedək

 

Əsəd durur ayağa, baxır uçitelin üzünə.

 

U ç i t e l. Dərs qurtarmayınca, uşqoladan çıxıb getmək olmaz.

 

Kişilər bir qədər də gəlib dayanırlar qapıda.

 

U ç i t e l  (şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Durun (Dururlar). Oturun! (Otururlar).

 

H ə s ə n q u l  u. Uçitel, bizim atımız qaradı.

 

U ç i t e l  (Həsənquluya). Mən səndən soruşmuram. (Şagirdlərə) Soruşuram?

 

Ş a g i r d l ə r d ə n   b i r   n e ç ə s i.   Soruşmursan.

 

U ç i t e l  (Həsənquluya). Get bucağa.

 

Həsənqulu  çıxıb gedir durur bucaqda, üzü divara, kişilər təəccüb ilə ona baxırlar.

 

Q a s ı m   k i ş i  (uçitelə). Ay uçitel, bu uşağı niyə üzü qibləyə qoydun?

 

Uçitel  dinmir,  şagirdlərin  bəzisi gülür.

 

 U ç i t e l   (şagirdlərə). Mənim neçə qulağım var?

 

            Qasım əmi, Kərbalayı Heydər və Kərbəlayı Qulamalı qah-qah çəkib gülüşüb çıxırlar;  şagirdlərdən də gülən var.

 

 U ç i t e l  (kişilərin dalınca acıqlı baxa-[baxa]). Vot nevejestvennıy narod!

 

[Tərcüməsi: Gör necə cahil camaatdır!]

 

 (Uçitel əlini qoyur atın boynuna) Bu atın nəyidi? (Şagirdlər barmaqlarını qalxızır). Qulamhüseyn, sən de.

 

Q u l a m h ü s e y n. Boynudu.

 

U ç i t e l. Dolu cavab ver!

 

Q u l a m h ü s e y n. Bu atın boynudu.

 

U ç i t e l.  Xorom.

 

Ş a g i r d l ə r   c ə m ə n.   Bu atın boynudu.

 

U ç i t e l.  Bir də.

 

Ş a g i r d l ə r   c ə m ə n.  Bu atın boynudu.

 

U ç i t e l  (bir qədər əlindəki kitaba baxandan sonra). Atın bədəni nə ilə örtülübdür? (Şagirdlər dinmir). Qulaq asın. Bədəni atın örtülübdür tük ilə.

 

Q u l a m h ü s e y n    (yerindən). Atın bədəni tüklüdü.

 

U ç i t e l. Yox, olmadı.

 

Q u l a m h ü s e y n. Atın tükü var.

 

U ç i t e l.  Yox, belə deyil. Kim deyə bilər? Zeynal, sən de.

 

Z e y n a l. Uşqol, at tüklüdür.

 

Bu heyndə Əsəd heybəsini götürüb istəyir getsin.

 

 U ç i t e l  (Əsədə). Əsəd, hara gedirsən?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info